Təhsil sistemi milli dəyərlərə
və peşəkar
kompetensiyalara malik Azərbaycan
vətəndaşı yetişdirməlidir
Təhsil naziri Mikayıl CABBAROV: "Azərbaycanın təhsil sisteminin və təhsil infrastrukturunun inkişaf səviyyəsinin dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə çatdırılması əsas məqsədlərdəndir"
Yeni dərs ili ərəfəsində
təhsil prosesi, onun keyfiyyət göstəriciləri, həllini
gözləyən problemlər və qarşıda duran hədəflər
ictimaiyyətin aktual müzakirə predmetinə
çevrilmişdir. 5 ay öncə dövlət
başçısı tərəfindən bu sahədə
ciddi dəyişikliklərə rəvac verilməsinin və aparılan kadr əvəzlənməsinin
məntiqi nəticəsindən danışmaq zaman
baxımından hələ tez olsa da, təhsil sektorunda ciddi
islahatların başlanması və bu sahədə ilkin
uğurların əldə olunması danılmaz faktdır.
Öz sabahımızdan - gələcək nəslin təhsilindən
ciddi narahatlıq keçirən vətəndaşlara indi tam
aydındır ki, təhsil sahəsində vəziyyət, sadə
dillə desək, artıq əvvəlki kimi olmayacaq. Bu istiqamətdə
ciddi dönüşün yaranmasını şərtləndirən
əsas məsələ odur ki, valideynlərin, həmçinin
şagird və tələbələrin uzun illərdir problem
və nöqsan kimi səciyyələndirdiyi məqamlar indi
yeni təhsil nazirinin öz dilindən də səslənir,
daha gizlədilmir, təkzib olunmur
və onların aradan qaldırılması fəaliyyət
prioriteti kimi elan edilib.
Elə təhsil naziri
Mikayıl Cabbarovla söhbətimizdə də məhz bu
problemlərə nəzər saldıq. Yazılı mediaya ilk
geniş müsahibəsində Mikayıl Cabbarov təhsil
naziri kimi fəaliyyət göstərdiyi müddət ərzində
görülmüş işlərdən, qarşıda duran
problemlərdən və onların həlli ilə
bağlı həyata keçirilən tədbirlərdən
danışdı.
Hər bir məzun üçün bərabər
imkanların
yaradılması
ilə bağlı qərar özünü doğrultdu
- Mikayıl müəllim, yeni dərs ili Sizin
bir nazir kimi rəhbərliyiniz altında ölkənin təhsil
ictimaiyyətinin qeyd edəcəyi ilk tədris ilidir. Ölkənin
çoxminli təhsil işçiləri və təhsilalanları
üçün nazirin bu münasibətlə bağlı
fikirləri olduqca maraqlıdır...
- Bilirsiniz ki, dərs ilinin ilk günü -
Bilik Günü ölkədə ən geniş qeyd olunan, demək
olar ki, bütün ölkə əhalisinin bayram kimi qəbul
etdiyi günlərdəndir. Bu
münasibətlə bütün xalqımızı, təhsil
ictimaiyyətini, müəllim və şagirdləri, tələbələri,
xüsusilə də məktəbə ilk dəfə qədəm
qoyan uşaqları təbrik edirəm. Təhsilverənlərə
və təhsilalanlara, ümumilikdə ölkənin
bütün pedaqoji ictimaiyyətinə yeni - 2013/2014-cü dərs
ilində uğurlar arzulayıram.
Onu da qeyd edim ki,
ümumtəhsil məktəblərində ilk dərs saatı
vətənpərvərlik mövzusuna həsr ediləcək.
Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin
günbəgün möhkəmlənməsi üçün
savadlı, vətənpərvər gənclərin
yetişdirilməsində hamı fəallıq göstərməli,
həm ailədə, həm də məktəbdə
uşaqlara vətənə məhəbbət hissi
aşılanmalıdır. Ölkəmizin yeni cəmiyyət
quruculuğunda ən ümdə məsələlərdən
biri gənc nəslin vətənpərvərlik ruhunda
yetişdirilməsi, onlarda təhsilə, elmə
marağın daha da artırılması və geniş
dünyagörüşün
formalaşdırılmasıdır.
- Yeri gəlmişkən, bir zəruri məqama da aydınlıq gətirək. Təhsildə keyfiyyət göstəricilərindən biri də məhz təhsil infrastrukturunun yeniləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsidir. Bu istiqamətdə son dövrlərdə daha genişmiqyaslı tədbirlər həyata keçirilib. Yeni dərs ilini bu sahədə hansı yeniliklərlə qarşılayırıq?
- Öncə qeyd edim
ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə son illər ölkədə
çoxsaylı uğurlara imza atılmışdır.
Hazırda ölkəmiz sürətlə inkişaf edir,
müasirləşir. Dövlətimizin və
xalqımızın qədimliyi ilə müasirliyinin gözəl
bir sintezi əmələ gəlib. İstər Azərbaycanın
iqtisadi sahədə olan uğurları, istər
regionlarımızın inkişafı baxımından əldə
edilən nailiyyətlər, istər beynəlxalq səviyyədə
dövlətimizin nüfuzunun artması, təbii olaraq, bizim
üçün də çox yüksək bir standart müəyyənləşdirir.
Azərbaycan Respublikasının təhsil
sisteminin və təhsil infrastrukturunun inkişaf səviyyəsinin
dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə
çatdırılması əsas məqsədlərdən
biridir.
Ölkədə son
illər ərzində minlərlə tədris ocağı
yenidən tikilib və yaxud əsaslı şəkildə təmir
edilərək bərpa olunub. Bütün məktəblərdə
kompüterləşdirmə proqramı, informasiya
texnologiyalarının tətbiqi məsələləri fəal
şəkildə yerinə yetirilib. Ancaq bütün bunlara
baxmayaraq, Azərbaycanın bir çox bölgələrində,
regionlarında, ucqar kəndlərində, hətta
Bakının özündə əsaslı təmirə
ehtiyacı olan təhsil ocaqlarımız hələ də
mövcuddur. Demək olar ki, bu məsələnin böyük
bir hissəsi həll olunub. Bu il də həmin istiqamətdə
xeyli iş görülüb.
Cari ildə Bakı
şəhəri və respublikanın regionlarında 144 yeni məktəb
binası və 13 mövcud məktəbdə əlavə tədris
korpusları tikilib, 115 məktəbdə əsaslı təmir
işləri həyata keçirilib. 2011-2013-cü illəri əhatə
edən "Bakı şəhəri və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair" Dövlət
Proqramında tikintisi və əsaslı təmiri nəzərdə
tutulmayan, lakin təmir işlərinin aparılmasına ehtiyacı
olan 164 ümumtəhsil müəssisəsində Təhsil
Nazirliyi tərəfindən yay aylarında cari təmir işləri
aparılıb.
Amma maddi-texniki baza
dedikdə, biz bu məsələni təkcə binalarla, tikililərlə
məhdudlaşdıra bilmərik. Məncə, bu məsələyə
bir az geniş baxılmalıdır. Təhsil müəssisələri
müasir və yüksək keyfiyyətli tədris
avadanlıqları ilə təmin edilməli, eyni zamanda,
informasiya texnologiyalarının imkanlarından istifadə daha
geniş yayılmalıdır.
- Cənab nazir, bu il orta məktəbləri
bitirən şagirdlərin hamısına attestat verilməsi
ilə bağlı qəbul olunmuş qərar ictimaiyyətdə
rəğbətlə qarşılandı. Bu addım
hansı zərurətdən irəli gəldi?
- İlk növbədə
bu, bir daha nümayiş etdirdi ki, cənab İlham Əliyev hər
bir Azərbaycan vətəndaşının Prezidentidir, hər
bir məzun üçün bərabər imkanlar
yaradılmasının tərəfdarıdır. Bu qərar nəticəsində
məzunların böyük əksəriyyəti
üçün ölkənin ali və orta ixtisas təhsili
müəssisələrinə qəbul imtahanlarında
iştirak etmək və sosial həyata aktiv şəkildə
qoşulmaq imkanları yaranmış oldu.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 23 may 2013-cü il tarixli qərarı
ilə təhsil haqqında attestat və digər sənədlərin
verilməsi ilə bağlı münasibətləri tənzimləyən
qanunvericilik aktlarına müvafiq dəyişikliklər edildi.
Qəbul edilmiş qərar əsasında illik qiymətlərdən
asılı olmayaraq bütün 9-cu sinif şagirdləri
buraxılış imtahanlarına buraxıldılar. Onlar həmçinin
buraxılış imtahanında alınan qiymətlərdən
asılı olmayaraq, yekun attestasiyanın nəticələrini
özündə əks etdirən şəhadətnamə
almaq hüququna malik oldular.
11-ci sinif məzunları
bütün fənlər üzrə müsbət illik qiymətlər
(3 və daha yuxarı) almaq şərti ilə
buraxılış imtahanlarına buraxıldılar. Bu
kateqoriya məzunların attestat qiyməti 10-cu və 11-ci
siniflər üzrə illik qiymətlər və imtahan nəticəsində
alınmış qiymətlərin yuvarlaq orta qiymətidir.
2012/2013-cü tədris
ilinin yekunlarına görə, ölkə üzrə
ümumtəhsil məktəblərinin XI siniflərini 84769
şagird bitirmişdir. Onların 84121 nəfəri
buraxılış imtahanlarına buraxılmış və
attestat almışlar. Bu, məzunların ümumi
sayının 99,3 faizini təşkil edir.
Bu il
buraxılış imtahanlarında "2" qiyməti
almış 128 məzun qəbul imtahanlarında uğurlu nəticələr
göstərərək ali məktəblərə qəbul
olunub. Onların arasında I ixtisas qrupu üzrə 350, II
ixtisas qrupu üzrə 301, III ixtisas qrupu üzrə 559, IV
ixtisas qrupu üzrə 330 bal toplamış abituriyentlər də
vardır.
Təhsilin keyfiyyəti müəllimlərin
peşəkarlıq səviyyəsindən bilavasitə asılıdır
- Göründüyü kimi, orta məktəb buraxılışı ilə bağlı ilkin islahatlarınızın artıq real uğurları var. Orta məktəbə qəbul prosesində tələb olunan yaş məsələsinə də nəzər salmağınız oxucularımız üçün maraqlı olardı. Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, bəzən uşaqlar hətta 5 yaşında da məktəbə gedirlər. Məlum olduğu kimi, Avropa ölkələrində məktəbəqədər təhsil yüksək inkişaf etmişdir. Həmin ölkələrdə uşaqlar əsasən 3-4 yaşında ibtidai təhsilə hazırlıq proqramlarına cəlb olunurlar. Azərbaycanda bu proses necə tənzimlənəcək?
- Xüsusi istedada
malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu
ilə əlaqədar Təhsil Nazirliyinin 17 iyul 2013-cü il
tarixli əmri ilə qaydalar təsdiq edilib. Həmin qaydalara
görə, vaxtından əvvəl I sinfə qəbul hər
il 16 sentyabr - 31 dekabr müddətində 6 yaşı tamam
olan uşaqlara şamil olunur.
Burada söhbət
yalnız uşağın I sinif üzrə proqram
materiallarını mənimsəməsindən getmir.
Başlıca məsələ uşağın idraki
inkişafında, sabit fiziki duruma, çevik təfəkkürə,
psixoloji dayanıqlığa, məntiqi mühakimə qabiliyyətinə
malik olmasındadır. Proqram materialını mənimsəyən
hər uşağa xüsusi istedadlı uşaq demək
mümkün deyil. Ola bilər ki, hər hansı bir uşaq 5
yaşında məktəb təliminə hazır olsun. Belə
faktlar, əlbəttə, vardır. Lakin bu keyfiyyət,
ümumilikdə, az faiz uşaqlara nəsib olur. Bu, bir çox
hallarda məktəbəqədər təhsil şəbəkəsinin
əhatə dairəsindən və keyfiyyətindən
asılı məsələdir. 3-4 yaşından
uşağın ibtidai təhsilə hazırlıq
proqramlarına cəlb olunması məsələsinə gəlincə,
bunun üçün xüsusi tədris proqramları
hazırlanmalıdır.
Bəzi mütəxəssislər
hesab edirlər ki, uşağın qayğısız
uşaqlıq həyatını, sərbəstliyini əlindən
almaq olmaz. Ətraf aləmlə, təbiətlə, həmyaşıdları
ilə ünsiyyət uşağın inkişafında,
dünyagörüşünün formalaşmasında
mühüm əhəmiyyətə malikdir.
Bütün
bunları nəzərə alaraq valideynlərə məsləhətim
budur ki, bəzi zahiri əlamətlərinə görə
uşaqlarını ehtiyac olmadan parta arxasında oturtmağa cəhd
göstərməsinlər.
- Bu gün təhsilin keyfiyyətinin
artırılması prioritet məsələlərdən
biridir. Bu baxımdan neçə vaxtdır ki, müzakirə
olunan məsələ - müəllimlərin attestasiyasının
keçirilməsi gözlənilirmi? Müəllimlərin
nüfuzunun yüksəldilməsi ilə bağlı digər
tədbirlərin görülməsi də nəzərdə
tutulurmu?
- Əslində sizin
bu sualınız cəmiyyətdə daha səriştəli
müəllimlərə ehtiyacın artdığını
göstərir. Bu gün ölkə üzrə 4515 ümumtəhsil
məktəbində 150 mindən artıq pedaqoji işçi
çalışır.
Təhsilin keyfiyyəti
müəllimlərin peşəkarlıq səviyyəsindən
bilavasitə asılıdır. Bu mənada müəllimlərin
attestasiyası məsələsi cəmiyyətdə xeyli
müddətdir davam edən müzakirə mövzusudur. Beynəlxalq
təcrübədə müəllimlərin karyera
inkişafı və maddi həvəsləndirmə məqsədilə
onların fəaliyyətinin attestasiyası həyata
keçirilir. Bu məsələ "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasında nəzərdə
tutulub və müvafiq normativ-hüquqi baza yarandıqdan sonra tətbiq
ediləcək.
Müəllimlərin
əksəriyyəti xüsusi bir missiya
daşıyıcısıdır. Biz
düşünmürük ki, müəllimlərin müəllim
olmaq istəyinin yeganə səbəbi məhz maddi təminatla,
məvaciblə bağlıdır. Eyni zamanda mən bunu da
vurğulamaq istəyirəm ki, müəllimlərin məvacibi,
həyat səviyyəsi, rifahı məsələsi bu gün
bizi qane edən səviyyədə deyil. Amma çox
mühüm və əhəmiyyətli məsələ odur
ki, bu necə həyata keçirilməlidir. Bunun düzgün
mexanizmi nədir, bu gün bütün müəllimlərin əməkhaqqının,
məvaciblərinin, sosial təminatlarının avtomatik şəkildə
artırılması kimi yanaşma bizim təhsilimizin keyfiyyətinə,
müəllimlərin və müəllim olmaq istəyən
insanların stimullaşdırılmasına düzgün bir
yanaşmadırmı? Yoxsa biz burada daha kreativ, dünya təcrübəsinə
daha uyğun bir yanaşma seçməliyik? Bu gün
bütün bu məsələlər səmərəli
formada müzakirə olunur. Təbii olaraq müvafiq qərarların
qəbul olunması üçün məsələni hərtərəfli
araşdırmalıyıq.
Valideynlərin məktəbin həyatında
iştirakı
prosesində tam şəffaflığın tərəfdarıyıq
- Məktəb-valideyn münasibətlərinin daha səmərəli təşkili istiqamətində müvafiq addımların atılması haqqında müəyyən fikirlər bildirmisiniz. Bu istiqamətdə hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub?
- İlk növbədə
qeyd edim ki, hər bir şəxsin formalaşmasında ailə
və valideynlər mühüm rol oynayır. Bəzi valideynlər
bir çox hallarda övladlarının təhsil
almasını yalnız məktəbin problemi, dövlətin
vəzifəsi kimi görür. Əslində bu məsələdə
valideynlər də üzərlərinə düşən vəzifələri
düzgün dəyərləndirməlidirlər.
Bu gün məktəblərimizdə
valideyn komitələri, valideyn assosiasiyaları adlı qurumlar
var. Həmin qurumlar, yaxud valideynlər bu və ya digər məqsədlər
üçün dövlət büdcəsində nəzərdə
tutulmayan, misal üçün, mədəni tədbirlərin
qrup şəklində keçirilməsi, şagirdlərin
asudə vaxtlarının təşkili və digər bu kimi tədbirlər
keçirə bilərlər. Məlumdur ki, bu gün məktəblərin
mühafizəsi üçün maliyyə vəsaiti
ayrılmır. Valideyn komitələri həmçinin bu
istiqamətdə də fəaliyyət göstərə bilərlər,
- təbii ki, könüllü şəkildə həyata
keçirilən təşəbbüslər olarsa.
Vətəndaş cəmiyyətinin
və valideynlərin məktəbin həyatında
iştirakı prosesini biz məhdudlaşdırmaq niyyətində
deyilik. Amma bu yanaşmadan heç bir şəkildə
sui-istifadə etmək yolverilməzdir. Yəni biz bu məsələlərdə
də tam şəffaflığın tərəfdarıyıq.
Valideynlərin məktəb
həyatında, təhsil ocaqlarının idarəolunması
prosesində iştirakı artmalıdır. Valideyn komitələri
təhsil müəssisələri ilə valideynlər
arasında əsas körpüyə çevrilməlidir. Bir
neçə müstəqil valideyn komitəsinin fəaliyyət
göstərdiyi məktəblərin direktoru ilə
görüşlərimiz zamanı məlum oldu ki, həmin məktəblərdə
müstəqil valideyn komitələrinin işi daha şəffaf
və səmərəli şəkildə təşkil
olunmuşdur.
Valideyn komitələrinin
gördüyü işlərin şəffaf hesabatları
hazırlanmalı və məktəblərdə xüsusi
guşədə asılmalıdır. Məktəb
direktorları və müəllimlər valideyn komitələrinin
maliyyə məsələlərinə müdaxilə edə
bilməzlər. Valideyn komitələrini valideynlər özləri
müstəqil şəkildə idarə etməlidirlər.
Qeyd etdiyimiz kimi,
valideyn komitələrinin fəaliyyətindən heç bir
halda sui-istifadə halları olmamalıdır. Valideynlər
biləndə ki onların məktəbə könüllü
yardımı övladı üçün daha yaxşı tədris
şəraitinin yaradılmasına sərf edilir, o zaman məktəblə
daha yaxın təmasda olmağa səy göstərirlər.
Xaricdə təhsil proqramı dünyada
mövcud olan nadir layihələrdəndir
- Cənab nazir, xaricdə təhsil üzrə Dövlət Proqramı Azərbaycan gənclərinin dünyanın nüfuzlu universitetlərində ali təhsil alması baxımından çox böyük əhəmiyyətə malikdir. Bu il dövlət proqramına qəbul prosesinə nə kimi yeniliklər tətbiq olundu?
- Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" ölkəmizin
peşəkar mütəxəssis potensialının gücləndirilməsi
istiqamətində ən önəmli təşəbbüslərdən
biridir. Proqram gənc kadrların xaricdə təhsilinə
böyük məbləğdə vəsait
yatırılması yönündə dünyada mövcud olan
nadir layihələrdəndir.
Ümummilli lider Heydər
Əliyevin uzaqgörən siyasəti nəticəsində
ötən əsrin 70-80-ci illərindən azərbaycanlı
gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərində
oxumağa göndərilməsi ilə yaxşı bir ənənənin
əsası qoyulub. Ulu öndər ölkəmizin müstəqillik
illərində də xaricdə ali təhsil alan gənclərə
xüsusi diqqət göstərirdi. Bu siyasət hazırda
ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilməkdədir. Neft kapitalının insan
kapitalına çevrilməsi strategiyası Azərbaycanda
dövlət siyasətinin prioritet istiqamətlərindən
biridir. Gəncliyin müasir tələblər səviyyəsində
yetişməsinə ayrılan vəsait ölkənin,
xalqın firavan gələcəyinin daha etibarlı təminatına
zəmin yaradır.
Xaricdə təhsil
üzrə Dövlət Proqramı ilə istər bir nazir
kimi, istərsə də vətəndaş kimi fəxr edirəm.
Düşünürəm ki, bu proqram cənab Prezidentin hər
bir azərbaycanlı üçün bərabər təhsil
imkanları yaratmasının daha bir təzahürüdür.
Təyinatımın ilk günündən söz vermişəm
və bu gün də bunu vurğulayıram ki, xaricdə təhsil
alan hər bir azərbaycanlı tələbənin
qayğıları, ehtiyacları bizim diqqət mərkəzimizdə
olacaqdır. Həmkarlarımızla birlikdə bunun
üçün əlimizdən gələni edəcəyik.
Dövlət
proqramı çərçivəsində 2007-2012-ci illərdə
ümumilikdə 1825 nəfər azərbaycanlı tələbə
xarici ölkələrin nüfuzlu ali məktəblərində
oxumağa göndərilmişdir.
Bu günə qədər
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil
üzrə Komissiya tərəfindən 2013/2014-cü tədris
ilində xarici ölkələrin ali təhsil müəssisələrində
dövlət proqramı çərçivəsində təhsil
almaq üçün sənəd vermiş namizədlərdən
315 nəfər barədə müsbət qərar qəbul
olunmuşdur. Hazırda bu proses davam etməkdədir.
Ötən illərdən
fərqli olaraq, dövlət proqramına sənəd
vermiş namizədlərin ilkin seçimi üçün Təhsil
Nazirliyində təşkil edilən müsahibəni aparacaq
komissiya fəaliyyət göstərir. Komissiyanın tərkibində
Təhsil Nazirliyinin əməkdaşları ilə
yanaşı, Səhiyyə Nazirliyi (tibb ixtisası istiqaməti
üzrə müraciət edənlərlə), Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan
Dillər Universiteti və Xaricdə Təhsil Alan və Məzun
Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun
(ASAIF) (xaricdə təhsil təcrübəsi
baxımından) nümayəndələri də təmsil
olunur. Bu amil seçimlərin şəffaf aparılmasına
və daha layiqli namizədlərin seçilməsinə əlverişli
zəmin yaradır. Əminik ki, xaricdə təhsil alan tələbələr
Azərbaycanı layiqincə təmsil edəcək və təhsillərini
uğurla başa vurub Vətənə qayıtdıqdan sonra
yüksək səviyyəli mütəxəssis kimi
respublikamızın inkişaf prosesinə layiqli töhfə
verəcəklər.
- Cənab nazir, ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu prosesi artıq başa çatıb. Bu prosesin yekunu ilə bağlı nə deyə bilərsiniz?
Əvvəlcə
bildirim ki, bu il vakant yerlərin sayı 3286, müraciətlərin
sayı isə 18782 olmuşdur. Müəllimlərin işə
qəbulu üzrə müsabiqənin yekun nəticələrinə
görə ümumilikdə 1474 nəfər işə qəbul
olunub.
Əvvəlki illərdən
fərqli olaraq, cari ildə müəllimlərin işə qəbulu
üzrə vakant yerlərin sayı artsa da, keçid balı
aşağı salınmamışdır. İşə qəbul
olunacaq müəllimlərin peşəkar
kompetensiyalarının daha yüksək olması müsabiqənin
əsas meyarı kimi qəbul olunmuşdur.
Təhsil müəssisələrində
boş qalan vakant yerlərə aid dərs yükünün
digər müvafiq fənn müəllimləri arasında
bölünməsi və ya əvəzçilik qaydasında
uyğun ixtisas müəllimlərinə verilməsi nəzərdə
tutulub.
Orta təhsilin məqsədi tam şəkildə
müstəqil həyata
hazır
olan Azərbaycan vətəndaşını
formalaşdırmaqdır
- Kurikulumun tətbiqi,
dərsliklərin hazırlanması və yerlərə
çatdırılması ilə bağlı vəziyyət
necədir?
- Ümumiyyətlə,
hər hansı bir köklü dəyişikliklərin tətbiqindən
öncə bu məsələ ciddi
araşdırılmalıdır. Biz bu məsələni
araşdırırıq və bu məsələ ətrafındakı
müzakirələrdə fikir müxtəlifliyi var. Qəbul
olunacaq qərar daha çox şagirdin maraqlarına cavab verəcək.
Müasir dövrdə biz müəyyən səviyyə və
biliklərə malik şagird hazırlamalıyıq.
Əhəmiyyətli
məqam ondan ibarətdir ki, orta təhsilə və məktəbə
ali təhsil üçün hazırlıq funksiyasını
yerinə yetirən bir qurum kimi baxmamalıyıq. Hesab edirik
ki, orta təhsilin məqsədi tam şəkildə müstəqil
həyata hazır olan Azərbaycan Respublikasının vətəndaşını
formalaşdırmaqdır.
Dərsliklərin
hazırlanmasına gəldikdə, qeyd etməliyəm ki, Təhsil
Nazirliyində dərsliklərin çapı və yerlərə
çatdırılması məsələsi ilə əlaqədar
yaradılmış işçi qrupu üzərinə
düşən vəzifələrin öhdəsindən
layiqincə gəlib. Belə ki, 2013/2014-cü dərs ili
üçün II, IV, VI, VIII, IX və XI siniflər
üçün 139 adda 4011000 nüsxə dərslik və
müəllim üçün metodik vəsait
hazırlanmış, çap edilmiş və yerlərə
çatdırılmışdır.
VI sinif dərslikləri
ilk dəfə olaraq kurikulum əsasında hazırlanıb. IX
sinfin "Alman dili" dərsliyi də yeni dərslikdir. Digər
dərsliklər isə əvvəlki nəşrlər üzərində
redaktə işi aparılmaqla çap olunub.
TQDK tərəfindən
monitorinqi aparılmış II, IV və VII sinif dərsliklərində
redaktə və korrektə işləri aparılıb. Dərsliklər
növbəti illərdə tam tirajla çap olunarkən
monitorinqin nəticələri nəzərə alınacaq.
Yeni dərs ilində
orta ixtisas təhsili müəssisələri
üçün 13 adda 17800 nüsxə dərslik, dərs vəsaiti
və metodik vəsait (elektron versiyaları ilə birgə) ilk
dəfə hazırlanıb nəşr edilib və orta ixtisas
təhsili müəssisələrinə paylanıb.
- Təhsildə son illərdə mövcud olan problemlərdən danışarkən peşə-ixtisas yönümü sahəsindəki vəziyyət diqqəti daha çox cəlb edir. Burada hansı dəyişikliklər nəzərdə tutulur? İlk peşə-ixtisas təhsilinin ölkə iqtisadiyyatının tələbatına uyğunlaşdırılması istiqamətində nə kimi tədbirlər həyata keçiriləcək?
- Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata
keçirdiyi siyasət sayəsində ilk peşə-ixtisas təhsilinin
statusunun artırılması istiqamətində son illər
bir sıra mühüm qərarlar qəbul edilib. Ölkə
iqtisadiyyatının sürətli inkişafı prosesinin
uğurla davam etdirilməsi ixtisaslı kadrlara olan tələbatı
daha da artırıb.
Peşə təhsili
sisteminin əhatə dairəsinin genişləndirilməsi və
kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi
məqsədilə Təhsil Nazirliyi Müasir Azərbaycan Peşəkarları
Layihəsinin icrasına başlayıb. Bu layihə çərçivəsində
müasir tipli pilot peşə təhsili komplekslərinin
yaradılması nəzərdə tutulub. Bu il ilk peşə-ixtisas
təhsili müəssisələrinin inkişaf prioritetlərinə
uyğun olaraq 5 pilot layihə reallaşdırılacaq, ölkəmizin
peşə təhsili sistemində ilk dəfə məzunlara
beynəlxalq ixtisas dərəcəsi veriləcək.
Növbəti tədris
ilindən etibarən ilk peşə-ixtisas təhsili müəssisələrində
çalışan müəllimlərin attestasiyasına
başlamağı nəzərdə tutmuşuq. Həmçinin
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramına uyğun olaraq ehtiyac duyulan bir sıra yeni
ixtisasların açılmasını
planlaşdırırıq.
İlk peşə-ixtisas
təhsili müəssisələri rəqabətə
hazır olmalı və mövcud qanunvericilik çərçivəsində
maddi-texniki bazalarının gücləndirilməsi işinə
əlavə təkan verməlidirlər. Bu baxımdan kommersiya
fəaliyyəti ilə məşğul olmaqla əlavə
qazanc əldə etmək daha səmərəli
üsullardandır.
Ümumiyyətlə,
bu istiqamətdə aparılan islahatların əsas məqsədi
peşə məktəblərinin müasir tələblər
səviyyəsində inkişafına nail olmaqdan ibarətdir.
Həyata keçirilən pilot layihələrin nəticələrinin
digər peşə məktəblərində bir model kimi tətbiq
olunması nəzərdə tutulub.
- Mikayıl müəllim, sonda Sizin fəaliyyət prioritetinizi də bilmək maraqlı olardı: bu gün yeni inkişaf mərhələsinə qədəm qoyan, mütərəqqi islahatlar dövrünün astanasında olan təhsil sistemimizin qarşısında duran əsas məqsəd və vəzifələr nədən ibarətdir?
- Təhsil sistemi
müstəqil Azərbaycanın milli dəyərlərini mənimsəmiş
Azərbaycan vətəndaşı formalaşdırmalı,
qloballaşan və müasir dünyada rəqabətədavamlı,
peşəkar kompetensiyalara və biliklərə malik olan bir
insan yetişdirməlidir. Təhsilimiz bir tərəfdən
milli olmalı, yəni xalqımızın adət-ənənələrinə
sadiq vətəndaşın formalaşdırılmasına
xidmət etməli, digər tərəfdən müasir
dünyanın olduqca sərt tələblərinə cavab verən
yüksək səviyyəli mütəxəssis yetişdirməyə
qadir olmalıdır. Əminəm ki, birgə səylə bu məqsədə
çatacağıq.
Azərbaycan müəllimi.- 2013.- 20 sentyabr.- S.6.