Məktəbdaxili
qiymətləndirmə ilə
bağlı seminar-müşavirə
Dekabrın 28-də Təhsil Nazirliyində
məktəbdaxili qiymətləndirmə ilə bağlı
seminar-müşavirə keçirildi. Tədbirdə Təhsil
Nazirliyinin məsul əməkdaşları, şöbələrinin,
müvafiq struktur bölmələrinin rəhbərləri,
paytaxtın ümumi təhsil müəssisələrinin
direktorları, dərslik müəllifləri və digər
şəxslər iştirak edirdi.
Təhsil naziri Misir Mərdanov tədbiri
açaraq
iştirakçıları salamladı. Bugünkü
müşavirənin çox aktual bir məsələyə həsr
olunduğunu bildirən nazir məktəbdaxili qiymətləndirmə
ilə bağlı son dövrlərdə nazirlikdə bir
neçə tədbirin keçirildiyini və bu məsələnin
geniş müzakirə olunduğunu xatırlatdı. Sonra Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə
Hacıyeva təqdimatla çıxış etdi.
Təqdimatda öncə məlumat verildi
ki, 12 oktyabr 2012-ci il tarixində Təhsil Nazirliyində
"Məktəbdaxili qiymətləndirmə: problemlər və
qarşıda duran vəzifələr" mövzusunda keçirilən
müşavirənin nəticəsi
olaraq işçi qrup tərəfindən "Ümumtəhsil məktəblərində qiymətləndirmənin aparılması barədə Təlimat" hazırlanıb. Təlimatın ümumi müddəaları
diqqətə çatdırılaraq qeyd olundu ki, məktəbdaxili
qiymətləndirmə diaqnostik
(ilkin səviyyənin qiymətləndirilməsi), formativ (fəaliyyətin
qiymətləndirilməsi), summativ (kiçik, böyük və
yekun) qiymətləndirmələrdən
ibarətdir. Sonra hər bir qiymətləndirmənin
aparılmasının məqsədlərindən bəhs
olundu. Vurğulandı ki, diaqnostik, formativ və summativ qiymətləndirmələr
sistemli şəkildə yeni fənn
kurikulumları tətbiq olunan siniflərdə həyata
keçirilir.
Formativ qiymətləndirmənin təhsilin yeni məzmunundakı rolu
haqqında danışan məruzəçi bu
qiymətləndirməni həyata keçirən müəllimlərin nələri
bilməli və riayət etməli olduğunu diqqətə
çatdırdı. Hər dərsdə müəllim təlim
prosesini şagirdlərin məzmun standartlarının tələblərinə
uyğun bilik və bacarıqlara yiyələnməsinə
yönəltməlidir; fənn üzrə hər bir dərs müəyyən məzmun
standartlarının reallaşdırılmasına xidmət
edir; şagirdlər fəaliyyətlərində potensial
imkanları daxilində həmin bacarıqlara yiyələnmənin
müxtəlif səviyyələrini nümayiş etdirə
bilərlər.
Müəllim əvvəlcədən
hazırladığı qiymətləndirmə meyarları əsasında
şagirdlərin müşahidə oluna biləcək fəaliyyət
səviyyəsini zəif, orta, yüksək olmaqla
qruplaşdırmalı və şagirdin adının
qarşısında fəaliyyətinə uyğun müvafiq
qeydlərini yazmalıdır. Formativ qiymətləndirmədə
müəllim əvvəlcədən
proqnozlaşdırmadığı
və dərs prosesində müşahidə etdiyi fəaliyyətləri də
uyğun ifadələrlə təsvir edə bilər.
T.Hacıyeva sonra bunu dərs nümunələri
ilə izah edərək bildirdi
ki, müəllimin fəaliyyəti yalnız dərs deməklə
bitməməlidir. Müəllim dərsə dərslik
komplektinə daxil olan dərslik və müəllim
üçün metodik vəsait əsasında
hazırlaşmalıdır. Əks
halda dərsin məqsədini tam bilmədiyinə görə
təlim keyfiyyətli olmayacaq.
Daha sonra təqdimatda təlim prosesində formativ qiymətləndirmənin tətbiqi
ilə bağlı
qarşıya çıxan problemlər və bu problemlərin həlli
üçün görülməsi nəzərdə tutulan
işlər tədbir iştirakçılarının nəzərinə
çatdırıldı. Qeyd edildi ki, məktəbdaxili qiymətləndirmənin
icra mexanizmi Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi, təhsili yerli
idarəetmə orqanları tərəfindən nəzarətdə
saxlanılmalıdır. Məktəbdaxili qiymətləndirmənin
düzgün icrası məqsədi ilə bölgələrdə
müşavirələr keçirilməlidir. Artıq formativ
qiymətləndirmənin mümkün qədər sadə
şəkildə icra mexanizmi hazırlanıb. Təlim
keçən təşkilatlar və təlimçilər, dərslik
hazırlayan nəşriyyatlar və müəlliflər bu
icra mexanizmi ilə yaxından
tanış olmalıdırlar. Dərsliklərin Qiymətləndirilməsi
Şurasında "Müəllimlər
üçün metodik vəsaitlər"in qiymətləndirilməsi
meyarlarında zəruri dəyişikliklər edilməlidir. Dərslik
yazan nəşriyyat və müəlliflərə məktəbdaxili
qiymətləndirmənin icra mexanizminə dair tövsiyə və
nümunələrin "Müəllimlər
üçün metodik vəsaitlər"də vahid prinsiplər
əsasında yazılması barədə göstəriş
məktubu göndərilməlidir. Dərsliklərin Qiymətləndirilməsi
Şurasının ekspertləri sırasına məktəbdaxili
qiymətləndirmə üzrə mütəxəssis əlavə
edilməlidir.
Məruzəçi daha sonra məktəbdaxili qiymətləndirmənin
icrası məqsədilə keçiriləcək
müşavirələrin fəaliyyət planından söz açdı və
müşavirə üçün nəzərdə
tutulmuş təqdimat materialını diqqətə çatdırdı.
Növbəti slaydlarda 12 oktyabr 2012-ci il
tarixində Təhsil Nazirliyində
keçirilmiş müşavirənin qərarına uyğun
olaraq görülmüş işlərdən bəhs olundu.
Təqdimat başa çatdıqdan sonra
mövzu ətrafında geniş müzakirələr
aparıldı. Təhsil Problemləri İnstitutu Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov, Bakı
Avropa Liseyinin direktoru Zülfiyyə Veysova, Təhsil Nazirliyinin Kənd rayonları üzrə
ümumi təhsil şöbəsinin
müdiri Aydın Əhmədov, Strateji təhlil,
planlaşdırma və kadrların idarəolunması
şöbəsinin müdiri Fərzəli Qədirov, Dərsliklərin
Qiymətləndirilməsi Şurasının sədri Elmina Kazımzadə, qiymətləndirmə
ilə bağlı milli məsləhətçi Nəzakət Mehdiyeva və
başqaları suallarını, rəy və təkliflərini
səsləndirdilər.
Hicran ƏKBƏROVA
Azərbaycan
müəllimi.- 2013.- 11 yanvar.- S.2.