Orta məktəblərimizin və məktəbşünaslığın
aktual və təxirəsalınmaz məsələləri
Bu məqalə bugünkü ümumtəhsil reallıqları və mənzərəsinə, müasir Azərbaycan məktəbşünaslığına konseptual və obyektiv yanaşma üçün şərait və istəyin gündəmə gəldiyi bir zamanda oxucuya təqdim olunur. Təhsil işçisi olaraq biz də elmi-pedaqoji və tədris-təcrübə mühiti, məktəb həyatı, on minlərlə təhsilalanın, yəni məktəbyaşlı uşaqların, eləcə də gənclərin müqəddəratı və s. məsələlərlə bağlı daha geniş müzakirə və debatlara ehtiyac duyuruq. Xüsusən də "Yeniləşən Azərbaycana yeni məktəb" ideyasının real görüntüləri sezilən və yeni dərs ilinin başlanğıcı ərəfəsində təhsil naziri cənab Mikayıl Cabbarov tərəfindən bütövlükdə cəmiyyətimizə və birbaşa məktəbə ünvanlanan mesajların artıq düşüncələrə müəyyən aydınlıq gətirdiyi bir məqamda bu, müsbət ictimai rəyə və problemlərə professional yanaşmaya xidmət edə bilər. Digər sahələrdən fərqli olaraq, məktəb təkcə burada təhsil alan və təhsil verən insanların fəaliyyət dairəsi deyil. Onun gündəlik ictimai rəyə gətirilməsi və ictimai rəydə saxlanılması olduqca vacib şərtdir. Bu, təkcə məktəbi deyil, həm də məktəblə birbaşa və assosiativ əlaqədə olan şəxsləri, təşkilat və cəmiyyətləri əhatə edər, cəmiyyətdə təhsillə bağlı adekvat düşüncə və yanaşma tərzinin formalaşmasına təkan verər.
Təhsil Nazirliyi rəhbərliyinin iştirakı ilə
keçirilən müşavirələrdə səslənən
təklif, irad və fikirlər bizdə
müəyyən narahatlıq doğurduğu
üçün məsələlərə
münasibət bildirmək istərdik. Birinci
məqam mövcud təhsil qanunvericiliyi çərçivəsində
ümumtəhsil müəssisələrinin maliyyə-təsərrüfat
fəaliyyətinin nizamlanması ilə
bağlıdır. Hamıya məlumdur ki, 2009-cu ildə
qəbul edilmiş "Təhsil
haqqında" Azərbaycan Respublikasının Qanununda və 2011-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Ümumtəhsil məktəbinin
Nümunəvi Nizamnaməsi"ndə büdcə vəsaiti
ilə yanaşı, orta təhsil müəssisələrində
əlavə təhsil xidmətlərinin
göstərilməsinə və bu xidmətlərdən
əldə edilən vəsaitlərin məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsinə,
özəl təhsil layihələrinin həyata keçirilməsinə,
məktəbin pedaqoji, təhsilə
yardımçı və texniki heyətinin
sosial şəraitinin yaxşılaşdırılmasına
və rəğbətləndirilməsinə icazə verilir. Bu qanunvericilik
bazası işləmək istəyən istənilən pedaqoji kollektivin qanuni yolla inkişafı və
yaşaması üçün geniş meydan
açır. Göstərilən qanunun və qanunvericilik
aktının orta təhsil müəssisələrində
əlavə təhsil xidmətlərinin göstərilməsinə
icazə verən bəndlərinin işləmə mexanizminin sonadək düşünülməsi
orta təhsil pilləsinə böyük fayda gətirə
bilər.
Hazırkı məktəb
mühitinin qəribə paradoksları var. Bir növbədə işləyən istənilən
məktəbin tədris korpuslarının qapıları iş gününün
sonunadək müəllim və şagirdlərin üzünə
açıqdır. Şagirdlər dərsdən sonra əlavə məşğələlərə
saxlanılır, məktəb binalarında tədris kursları,
fərdi məşğələlər təşkil olunur, idman zallarından
istifadə edilir və s.
İstənilən məktəbin kadr
potensialı ona bundan
dəfələrlə çox qanuni təsərrüfathesablı xidmətlər
göstərməyə imkan verə bilər.
Müəllim və tədris korpusu
işləyir, uşaq əlavələrə
və digər məşğələlərə qalır, valideyn pul ödəyir. Və
bütün bunlar
hamısı müəllim-şagird, müəllim-valideyn,
müəllim-məktəb direktoru
münasibətlərinin anormallığı və gərginliyi
şəraitində baş verir. Hələ valideyn
komitələri və assosiasiyaların əl atdıqları
müxtəlif üsulları demirəm. Belə
bir şəraitdə məktəbdə qanuni mühasibatlığın mövcudluğu ümumtəhsil müəssisəsinin
(qeyd edək ki, məktəb
də hüquqi şəxs hesab olunur və
"Müəssisələr haqqında" qanun
ona da şamil
edilir) normal təlim-tərbiyə
və təsərrüfat-maliyyə həyatına müsbət
təsir göstərər. Məktəbin
maddi-texniki bazası və məktəb kollektivinin imkanları təkcə
ayrı-ayrı şəxslərin (hətta onların bir qisminin məktəbə
dəxli olmur) rifahına deyil,
burada çalışan azmaaşlı texniki və təhsiləyardımçı personal üçün əlavələrə,
ehtiyac içində yaşayan
ailələrdən gələn uşaqların təminatına,
məktəb tədbirləri və layihələrdə iştiraka, qanuni
maaşların ödənilməsinə və s. ünvanlana bilər.
Bu isə
yalnız və yalnız mövcud təhsil
qanunvericiliyinin imkanları, ölkəmizin
malik olduğu sosial-iqtisadi potensialı, Təhsil Nazirliyinin irəli sürdüyi
səmərəli təşəbbüsləri təxirə salmadan və maksimum dərəcədə
orta məktəbə yönəltməkdən
asılıdır.
İkinci və yenə də olduqca
vacib bir məsələ
məktəb - cəmiyyət münasibətləri, məktəb
və müəllim nüfuzunun
qorunması problemidir. Hamı:
valideyn də, məktəb direktoru və müəllimin özü
də, təhsilin idarəçiliyinə cəlb olunmuş yuxarı təşkilatların və
yerli icra hakimiyyəti
orqanlarının nümayəndələri, hətta sahə
müvəkkilləri də bir reallıq
və həqiqəti dərk etməlidirlər ki,
orta məktəbdə tədris prosesi ciddi iş
rejimi və zənglərlə idarə olunur. Tədris prosesində direktorun, təlim-tərbiyə işləri
üzrə direktor müavininin,
təşkilatçının, psixoloqun,
sinif rəhbəri və fənn müəlliminin,
təsərrüfat xidmətinin hər birinin
dəqiq iş qrafiki var. Əgər dərs prosesi
zamanı direktor və ya
sadaladığım istənilən məsul şəxs məktəbdə
tapılmırlarsa, mərkəzi icra
orqanı kimi Təhsil Nazirliyinin
məktəb qarşısında qoyduğu
vəzifələrin yerinə yetirilməsi sual
altına alınır. Məktəb rəhbəri
bəzən ona və rəhbərlik etdiyi məktəbə aidiyyəti olmayan iclas və tədbirlərdə
bir yer (stul, kreslo) tutub,
fon yaratmaqdansa, rəhbərlik
etdiyi 500, 1000, 2000 şagirdlik
məktəbə və onlarla pedaqoqun cəmləşdiyi pedaqoji
kollektivə dəfələrlə çox
fayda verə bilər. Biz rayon və şəhər,
respublika tədbirlərində
iştirakın əleyhinə deyilik, bu cür tədbirlərdə
iştirak çox vacibdir. Lakin bu tədbirlər məktəblərin
iş rejiminə
uyğunlaşdırılmalı, tədbirlərə dəvətlər
ən azı iki-üç gün əvvəl məktəb rəhbərliyi
ilə uzlaşdırılmalı, iclas və
tədbirlərə məktəbin aidiyyəti üzrə
nümayəndəsi çağırılmalıdır. Əgər hər hansı bir
məsələ təşkilatçıya, uşaq
birliyinin rəhbərinə, kitabxana müdirinə və ya
hərbi rəhbərə aiddirsə, direktorun
işdən yayındırılıb məktəbi tərk
etməsinə və ona aid
dərs yükünün mütəmadi olaraq digər fənn müəllimlərinə
həvalə edilməsinə ehtiyac qalmaz. Axı məktəbin özünün
də çoxlu sinifdənxaric və məktəbdənkənar
tədbirləri, yeni təhsil
texnologiyaları və kurikulumun tətbiqi
ilə bağlı iş planları,
valideynlərlə görüşləri, ayrı-ayrı
şagirdlərlə fərdi işi var. İctimaiyyət arasında, elə ictimai baxışın özündə də
məktəb nümayəndələrinə münasibət
ciddi dəyişməlidir. Onların nüfuzuna xələl gətirə biləcək
hərəkətlərə yol verilməməlidir.
Heç kəsə sirr
deyil ki, təlim-tərbiyə
prosesinin təşkili zamanı məktəbdə və məktəb
ətrafında tez-tez müəyyən
problemlər yaşanır. Bu zaman bəzən kömək əvəzinə
hamı izahat tələb edir
və minnət qoyur ki,
məsələ böyüməsin.
Fikrimizcə, uşaq idman dərsində, pilləkəndən qaçanda zədə alırsa və xəstəxanaya
çatdırılırsa, şagird kontingenti ilə bağlı ərazidəki polis şöbə və məntəqələri
işə qarışmalı olursa, burada məktəbin ünvanına ona aid olan
haqlı iradlar yönəldilməli və
hər bir təşkilat məktəbi
qınamadan öhdəsinə düşən işi
yerinə yetirməlidir. Belə olan halda istənilən ərazidə və ya mikroərazidə yerləşən təşkilatlarla
əlaqələr daha da
möhkəmlənə, məktəbin işi asanlaşa bilər.
Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin xətti ilə təşkil
olunan müşavirədə nazir və idarə rəhbərliyi bir neçə məsələyə toxundu. Bunlar da məktəbi düşünməyə və
konkret addımlar atmağa
istiqamətləndirir. Söhbət üzərində
dayanmaq istədiyimiz üçüncü
məsələ - məktəblərimizdəki müəllim-şağird
nisbəti və orta dərs yükü problemidir ki, buna da ümumiyyətlə,
mövcud təlim-tədris və sosial-iqtisadi münasibətlər kontekstində
baxmaq lazım gəlir. Təcrübəli
və bilikli müəllim əlavə qazanc əldə etmək və repetitor fəaliyyətini yerinə yetirmək üçün əksər hallarda
məktəb rəhbərliyindən onu bir və ya yarım ştat dərs yükü
ilə təmin etməyi xahiş edir. Təxminən 3-5 faiz
istisna olunmaqla bu qrup müəllimlərin
istedadlı və ya yetirməyən uşaqlarla əlavə məşğələlərə,
məktəb tədbirlərinə cəlbi çox
çətindir. Belə halda bilik yarışlarına hazırlıq,
müxtəlif yerli və beynəlxalq
layihələrdə iştirak, eləcə də məktəb işinin təşkili orta
səviyyəli və ya gənc müəllimlərin
öhdəsinə düşür.
Müəllim-şağird
nisbəti və respublika üzrə orta dərs yükünün
azlığı problemi pedaqoji
kollektivlərə xas olan
daha bir cəhətlə
sıx əlaqələnir. Bu, xüsusən
də Bakı və digər mərkəzi şəhərlərimizin
məktəbləri üçün xarakterikdir. Birincisi, kişi müəllimlər həddən
artıq azdır və tədrisin təşkili
(uşaqların qarşılanması, ötürülməsı,
tədris binası və onun həyətində
növbəçiliyin, eləcə də ev
təhsilinin təşkili, dərsə davamiyyəti pis olan uşaqlarla
iş, icbari təhsilin
reallaşdırılması ilə
bağlı digər çətinliklər və s.) qadın müəllimlərin öhdəsinə
düşür. Məktəbdəki
qadın müəllimlərin müəyyən bir qismi gənc valideynlərdir,
ya da nənələrdir,
yəni onlar öz
övladları və nəvələrini o
sinifdən bu sinfə, o
müəllimdən bu müəllimə,
bufetə aparmaqla müəyyən mənada
tədrisə maneə yaradırlar. Hələ il boyu analıq məzuniyyətinə,
uşaq və nəvələrin xəstəliyinə
görə bülletenə çıxma hallarını demirəm.
Belə görünür ki,
bu qrup müəllimləri
də artıq dərslə yükləmək baş
ağrısından başqa bir şey deyil...
Fikrimizcə, digər obyektiv və subyektiv səbəblərlə yanaşı,
belə məqamlar da diqqət mərkəzində
durmalıdır. Onların həlli mexanizmini
düşünməliyik.
Biz ucqar kənd məktəbləri
üçün səciyyəvi problemlərin mövcudluğunu
yaxşı anlayırıq. Bununla belə, imtahandan keçən
gənc müəllimlərimizin (bəlkə də bu zaman oğlanlara
hansısa üstünlük vermək olar) hətta Bakı kəndlərindəki məktəblərdən
belə imtina etmələrini düzgün saymırıq. Əlbəttə,
bu imtinaların kökü
dərindədir. Müəllim
ixtisasına düşən orta məktəb
məzunlarının böyük əksəriyyətinin
prokuror, hakim, diplomat, politoloq və daha nə bilim nə
xülyasıyla vidalaşa bilməmələri,
məktəbdə işə cəhənnəm əzabı kimi baxmaları, əksər cavanlarımızın
"qaz vurub qazan doldurmaq" ehtirası
ilə tərbiyə almaları, hətta suburbanizasiyanın
insanlarımızın həyat və düşüncə tərzinə
endirdiyi zərbələr bu
problemin kökündə yatır.
Məqaləni oxuyan həmkarlarım dediklərimizi məktəb
həyatının gündəlik qayğılarına aid edə və onların məktəbşünaslığa
dəxli olmadığını iddia edə bilərlər. Amma ciddi elm və pedaqoji mülahizələr real
həyatdan doğur. Dərinə
getsək, elə müasir məktəbşünaslığımız
da bugünkü məktəb
və müəllimin normal
düşüncəsi və fəaliyyəti üçün
az problem yaratmır. İlk məsələni bu
gün I-VI siniflərdə
reallaşdırdığımız kurikulum
islahatının çoxları tərəfindən
yanlış anlaşılan fəlsəfəsində görürük. Mətbuatda,
elə "Azərbaycan müəllimi"nin özündəki
çıxışlarımızda
o fikrin
altından dönə-dönə xətt çəkmişik
ki, Azərbaycan təhsil modeli
kifayət qədər təcrübəyə və tarixə,
ənənə və dayanıqlığa malik
təhsil sistemidir. Biz on doqquzuncu əsrin sonları - iyirminci
əsrin əvvəllərindən bəri
formalaşmış, milli dəyərlərimizə
və mentalitetimizə, yerləşdiyimiz coğrafi
mövqeyə, mədəni-tarixi arealın xüsusiyyətlərinə
uyğun məzmun, məna və forma
qazanmış, müstəqilliyimizin iki onilliyi müddətində ağır
sınaq və eksperimentlərdən
çıxmış yolumuza ehtiram və ehtiyatla
yanaşmalıyıq. Elə "kurikulum"
sözü də "yol",
"istiqamət" mənasını verir.
Bəlkə də islahatın özündən çox bu terminin
mənası, yəni yeni sosial-iqtisadi və
milli-tarixi münasibətlər şəraitində
təhsilimizin hansı istiqamətə yönəldilməsi
barədə düşünməliyik. Biz bu gün orta
təhsil pilləsinin psixoloji və metodoloji
baxımdan kurikulum və ənənəvi
təhsil mərhələlərinə (I-VI və VII-XI)
bölünməsinin çətinliyini yaxşı
anlayırıq. Azərbaycan məktəbi
bu yeni şəraitdə
gələcək Azərbaycan vətəndaşını tərbiyə
edir və formalaşdırır. Biz bu gün mövcud
olan akademik, əzbərçi,
uşağın yaddaş və
psixikasını yükləyən təhsil sistemimizə yeni məzmun və forma
vermək istəyirik. Lakin proses
çətinliklə gedir. Hələ ki pedaqogika, psixologiya, sosial və psixoloji pedaqogikamız, bu
sahəyə məsul elmi
institutlarımız prosesi sistemli
şəkildə izləyə bilmir. Mövcud məktəbin strukturu və məktəblərin
informasiya-kommunikasiya şəbəkəsi,
müəllim kadrlarının hazırlıq səviyyəsi kurikulum islahatının əməli
realizasiyasından uzaqdır. Ən başlıcası odur ki, bu
sahədə müəllim beyni hələ
ki, dumanlıdır, əksəriyyət
işə mexaniki və sxematik yanaşır.
Hər bir müəllim sadə bir
həqiqəti bilməlidir ki, biz məktəbdə övladlıq və vətəndaşlıq
borcunu dərk edə biləcək
insanı, həm də gələcəyin işçi
və mütəxəssisini yetişdiririk.
Müəllimin mövzu ilə əlaqəli
qurduğu motivasiya da, təklif olunan tədqiqat
sualları da, dərsdəki debat, müzakirə, təqdimat və yanaşmalar da, gəlinən
nəticə və tətbiqetmə məqam və imkanları
da buna yönəldilir.
Uşaq istənilən dərsdə və
orta təhsilin istənilən mərhələsində
konkret bilik, bacarıq
və vərdişlər qazanmalı, öyrəndiyi, bildiyi şeyləri təcrübədə və həyatda
reallaşdırmalıdır... Göründüyü kimi, burada təhsilin
məzmun, model və formasının köklü dəyişikliyindən söhbət
getmir. Əvvəllər də zaman-zaman yeni təlim metod və üsulları, texnologiyaları tətbiq
olunub, amma bunların heç biri bugünkü kimi müəllim
üçün psixoloji
baryer yaratmayıb, heç
biri bu boyda hay-küylə, "inqilab" kimi məktəbə
və müəllimə təqdim edilməyib.
Dərsliklərin kurikulum tələblərinə uyğun yazılmasına gəlincə, burada tələskənliyə və
yaradılmış mövcud dərsliklərin
bazasından imtinaya ehtiyac
yoxdur. Biz gücümüzü oturuşmuş
və artıq məktəb tərəfindən qəbul edilmiş dərslikləri dəyişməyə
yox, tədrisin metodikasına, müəllim
üçün vəsaitlərin hazırlanmasına yönəltməliyik.
Kurikulum islahatı tədris prosesində
davamlılığın, ardıcıllığın, mərhələliyin
və sistemliliyin gözlənilməsini istisna etmir. Nə qədər ki bizdə ümumi və tam orta təhsil pillələrində
məzunların attestasiyasından sonra
onların ali məktəblərə
imtahanvermə praktikası mövcuddur və
hələ ki perspektivdə məktəbi başqa yenilik gözləmir, bizdə tədris
proqramları anlayışının aradan
götürülməsi məsləhət deyil. Əks halda, hətta
VI-VII sinif şagirdləri də
TQDK-nın test proqramları və
bankları ilə işləmək məcburiyyətində qalacaq.
Bizdə təhsil mətbuatı
var. Lakin təhsil mətbuatının
yazdıqlarını, eləcə də elmi-pedaqoji
işləri real tədrisə
yaxınlaşdırmalı, dissertasiya və elmi
işlərin mövzuları bir yana, elmi-nəzəri məqalələrdə
də tədris-təlim şəraitimizə söykənməliyik.
Biz tanınmış alimimiz,
professor Əbdül Əlizadənin "Kurikulum" jurnalında gedən məqalələrini,
ənənəvi psixoloji anlayış və
terminləri kurikulum islahatı ilə əlaqələndirməsi
cəhdlərini maraqla izləyirik. Onun və digər
tək-tük pedaqoq, psixoloq
və sosioloq alimlərimizin gündəmə
gətirmək istədiyi paradiqmaları kurikulum
islahatına cəlb olunmuş təlimçilərin,
dərslik və müəllim üçün
vəsait yazan müəlliflərin, gec də olsa, diqqətdə
saxlayacağına inanırıq.
Məktəbşünaslığımızın
təxirəsalınmaz problemlərindən digəri də ali və orta təhsil pillələrində
verilən təhsilin məzmun və strukturundakı uyğunsuzluq, onların bir-birini
izləməməsidir. Hörmətli nazirimizin
bu günlərdə "Azərbaycan
müəllimi" qəzetində dərc olunmuş
müsahibəsində müəllim
işləmək istəyən 18782 nəfərdən
yalnız 1474-nün işə qəbul edildiyi
vurğulanır. Biz də elə hesab edirik ki,
bu qədər pedaqoji
ixtisaslı ali məktəb məzunu
olmasına rəğmən, 2000-nə yaxın iş yerinin vakant qalması acı hisslər doğurur. Burada da müəyyən obyektiv və subyektiv səbəb
və dəlillərə müraciət edə bilərik. İlk növbədə, pedaqoji
ixtisaslara abituriyentlərin çox
vaxt məcburiyyət qarşısında,
özü də az balla müraciət etmələri faktı
göstərilsə də, biz başqa, daha
inandırıcı səbəblər üzərində
dayanmaq istərdik. İddiaçılara
təklif edilən sualların bir qismi məntiq və informatika
sahələrini və
metodikanı əhatə edir. Bu üç istiqamətin
ali təhsil kursunda
hansı həcmdə və keyfiyyətdə tədris olunduğu barədə düşünsək,
bəlkə də gəncləri az
qınayarıq. Biz son
iki ildə kompleksimizə pedaqoji
təcrübəyə gələn müxtəlif universitetlərin
tələbələri ilə ilk görüşü məktəbdə kurikulum islahatına həsr edirik.
Aydın olur ki, ali məktəbdə onlara
bu istiqamətdə məlumat və
lazımi bilgilər verilmir. Əksər hallarda tədrisin metodikası yalnız sovet dönəmindən qalma
dərsliklərə söykənir. Bizcə, pedaqoji ali məktəblərimizdə
yeni, innovativ və inteqrativ yanaşmaları təqdim edən, Azərbaycan
məktəbindəki yeni tədris-təlim
şəraitinə cavab verən tədris
vəsaitlərinin yaradılması
stimullaşdırılmalı, ali və orta məktəblərin fəaliyyətinin
koordinasiyası istiqamətində iş davam etdirilməlidir.
Son iki ildə pedaqoji təcrübəyə ayrılan vaxt və saatlar əhəmiyyətli
dərəcədə artırılmışdır. Bu, çox gözəl. Lakin universitetlərimizin pedaqoji
təcrübəyə tələbə göndərdikləri
orta məktəblərdə baza kafedraları və ya
onların filiallarının təşkili prosesi
ləngiyir. Bu baxımdan Bakı şəhərinin
190 nömrəli tam orta
məktəbində Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayevin təşəbbüsü ilə
2007-ci ildə yaradılmış ali və
orta təhsilin koordinasiyası
kafedrasının təcrübəsi çox
önəmlidir. Universitetin Şuşa Rayon Təhsil
Şöbəsi, ayrı-ayrı bölgələrdə yerləşən
qaçqın məktəbləri ilə sıx əməkdaşlığı
maraqlı müştərək layihələrin
reallaşması ilə nəticələnməkdədir.
Dərslik
yaradıcılığı barədə mətbuatda geniş və hərtərəfli
danışdığımızdan qısaca olaraq
onu vurğulamaq istərdik
ki, bizim təhsil
şəraitimizdə belə limitləşdirilmiş
variativliyə ehtiyac var.
Dünya və Avropa təcrübəsi
göstərir ki, dərslik layihələrinin
qiymətləndirilməsi, satış və marketinqinin
birbaşa məktəblərin, fənn
müəllimlərinin və şagirdlərin iştirakı
ilə həyata keçirilməsi faydalıdır.
Sonda daha bir
məsələyə - yuxarı sinif
şagirdlərinin yekun attestasiyası və
davamiyyətinə diqqət yönəltməyi vacib sayırıq. Biz də elə hesab edirik ki,
tam orta təhsil pilləsində
məzunların attestasiyası ən azı dörd
fənn (ana dili, riyaziyyat, Azərbaycan tarixi
və ingilis dili)
üzrə aparılmalı, ali məktəb
tələbələrinin dərsə davamiyyətini nizamlayan təlimatın tələblərinin ən
azı X-XI sinif şagirdlərinə də şamil
olunması məktəbin işini
yüngülləşdirərdi. İndiki
şəraitdə bir yarımil ərzində
məktəbə davam etməyib, ikinci yarımil məktəbdə görünən
və biliyi qiymətləndirilən şagird sinifdən-sinfə keçirilir
və hətta yekun attestasiyaya
buraxıla bilir (yenicə təsdiq olunmuş "Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin
aparılmasına dair müvəqqəti
təlimat"a görə də belədir).
Çox istərdik ki,
yuxarıdan gələn təklif və tövsiyələrə
məktəblərimiz və məktəb işi
ilə bağlı elm sahələri, təhsil
mətbuatı zamanın ruhuna və
çağırışlarına, müstəqil ölkəmizin
inkişaf templərinə uyğun
çevik reaksiya versin. Mən
nikbin adamam, bugünkü və sabahkı fəaliyyətimizə
də nikbin yanaşıram. Və elə düşünürəm ki, məşhur "Kimyagər"
romanının qəhrəmanı kimi xəzinə
axtarışına çıxıb, sonda
onu öz
ocağımızda - Azərbaycanımızda tapmağa
qadir olmaq üçün sarsılmaz Ruh
sahibi olmağa
özümüzdə güc
tapmalıyıq. Əgər hər şey
sürətlə dəyişirsə və biz də bu dəyişmələrin
dalınca qaçmağa məhkumuqsa, deməli,
münasibət dəyişməlidir ki,
proseslərin dalınca yox, onlarla paralel addımlayasan
və bir addım da qabaqda olasan.
Telman
CƏFƏROV,
filologiya elmləri
doktoru, professor,
Bakı Slavyan
Universiteti Məktəb-Lisey Kompleksinin
direktoru
Azərbaycan müəllimi.-
2013.- 27 sentyabr.- S.8.