Azərbaycan Dövlət Pedaqoji Kollecində konfrans keçirilib

 

Bu günlərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İntellekt əsri... Müəllim hazırlığının komponentləri və effektivlik" mövzusunda keçirilən ümumrespublika konfransı pedaqoji təmayüllü orta ixtisas təhsili  müəssisələrini bir araya gətirərək təhsil ictimaiyyətinin diqqətini yeni formatlı  müəllim hazırlığının mövcud reallıqlarına və perspektivlərinə yönəltdi.

Konfransda Azərbaycan Respublikasının təhsil naziri  Misir Mərdanov, Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun əməkdaşları, Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, professor Yəhya Kərimov, professor Fərrux Rüstəmov, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri, pedaqoji təmayüllü orta ixtisas təhsili müəssisələrinin rəhbərləri iştirak edirdilər. Konfrans iştirakçıları kollecdə yeni istifadəyə verilmiş idman korpusunun açılışında da iştirak etmiş, kollecin foyesində təşkil olunmuş,  müəllim və tələbə əməyinin nəticəsi olan "Təhsil sərgisi" ilə tanış olmuşlar.

"İntellekt əsri... Müəllim hazırlığının komponentləri və effektivlik" mövzusunda ümumrespublika konfransını kollecin direktoru, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi, "Şöhrət" ordenli Nurlana Əliyeva açaraq rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyətindən, qazandığı uğurlardan danışıb, bu uğurları ölkəmizdə aparılan təhsil islahatları ilə, Azərbaycan təhsilinə, müəlliminə dövlətin qayğısı ilə əlaqələndirmişdir.

Kollecin fəaliyyətini  həmişə yüksək qiymətləndirən təhsil naziri Misir Mərdanov qeyd etmişdir ki,  bu təhsil ocağı respublikanın ən qabaqcıl və nümunəvi təlim-tərbiyə müəssisəsidir. Konfrans mövzusunun aktuallığı, yüksək səviyyəli təşkilatçılığı ilə əsl ustad dərsi oldu. Kollecin kollektivinə uğurlar arzulayan nazir Misir Mərdanov kadr potensialını möhkəmləndirməklə yanaşı, müasir təlim texnologiyalarına daha dərindən yiyələnməyi, yaşlı müəllimlərin təcrübəsindən yararlanmağı, gəncləri buraya cəlb etməyi, orta məktəblərlə əlaqələri möhkəmləndirməyi və müəllimlər üçün təlimlərin təşkil olunmasında fəal iştirak etməyi tövsiyə etmişdir.

Konfransda kollecin tədris işləri üzrə direktor müavini Dilarə Hacıyevanın "Tədrisin keyfiyyətinə nəzarət vahid inteqrativ sistem kimi", kollecin tədris hissə müdiri Gültəkin Əliyevanın "Tədris prosesinin təşkilində müasirlikyeni innovasiyanın tətbiqi təcrübəsi" və Bakıdakı 20 nömrəli  məktəb-liseyin direktoru Sabir Məmişovun "Müasir müəllim hazırlığının bünövrəsi təcrübədir" mövzularında məruzə-təqdimatları maraqla dinlənildi.

Tədbir iştirakçıları kollecdə yeni təlim texnologiyaları əsasında qurulmuş bir sıra "açıq dərs"ləri dinləmişlər. Daha sonra konfransda Azərbaycan Dövlət Pedaqoji Kollecinin pedaqogika müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru U.Məmmədovanın "Pedaqoji təhsilin modernləşməsi mütəxəssis hazırlığının resursu kimi", Şuşa Humanitar Kollecinin müəllimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru F.Allahverdiyevanın "Müasir müəllim necə olmalıdır", Azərbaycan Dövlət Pedaqoji Kollecinin riyaziyyat müəllimi S.Hacıyevanın "Müasir dərs keyfiyyətli və effektiv təhsilin əsası kimi", Lənkəran Dövlət Humanitar Kollecinin pedaqogika müəllimi A.Əbilovanın "Məqsədimiz öyrətməkdir" və Bakı Humanitar Kollecinin müəllimi S.Qafarovanın "Müasir dərs - psixopedaqoji meyarlar" mövzularında məruzələri dinlənilmiş, müzakirələr aparılmışdır.

 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2013.- 11 yanvar.- S.4.