"Yarışlarda
qızıl medal qazananda
müəllimlərim məndən də çox
sevinirdilər"
Müsahibimiz Avropa çempionu, idman ustası Səbirə Əliyevadır
Azərbaycanda idman inkişaf etdikcə idmançılarımız da hər il beynəlxalq turnirlərdə yüzlərlə medal qazanırlar. Respublikamızda idman artıq ictimai həyatın mühüm tərkib hissəsinə çevrilmişdir. Prezident İlham Əliyevin 2012-ci ili "İdman ili" elan etməsi də idmançılarımıza göstərilən ən böyük mənəvi dəstəkdir.
Ötən illər ölkənin idman həyatında bir çox uğurlarla yadda qalmışdır. Azərbaycan mötəbər idman yarışlarının keçirildiyi məkana çevrilmiş, bir çox beynəlxalq turnirlərə ev sahibliyi etmişdir. Ölkəmizdə keçirilmiş böyük idman tədbirlərindən biri də 2012-ci ilin may ayına təsadüf etdi - Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş cüdo üzrə beynəlxalq Qran-pri turniri keçirildi.
Ötən ilin digər ən əlamətdar idman hadisələrindən biri də paytaxtımızın yeniyetmələr arasında güləş üzrə dünya çempionatına ev sahibliyi etməsi oldu. Avqustun 21-27-də keçirilmiş dünya çempionatına dünyanın 41 ölkəsindən 850-dək idmançı qatılmışdı. Turnirin nəticələri yeniyetmə pəhləvanlarımız üçün uğurlu oldu. Turnirə sərbəst güləşçilərin mübarizəsi ilə start verildi.
Dünya çempionatının növbəti günündə qadın güləşçilər xalça üstünə çıxdılar. Təmsilçimiz Səbirə Əliyeva (70 kq) dünya çempionatının qızıl medalına sahib oldu. Qadın güləşçilərimiz dünya çempionatında bir qızıl, bir gümüş və bir bürünc medal qazanaraq ümumi komanda hesabında dördüncü yeri tutdular.
Beləliklə, dünya çempionatında 9-u qızıl, 5-i gümüş, 5-i bürünc olmaqla cəmi 19 medal qazanmış yeniyetmə güləşçilərimiz ümidləri doğrultdular. Keçən il sentyabrın 22-dən oktyabrın 13-dək bütün dünyanın diqqəti yenə də Azərbaycana yönəlmişdi. Azərbaycan, Yaponiya, Koreya Xalq Demokratik Respublikası, Çin, Nigeriya, Qana, Qambiya, ABŞ, Kanada, Meksika, Braziliya, Uruqvay, Kolumbiya, Yeni Zelandiya, Fransa və Almaniya milli komandalarının qatıldığı FİFA U-17 qadınlararası dünya çempionatı ölkəmizdə keçirildi.
"FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012" ölkəmizi dünyada tanıtmaq üçün növbəti fürsət oldu.
Məlumat üçün qeyd edək ki, "DÇ-2012" FİFA bayrağı altında Azərbaycanda keçirilən ilk böyük turnir və Avropada təşkil olunan ilk U-17 qadınlararası dünya çempionatı idi. Beləliklə, U-17 qadınlararası dünya çempionatını yüksək səviyyədə keçirməklə Azərbaycan bir daha sübut etdi ki, mötəbər idman yarışlarını qəbul etməyə qadirdir.
Ötən il sentyabr ayının 21-23-də Bakıda daha bir beynəlxalq idman yarışı keçirildi. Paytaxtımız ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri" beynəlxalq turnirinin final mərhələsinə ev sahibliyi etdi.
Avropa çempionu Səbirə
Əliyevanın idman bioqrafiyasından
2012-ci ilin avqust ayının 21-27-də Bakıda yeniyetmələr arasında güləş üzrə dünya çempionatı keçirildi. 41 ölkədən 850 idmançının iştirak etdiyi dünya çempionatının dördüncü günü 40, 46, 52, 60 və 70 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizə aparırdılar. Çempionatda 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Səbirə Əliyeva ilk görüşünü Mariya Yeroşkinaya (Rusiya) qarşı keçirdi. Hər iki hissədə qalib gələn güləşçimiz 1/4 finala yüksəldi.
Bakıda yeniyetmələr arasında güləş üzrə dünya çempionatı keçirilərkən Azərbaycan idmançısı Səbirə Əliyeva 70 kq çəki dərəcəsində yarımfinalda Macarıstan güləşçisi Yeva Mariya Nemetə qalib gələrək finala çıxdı, finalda İsveç güləşçisi Moa Lena Maria Nigreni məğlub edərək dünya çempionu oldu.
Səbirə Əliyeva 1/8 finalda macar idmançısı Zsanet Nemethdən (8:1) üstün olub. 1/4 finalda güləşçimiz serbiyalı Una Svetlana Tubanı da tam üstünlüklə (7:0) məğlub edib. Yarımfinalda o, yapon Rino Abe ilə gərgin keçən qarşılaşmada məğlub olub. Güləşçimiz bürünc medal uğrunda görüşdə Ukrayna təmsilçisi Veronika Pavlyuk üzərində təmiz qələbə (5:0) qazanıb.
2013-cü il iyul ayının 5-də Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı keçirildi. 72 kiloqram çəki dərəcəsində 1/4 finaldan mübarizəyə qoşulmuş gənc güləşçimiz Səbirə Əliyeva Ukrayna təmsilçisi Lyudmila Tiçinanı (9:1) məğlub edərək yarımfinala vəsiqə qazandı. Polşa güləşçisi Anna Urbanoviçlə görüşən təmsilçimiz rəqibi üzərində tam üstünlüklə qələbə qazanaraq finala yüksəldi. Cəmi bir dəqiqə səkkiz saniyə davam edən həlledici final görüşündə rəqibi - macar güləşçisi Zsanet Nemeth üzərində tam üstünlüklə (5:0) qələbə qazanan Səbirə Əliyeva Avropa çempionu oldu və qızıl medal qazandı.
Yarışları 2 qızıl medalla tamamlayan gənc qızlarımız ümumilikdə komanda hesabında 4-cü pillədə qərarlaşmışlar. Azərbaycanın gənc qızlardan ibarət komandası Avropa çempionatında 2 qızıl medal qazanan yeganə komandadır. Digər komandaların hər birinin aktivində isə cəmi 1 qızıl medalı var. Azərbaycan güləşçisi Səbirə Əliyeva dünya çempionatının 1/4 final mərhələsinə yüksəldi.
- Səbirə
xanım, uşaqlığınıza qısa səyahət
edək...
- Xəzərin
sahilində, Buzovna qəsəbəsində
böyümüşəm. Sentyabrın 25-də 18 yaşım tamam oldu. Atam Əliyev Allahverdinin nəsli-kökü
buzovnalıdır. Anam isə milliyyətcə
rusdur.
Buzovnadakı 125 nömrəli orta məktəbin
məzunlarındanam. Həlledici yarışlara
hazırlaşdığımdan məşqlərdən imkan
tapıb ali məktəbə sənəd
verə bilmədim. Arzum İdman Akademiyasında
təhsil almaqdır. İnşallah,
inanıram ki, gələn tədris ilində imtahanlara
hazırlaşıb tələbə adını
qazanacağam.
Ailədə altı uşaq - üç
bacı, üç qardaş idik. Məndən
böyük iki bacım var. İranə Memarlıq və İnşaat
Kollecinin məzunudur, Gülanə isə Bakı Dövlət
Universitetində təhsil alır. Qardaşımın
birini - Daşqını xəstəlik 17 yaşında bizdən
ayırdı. Dadaşla İsa isə məndən
kiçikdirlər.
- İdmana özünüz üz tutdunuz,
yoxsa?
- İdmana gəlişim həm öz istəyimlə,
həm də atama görə oldu. Atam
çox arzulayırdı ki, mən idmançı olum. Əvvəllər maraq xatirinə məşğul
olurdum. 2010-cu
ildən isə həyatımı həmişəlik idmana
bağlamağı qət etdim və peşəkar idmana
üz tutdum. O vaxt doqquzuncu sinfə yenicə
keçmişdim. Başladım sərbəst
güləşlə məşğul olmağa. İdman taleyim uğurla başladı. Elə həmin
il, yəni 2010-cu ildə yeniyetmələr
arasında keçirilən çempionatda qalib oldum. Mən onda Uşaq-Gənclər İdman Məktəbini
təmsil edirdim. Bu ildən sərbəst
güləş üzrə qadınlararası milli
yığma komandamızda məşq edirəm. 2012-ci il
avqustun 24-də mən yeniyetmələr arasında Bakıda
keçirilən dünya çempionatının qalibi oldum. Həmin çempionatda birinci yeri tutub diplom və
medal qazandım.
2013-cü il iyulun 5-də
Makedoniyanın Skopye şəhərində gənclər
arasında keçirilən Avropa çempionatında qalib
oldum və qızıl medal qazandım. Bu
yaxınlarda 13-18 avqust tarixlərində isə
Bolqarıstanın Sofiya şəhərində keçirilən
çempionatda isə bürünc medalın sahibi oldum.
- Beynəlxalq yarışlarda ədalətsizliklə
qarşılaşdığınız hallar olurmu?
- Bəzən olur. Ancaq
texniki baxımdan yanaşdıqda öz səhvlərim də
olur. Əvvəlcədən rəqibimə
düzgun yanaşmalıyam.
- İdmançıların həyatında
məşqçilərin yeri?
- Şəxsi məşqçim olimpiya dərəcəli
hakim, "Qızıl
fit" sahibi, "Şöhrət" ordenli Hicran Şərifovdur.
O, iki ildir ki, mənimlə məşğul olur. Yığma komandada isə baş məşqçimiz
Həsrət Məmmədyarov və məşqçimiz Arif
Fərmanovdur. Məşqçilər bizə
çox şey öyrədirlər. Onlar güləşməyin,
döyüşməyin fəndlərini öyrətməklə
yanaşı, həm də mənəvi-psixoloji cəhətdən
də bizi qələbəyə hazırlayırlar. Başa salırlar ki, özümüzü necə
aparmalıyıq, insanlarla necə davranmalıyıq. Təbii ki, yarışlar zamanı daha çox məşqçilərimin
tövsiyələri qulağımda səslənir.
- İdmandan başqa daha hansı məşğuliyyətiniz
var?
- İdmandan başqa heç nəyə
vaxt sərf etmirəm. Ancaq idman karyeram barədə
düşünürəm. İstəyirəm
həyatda böyük nailiyyətlərim olsun,
arzularımın hamısını həyata keçirim, sonra
ailə həyatı barədə düşünərəm.
Sözsüz ki, insan həyatında ailənin də
rolu çox önəmlidir.
Ailədə ən çox söhbətim
anamla tutur, amma peşəmlə bağlı hər
sözümü, hər fikrimi atamla bölüşürəm.
Anam əslən Leninqraddandır. İyirmi
üç il əvvəl Bakıya istirahətə
gəliblərmiş. Bir təsadüf nəticəsində
atamla rastlaşıblar... anam o qalan qalıb Bakıda. Buranı özünə Vətən seçib.
Anam bizim hamımızın Azərbaycan
bölməsində oxumağımızı istədi ki,
özü də bizim vasitəmizlə qüsursuz
danışmağı öyrənsin. İndi sərbəst danışır. Anamın ən böyük arzusu məni həkim
peşəsində görmək idi. Amma mən atamın
sözünü yerə sala bilməzdim axı... İndi qələbələrim artdıqca ailəm
də, anam da, hətta qohum-qonşularım da sevinir.
- Orta məktəbin son zəngindən çox
keçməyib...
- Məktəbdən ən çox yadımda qalan odur
ki, 11-ci sinifdə oxuyanda hərdən dərslərə
gecikirdim. Özüm yaşayırdım
Buzovnada, məşqə gedirdim şəhərə, sonra yenə
qayıdırdım Buzovnadakı məktəbə. Hər gecikəndə müəllimlərim məni
danlayırdılar. Ancaq mən
yarışlarda qızıl medal qazananda müəllimlərim
məndən də çox sevinirdilər. İndi idmana
o qədər bağlıyam ki, bir gün məşq etməyəndə
düşünürəm ki, nə isə itirdim. Sanki idmanla nəfəs alıram.
- Yarışda qalib gəlməyin ən vacib şərti...
- Ən vacib şərt odur ki, iradəli olmaq
lazımdır. Qələbəyə aparan yolda tədbirli olmaq, tələsməmək
tələb olunur. Rejimə, qidalanmaya ciddi fikir vermək
lazımdır. Özünü cəmiyyət
içində necə aparmaq, davranış qaydalarına əməl
etmək də idmançı üçün vacib şərtlərdəndir.
- Özünüzü necə xarakterizə edərdiniz?
- Təbiətən çox sadəyəm. Daş-qaşa, bər-bəzəyə meyilli deyiləm.
İdmançının onsuz da vaxt qıtlığı
hər zaman var. Düşünürəm ki, kənar nəyəsə
sərf etdiyim vaxtımı məşqə həsr edərəm.
Məktəb illərimdə hətta sinif
yoldaşlarımın ad günlərinə və yaxud hər
hansı bir məşqdən kənar tədbirlərə də
vaxt ayırıb getməmişəm.
- Orta məktəbdə tədris edilən fənlərdən
sevdiyiniz hansı idi?
- Hər zaman ədəbiyyatı, klassiklərimizi
sevmişəm. Uşaq vaxtlarımdan şeir
oxumağın, qəzəl əzbərləməyin həvəskarıyam.
Hərdən öz-özümə
düşünürəm ki, idmançı olmasaydım, yəqin
ki, şair olardım. Hətta bir-iki dəfə
şeir yazmağa cəhd də etmişəm.
Anam rus olduğundan təbii ki, rusca da
bilirəm. Rus yazıçıları barədə
məlumatlıyam. Amma Azəri qızı
olduğuma görə, məni Azərbaycan ədəbiyyatı,
Azərbaycan mədəniyyəti, Azərbaycan musiqisi həmişə
daha çox çəkir özünə. Öz xalqıma, öz vətənimə daha
çox bağlıyam. Nizami Gəncəvinin, Mirzə
Ələkbər Sabirin əsərlərini dönə-dönə
oxuyuram.
- İdealınız kimdir?
- Deyirlər həyatda ideal insan yoxdur. Amma mən bu fikirlə
razı deyiləm. Mənim ailəm mənim
idealımdır. İdman isə mənim
yaşam tərzimdir. İdmanı
seçməkdə heç də peşman deyiləm.
Peşəkar idmançılardan Avropa çempionu Sona Əhmədli
həm insani, həm də idmançı keyfiyyətləri
ilə çox fərqli bir xanımdır. O, artıq
idmanı tərk etsə də, onu özümə örnək
sayıram.
- Qarşıda sizi nələr gözləyir?
- Qarşıda həlledici yarışları gözləyirəm.
Gənc idmançı sayılsam da, böyüklərlə məşq etdiyim
üçün özümü daha məsuliyyətli hiss
edirəm. Bu ilin noyabr ayında Bakıda
ümummilli liderimiz Heydər Əliyevin 90 illiyinə həsr
edilmiş turnir keçiriləcək. Mən
də özümü o mötəbər yarışda
sınamaq və qələbə qazanmaq istəyirəm.
Dünya çempionatından sonra hələ
ki, özümə bir qədər istirahət vermişəm.
Çünki idmançı nə qədər ehtiyatlı
olsa da, zədələr idmançının bir növ yol
yoldaşıdır. Zədələr
qaçılmazdır. İdmançıların
əksəriyyəti bel ağrılarından əziyyət
çəkirlər. Bu, bir növ peşə
xəstəliyi kimi bir şeydir. Məşq zamanı idmançı nə
geyindiyinə fikir verməlidir, xüsusən qadın
idmançılar heç bir əlavə aksessuar
daşımamalı, ehtiyatlı olmalıdırlar ki, əsl
döyüşdə səhvə yol verməsinlər.
- Arzularınız?
- Gələcək arzum 2015-ci ildə Bakıda
keçiriləcək Avropa Olimpiya Oyunlarına qatılmaq,
orada vətənimizi layiqincə təmsil etməkdir.
- Ailənizdə idmançı varmı?
- Atamın qohumlarından - əmisi karate ilə, əmisinin
oğlanları isə idmanın müxtəlif növləri
ilə məşğul olublar. Ancaq peşəkar
yox, həvəskar səviyyədə.
- Bu adı sizə kim verib?
- Atam. Səbirə onun anasının
adı olub. Dünyasını erkən dəyişib.
Atam da öz anasının adını mənə verib. Bəlkə də
atamın mənə bu qədər bağlanmağının
bir səbəbi də anasının adını
daşımağımdır.
- Güləşçi olduğunuza görə sizi
qınayan çox olub, yoxsa təqdir edən?
- Düzünü desəm, qınayan daha çox idi.
Onu da deyim ki, qələbələrim artdıqca, əvvəllər
məni qınayanların əksəriyyətindən: "Səbirə,
biz səninlə fəxr edirik" sözlərini də çox
eşitdim. Qələbə
hissi o qədər qürurverici bir hissdir ki, onu dadmayan, o hissi
yaşamayan kimsə qələbə barədə
danışa bilməz. Mən niyə
güləşirəm? Qələbə
qazanmaq üçün. Qələbə
qazanmaq istəyirəm ki, ölkəmi beynəlxalq aləmdə
tanıdım.
Bu il iyunun 4-də mənə, hələ 18 yaşı
tamam olmayan bir qıza
"İdman ustası" adını verdilər.
Bu, mənim üçün çox şərəfli
bir addır.
Bu gün bizim torpaqlarımızın 20
faizindən çoxu düşmən tapdağı
altındadır. Mən arzu edirəm ki, rəqiblərimizi döşək
üzərində təmiz qələbə ilə məğlub
etdiyimiz kimi, düşmən
üzərində də eləcə təmiz qələbə çalaq. Respublikamızın indiki durumunda hər kəs vətənin
azadlığı barədə gücü çatan işi
görməlidir. Hətta mən hərbi
xidmətə yollanmaq arzusunu da yaşadıram ürəyimdə.
Mən idmanı da sırf hamıya sübut etmək üçün
seçdim ki, görsünlər ki, Azərbaycan pəhləvanı
aslan kimidir. Güləşmək özü də
vuruşmaq deməkdir. Tanımadığım
rəqibi məğlub edirəmsə, düşməni də
məğlub edə bilərəm. Mən
qadınlar arasında ən ağır çəkidə - 72
kiloqram çəki dərəcəsində güləşirəm.
- Bugünkü gəncliyə nə sözünüz
var?
- Mən gənclərimizə tövsiyə edərdim
ki, asudə vaxtları varsa, onu idmana sərf etsinlər. İdman sağlamlığın rəhnidir.
Bu yaxınlarda güləşi olimpiya oyunlarından
çıxartmaq istəyirdilər. Yaxşı ki,
çıxartmadılar.
Beynəlxalq
yarışlarda qələbə qazanan idmançıların
şərəfinə Dövlət bayrağı
qaldırılır. Təkcə bu detal idmanın necə
böyük önəm daşıdığını
bir daha isbata yetirir.
Hazırladı: Ellada UMUDLU
Azərbaycan müəllimi.- 2013.- 27 sentyabr.- S.11.