"Ötən il bir neçə uğura
imza atmışam"
Respublikamızın yeniyetmə gəncləri incəsənətin müxtəlif
sahələrində öz istedad və
bacarıqlarını nümayiş etdirərək xarici ölkələrdə keçirilən beynəlxalq müsabiqə və festivallarda
Azərbaycanı layiqincə təmsil edirlər. Yeniyetmə və
gənclərimizin mötəbər müsabiqələrdən xoş
soraqlarını eşidəndə qürur hissi keçiririk. Belə istedadlı gənclərimizdən
biri də haqqında söhbət açmaq istədiyim Nəcəfli Nərmin
Etibar qızıdır.
Nərmin 1996-cı ildə Bakıda anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin X sinfində fortepiano ixtisası
üzrə Ədilə Rəhimovanın sinfində
təhsil alır. O,
2004-2007-ci illərdə Bakı
şəhərində keçirilən müxtəlif müsabiqə və festivalların,
Moskva şəhərində
8-12 yaşlı uşaqlar
arasında keçirilən beynəlxalq müsabiqənin qalibi, Tbilisidə keçirilən beynəlxalq musiqi festivalının laureatı, II və IV beynəlxalq Rostropoviç, 2011-ci ildə III beynəlxalq Üzeyir Hacıbəyli festivallarının
iştirakçısı olub. Yeniyetmə
fortepianoçu 2008-ci ilin
mayında ümummilli lider Heydər
Əliyevin
85 illik yubileyinə
həsr olunmuş I respublika müsabiqəsində Qran-pri mükafatına layiq görülüb.
Nərmin Nəcəfli
2006-cı ildə Parisdə YUNESKO-nun baş
qərargahında Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Azərbaycan mədəniyyətlərin
və sivilizasiyaların
kəsişmə nöqtəsi", 2008-ci ildə Strasburqda və Brüsseldə "Azərbaycanın
xoşməramlı mələkləri" adlı konsert proqramlarında məharətlə çıxış edib. N.Nəcəfli İtaliyanın
Azərbaycandakı səfirliyinin
təşkilatçılığı ilə İtaliyada Forte dey Marmi şəhərində
təşkil olunan
solo konsertlərdə öz istedadını nümayiş etdirib. 2010-cu ildə isə Almaniyada keçirilən beynəlxalq müsabiqədə xüsusi prizə layiq görülən Nərmin İtaliyanın Eppan şəhərində 30 dəqiqəlik
solo konsert proqramı ilə çıxış edib. Qeyd
edək ki, akademiyada çıxış etmək üçün müsabiqəyə dünyanın bir çox ölkələrindən - ABŞ, Almaniya, Böyük Britaniya, Belçika, Yaponiya, Bolqarıstan, Polşa, Rumıniya, Rusiya, İsveç, Portuqaliya, İndoneziya və sair ölkələrdən qatılan 38 iştirakçıdan yalnız 8 nəfər seçim turundan qalib çıxıb. Sevindirici haldır ki, 8 nəfərdən biri Nərmin olub, o, Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə İtaliyada Azərbaycanı
layiqincə təmsil edib. Nərminin çıxışını professor Andrea Bonatta bəyənib və onu
Polşaya Paderevski
Piano Akademiyasına dəvət
edib. Nərmin Polşanın Bıdqoş
şəhərində Paderevski Akademiyasında
professorlar İlya Şeps və Robert McDonalddan ustad dərsləri alıb, həm də Bıdqoş şəhərində
keçirilən Qala konsertdə
Polşa Dövlət Simfonik orkestrinin müşayiəti ilə Çaykovskinin 1 nömrəli konsertini ifa edib.
N.Nəcəfli 2011-ci ildə Paris Konservatoriyasının professoru Muza Rubatskitenin dəvəti ilə Fransanın Bagneres de Bigorre şəhərində
keçirilən Piano Pic, Litvada isə II beynəlxalq Vilnüs
fortepiano musiqisi festivallarında
iştirak edib.
Gənc fortepianoçu Nərmin Nəcəfli
2012-ci ili uğurla başa vurub. Özünün dediyi kimi, bir
neçə uğura da imza
atıb. O, İtaliyanın
Seregno şəhərində
keçirilən beynəlxalq müsabiqədə böyük yaş qrupunda, Estoniyanın Narva şəhərində
keçirilən IX beynəlxalq Şopen müsabiqəsində qalib adını
qazanaraq diplom və hədiyyələrlə
mükafatlandırılıb. Ən sevindirici anları isə Böyük Britaniyanın Nyukasl şəhərində
keçirilən gənc pianoçuların V beynəlxalq müsabiqəsində iştirak etməsi və I yerə layiq görülməsi olub.
Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2007-ci il tarixli sərəncamı
ilə Nərmin Nəcəfli xüsusi
aylıq təqaüdə layiq görülüb və adı Azərbaycanın
gənc istedadlarının
"Qızıl kitab"ına
yazılıb.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2013.- 11
yanvar.- S.7.