Xalq
Təhsili Muzeyinin yaradılmasının 80 illiyinə həsr
olunan sərgi açılıb
Dekabrın 28-də Xalq Təhsili Muzeyində
bu müəssisənin yaradılmasının 80 illiyinə həsr
olunan sərginin açılışı oldu.
"Xalq Təhsili Muzeyi-80" adlı sərginin
açılış mərasimində təhsil nazirinin
müavini Qulu Novruzov, Təhsil Nazirliyinin Aparatının rəhbəri
İlham Pirməmmədov, nazirliyin bir sıra şöbələrinin
müdirləri, respublikanın tanınmış alim və
pedaqoqları iştirak edirdilər.
Tədbiri Xalq Təhsili Muzeyinin direktoru
Lalə Bayramova açaraq rəhbərlik etdiyi müəssisənin
keçdiyi tarixi yol barədə məlumat verdi. Qeyd olundu ki,
1932-ci ildən fəaliyyət göstərən Azərbaycan
Respublikası Təhsil Nazirliyi Xalq Təhsili Muzeyinin əsas məqsədi
qədim zamanlardan başlayaraq müasir dövrə qədər
Azərbaycanda pedaqoji fikrin, elm və təhsilin inkişaf
tarixini əks etdirmək, təhsilin bütün pillələrində
əldə olunmuş uğurların təbliğ
olunmasıdır. Muzeydə təhsil sahəsində əvəzsiz
xidmətləri olan maarifçilərə, elm xadimlərinə,
pedaqoq-alimlərə, ziyalılara, iş təcrübəsi
geniş yayılan qabaqcıl müəllimlərə və təhsil
müəssisələrinə dair sənəd və
materiallarla yanaşı, tədris prosesini əks etdirən
fotoşəkillər, nadir dərs vəsaiti və ləvazimatları,
müxtəlif illərə məxsus dərslik və
proqramlar, tədris müəssisələrində istifadə
edilən texniki vəsaitlər, şagirdlərin, tələbələrin,
müəllimlərin əl işləri, albomlar, maketlər və
digər eksponatlar nümayiş etdirilir.
Muzeyin elmi-tarixi əsaslar üzərində
qurulan, xronoloji ardıcıllığa riayət edən
ekspozisiyasının 6 salonda yerləşdirildiyini deyən Lalə
Bayramova onların hər biri barədə ətraflı
danışdı. Qeyd edildi ki, Azərbaycan dövlətinin təhsilə
göstərdiyi diqqət və qayğı VI salonun
ekspozisiyasının əsas istiqamətidir. Həmin
salonda ulu öndər Heydər Əliyevin
Azərbaycan təhsilinin keyfiyyətinin yüksəldilməsi
və inkişafı naminə fəaliyyətini əks etdirən
"Heydər Əliyev və təhsil", Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil
və elm sahəsindəki
genişmiqyaslı fəaliyyətini və Heydər Əliyev
Fondu tərəfindən təhsilə göstərilən
diqqət və qayğını təcəssüm etdirən
sənəd və materiallar nümayiş olunur.
Lalə Bayramova Xalq Təhsili Muzeyinin 80
illik yubileyi münasibəti ilə muzey əməkdaşlarından
2 nəfərin Təhsil Nazirliyinin "Azərbaycan
Respublikasının qabaqcıl təhsil işçisi" döş
nişanı, 12 nəfərin isə Fəxri fərmanla təltif
edilməsini muzey işçilərinə göstərilən
diqqət və qayğının bariz nümunəsi
olduğunu dedi.
Təhsil nazirinin müavini Qulu Novruzov
çıxış edərək Xalq Təhsili Muzeyinin zəngin
təhsil tariximizi yaşadan bir müəssisə olduğunu
xüsusi vurğuladı. Muzey işinin olduqca vacib və əhəmiyyətli
hesab edildiyini, bu sahədə çalışanların
müqəddəs bir işlə məşğul
olduqlarını söyləyən nazir müavini Azərbaycan
təhsilinin tarixi ənənələrini yaşadan, onu
layiqincə qoruyub gələcək nəsillərə
çatdıran Xalq Təhsili Muzeyinin fəaliyyətini
yüksək qiymətləndirdi.
Qulu Novruzov ölkəmizdə təhsilin
keyfiyyətinin yüksəldilməsi, inkişafı ilə
bağlı bir sıra mühüm addımların
atıldığını, tədbirlərin həyata
keçirildiyini deyərək Xalq Təhsili Muzeyinin də fəaliyyətini müasir tələblərə
uyğun qurduğunu qeyd etdi. Son illərdə Azərbaycanın
təhsil tarixinin araşdırılaraq xalqa
çatdırılması istiqamətində görülən
işlərdən geniş danışan nazir müavini sonda
muzeyin kollektivini təhsil naziri Misir Mərdanovun və öz
adından təbrik etdi, onlara işlərində uğurlar
arzuladı.
Çıxış üçün
söz alan görkəmli alimlər, pedaqoqlar Xalq Təhsili
Muzeyinin kollektivinin əməyini yüksək dəyərləndirərək
burada zəngin mütərəqqi ənənələrə,
milli mənəvi dəyərlərə və beynəlxalq təcrübəyə
əsaslanaraq inkişaf edən müasir Azərbaycan təhsilinin
nailiyyətlərini əhatə edən sənəd və
materialların qorunub saxlanıldığını və
layiqincə təbliğ edildiyini bildirdilər.
Çıxış edənlər Xalq Təhsili Muzeyinin
yaradılmasının 80 illik yubileyi münasibəti ilə
müəssisənin əməkdaşlarını təbrik
edərək onlara fəaliyyətlərində nailiyyətlər
dilədilər.
Sonra Xalq Təhsili Muzeyinin
yaradılmasının 80 illiyinə həsr olunan "Xalq Təhsili
Muzeyi-80" adlı sərgiyə baxış keçirildi.
Azərbaycan
müəllimi.- 2013.- 11 yanvar.- S.2.