Azərbaycan Dövlət
Pedaqoji Universitetinin
müəllim və tələbələri ilə
görüş
Sentyabrın 16-da Azərbaycan
Respublikasının təhsil naziri Mikayıl Cabbarov Bilik
Günü münasibətilə Azərbaycan Dövlət
Pedaqoji Universitetinin müəllim və tələbələri
ilə görüşmüşdür.
Görüşü
giriş sözü ilə açan Azərbaycan Dövlət
Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov öncə
iştirakçıları salamlamış, ulu öndər
Heydər Əliyevin müəllim əməyinə yüksək
qiymət verdiyini, onun layiqli davamçısı ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin
hazırda uğurla davam etdirildiyini diqqətə
çatdırmışdır. Y.Məmmədov ilk dərs
günündə təhsil nazirinin bu universitetə gəlişini
müəllim hazırlığına olan diqqətin təzahürü
kimi dəyərləndirmişdir.
Təhsil naziri
Mikayıl Cabbarov olduqca əlamətdar olan bu günün
ölkəmizdə böyük bayram kimi qeyd olunduğunu
bildirmişdir. Son illər ölkəmizdə müsbət
demoqrafik dəyişikliklərin baş verdiyini, bunun nəticəsində
hər il birinci sinfə gedən şagirdlərin
sayının artdığını deyən nazir bu il 141 mindən
çox şagirdin ilk dəfə məktəbə qədəm
qoyduğunu vurğulamışdır. Nazir, həmçinin
ölkə başçısının son günlər bir
sıra yeni məktəb binalarının
açılışında iştirak etdiyini bildirmiş, bu
il təkcə Bakı şəhərində 164 məktəb
binasının Təhsil Nazirliyi tərəfindən cari təmir
olunduğunu diqqətə çatdırmışdır.
Azərbaycan Dövlət
Pedaqoji Universitetinin qədim ənənələrindən
söz açan təhsil naziri AMEA-nın keçmiş
prezidentləri Yusif Məmmədəliyev, Zahid Xəlilov və
Həsən Abdullayevin məhz bu ali məktəbin məzunu
olduqlarını qeyd etmişdir. Nazir bildirmişdir ki, təhsil
sisteminin keyfiyyəti, ilk növbədə, müəllimlərin
peşəkar səviyyələri ilə bağlıdır.
Təhsil naziri çıxışında bir çox sahələrdə
uğur əldə edən ölkələrin təbii
ehtiyatlara malik olan ölkələr deyil, intellektual potensialı
güclü olan ölkələr olduğunu qeyd etmişdir.
Təhsil naziri müəllim
peşəsinin müqəddəsliyini vurğulamış,
müasir müəllimin biliyi necə əldə etməyin
yollarını öyrədən peşə sahibi olduğunu
bildirmişdir. Yaxşı müəllimin məhz bu keyfiyyəti
ilə fərqləndiyini deyən nazir, tələbələrə
müvafiq fənləri tədris etməklə bərabər,
Vətəni sevməyi təlqin etməyin də vacibliyini qeyd
etmişdir. Nazir bu gün ümumi təhsil məktəblərində
ilk dərs saatının da məhz vətənpərvərlik
mövzusuna həsr edildiyini bildirmişdir.
Təhsil sahəsinin,
o cümlədən ali təhsilin dövlətin daim diqqət
və qayğısı ilə əhatə olunduğunu nəzərə
çatdıran təhsil naziri bu günlərdə ölkə
Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə
təhsil işçilərinin əməkhaqqının və
tələbələrin təqaüdlərinin
artırıldığını söyləmiş, bunu
göstərilən diqqət və qayğının daha bir
təzahürü kimi dəyərləndirmişdir. Ali təhsildə
adambaşına maliyyələşdirmə mexanizminin tətbiqinin
ali təhsil müəssisələrinin muxtariyyatının
artırılmasında mühüm rol
oynadığını diqqətə çatdıran nazir bir
sıra ali məktəblərin bu mexanizmdən daha səmərəli
bəhrələndiyini demişdir. Hazırda tətbiq edilən
qəbul planlarının universitetlərin
muxtariyyatlarını məhdudlaşdırdığını
qeyd edən təhsil naziri ali məktəblərin müstəqilliyinin
daha da artırılması istiqamətində mütəmadi
addımlar atılmasının, mövcud qanunvericiliyin verdiyi
imkanlardan maksimum istifadə olunmasının zəruriliyini
bildirmiş, universitetlərin dayanıqlığının təmin
edilməsində akademik azadlığın mühüm şərt
olduğunu nəzərə çatdırmışdır.
Təhsil naziri
bildirmişdir ki, ölkə Prezidentinin sərəncamı ilə
təsdiq olunmuş və neft kapitalının insan
kapitalına çevrilməsi məqsədini daşıyan
xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində
bu il də xeyli azərbaycanlı gənc dünyanın
aparıcı universitetlərində təhsil almaq imkanı
qazanmışdır. Bununla yanaşı, nazir azərbaycanlı
gənclərin ölkəmizin ali məktəblərində təhsil
alması barədə Azərbaycan Respublikası Prezidentinin bu
günlərdə səsləndirdiyi fikirlərlə
qarşıya böyük məqsəd qoyulduğunu
vurğulamış, bu baxımdan uğurla fəaliyyət
göstərən dünya universitetlərinin təcrübəsinin
öyrənilərək tətbiq olunmasının zəruriliyini
qeyd etmişdir.
Dövlət tərəfindən
təhsilin maddi-texniki bazasının gücləndirilməsi,
bu sahəyə sərmayə yatırılması istiqamətində
atılmış qətiyyətli addımlardan söz
açan nazir yaradılmış şəraitdən səmərəli
istifadə edilməsinin qarşıda duran əsas vəzifələrdən
biri olduğunu diqqətə çatdırmışdır.
Nazir yeni yaradılmış İnformasiya Texnologiyaları
Universitetinin Azərbaycan Diplomatik Akademiyasının zəngin
bazasından istifadəsini və fəaliyyət göstərməsini
buna misal olaraq qeyd etmiş, bu cür əməkdaşlığın
davam etdirilməsinin vacibliyini bildirmişdir. Boloniya prosesinə
keçidin yalnız tələbə biliyinin qiymətləndirilməsi
ilə məhdudlaşdırılmasının düzgün
yanaşma olmadığını deyən nazir bu prosesin digər
istiqamətləri üzrə də ardıcıl işlərin
aparılmasını məqsədəuyğun
saymışdır. Azərbaycan xalqının, dövlətinin
elmə, biliyə və savada olan münasibətinin ölkəmizdə
əlverişli təhsil sisteminin qurulmasına imkan verdiyini deyən
nazir gələcəkdə də bu istiqamətdəki fəaliyyəti
dəstəkləyəcəyini qeyd etmişdir.
Çıxışının
sonunda təhsil naziri ölkənin təhsil ictimaiyyətini və
universitetin professor-müəllim heyətini yeni dərs ilinin
başlanması münasibətilə təbrik etmiş, tələbələri
maraqlandıran sualları cavablandırmışdır.
Azərbaycan
müəllimi.- 2013.- 20 sentyabr.- S.7.