Təhsil Problemləri İnstitutunda yerinə yetirilmiş tədqiqat mövzuları
müzakirə olunub
Yanvarın 8-də Təhsil Nazirliyinin
sifarişi əsasında 2012-ci ildə Təhsil Problemləri
İnstitutunda yerinə yetirilmiş tədqiqat
mövzularının müzakirəsinə həsr olunmuş iclas
keçirilib.
Təhsil naziri Misir Mərdanov iclası
giriş sözü ilə açaraq ölkə Prezidenti cənab
İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasının digər sahələrlə yanaşı,
təhsil sektorunun da hərtərəfli inkişafına təkan
verəcəyini bildirib. Nazir Təhsil
Problemləri İnstitutunda təhsil sahəsi üzrə
ictimaiyyəti maraqlandıran müxtəlif mövzular üzrə
tədqiqatların aparılmasının zəruriliyini nəzərə
çatdırıb. Görülmüş işlərin, həyata
keçirilmiş islahatların nəticələrinin qiymətləndirilməsinin
əhəmiyyətinə toxunan Misir Mərdanov təhsil sahəsində
yeniliklərin tətbiqi prosesinin dəqiq müəyyənləşdirilməsinin
vacibliyini vurğulayıb.
Təhsil Nazirliyinin sifarişi ilə
yerinə yetirilmiş tədqiqat mövzuları haqqında məlumat
verən Təhsil Problemləri İnstitutunun direktoru Abdulla
Mehrabov 2012-ci ildə, əsasən tətbiqi xarakterli
mövzuların araşdırıldığını qeyd
edib. İnstitut direktoru tədqiqat mövzuları müəyyənləşdirilərkən
Təhsil Nazirliyinin müvafiq şöbələrinin və
Dünya Bankının təhsil üzrə beynəlxalq məsləhətçilərinin
tövsiyələrinin nəzərə
alındığını bildirib. Müəyyənləşdirilmiş
mövzular üzrə konkret tədqiqatların
aparıldığını söyləyən A.Mehrabov
xüsusi olaraq ibtidai siniflərdə fənn
kurikulumlarının tətbiqi, beşyaşlıların məktəb
təliminə hazırlanması üzrə işin təşkili,
uşaqların məktəbə müsabiqə yolu ilə qəbulu
problemləri, yeni fənn kurikulumları əsasında
hazırlanmış dərslik komplektlərinin təhlili və
təkmilləşdirilməsi, təlim prosesində yeni
pedaqoji və İKT texnologiyalarından istifadənin elmi əsasları
və təlimin keyfiyyətinə onun təsiri, ümumi təhsildə
şagird nailiyyətlərinin qiymətləndirilməsi
(buraxılış imtahanları, ali və orta ixtisas təhsili
müəssisələrinə qəbul imtahanları, milli qiymətləndirmə
və TİMSS, PİRLS beynəlxalq qiymətləndirmə
proqramları) nəticələrin təhlili, ümumi təhsildə
qiymətləndirmə standartlarının təkmilləşdirilməsi
və qiymətləndirmə vasitələrinin tədqiqi məsələlərinə
önəm verildiyini açıqlayıb. A.Mehrabov, həmçinin
tədqiqat mövzularında "Xüsusi istedada malik uşaqların
(gənclərin) yaradıcılıq potensialının
inkişafı üzrə Dövlət Proqramı
(2006-2010)" çərçivəsində həyata
keçirilmiş tədbirlərin nəticələrinin təhlili
və qiymətləndirilməsi, ilk peşə-ixtisas təhsili
sahəsində peşələr üzrə təhsil
proqramlarının (kurikulumların) hazırlanması və tətbiqi,
əlavə təhsilin müasir yanaşmalar əsasında təşkili
problemləri, müxtəlif regionlarda qızların ümumi
təhsilə cəlb edilməsi sahəsində mövcud olan
problemlər, ümumi təhsil müəssisələrində
fənlər üzrə tədris yükünün tənzimlənməsi
problemləri, ilkin müəllim hazırlığı
üzrə ibtidai təhsil proqramlarının məzmununun
mövcud vəziyyəti və yeni fənn kurikulumları
baxımından təkmilləşdirilməsi, eləcə də
digər bu kimi məsələlərin əhatə edildiyini
vurğulayıb və onların mahiyyəti haqqında ətraflı
məlumat verib.
Sonra Təhsil Problemləri
İnstitutunun Kurikulum Mərkəzinin direktoru Ənvər
Abbasov, Qiymətləndirmənin məzmunu və vasitələri
şöbəsinin müdiri Elxan Bəylərov bir sıra tədqiqat
mövzuları barədə məlumat verib, əldə
olunmuş nəticələri diqqətə
çatdırıblar.
Təhsil naziri Misir Mərdanov Təhsil
Problemləri İnstitutunda yerinə yetiriləcək tədqiqat
mövzularının müəyyənləşdirilməsi
ilə bağlı təkliflərini nəzərə
çatdırıb və daha dolğun tədqiqatların
aparılması üçün digər maliyyə
imkanlarından da yararlanmağın səmərəli nəticələr
verəcəyinə inamını ifadə edib. Nazir Təhsil
Problemləri İnstitutunun Təhsil Nazirliyi ilə birgə
elmi seminarlar təşkil etməsinin əhəmiyyətindən
bəhs edib, aparılan islahatların təbliği və
ictimaiyyətə düzgün çatdırılması
işinin əhəmiyyətinə toxunub. Aparılan elmi-tədqiqatların
davam etdirilməsinin zəruriliyinə toxunan təhsil naziri əldə
olunmuş nəticələrin müzakirə edilməsinin
vacibliyini önə çəkib.
Azərbaycan
müəllimi.- 2013.- 11 yanvar.- S.2.