Təhsil naziri Azərbaycan Milli
Valideyn-Müəllim Assosiasiyasının İdarə Heyətinin üzvləri
ilə görüşüb
Xəbər
verdiyimiz kimi, bu günlərdə təhsil naziri Misir Mərdanov
Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının
(AMVMA) İdarə Heyətinin üzvləri ilə görüşüb.
Təhsil Nazirliyində keçirilən görüşdə
AMVMA-nın illik hesabatı dinlənilib, müvafiq istiqamətdə
görülmüş işlər və qarşıda duran məsələlərlə
bağlı fikir mübadiləsi aparılıb. Tədbirdə
Təhsil Nazirliyinin şöbə müdirləri, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin
müdiri Nailə Rzaquliyeva, Azərbaycan Milli Valideyn-Müəllim
Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Təranə
Şərifova, assosiasiyanın İdarə Heyətinin
üzvləri iştirak ediblər.
Görüşü təhsil naziri Misir
Mərdanov açaraq Azərbaycan Milli Valideyn-Müəllim
Assosiasiyasının fəaliyyətindən və bu təşkilatın
valideyn-məktəb əlaqələrinin inkişafı
istiqamətində gördüyü işlərdən
danışıb. VMA-nın zamanın tələbi
olduğunu vurğulayan nazir bildirib ki, bu qurumun məqsədi
uşağın təlim-tərbiyə prosesində maraqlı
olan bütün tərəfləri bir araya gətirərək
onların səylərini təhsilin keyfiyyətinin
artırılmasına, təhsil sisteminin təkmilləşdirilməsinə
və məktəblərin
inkişafına yönəltməkdir.
AMVMA-nın son illər təhsilin
inkişafı və valideyn-müəllim münasibətlərinin
səmərəli təşkili baxımından
gördüyü işlərə toxunan Misir Mərdanov əsas
məqsədi valideynlərlə müəllimlərin
faydalı ünsiyyət mühitinin yaradılmasından ibarət
olan bu təşkilatın həyata keçirdiyi tədbirləri
müsbət qiymətləndirib. Nazir bildirib ki, Azərbaycanda
vətəndaş cəmiyyətinin qurulmasında, təhsilin
keyfiyyətinin artırılmasında, müəllim və məktəbin
nüfuzunun yüksəldilməsində tədris
ocaqlarında fəaliyyət göstərən Valideyn-Müəllim
Assosiasiyalarının (VMA) üzərinə mühüm vəzifələr
düşür.
Orta məktəblərdə yaradılan
VMA-ların uğurlu fəaliyyətindən söz açan təhsil
naziri bu sahədə nailiyyətlərin qazanılmasında Azərbaycan
Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı
direktoru Təranə Şərifovanın əməyini
yüksək qiymətləndirib. Son illər ərzində Azərbaycanda
təhsilin inkişafına dəstək olan təşkilatlar
içərisində AMVMA-nın xüsusi yer tutduğunu
söyləyən Misir Mərdanov təhsil ocaqları üzrə
Valideyn-Müəllim Assosiasiyalarının sayının
getdikcə artmasını və onların işinin günbəgün
yaxşılaşmasını təqdirəlayiq hal kimi dəyərləndirib.
Sonra Azərbaycan Milli-Valideyn Müəllim
Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Təranə
Şərifova rəhbərlik
etdiyi təşkilatın fəaliyyəti barədə hesabat
məruzəsi ilə çıxış edib. Öncə
keçirilən növbəti görüş və
AMVMA-nın fəaliyyətinə göstərilən dəstək
üçün təhsil naziri Misir Mərdanova təşəkkür
edən T.Şərifova valideynlər arasında maarifləndirmə
işinin aparılmasının zəruriliyinə toxunub. Deyib
ki, valideynlərin məktəblə əlaqəsinin zəif
olması təlim-tərbiyə prosesinə mənfi təsir
göstərən əsas amillərdən biridir. O, son illər AMVMA üzvlərinin
sayının artdığını nəzərə
çatdıraraq rəhbəri olduğu qurumun həyata
keçirdiyi layihələr və təşkil etdiyi tədbirlər
barədə məlumat verib.
T.Şərifova qeyd edib ki, ötən
il ərzində Azərbaycan Respublikası Ədliyyə
Nazirliyi tərəfindən məktəblərdə
yaranan VMA-lar filial kimi qeydiyyatdan keçmişlər,
reqionlarda - Qazax, Şəmkir, Ağdaş Göyçay, Beyləqan,
İsmayıllı, Şamaxı, Ağdam, Mingəçevir
və başqa rayon və şəhərlərdə
VMA-ların yeni təşəbbüs qrupları yaradılıb.
Rəhbərlik etdiyi təşkilatın
tarixinə qısa ekskurs edən T.Şərifova bildirib ki, Azərbaycan
Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyi Azərbaycan
Respublikası Təhsil Nazirliyi və YUNİSEF-in Azərbaycan
üzrə nümayəndəliyinin təşəbbüsü
ilə proqram strukturu olaraq 2003-cü ildə
yaradılmış, ilk milli Konfransında təsis edilərək
bir neçə pilot məktəbində fəaliyyətə
başlamışdır.
Valideynlərin məktəbə cəlb
olunması, şagird-valideyn-müəllim əməkdaşlığının
təşkili nəticəsində təhsilin keyfiyyətinin
yüksəldilməsi və uşaqlar üçün
yararlı təhsil mühitinin formalaşdırılması
missiyasını daşıyan, ABŞ-ın müvafiq sahədə
təcrübəsi modelinə əsaslanan VMA ölkəmiz
üçün əhəmiyyətli unikal platformadır.
Birliyin ali
orqanı ümumi yığıncaq, cari rəhbər icra
orqanı icraçı direktor, müavinlər və digər şəxslərdən ibarət
olan İdarə Heyəti, nəzarət orqanı isə Nəzarət-Təftiş
Komissiyasıdır.
Qısa müddət ərzində
birliyin fəaliyyət dairəsinin genişləndiyini diqqətə
çatdıran icraçı direktor təşkilatın
öncə pilot məktəblərdə, daha sonra şəhər
və rayonlarda ilk təşəbbüs
qruplarını formalaşdırdığını, valideyn
və müəllimlərlə maarifləndirməni təşkil
etdiyini söyləyib. Bildirib ki, Təhsil Nazirliyinin və
YUNİSEF-in yaxından dəstəyi ilə fəaliyyət
göstərən ictimai birlik hər iki qurumun müvafiq
istiqamətdəki Fəaliyyət Planına uyğun olaraq
öz işini təşkil etmiş, fəaliyyətin səmərəliliyi
və dövlət orqanı ilə əməkdaşlıq
üçün ictimai birliklə nazirlik arasında Əməkdaşlıq
Memorandumu imzalanmışdır.
Qeyd olunub ki, filiallar öz fəaliyyətlərini birliyin
Nizamnaməsi, filialın Ədliyyə
Nazirliyi tərəfindən təsdiq olunmuş vahid
formalı Əsasnaməsi əsasında
təşkil edirlər.
Filialın yaradılması AMVMA
İctimai Birliyinin İdarə Heyəti tərəfindən qərara
alındıqdan sonra sənədlər müvafiq müraciətlə Dövlət Reyestrinə
salınmaq üçün Ədliyyə Nazirliyinə təqdim edilir və filialların
Dövlət Reyestrinə salınması haqqında müvafiq təsdiqedici məktub
birliyə daxil olduqdan və filial prezidentinin təyin
olunması haqqında icraçı direktorun əmrindən
sonra filial fəaliyyətə başlamaq üçün mərkəzin
razılığı ilə hüquqi prosedurlar həyata
keçirir.
Azərbaycanda 2000-ə yaxın məktəbdə
VMA və təşəbbüs qruplarının
yaradıldığını deyən T.Şərifova
onların valideynləri təlim-tərbiyəyə
fəal cəlb etdiyini, onlar üçün bir sıra istiqamətlər
üzrə, həmçinin kurikulumla əlaqədar maarifləndirmə
işləri apardıqlarını, məktəbin məzunları
ilə sıx əlaqələr qurduqlarını nəzərə
çatdırıb. Bildirib ki, nəinki paytaxt və rayon mərkəzləri,
eləcə də kənd məktəblərində
VMA-nın fəaliyyətinin müsbət təzahürləri
razılıqla qarşılanır, məktəb-valideyn əlaqələrinin
inkişafı istiqamətində valideynlərin təşəbbüskarlığı
müşahidə olunur.
Bununla yanaşı, icraçı
direktor Bakının mərkəzi məktəblərinin bir
çoxunda hələ də VMA-ların
yaradılmamasını təəssüfedici hal hesab edib.
Qeyd edilib ki, birliyin Koordinasiya Şurasının
toplantılarında məktəblə ailə arasında müqavilə
işlənilib hazırlanıb. Bu müqavilənin təşəbbüskarları
elə valideynlər özləri olublar, çünki bu, hər
iki tərəf üçün faydalı sənəd ola bilər,
hər iki tərəfin məsuliyyətini artıra bilər.
Sənəddə həm ailənin, həm də məktəbin
vəzifə və səlahiyyətləri əks olunub.
Azərbaycan Respublikası Təhsil
Nazirliyi və YUNİSEF-in
"Məktəb uşağın dostudur" birgə
layihəsini AMVMA İB-nin bir neçə ildir ki, həyata
keçirdiyinə diqqəti yönəldən T.Şərifova
2012-ci ildə layihə çərçivəsində
ümumtəhsil məktəblərinin keyfiyyət
standartları üzrə 300 məktəbin monitorinq və qiymətləndirilməsinin
aparıldığını və görülən işin
ekspertizasının nəticələrinin
hazırlandığını söyləyib. Bildirib ki, həmçinin
layihə çərçivəsində həmin 300 məktəbdə
sağlamlığın vəziyyəti öyrənilir, onlara
sabun qabları və maye sabunlar paylanılır, bu da məktəbdə
keyfiyyətli təhsilə təsir göstərən
sağlam, uşaq və müəllimlər üçün
yararlı mühitin yaranması, onların hüquqlarının
qorunması deməkdir.
T.Şərifova diqqətə
çatdırıb ki, kurikulum islahatının tətbiqi ilə əlaqədar Azərbaycan
Milli Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin
İdarə Heyətinin üzvləri son iki il müddətində respublikada
müəllimlər üçün keçirilən təlimlərin
monitorinqini aparmışdır. Təşkilatın keçirdiyi monitorinq nəticəsində
müəyyən edilib ki, 2012-ci ilin yayında aparılan təlimlər
standartlara uyğun, mütəşəkkil
formada keçirilib və bununla əlaqədar Azərbaycan
Respublikası Təhsil Nazirliyi və YUNİSEF-ə hesabat təqdim
olunub.
Daha sonra icraçı direktor
AMVMA-nın fəaliyyətinin səmərəliliyinin
artırılması üzrə mexanizmin hazırlanması və
orta məktəblərdə bu baxımdan həyata
keçirilən tədbirlərə diqqət çəkib.
Təhsil islahatlarının müəllimlərin və
valideynlərin üzərinə qoyduğu ümdə vəzifələrin
düzgün təbliğində VMA-nın
qarşısında duran məsələlərin əhəmiyyətindən
bəhs edən T.Şərifova nümunəvi VMA-ların təcrübəsinin
yayılmasının zəruriliyinə toxunub.
T.Şərifova
çıxışının sonunda belə
görüşlərin faydalı olduğunu, valideynləri və
ictimaiyyət nümayəndələrini narahat edən məsələlərə,
onların rəy və təkliflərinə Təhsil Nazirliyi
tərəfindən diqqətlə və operativ
yanaşıldığını vurğulayıb,
VMA-ların fəaliyyətinə verdiyi dəstəyə
görə təhsil nazirinə minnətdarlığını
ifadə edib.
T.Şərifova, həmçinin
qarşılaşdıqları bəzi problem və çətinliklərdən
söz açıb, bir sıra təkliflərini nəzərə
çatdırıb.
Sonra söz İdarə Heyətinin üzvlərinə verilib. Bakı
şəhərindəki A.Novruzbəyli adına 46 nömrəli
tam orta məktəbin direktoru, əməkdar müəllim
Sevinc Budaqova rəhbərlik etdiyi təhsil ocağında
VMA-nın 2004-cü ildən yarandığını
vurğulayıb, məktəbin idarə olunmasında,
bütün məsələlərin həllində VMA-nın
rolu, hətta mühafizə xidmətinin qurulmasında, natamam
ailələrdən olan uşaqlarla aparılan işdə
VMA-nın dəstəyini qeyd edib, müəllimlərin cəmiyyətdə
nüfuzunun artırılması məsələsində bu
qurumların mühüm rolu olduğunu söyləyib.
Lənkəran şəhəri
S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəb-liseyin direktoru Akif
Xalıqov ölkəmizdə təhsilə, təhsil
işçilərinə göstərilən qayğıdan
danışıb, təhsilin keyfiyyətinin yüksəldilməsi
istiqamətində atılan addımları yüksək dəyərləndirib.
O, ölkə Prezidenti İlham Əliyevin istedadlı
uşaqlar barədə sərəncamına əsasən məktəblərində
VMA-nın yaxından iştirakı ilə keçirilmiş
şagirdlərin yaradıcı təfəkkürünün
inkişafı üzrə elmi-metodik konfransdan, 3 mərhələdən
ibarət bilik yarışlarından, fəal valideynlərin, məktəbətrafı
icmanın bu işlərdə rolundan söz açıb və
valideynlər arasında maarifləndirmə işinin daha da artırılması
təklifini irəli sürüb.
Bakı şəhəri 132-134 nömrəli
təhsil kompleksinin direktoru Sara Xanlarova
çıxışında VMA-nın məktəbdə
mühüm rolunu, ailə-məktəb müqaviləsinin məktəbin
idarə olunmasında əhəmiyyətini, məktəbin
işinin daha səmərəli
qurulması, valideynlərin VMA barəsində tam məlumatlı olmaları, məktəb-ailə
münasibətlərinin tam şəffaf olmasının əsas məsələ olduğunu
vurğulayıb, şagirdlərin tədrisə
marağının daha da artırılması
üçün zəruri hesab olunan bir sıra digər məsələlərə
toxunub. S.Xanlarova ictimaiyyətin mövcud istiqamətdə
görülmüş işlərə dair məlumatlandırılması
üçün təbliğat işinin və valideyn-müəllim-məktəb
əməkdaşlığının gücləndirilməsi təklifini
irəli sürüb.
Lənkəran
şəhəri 8 nömrəli tam orta məktəbin
direktoru Aslan İbrahimov məktəbəqədər təhsillə
əhatənin az olması, məktəbə məcburi olaraq
uşaqların evdən qəbulu, bunun da onların sinifdə
adaptasiyasını çətinləşdirdiyini qeyd edib,
kurikulumun tətbiqi ilə əlaqədar I sinfə qəbul
olunanların xüsusi hazırlığına, ilkin
yaradıcılıq təfəkkürünün
inkişafına ehtiyac olduğunu vurğulayıb. Bu işdə VMA-rın rolunun
böyük olduğunu, müəllim-valideyn münasibətlərinin
əməkdaşlıq müstəvisi çərçivəsində
formalaşdığını qeyd edib. Fəal təlim
prosesində valideynlərin iştirakının danılmaz
olduğunu söyləyən A.İbrahimov məktəb bufetlərinin
fəaliyyətinin səmərəli təşkili haqda fikirlərini
səsləndirib.
Birliyin milli məsləhətçisi Vəfa
Məmmədova bu gün VMA-ların fəaliyyətlərinin
düzgün istiqamətdə getməsi, məktəbə,
VMA-lara, təhsili bilən cəmiyyət üzvlərinə daimi ehtiyacın
olması barədə danışıb. V.Məmmədova
KİV-in valideynlərin maarifləndirilməsində,
onların kurikuluma dair biliklərinin
artırılmasında mühüm rolunu qeyd edib, bu məqsədlə
təhsil kanalının və Azərbaycan Milli Valideyn-Müəllim
Assosiasiyasının mətbuat orqanının
yaradılmasını təklif edib.
Təhsil Nazirliyinin Stratejı təhlil,
planlaşdırma və kadrların idarəolunması
şöbəsinin müdiri, AMVMA İB-nın İdarə
Heyətinin üzvü Fərzəli Qədirov təhsil
ocaqlarında VMA-ların
yaradılmasının əhəmiyyətindən danışıb,
onların məktəblərin idarə olunmasında rolunu
xüsusi qeyd edib. Məktəb idarəetməsində ictimai nəzarətin
gücləndirilməsinin təhsilin keyfiyyətinə
müsbət təsirini qeyd edən F.Qədirov VMA-lar vasitəsi
ilə bir çox məktəblərdə
problemlərin aradan qaldırıldığını bildirib. Lakin bütün bunlarla
yanaşı, hələ də valideynlərin təlim-tərbiyə
prosesinin idarə olunmasına tam cəlb olunmamalarını
söyləyib və valideyn-məktəb münasibətlərinin
düzgün qurulması üçün bu istiqamətdə
lazımi işlərin görülməsinə diqqət yetirilməsini
vurğulayıb. O, valideynin valideynə daha çox təsir
edə biləcəyini diqqətə çatdırıb.
Nazirliyin Kənd rayonları üzrə
ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov
son illər VMA-lar yaranandan sonra
nazirliyə məktəblərlə bağlı daxil
olan şikayətlərin yarıbayarı azalmasını
müsbət hal kimi qiymətləndirib. Bütün məktəblərdə
bu işin qurulmasının təhsil üçün əhəmiyyətli
olduğunu bildirib, bu qurumların təhsilin keyfiyyətinin
yüksəldilməsində, şagirdlərin vətənpərvərlik
ruhunda yetişməsində, valideynlərin təhsil müəssisələrinin
işinə daha yaxından cəlb olunmasında böyük
rol oynadığını söyləyib.
Təhsil Nazirliyinin İqtisadiyyat
şöbəsinin müdiri Şahrza Əliyev valideyn-məktəb
əlaqələrinin daha səmərəli təşkilinin,
VMA-ların fəaliyyətində şəffaflığın
artırılmasının vacibliyini diqqətə
çatdırıb.
Görüşdə söz alan 20
nömrəli məktəb-liseyin valideyni Rafiq Ramazanov
VMA-ların hüquqi bazasının möhkəmlənməsi
üçün filiallarının dövlət
qeydiyyatından keçməsinin VMA-ların fəaliyyətinə
müsbət təkan verdiyini qeyd edib. O, habelə mövcud
VMA-ların müsbət təcrübəsinin
yayılması, onların yaranmasının kütləviliyə
çevrilməsinə ehtiyac olmadığı, fəal
VMA-ların işini təkmilləşdirmək, qücləndirmək
lazım gəldiyini, bununla da bu modelin məktəbə
lazım olduğunu, hələ qoşulmayan məktəblərə
nümayiş etdirməyin zərurəti barədə
danışıb.
Görüşün sonunda Azərbaycan
Milli Valideyn-Müəllim Assosiasiyasi İctimai Birliyinin
İdarə Heyəti müvafiq qərar qəbul edib. Qərarda
AMVMA-nın mətbu orqanının nəşr olunması, təhsil
kanalının açılması ilə əlaqədar
müvafiq qurumlara müraciət
edilməsi, ailə-məktəb müqaviləsinin işlənilib hazırlanması və
Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim
olunması, kurikulumun tətbiqi
ilə əlaqədar valideynlər arasında maarifləndirmə
işlərinin aparılması, təhsil nazirinin valideynlərlə
növbəti görüşünün 2013-cü ilin yanvar
ayında keçirilməsi nəzərdə tutulub.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2013.- 11 yanvar.- S.3.