Adı "Qızıl kitab"a
yazılan istedad sahibi
Yasin Etibar oğlu Həsənov 2000-ci ilin iyununda Bakı şəhərində dünyaya göz açıb.
2006-cı ildə Heydər
Əliyev adına
liseyə yüksək bal toplayaraq qəbul olub. VI sinfə kimi bu liseydə oxuyub. Hazırda Bakıdakı 6 nömrəli tam orta məktəb-liseyin VII sinif şagirdidir. O, 2007-ci ildən
Tofiq Quliyev adına 12 nömrəli 11 illik musiqi məktəbinin vokal şöbəsinin V sinfində oxuyur.
Vaxtı ilə istedadlı uşaqların
təmsil olunduğu "Bəri bax" qrupunun solisti olan Yasin
hazırda Azərbaycan
Respublikasının xalq
artisti Rauf Babayevin və gənc vokalçı Ramil Qasımovun şagirdidir. Yasin özünün bəstələdiyi bir çox mahnılarla yanaşı,
görkəmli bəstəkarlar Tofiq Quliyev, Eldar Mansurov, Faiq Sücəddinovun və başqalarının mahnılarına
dönə-dönə müraciət edir. "Vətənim", "Dostuma
məktub", "Ana", "Bakım", "Azərbaycanım",
"Mənim dünyam",
"Sülh mesajı", "Bakı", "Dostlar"
və s. adlı mahnılardır.
Yasinin 20 mahnıdan ibarət olan 2 albomu və "Vətənim" adlı
klipi işıq üzü görüb.
Musiqi sahəsində bir çox uğurlara imza atan Y.Həsənov
2007-ci ildə Xətai
Rayon Gənclər və
İdman İdarəsi
tərəfindən peşəkar
mahnı ifaçılığına, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən ümummilli lider Heydər
Əliyevin doğum gününə həsr olunmuş tədbirdə uğurlu çıxışına görə diplomlarla təltif olunub. Bundan başqa, Təhsil Nazirliyi tərəfindən
keçirilən yarışda da I yeri tutduğuna
görə diplom alıb.
2010-cu ildə "V&V" kompaniyası tərəfindən
Heydər Əliyev adına sarayda keçirilən möhtəşəm konsertdə ilin ən gənc
ifaçısı kimi "Qran-pri"yə layiq görülüb.
Elə həmin ildə Rəşid Behbudov adına
musiqi teatrında keçirilən "Zirvədəkilər"
müsabiqəsində diploma layiq görülüb.
2011-ci ildə Heydər Əliyev adına sarayda keçirilən konsertdə canlı korifey Robertino
Loretti ilə duet şəklində "Camayka"
mahnısını ifa edib. Yasinin ifasına heyran
qalan Robertino Loretti onu öpüb bağrına
basmışdır.
Həmin ildə Belarusun Mozır şəhərində beynəlxalq
vokal müsabiqəsində 25 ölkədən olan 500-600 nəfər iştirakçı arasında "Qran-pri" mükafatına layiq görülüb və Azərbaycan bayrağını ucaldıb. Bu müsabiqədə
sözləri Nəbi Xəzrinin, musiqisi isə Müslüm Maqomayevin
olan "Azərbaycan"
mahnısı böyük alqışlarla
qarşılanıb.
2011-ci ilin 24-29 noyabr tarixlərində Almaniyanın
paytaxtı Berlin şəhərində
keçirilmiş ənənəvi
"Berliner Perle - 2011" adlı
beynəlxalq musiqi müsabiqəsində iştirak edən Yasin I yerə və xüsusi mükafata layiq görülüb.
2012-ci ilin 20-23 may tarixlərində
Dağıstan Respublikasının
Mahaçqala şəhərində
keçirilmiş "Bu mahnı sənin və mənim" adlı I Beynəlxalq festivalda I yerə və tərifnaməyə layiq
görülüb.
Yasin Həsənov Ukraynanın Krım şəhərində "Artek"də
keçirilən 4 mərhələdən
ibarət olan
"Novaya volna" Junor
adlı V Beynəlxalq
Uşaq müsabiqəsinin təşkilat komitəsi tərəfindən
və münsiflər heyətinin rəyi ilə 700 iştirakçı arasında finala vəsiqə
qazanıb.
Yasin həmçinin Azərbaycan Uşaqlarının
II Ümumrespublika Forumunun nümayəndəsidir.
O arzu edir ki,
uşaq "Eurovision"unda iştirak edərək
Azərbaycanı layiqincə təmsil edib Vətənimizə
birinciliyi gətirsin.
Möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamına əsasən
Yasin Etibar oğlu Həsənovun adı Azərbaycanın gənc istedadlarının
"Qızıl kitab"ına
yazılaraq
Prezident təqaüdünə layiq görülüb.
Bu diqqət və qayğıya görə Yasin möhtərəm Prezidentimiz İlham Əliyevə və Milli Məclisin
deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, ölkəmizin birinci xanımı
Mehriban Əliyevaya dərin minnətdarlığını
bildirir.
Yasin gələcəkdə
Bülbül, Müslüm Maqomayev və Rəşid Behbudov kimi ölməz sənətkarlarımızın
davamçısı olmaq istəyir
və çalışır ki, bu
yolda öz sözünü deyə bilsin.
Bəli, adı "Qızıl kitab"a yazılan nəğmə
dolu bir ürək sahibi Yasinin
qəlbimizə fəxarət
gətirən fikirləri
ilə tanış olduqda Vətən torpağının belə
övladlar yetirməsindən qürur duyursan.
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2013.- 11
yanvar.- S.8.