Dövlət Proqramı üzrə xaricdə təhsil alacaq gənclər
onlar üçün
yaradılmış bu imkanı yüksək qiymətləndirirlər
Məqsədim vətənə
layiqli mütəxəssis kimi qayıtmaqdır
Natəvan ƏHMƏDOVA,
Böyük Britaniyanın Nyukastl
Universitetinin magistrantı
-
1990-cı il oktyabrın 15-də Bakı
şəhərində anadan olmuşam. 1997-ci
ildə Bakıdakı 59 nömrəli tam orta məktəbdə
I sinfə getmişəm. 2008-ci ildə Bakının Xətai
rayonundakı Heydər Əliyev adına liseyi bitirərək
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının keçirdiyi qəbul imtahanlarında 668 bal toplamaqla Azərbaycan
Dövlət İqtisad Universitetinin maliyyə və kredit
fakültəsinə daxil olmuşam. Bir il sonra təhsilimi həmin
universitetin aparıcı Avropa universitetlərinin ən son dərslik
və dərs vəsaitləri əsasında tədrisin ingilis
dilində aparıldığı xüsusi istedadlar qrupunda
davam etdirmişəm.
Təhsil
aldığım müddətdə bir çox yerli və
beynəlxalq seminar və müsabiqələrin
iştirakçısı olmuşam, ayrı-ayrı təşkilat
və müəssisələrdə müvafiq iş təcrübəsi
qazanmışam.
2011-ci ildə Azərbaycanın ilk mobil operatoru olan
Bakcellin maliyyə departamentində üçaylıq təcrübə
keçmişəm. Növbəti iş təcrübəm dünya üzrə
ən böyük audit şirkətlərindən olan KPMG şirkətinin
Bakı ofisində olmuşdur. Bu müddət ərzində
bir sıra maliyyə və istehsalat şirkətlərinin
audit hesabatlarının hazırlanmasında iştirak
etmişəm. ABŞ-ın USAİD təşkilatının
həyata keçirdiyi layihənin tərkib hissəsi olan,
dünyanın ən qabaqcıl universitetlərindən biri
Dyuk Universitetinin Azərbaycan Dövlət İqtisad
Universitetində apardığı "İqtisadi inkişaf
üçün tətbiqi layihənin dəyərləndirilməsi
və riskin idarə edilməsi" kursunda iştirak etmək
üçün iqtisadiyyat və maliyyə yönümlü
fənlərdən imtahan verərək seçilmiş və
kursu müvəffəqiyyətlə başa vurduğuma
görə Dyuk Universitetinin sertifikatı ilə təltif
olunmuşam.
2012-ci ilin fevral ayında Avropanın qabaqcıl
universitetlərindən olan Charles Universitetində
"Mühasibatlıq və qiymətləndirmə"
kursunu ən yüksək dərəcə ilə başa
vurmuşam.
Bu
yaxınlarda magistratura təhsili almaq üçün
müvafiq sənədlərlə "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı"nın müəyyən
etdiyi siyahıya
daxil olan aparıcı Avropa universitetlərinə müraciət
etmiş və bir neçə nüfuzlu universitetdən dəvət
məktubu almışdım. Məqsədim
Böyük Britaniyanın Nyukastl Universitetində təhsilimi
davam etdirmək və Vətənə layiqli mütəxəssis
kimi qayıtmaq, sürətlə inkişaf etməkdə olan
Azərbaycan iqtisadiyyatına öz kiçik töhfəmi
vermək, ölkəmizin daha da qüdrətlənməsinə
bacardığım köməyi göstərməkdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin azərbaycanlı
gənclərin dünyanın tanınmış ali məktəblərində
yüksək təhsil almaları üçün şərait
yaratması və bu məqsədlə müvafiq Dövlət
Komissiyası təşkil olunmasına dair fərman
imzalaması müstəqil dövlətimiz və dövlətçiliyimiz
barədə qürur hissimi daha da gücləndirmiş, çoxdan
ürəyimdə gəzdirdiyim Avropada təhsil almaq arzumun
reallaşmasına imkan yaratmışdır.
Çox şəffaf və ədalət prinsiplərinə
əsaslanan müsahibə mənim kimi yüzlərlə gəncin
xaricdə təhsil almasına imkan yaratdı. Beləliklə, yaxın gələcəkdə
ölkə daxilində və xaricində müxtəlif
dövlət qurumlarında, beynəlxalq təşkilatlarda,
bank-maliyyə sistemlərində, eləcə də özəl
sektorda çalışaraq Azərbaycanda idarəetmənin və
mədəniyyətin, elmin, təhsilin və səhiyyənin
inkişafı üçün yetərli kadr ehtiyatı
formalaşacaqdır. Bizə yaratdığı
şəraitə görə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığımı
bildirirəm.
Dövlət Proqramı gənclərə
arzularını gerçəkləşdirməyə şərait
yaradır
Aytac XƏLİLLİ,
Böyük Britaniyanın
Mançester Universitetinin tələbəsi
-
1993-cü il dekabrın 10-da Qax şəhərində
anadan olmuşam. İbtidai təhsilimi
Bakıdakı 286 nömrəli tam orta məktəbdə, orta
təhsilimi isə Türkiyə Dəyanət Vəqfi
Bakı Türk Liseyində almışam. Orta
məktəbdəki nəticələrimə görə
qızıl medalla təltif olunmuşam. TQDK-nın
keçirdiyi qəbul imtahanlarında 695 bal
toplayaraq 2-ci qrup respublika birincisi olmuş və Prezident təqaüdünə
layiq görülmüşəm. Azərbaycan Diplomatik
Akademiyasında iki il təhsil aldıqdan
sonra, bu il Böyük Britaniyanın Mançester Universitetinin
iqtisadiyyat və maliyyə fakültəsinin üçillik
bakalavr proqramına qəbul olmuşam.
Xaricdə təhsil hələ məktəb vaxtımdan
qarşıma qoyduğum məqsəd olub və sevinirəm
ki, sözümə əməl edə bildim. Düşünürəm
ki, əgər Dövlət Proqramı olmasaydı, bunu əldə
edə bilməzdim.
Seçim
turu haqda təəssüratlarıma gəlincə, bir
çox şey müsahibə turundan asılıdır və
əgər müsahibədə özünü
lazımınca göstərə və Dövlət
Proqramının məqsədinə yetərincə uyğun
olduğunu sübut edə bilirsənsə, onda bu, işin
taleyini müsbət istiqamətdə həll edə bilər. Bu proqram Azərbaycanda yüksək ixtisaslı kadr
azlığına bir həll yolu tapmaq üçün qurulub
və mən bunu yüksək qiymətləndirirəm.
Ümumilikdə gənclərə xaricdə təhsilə
şəraitin yaradılması üçün məncə,
ilk öncə maarifləndirməyə ehtiyac var.
Çünki hələ də
çox insanlar var ki, Dövlət Proqramının
yaratdığı imkanlardan xəbərdar deyillər. Qeyd
edim ki, bəzi ixtisaslar, o cümlədən hüquq, beynəlxalq
münasibətlər və s. prioritet ixtisaslar içərisində
Dövlət Proqramında mövcud deyil.
Məncə, bu sahələrdə kifayət qədər
savadlı kadr yetişdirmək üçün də tələbələri
göndərmək uğurlu addım olardı.
Ümid edirəm ki, bakalavr təhsilimdən sonra magistr təhsilimi
də tamamlayıb, Azərbaycana qayıdacağam və bilik və
bacarığımdan iqtisadiyyat sahəsinin daha da
inkişafı üçün istifadə edəcəyəm.
Xaricdə təhsil üzrə Dövlət Proqramı
özünü doğruldur, gənclərə
arzularını gerçəkləşdirməyə şərait
yaradır. Bu proqramın yaradılmasına, gənclərin
xaricdə təhsilinə böyük qayğı və diqqət
göstərdiyinə görə ölkə Prezidentinə dərin
minnətdarlığımı bildirirəm.
Biz gənclərin borcu Azərbaycanın
inkişafına öz töhfəmizi verməkdir
Əsgər CAVADOV,
Oksford Universitetinin magistrantı
- 1989-cu
ildə Şirvan şəhərində anadan olmuşam. İbtidai təhsilimi Şirvan şəhər 18
nömrəli tam orta məktəbdə almışam. 2001-ci ildə Şirvan Özəl Türk Liseyinə
qəbul olmuşam. 2004-cü ildə
respublika fənn olimpiadasında riyaziyyat fənni üzrə
qızıl, sonrakı iki ildə - 2005, 2006-cı illərdə
isə gümüş medala layiq görülmüşəm.
Milli fənn olimpiada komandasının tərkibində
2005-ci ildə Meksikada keçirilən Beynəlxalq Riyaziyyat
Olimpiadasında ölkəmizi təmsil etmişəm.
2006-cı ildə təlim və tərbiyədə göstərdiyim
nailiyyətlərə görə məktəb birincisi olaraq
liseyi bitirmiş və ali məktəblərə
qəbul imtahanında yüksək bal toplayaraq Qafqaz
Universitetinə sənaye mühəndisliyi ixtisası üzrə
qəbul olmuşam. Universitet illərində bir
çox respublika və dünya səviyyəli
proqramlaşdırma olimpiadalarında iştirak etmişəm.
2008, 2009, 2010-cu illərdə
proqramlaşdırma üzrə Azərbaycan çempionu
olmuşam və həmin illərdə ölkə xaricində
universitet tələbələri arasında keçirilən
beynəlxalq proqramlaşdırma olimpiadalarında komanda və
fərdi yarışlarda 3-cü dərəcəli diploma layiq
görülmüşəm. 2013-cü ildə
Oksford Universitetinin kompüter elmləri ixtisasına magistr pilləsi
üzrə qəbul olmuşam.
Dünyanın ən nüfuzlu universitetlərindən
biri olan Oksford Universiteti mənim qəbul olduğum ixtisas
üzrə dünya reytinqində ilk üçlükdə
yer alır. 1000 ilə yaxın yaşı olan universitet ingilis
dünyasının ən qədim universitetidir. Təbii ki, belə mötəbər universitetə qəbul
heç də asan deyil. 4 ay sürən bu proses bir
neçə mərhələdən ibarətdir. Əhatəli müraciət ərizəsini doldurduqdan
bir müddət sonra imtahan etmək istədiklərini bildirdilər.
Kifayət qədər çətin bir imtahandan
uzun müddət sonra təklif etdiyim həllər qəbul
olundu və müsahibəyə dəvət olundum. Müsahibə isə sırf nəzəri və
konseptual şəkildə keçdi və nəticədə
universitetə şərtsiz qəbul olundum. Onu da qeyd etmək istərdim ki, bu qəbulda mənim
10 illik olimpiada tarixçəmin və
qatıldığım seminar və konfranslardan
qazandığım 20-dən çox diplom və
sertifikatın böyük rolu oldu.
Bir çox qabaqcıl ölkələrdə olduğu
kimi ölkəmizdə də gənclərin xaricdə təhsil
almalarına göstərilən qayğı bizi çox
sevindirir. Mənim
müşahidələrim nəticəsində gəldiyim qənaət
ondan ibarətdir ki, bu proses kifayət qədər şəffaf
aparılır. Xüsusilə, müsahibələrdə
soruşulan suallar namizədlərin
dünyagörüşü və alacaqları təhsil
üzrə nə qədər hazırlıqlı
olduqlarını obyektiv şəkildə ölçməyə
imkan verir. Düşünürəm ki,
biz gənclərin də borcu xaricdə yüksək təhsil
alıb qazandığımız təcrübələri
ölkəmizdə tətbiq edərək Azərbaycanın
inkişafına öz töhfəmizi verməkdir.
İndiyə qədər aldığım biliklərlə
kifayətlənməyib daha da inkişaf etdirmək
üçün doktorantura təhsili almağı
planlaşdırıram. Zənnimcə, elm sahəsində irəliləməklə
vətənimizə faydalı işlər görmək
üçün daha çox zəmin yaranır. Ölkəmizin inkişaf etmiş ölkələrlə
kompüter sahəsində rəqabət apara bilməsi
üçün lazımi şəratin qurulmasında fəal
iştirak etməyi düşünürəm.
Cənab
Prezident İlham Əliyevin "qara qızıl"ın
insan kapitalına çevirmək istəyinin ən bariz
nümunələrindən biri "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı"dır. Bu,
eyni zamanda gənclərə qayğının bir nümunəsi
olaraq ölkəmizin gələcəyinə
yatırılmış bir kapitaldır. Bizə
göstərilən bu qayğıya görə dövlətimizin
başçısına minnətdarlığımı
bildirirəm. Arzu edərdim ki, bu proqramdan
yararlanan hər bir gənc ölkəmizin inkişafına
öz töhfəsini verməkdə qərarlı olsun və
bu istiqamətdə hər bir şansı dəyərləndirsin.
Xoşbəxtlikdən mən də
seçilmiş tələbələr içərisində
idim
Nihad YOLÇUYEV,
London İmperial Kollecinin
magistrantı
- 1997-ci
ildə Bakı şəhəri Nizami rayonu 238 nömrəli
orta məktəbdə birinci sinfə getmişəm və
2008-ci ildə 145 nömrəli orta məktəbi bitirərək
ali məktəbə qəbul
üçün sənəd vermişəm. Qəbul
imtahanında 640 bal yığaraq Bakı
Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika
fakültəsinə daxil olmuşam. İkinci
kursdan etibarən Bakı Dövlət Universitetinin xüsusi
qrupu olan ingilis qrupunda təhsil almağa başlamışam.
Bu qrupda tədrisin ingiliscə olması dil biliklərimin
inkişafına çox böyük təsir göstərmişdir.
2012-ci ildə universiteti fərqlənmə
diplomu ilə bitirdikdən sonra RİSK elmi istehsalat şirkətində
texnoloji həllərin tərtibatçısı vəzifəsində
işə başlamışam. İşlədiyim
müddətdə yeni texnologiyaların öyrənilməsinə
və tətbiqinə olan tələbləri gördükdə
təhsilimi davam etdirərək daha müasir biliklərə
yiyələnmək qərarına gəldim və sənədlərimi
dünyanın ən nüfuzlu ali təhsil
ocaqlarından biri olan İmperial Kollecə göndərdim və
ora qəbul olundum. Qəbul olunduqdan sonra "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı"na
müraciət etdim və dövlət hesabına xaricdə təhsil
almaq hüququ qazandım.
Dövlət Proqramına sənəd qəbulu
başlayan ilk günlərdən Təhsil Nazirliyinə
müraciət etdim və bir neçə gündən sonra
müsahibəyə çağırıldım. İlk olaraq
onu demək istərdim ki, müsabiqənin tam obyektiv və qərəzsiz
olacağına heç bir şübhəm yox idi. Çünki Dövlət Proqramının tələbə
və məzunlarından aldığım məlumatlar məndə
belə bir fikir yaratmışdı və
düşündüyüm kimi də oldu. İlk görüşdən komissiya üzvləri
çox müsbət aura yaratdılar və mənim öz
fikirlərimi tam aydın şəkildə izah etməyim
üçün kifayət qədər yaxşı şərait
yaradıldı. Nəticələr
müsabiqədən bir neçə həftə sonra
açıqlandı və xoşbəxtlikdən mən də
seçilmiş tələbələr içərisində
idim. Xaricdə təhsil almaq istəyən
bütün gənclərə Azərbaycan dövlətinin
yaratdığı bu gözəl imkandan yararlanmağı məsləhət
görərdim.
Belə bir imkanı bizə yaratdığı
üçün Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevə öz dərin təşəkkürümü
bildirirəm.
Eyni zamanda tam obyektiv bir seçim prosesi təşkil
etdiyi üçün Azərbaycan Respublikası Təhsil
Nazirliyinə minnətdarlıq edirəm.
Azərbaycan müəllimi.- 2013.- 13 sentyabr.- S.6.