"Rəqiblərimiz Azərbaycan
idmançılarından çəkinirlər"
Səhifəmizin
bugünkü qonağı sərbəst güləş
üzrə Dünya
kubokunun sahibi, əməkdar idman
ustası Gözəl Zutovadır
Bu ilin 10-11 avqust tarixlərində Polşanın paytaxtı Varşava şəhərindəki "Spala" idman sarayında "Grand Şlan" 17-ci beynəlxalq turniri keçirilmişdir. Turnirdə respublikamızla yanaşı, 46 ölkənin idmançıları qüvvələrini sınamışlar. İdman ustaları arasında keçirilən turnirdə 67 kiloqram çəki dərəcəsində döşək üzərinə çıxan Gözəl Həbibullah qızı Zutova sərbəst güləş üzrə keçirdiyi bütün görüşləri qalibiyyətlə başa vurmuşdur. Almaniya təmsilçisi Alien Foceken, Polşa güləşçisi Daria Osocka və Rusiya idmançısı Anastasiya Şçavlinskaya üzərində inamlı qələbə qazanan Gözəl Zutova turnirin qızıl medalına sahib olmuşdur. Respublikamızın bayrağını Polşada zirvəyə qaldıran Gözəl Zutova, ümumilikdə, dörd görüş keçirmişdir. İlk üç görüşdə Almaniya, Qazaxıstan və Polşadan olan idmançıları məğlubiyyətə uğratmış güləşçimiz finalda rusiyalı idmançı ilə üz-üzə gələndə də rəqibinə heç bir şans verməmişdir. Keçirdiyi bütün görüşlərdə rəqiblərini məğlub edən Azərbaycan idmançısı fəxri kürsünün ən yüksək pilləsinə qalxmış və idmanın sərbəst güləş növü üzrə beynəlxalq turnirin qalibi olmuşdur. O, qaydasız döyüş üzrə 3 dəfə Dünya çempionatının qalibi, 2 dəfə Avropa çempionu, 2012-ci ildə sərbəst güləş üzrə Yaponiyada keçirilən Dünya Kubokunun sahibi, beynəlxalq turnirlərin qalibi olmuş və dəfələrlə respublika çempionu adına layiq görülmüşdür.
Bu yaxınlarda Polşada keçirilən 17-ci beynəlxalq turnirdən qızıl medalla Vətənə qalib kimi qayıdan Gözəl Zutova ilə məşq zalında görüşdük. Bir azdan növbəti məşqə başlayacaq qadın güləşçimiz idman geyimində idi. Bütün söhbətimiz boyunca Gözəli dinlədikcə qürur hissi duyurdum ki, ilk baxışda çox təmkinli, sakit görünən bu gənc qız neçə-neçə mötəbər yarışların qalibidir. O, söhbətimizə bu sözlərlə körpü saldı:
- 8 aprel 1986-cı ildə Zaqatalanın Danaçı kəndində dünyaya göz açmışam. Milliyyətcə avar qızıyam. Ailəmizdə beş uşağın dördüncüsü, üç bacının ən kiçiyiyəm. Anam Gövhərət evdar xanımdır.
Atam isə bir vaxtlar kəndimizdə ibtidai sinif müəllimi işləyib. İndi təqaüddədir. Cavan vaxtı o da güləşlə yaxından məşğul olurmuş. Hazırda yığma komandadakı məşqçimiz Yaqub müəllimlə eyni vaxtda atam da yarışlara qatılırmış.
- Ucqar bir rayon, ucqar bir kənd və bu kəndin pəhləvan qızı... ilk baxışda kiməsə qəribə gələ bilər.
- Atam hər
zaman istəyirdi ki, güləşçi olum. Ancaq
ilk vaxtlar mənim güləşməyimə maneçilik
törədənlər çox oldu. Deyirdilər,
get özünə başqa peşə tap, qız hara, güləş
hara? Amma bu yolda mənə dəstək
duranlar da çox olub. Zeynal əmim əsgərlikdən
qayıdanda mən
ibtidai sinif şagirdi idim. Əmim məni güləşməyə
ruhlandırır, elə hey deyirdi ki, qız uşağı
mütləq idmanla məşğul olmalı, hər bir şəraitdə
özünü müdafiə etməyi bacarmalıdır.
Əmimin bu sözləri həyatımı idmana
bağlamağımda istiqamətverici rol oynadı.
-
Yarışlardan kənarda heç olubmu ki, hansısa bir zərurətdən
qolunun gücünü göstərməli olasan?
- Bəzən
oğlanlarla sözüm düz gəlməyəndə hərdən
qolumun zorunu göstərdiyim vaxtlar da olub. Bizim məktəbimiz
dördillik idi deyə, dördüncü sinifdən sonra təhsilimizi qonşu kəndin məktəbində
davam etdirməliydik. Təbii ki, mən də beşinci sinifdən başlayaraq, qonşu kəndin
məktəbinə getdim. Öz məktəbimizdə
hər zaman birinci partada oturmuşdum. Odur ki, ilk dərs
günü yeni məktəbin yeni sinfində də ən qabaqda oturdum. Təzə
gəldiyim məktəbin şagirdlərindən biri məni yerimdən
durğuzmağa çalışdı ki, birinci yer mənə məxsusdur, ən irəlidə
mən oturmalıyam. Mən ona etiraz edəndə
aramızdakı mübahisə əməlli-başlı davaya
çevrildi. Oğlanın "dərsini"
verdim və kürəyini yerə qoydum. Heç demə
bu şagird mənim yeni sinif rəhbərimin oğlu
imiş. İnsafən o, oğlunun mübahisə etdiyini və
nəticədə döyüldüyünü biləndə
mənə yaxınlaşıb dedi ki, oğlum da olsa, birinci
partada oturmaq uğrunda mübarizəni o uduzub, sən isə
udmusan. Ona görə birinci partada oturmaq sənin
haqqındır. Bu əhvalatı uşaqlıq illərimdə qazandığım
ilk qələbəm hesab edirəm.
Yeni məktəbdə bədən tərbiyəsi müəllimimiz
SSRİ idman ustası Ramazan Qatmayev idi. O bizə yeni fənd
göstərmək istəyəndə deyirdi ki, kim istəyirsə çıxsın lövhənin
qarşısına, yeni fəndi onun üzərində
nümayiş etdirim. Həmişə birinci mən
əlimi qaldırırdım ki, yeni fənd mənim üzərimdə
göstərilsin. Müəllimim atama
deyirdi ki, bu qızdan yaxşı idmançı olacaq. Bütün bunları xatırlamaqda məqsədim
onu diqqətə çatdırmaqdır ki, idmana həvəsim
hər zaman sonsuz olub.
- İlk yarışı necə
xatırlayırsınız?
- 2001-ci
ildə onuncu sinifdə oxuyanda ilk dəfə yarışa cüdo üzrə
qatıldım. O zaman Bakıda Azərbaycan çempionatı
gedirdi. Bir az anlaşılmazlıq oldu, ona
görə mən, ümumiyyətlə, cüdodan birdəfəlik
uzaqlaşdım. Qayıtdım yenidən rayona.
2001-ci ildə orta məktəbi bitirdim. Əvvəllər bir müddət
qaydasız döyüş üzrə də
döyüşmüşəm. Düz
üç dəfə məhz idmanın bu növü üzrə
dünya çempionu olmuşam.
Bakıda
olanda "İnter" klubda məşq edirdim. Mənə dedilər ki, evdə oturmaqdansa, sən
hazır kadrsan, gəl yazıl "Universal"a. Beləliklə,
yazıldım həmin kluba. İlk dəfə
qadınlar arasında 2007-ci ildə "Universal"da
yarış oldu. Mənə dedilər ki,
kənddə böyümüsən, sənə heç nə
olmaz, dəmir kimisən. Mən də 63 kq çəki dərəcəsində
yarışlara qoşulub dörd görüş
keçirdim, çempion oldum.
İdmanda çoxlu sayda təltiflərim,
mükafatlarım olub. Dünya üzrə çempionatda qalib gəlib üç dəfə
qızıl medala sahib olmuşam. 2015-ci ildə
Bakıda keçirilməsi nəzərdə tutulan
yarışlarda iştirak etmək və qalib gəlmək ən
böyük arzumdur. Beynəlxalq
olimpiadalarda çıxış etməyə
hazırlaşıram.
-
Böyük idmanda ən arzu edilməyən amil
hansıdır?
- Hər
şeydən əvvəl zədələr. İstər
məşqlərdə, istərsə də yarışlarda
güləşçi maksimum dərəcədə
özünü baş verə biləcək zədələrdən
qorumağa çalışmalıdır. Çünki
zədələr
böyük qələbəyə aparan yolda idmançının ayağına
dolaşan ən arzuedilməz maneədir. Bundan
qurtulmağın yolu isə məşğul olduğun güləş
növünə aid bütün fəndləri dərindən
mənimsəməkdir.
- Zədələrin
sizi də yaxaladığı vaxt olubmu?
- Qəflətən
onurğa disklərimdə problem yarandı və cərrahi
müdaxilə qaçılmaz oldu. Hərbi klinikada əməliyyat
olundum, bir müddət ancaq sağlamlığımı bərpa
etməyə
çalışdım və qısa müddətdə
yenidən idmana döndüm. Sağaldıqdan sonra bu ilin avqust ayında Polşanın Spala şəhərindəki
yarışlara qatıldım. Oradan
qızıl medalla qayıtdım. Qarşıda
məni daha mötəbər yarışlar gözləyir.
Sentyabrın 13-də Macarıstanda qadınlar arasında keçiriləcək
çempionatda 67 kiloqram çəki dərəcəsində iştirak edəcəyəm.
- Gözəl
xanım, çəkinizi necə nəzarətdə saxlaya
bilirsiniz?
- Bir-iki
kiloqram artıq çəki güləşçi
üçün elə də qorxu yaratmır. Çünki yarışlar ərəfəsində gərgin məşqlər
zamanı onsuz da bir neçə kilo itiririk. Həm də
yarışlara dörd-beş gün qalmış ancaq meyvə və sularla
qidalanırıq. Üstəlik də məşqlərdə
ancaq sürətə işləyirik, tər
tökürük. Belə etməsək, qələbə
qazana bilmərik.
- Qələbə
qazanmağınızda məşqçilərinizin rolu?
- Məşqçidən
də, onun yetirməsindən
də çox şey asılıdır. Yığma
komandamızda işləyən müəllimlərimiz - məşqçi
Aslan Ağayev, baş məşqçi Yaqub Məmmədov,
şəxçi məşqçim Elşad Allahverdiyev məhz
yarış öncəsi mənəvi
cəhətdən bizə çox təsir göstərirlər.
Keçən il dünya kuboku uğrunda
Yaponiyaya getmişdik. Müəllimim bir kəlmə dedi mənə:
"Gözəl, çıx və güləş". Bu sözlər o demək idi ki, məşqçim mənə
güvənir. Yəni, o mənə demək istəyirdi
ki, həmişə məşqdə necə güləşirsənsə,
indi yarışda da elə güləş, o bizə bəsdir.
Məşqçi ki, öyrətdiyini
addımbaşı təriflədi, orada qalibiyyətdən
söhbət gedə bilməz. Çünki
güləşçi heç zaman arxayınlaşmamalı,
daim hərəkətdə olmalıdır. Onsuz da təbiətən zəif adamlara idmanda yer
yoxdur. Kimsə idmana üz tutubsa, deməli,
o nəsə bacarır ki, bu yolu seçib.
- Gözəl
xanım, gəncsiniz, güclüsünüz. Bütün
arzularınızın üzü idmana yönəlikdi, eləmi?
- Desəm
bəli, bu cavabım səmimi olmazdı. Təbii ki, idman
yarışlarından hər zaman zəfərlə qayıtmaq
bir növ mənim vəzifə borcumdur. Ancaq ürəyimdə
daha böyük iki arzum da var: birinci arzum, cənab
Prezidentimizin Ali baş komandanlığı altında
torpaqlarımızın düşmənin tapdağı
altından geriyə qaytarıldığı günü
görməkdir.
İkinci arzum isə budur: oğul ya
qız, fərqi yoxdur, məni övlad sahibi etməklə
şərəfləndirməyini Ulu Yaradandan dilək diləyirəm.
Övladım hansı sənəti seçərsə-seçsin,
istəyərəm ki, əsas məşğuliyyəti idman
olsun. Böyük qardaşımın iki qızı var:
Xumar və Nigar - birinin beş yaşı
var, birinin altı. Hər ikisi güləşə
gedir.
- Şəxsi həyatınız və idman
karyeranız?
- Öz rayonumuzdan
-Zaqataladan olan həyat yoldaşım Yaqub Yusubov da peşəkar
idmançı olub. Doqquz il idi ki,
bir-birimizi sevirdik. Nəhayət səkkiz ay əvvəl
ailə qurduq. Yaqub ailədə
yeganə oğuldu. İdman
yarışlarından birində çiynindən zədə
aldığı üçün daha güləşməyə
davam edə bilmədi. Hazırda məşqçi
kimi fəaliyyət göstərir. Qayınatam
Vaqif Yusubov əvvəllər boksla məşğul olub.
Qayınanam Solmaz xanım Yusubova isə bir
vaxtlar yığma komandada voleybolçu olub. Həmişə deyirəm, xoşbəxtəm ki, bəxtimə
Solmaz xanım kimi qaynana düşüb. Biz
onunla sanki iki rəfiqəyik. Bütün
bunlar isə idman karyeramın yüksəlməsində həlledici
amillərdəndir.
-
Bugünkü gəncliyə hansı tövsiyələriniz
var?
- Yol gedərkən
bəzən küçələrdə, tinlərdə
yığışan bekar oğlan uşaqlarını görəndə
heyifsilənirəm. İstəyirəm ki, onlar
vaxtlarını səmərəsiz keçirməsinlər,
idmanın istənilən sahəsinə üz tutsunlar, elmlə
məşğul olsunlar. Axı,
respublikamızın sabahı sağlam, bilikli gənclərin
çiynində olacaq.
- Xarici
ölkələrdə yarışlar zamanı ən çox
hansı amillər sizə ruh verib?
-
Artıq xarici ölkələrdə Azərbaycan
idmançısının müsbət mənada yetərincə
imici formalaşıb. Yarışlar vaxtı
eşidirik, rəqiblərimiz xahiş edirlər ki, oyunu azərbaycanlılarla
başlamayın. Heç olmasa iki-üç oyundan sonra bizi
buraxırlar yarışa. Çünki rəqiblərimiz
fiziki hazırlığımıza görə Azərbaycan
idmançılarından çəkinirlər.
- Təhsiliniz
və daimi iş yeriniz?
- Ötən
il İdman Akademiyasını bitirdim. Hazırda Beynəlxalq Bankın "Simurq" klubunu
təmsil edirəm. Buradakı məşqçim
Arif Ramazanovdur.
İş yerim isə Fövqəladə Hallar Nazirliyindədir. Orada Xüsusi
Riskli Xilasetmə Xidmətində gizirəm.
- Xidməti işinizlə
çempionata hazırlıq, gərgin idman məşqləri
bir-birinə mane olmur ki?
- Qazandığım hər bir qələbəmdə FHN-də tabeçiliyində çalışdığım cənab general-mayor Cahangir Qulamovun da müstəsna rolu var. Hər dəfə yarışlara hazırlaşanda o, mənə xeyir-dua verib deyir ki, qızım, sən təki qalib gəl, Azərbaycan bayrağını ucalt, başqa heç nəyin fikrini etmə.
- Qəzetimizin gənc oxucularına arzularınız?
- Hər zaman təhsillərini artırsınlar, kitab oxusunlar, idmanı sevsinlər, vətənsevər olsunlar. Onlar bizim sabahımızdır.
Hazırladı:
Ellada UMUDLU
Azərbaycan müəllimi.- 2013.- 13 sentyabr.- S.11.