Heydər Əliyev
adına tam orta məktəb
Uğurlu təhsillə gələcəyə doğru
Məktəb! Tarixin bütün zamanlarında insanların ömür yoluna işıq saçan məbəd, cəmiyyətin hərtərəfli inkişaf və tərəqqisinin başlandığı ünvan. Məktəb gənclərin fidan arzularının ilk çiçək açdığı nur bağçası, övladının gələcəyini müəllimlərə əmanət etmiş ata-anaların ümidgahı, "Ata yurdu", "Ana dili", "Gözəl Azərbaycan" kəlmələrini uşaq dünyasında əbədiləşdirən müqəddəs məkandır.
İnsan həyatı
o zaman mənalı olur ki, o xalqın xoşbəxtliyinə,
ölkənin işıqlı gələcəyinə həsr
edilir. Geniş dünyagörüşünə, dərin elmə
və mədəni səviyyəyə malik olmadan isə bu
mümkün deyil. Təhsilli gənclər öz ölkəsinə,
xalqına faydalı olmağı, fədakar xidmətlər
göstərməyi qarşılarına məqsəd qoyurlar.
Gələcəkdə müstəqil Azərbaycanın
qurucularının, xalqımızın ümummilli liderinin
layiqli davamçılarının yetişdirildiyi Heydər
Əliyev adına tam orta məktəb də həyata
hazırladığı belə gənclərlə ölkəmizin
təhsil məkanında öz yeri olan qabaqcıl təhsil
ocaqlarından biridir.
Ulu öndərin
adını daşıyan məktəbdə fəaliyyət
göstərmək qürurverici olduğu qədər də məsuliyyətlidir.
Çünki bu təhsil ocağının
qarşısında ölkəmizdə təhsilə göstərilən
dövlət qayğısının reallığa
çevrilməsində öncül olmaq, əldə etdiyi nəticələrlə
digərlərinə nümunə göstərmək vəzifəsi
qoyulmuşdur. Heydər Əliyev adına tam orta məktəb
uğurlu nəticələri ilə həmişə ön
sıralarda olmuşdur. Bunu hər il olduğu kimi, bu il də
məktəbin məzunlarının ürəkaçan nəticələri
əsasında deyə bilirik.
Heydər Əliyev
adına tam orta məktəbin uğurlarının əsasında
bu təhsil ocağında təhsilə kompleks
yanaşılması, pedaqoji kollektivin müasir təhsil
sistemi qarşısında qoyulmuş tələbləri dərindən
mənimsəməsi durur. Göstərilən qayğıya
cavab olaraq müəllimlər keçilən dərslərin
keyfiyyətinə diqqətlə yanaşır, şagirdlərin
fənləri yeni tədris metodları əsasında mənimsəmələrinə
çalışırlar. Müəllimlərimiz daim öz
biliklərini artırmağı bir vəzifə kimi
görür, pedaqoji və metodik təcrübələrinin
genişlənməsinə səy göstərirlər. Məktəbin
müəllimləri xarici ölkələrdə keçirilən
kurslarda, Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının təşkil etdiyi seminarlarda iştirak
edir, məktəbdə hazırlanan elektron tədris vəsaitləri
kompakt disklər şəklində muxtar respublikanın digər
məktəblərinə göndərilir. Tədris prosesində
ən yeni texnologiyalarla dərslər keçilməsi
şagirdlərin gələcək müstəqil fəaliyyətlərində
müasir dövrün tələblərinə daha tez
uyğunlaşmasına indidən zəmin yaradır.
Müstəqil Azərbaycanın
gələcəyi gənclərdir. Gələcəyimiz olan gənclərdə
dövlətə, xalqa, milli dəyərlərə olan sevgi və
ehtiramı formalaşdırmaq isə hər birimizin borcudur. Bu
mühüm məsələdə ümummilli liderin
adını daşıyan məktəbin də üzərinə
böyük vəzifə düşür. Təkcə məktəbimizdə
təhsil alan şagirdlərin deyil, bütövlükdə, gənc
nəslin bu ruhda tərbiyə olunması müstəqil Azərbaycanın
uğurlu gələcəyinə yönəlmiş vacib
dövlətçilik xidmətidir. Bu mənada ulu öndərin
bizə miras qoyduğu müstəqil Azərbaycanı
dünyanın qüdrətli dövlətləri arasında
görmək və buna nail olmağın yalnız elm və təhsildən
keçdiyini yaxşı dərk edirik. Görkəmli dövlət
xadimi Heydər Əliyevin irsini bütün incəlikləri
ilə gənclərə aşılamaq, onun kimi yaşamaq,
onun kimi mübariz olub xalqına əzmlə xidmət etməyi
öyrətmək bu gün ən ümdə vəzifəmizdir.
Muxtar respublikamızın ictimai işlərində fəal
iştirak edən məktəbin kollektivi ulu öndərin
siyasi fəaliyyətinin, azərbaycançılıq
ideyalarının fəal təbliğatçısı kimi
üzərinə düşən vəzifəni yaxşı
bilir. Bu, Naxçıvan Muxtar Respublikasının qabaqcıl
təhsil ocağı kimi Heydər Əliyev adına tam orta məktəbin,
bütövlükdə, cəmiyyətimiz
qarşısında yerinə yetirdiyi ən böyük
missiyadır.
Hər bir müəllimin,
hər bir təhsil ocağının uğurlu fəaliyyəti
ali məktəblərə qəbulun səviyyəsi, yetirdiyi
intellektli gənclərlə ölçülür. Artıq
bir neçə ildir ki, ölkəmizin ən qabaqcıl təhsil
müəssisələri arasında yer tutan məktəbimizin
məzunları bu il ali məktəblərə
keçirilmiş qəbul imtahanlarında da yüksək nəticələr
göstərmişlər. Bu il məktəbdən məzun
olmuş 45 nəfərdən 43-nün ölkəmizin və
Türkiyə Respublikasının nüfuzlu ali məktəblərinə
qəbul olunması bütün kollektivi sevindirmişdir. Bu məzunlardan
10 nəfərinin 500-dən, 3 nəfərinin isə 600 baldan
yuxarı nəticə göstərməsini xüsusilə
qeyd etmək lazımdır.
Hər il olduğu
kimi, bu il də məktəbimizin uğurları yüksək
qiymətləndirilmişdir. 2012-2013-cü tədris ilində
ümumtəhsil məktəblərini bitirmiş və ali məktəblərə
qəbul imtahanlarında yüksək nəticə göstərmiş
tələbələrlə bu il avqustun 20-də keçirilən
görüşdə Heydər Əliyev adına tam orta məktəbin
10 nəfər məzunu iştirak etmişdir. Bu
görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclis
sədrinin gənclərə xitabən dediyi "Ölkəmizin
rifahı üçün çalışmalı, müstəqil
dövlətimizə, Vətənimizə və
xalqımıza layiq mütəxəssislər kimi yetişməli,
daim azərbaycanlı olmağınızla fəxr etməlisiniz"
sözləri ölkəmizdə insan resurslarının
formalaşdırılması istiqamətində həyata
keçirilən dövlət siyasətinə muxtar
respublikamızda verilən önəmin dərin mənalı
ifadəsi və uğurlu təhsillə gələcəyə
doğru addımlamağın yoludur. Çünki bu yol ulu
öndər Heydər Əliyevin nümunəsində Azərbaycan
naminə fədakarlıqla çalışmağın
yoludur.
Şəlalə CABBAROVA,
Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin müəllimi
Azərbaycan
müəllimi.- 2013.- 27 sentyabr.- S.6.