Məktəb psixoloqu
valideynlərə nələri tövsiyə edir?
* Uşaq saatlarla kompüterdə, telefonda olan oyunlarla oynayır, televiziyada sevimli filmlərinə baxır və yorulmur. Lakin bu rahat "sakitləşdirici" vasitələrin çox zərərli tərəfləri var. Uşağın bu vasitələrdən saatlarla istifadə etməsi onun sinir sisteminə mənfi təsir edir, bu texniki vasitələrdən çox çətin aradan qaldırıla bilən asılılıqlar yaranır.
* Ailə üzvlərinin (ana, ata, baba, nənə və s.) uşaqlara fərdi yanaşmaları və tələbləri eyni olmalıdır. Ailə üzvləri uşaqla bağlı olan narazılıqlarını onun yanında müzakirə etməməlidirlər. Belə situasiyalar baş verdikdə uşaqlarda nevroz halları müşahidə olunur.
* Məktəbə getməmişdən əvvəl
valideyn usağa həm oxumağı, həm də
yazmağı öyrətdiyindən məktəbə getdikdə
ona digərləri ilə bərabər oxumaq və yazmaq maraqsız
olur, o artıq bunları bacarır.
Hər
bir valideyn övladını ilk dəfə məktəbə
apararkən narahatçılıq keçirir. Onu
"Görəsən, məktəb
həyatı xoşuna gələcəkmi", "Dərslərini
vaxtında yerinə yetirə biləcəkmi", "Həvəslə
oxuyacaqmı", "Yoldaşları ilə ünsiyyəti
necə olacaq" kimi suallar
çox düşündürür.
Bu məsələlər
xüsusilə bağçaya getməyən
uşaqların valideynləri
üçün daha aktual olur.
İlk öncə, birinci sinif şagirdlərində ən
çox müşahidə olunan problemləri diqqətə
çatdırmaq istərdik. Bunlar
aşağıdakılardır:
- Şagirdin
özünü idarə etməsi, ixtiyari diqqəti çox zəifdir,
tez-tez bir işdən digər işə keçir.
- Uşaq öyrəşib
ki, ona daim nəzarət etsinlər, buna görə də ən
sadə tapşırıqların, fəaliyyətlərin
öhdəsindən müstəqil gələ bilmir. Bu hal daha
çox həddindən artıq qayğı göstərilən
uşaqlarda müşahidə olunur.
- Şagird 45 dəqiqə hərəkətsiz
bir yerdə otura bilmir.
- Uşaq daha çox
oyuncaqları ilə oynamağa meyillidir. Kitab oxumağa,
yazı yazmağa marağı yoxdur.
- Məktəbə
getməmişdən əvvəl valideyn usağa həm oxumağı,
həm də yazmağı öyrətdiyindən məktəbə
getdikdə ona digərləri ilə bərabər oxumaq və
yazmaq maraqsız olur, o artıq bunları bacarır.
- Uşağın
emosional, ünsiyyət sahəsində problemləri var, sinif
yoldaşları ilə tez-tez konfliktləri olur.
Bütün bu
problemlər, sözsüz ki, həll olunan problemlərdir.
Lakin çox zaman valideyn problemlərin kökünü müəyyən
edə bilmədiyi üçün daha çox səbəbi
uşağın məsuliyyətsizliyində,
bacarıqsızlığında, səhlənkarlığında
görür. Bəzən isə bunun tam əksinə
olaraq uşaqda və ya öz yanaşmasında deyil, yalnız
müəllimdə və ya bütövlükdə təhsil
proqramında görür. Təəssüflə qeyd etmək
istərdik ki, müasir zamanda valideynlər uşaqları ilə səmərəli
ünsiyyətə çox az vaxt ayırırlar və ya
övladları ilə ünsiyyəti düzgün qurmurlar.
Bir çox problemlərin kökü də məhz buradan yaranır. Biz bilirik ki,
uşağın emosional şəxsi sferası körpə
yaşlarında əsasən
formalaşmış olur. Bu yaşlarda uşağın emosional şəxsi
sferasının düzgün
inkişafı, ilk növbədə, valideynləri ilə
münasibətindən, onların yanaşmalarından
asılıdır. Bu dövrdə yaranan problemləri sonralar
aradan qaldırmaq daha çətin olur. Valideynlərin həddindən
artıq məşğulluğu, həddindən artıq gərginlikləri
onlara övladları ilə səmərəli
ünsiyyət qurmağa mane olur. Bu vəziyyət daha
çox iri şəhərlərdə - meqapolislərdə müşahidə olunur.
Müasir zamanda kiçikyaşlı uşaqlara mənfi təsir edən
daha bir faktor isə texnologiyalar
- kompüter, telefon və televiziyadır. Uzun illər ailələrlə
iş təcrübəmiz onu göstərir ki, bu texnologiyalar
həm valideyn, həm də uşaq üçün rahat əyləncə
vasitəsinə çevrilib. Uşaq kompüter
qarşısında əyləşdikdə, telefonda oyun
oynadıqda və
ya televiziyada öz sevimli cizgi filmlərini seyr etdikdə
valideyni narahat etmir, ətrafı dağıtmır. Beləliklə,
bu texnologiyalar valideyn üçün uşağı sakitləşdirən
bir vasitəyə çevrilir. Uşaq
saatlarla kompüterdə, telefonda olan oyunlarla oynayır,
televiziyada sevimli filmlərinə baxır və yorulmur.
Lakin bu rahat "sakitləşdirici" vasitələrin çox zərərli
tərəfləri var. Valideynlər bilməlidirlər ki, bu
yolla özləri üçün yaratdıqları
rahatlıqlar sonra onları və
övladlarını çox
böyük problemlərlə üz-üzə qoyacaq. Uşağın bu vasitələrdən saatlarla
istifadə etməsi onun sinir sisteminə mənfi təsir edir.
Uşaqlarda bu texniki vasitələrdən
çox çətin aradan qaldırıla bilən
asılılıqlar yaranır. Digər tərəfdən,
uşaq böyüdükdən sonra valideyn ona müəyyən
qadağalar qoyduqda bu onların
arasında böyük konfliktlərin yaranmasına gətirib
çıxarır.
Valideynlərin övladlarına
düzgün olmayan daha bir yanaşmasını da qeyd etmək
istərdik. Bir çox valideynlər arzusunda olduqları,
lakin nail ola bilmədikləri
uğurları övladlarının əldə etməsinə
çalışırlar. Məsələn, ata uşaq ikən yaxşı
pianoçu və ya şahmat
üzrə dünya çempionu olmaq istəyib, lakin heç
vaxt buna nail ola bilməyib.
Şagird məktəbə getdikdə valideyn
uşağın özünün marağını, istəyini
nəzərə almadan
onu piano çalmağa
və ya şahmat oynamağa məcbur edir, halbuki
uşağın bunlara heç bir marağı yoxdur. Lakin valideyn elə hesab edir ki, onun
artıq həyat təcrübəsi var və o dəqiq bilir
ki, bunlar onun övladı üçün çox
vacibdir.
Valideynlər tərəfindən
düzgün olmayan digər bir yanaşma da
övladlarının qarşısında həddindən
artıq yüksək tələblərin qoyulmasıdır. Məsələn,
nə olursa-olsun, əlaçı
olmalısan. Lakin
valideynlər bilməlidirlər ki, böyüklər tərəfindən
qoyulan tələblər uşağın fərdi psixoloji imkanlarına
uyğun olmalıdır. Uşaq nəyi isə məcburi
etdikdə gec-tez onun inkişafında öz təsirini göstərir:
ya təlim nəticələrində, ya da şəxsi
emosional sferada. Şagird valideyn tərəfindən
qoyulan tələbləri həyata keçirə bilmədikdə
onun özünü qiymətləndirməsi aşağı
düşür, özündən narazılıq artır.
Bir mühüm məsələni də
diqqətə çatdırmaq istərdik. Şagirdin məktəbdə aldığı qiymətlərə
valideyn də, onun özü də çox həssas
yanaşırlar. Bir
çox valideynlər tərəfindən şagirdin
aldığı qiymət onun
bütün şəxsiyyətinə verilən qiymət
kimi başa düşülür və şagird də bunu belə
qəbul edir. Onda belə bir fikir formalaşır: "Əgər
mən "iki" almışamsa, deməli, pisəm". Hər bir valideyn və müəllim tərəfindən
dərsdə verilən qiymətin mahiyyəti şagirdlərə
düzgün çatdırılmalı və qəbul etdirilməlidir.
Şagird bilməlidir ki, qiymət yalnız hər
hansı bir mövzunu və ya bölməni nə dərəcədə
yaxşı və zəif bilməsinin göstəricisidir,
onun şəxsiyyətinin qiymətləndirilməsi demək
deyil.
Bir sıra problemlərin yaranmasının qarşısını
almaq məqsədilə övladları birinci sinfə gedən
valideynlərə aşağıdakıları tövsiyə
edərdik:
1. Övladınızla birlikdə gün rejimi qurun və
ona sistematik olaraq əməl etməyə
çalışın. Səhər
övladınızı bir qədər erkən yuxudan
oyadıb məktəbə rahat yola salın. Şagirdin
gec oyanıb tələsik, gərgin vəziyyətdə məktəbə
hazırlaşmasındansa rahat, sakit hazırlaşıb məktəbə getməsi həm
sizə, həm də ona daha
çox fayda verər.
2. Övladınız məktəbdən qayıtdıqda onu səmimi, xoş sözlərlə
qarşılayın. "Bu gün neçə qiymət almısan"
əvəzinə "Məktəbdə günün necə keçdi", "Hansı maraqlı hadisələr
baş verdi" kimi suallarla müraciət edin.
3. Övladınızın məktəbə mütləq səhər yeməyi
yeyərək getməsinə nail olun. Bir
çox valideynlər səhər övladlarının
heç nə yemək istəmədiklərindən şikayətlənirlər.
Yaxşı olar ki, səhər nə yemək
istədiyini axşamdan onunla birlikdə
planlaşdırasınız.
4. Övladınız məktəbdən
qayıtdıqda ona 1,5-2 saat istirahət
verin. Yaxşı olar ki, o bu müddətdə
yatsın. Daha sonra oxu və yazı dərsləri
ilə ardıcıllıqla məşğul olun. Məsələn,
əvvəl ana dili (oxu), sonra riyaziyyat, daha sonra ingilis
dili, rəsm və s. Bir dərsə
yarım saatdan çox vaxtın ayrılmaması məsləhətdir.
Hər dərsarası uşaqla birlikdə 15-20
dəqiqə aktiv istirahət edin.
5. Birinci sinif şagirdinin həftədə yalnız 2 dəfə
15-20 dəqiqə ərzində kompüterdən istifadə
etməsinə icazə verin. Bunu onunla əvvəlcədən
razılaşdırın.
6. Tapşırıqları yerinə yetirərkən
övladınızı daim nəzarət altında
saxlamayın və ya əksinə, tam sərbəst
buraxmayın. Övladınızın nəyisə yerinə
yetirə bilmədiyi işi onun əvəzinə etməyin və
ya əksinə, öhdəsindən gələ bilmədiyi
üçün onu tənqid etməyin, "sən heç
vaxt bunu edə bilmirsən", "sən
bacarıqsızsan" və s. kimi ifadələr işlətməyin.
Hər iki hal uşaq üçün çox zərərlidir.
Bu cür hallarda uşaqda özünəinamsızlıq,
qorxu formalaşır, daxilən belə bir fikir yaranır ki, "mən
bunu heç vaxt
bacarmayacağam", "mən bacarıqsızam, onsuz da
heç nəyə nail olmayacağam". Ev
tapşırıqlarını yerinə yetirərkən
valideyn şagirdi
öz sualları ilə tapşırıq üzərində
düzgün istiqamətdə düşünməyə
yönəltməlidir, ona hər hansı bir çətinlikdə
dəstək göstərdiyini nümayiş etdirməlidir.
7. Övladınızla dərslərin yerinə yetirilməsi
zamanı olan
ünsiyyətdən əlavə
onun istədiyi hər hansı bir məşğuliyyətə
də vaxt ayırın.
8. Övladınız birinci sinfə getməmişdən əvvəl
daha çox onun idrak proseslərinin - yaddaş, diqqət, təfəkkür,
qavrama və emosional şəxsi sferasının
inkişafına xüsusi diqqət yetirin.
9. Övladınızı yalnız dərslərdə
aldığı yüksək qiymətlərə görə
yox, hər hansı bir müsbət fəaliyyətinə
(tapşırığı əvvəlkinə nisbətən
daha düzgün,
tez yerinə yetirməsinə, xəttinin əvvəlkinə
nisbətən daha yaxşı olduğuna və s.) görə
tərifləyin.
10. Ailə üzvlərinin (ana, ata, baba, nənə və
s.) uşaqlara fərdi yanaşmaları və tələbləri eyni olmalıdır. Ailə üzvləri uşaqla
bağlı olan narazılıqlarını onun yanında
müzakirə etməməlidirlər. Belə situasiyalar
baş verdikdə uşaqlarda
nevroz halları müşahidə olunur.
11. Gecə şagirdin
erkən yatması vacibdir.
Ümid edirik ki, bu
tövsiyələrə əməl edilməsinin sizin
uşağınızla olan münasibətlərinizin
düzgün istiqamətdə qurulmasına faydası olacaq.
Bahar
KƏRİMOVA,
Bakı
Avropa Liseyinin psixoloqu
Azərbaycan
müəllimi.- 2013.- 27 sentyabr.- S.7.