"Şəhidlərin
başdaşılarının üstündəki şəkilləri mən
toplamışam"
Müsahibim İctimai televiziyada "Carçı" film
Yaradıcılıq Birliyinin baş direktoru,
yazıçı, publisist Rafiq Səməndərdir
- Rafiq müəllim, 1990-cı
ilin 20 Yanvar gününü necə
xatırlayırsınız?
-
Yanvarın əvvəlindən başlayaraq respublikada vəziyyət artıq nəzarətdən çıxmışdı.
Bakı bir xaos içində
idi. Ayın 19-da axşam saat 6-da işdən çıxdım. Marşrut
gözləməyə, taksi axtarmağa dəyməzdi. Piyada,
yavaş-yavaş "Gənclik"dəki evimizə sarı gəlməyə
başladım. Havadan elə bil
qəribə bir vahimə, qan qoxusu, ölüm qoxusu
yağırdı. Evə çatana
qədər bir neçə dəfə ara-sıra
silah səsləri də
eşitdim. Ən çox atışma səsi Salyan kazarması tərəfdən
gəlirdi.
Gəlib
evə çatdım. Televizor işləmirdi. Bir-iki
tanışa zəng vurdum. Öyrəndim
ki, mən yolda olanda çalışdığım Dövlət
Televiziyasının enerji bloku partladılıb.
-
1990-cı ilin 20 Yanvar
gününün rəngi gözlərimizin önündən,
vahimə saçan səsi- sədası qulaqlarımızdan getməmiş
"Şəhidlər" kitabını əlimizdə
gördük. 20 Yanvar
yaralarının ağrıları səngiməmişdi hələ
onda...İndi aradan 23 il ötsə də, o acılı
günlər hələ də yaddaşlarda təzədir. İlk şəhid
qapısını
necə döydünüz?
- Mən o vaxt Az.TV-də Ədəbi Dram
Baş
redaksiyasının baş
redaktoru işləyirdim. Az.TV Şəhidlər
xiyabanına bitişikdi. Evimiz də, "Gənclik" tərəfdə,
İnqilab
küçəsində
yerləşirdi. O yanvar
günlərində evdən işə, işdən də evə
çox vaxt piyada gedib gəlirdim. Yol boyu
İnqilab küçəsi başdan-başa böyük bir
yas mağarını xatırladırdı. İnqilab
küçəsinin "Gənclik"
metrosu tərəfdəki
başından bu biri
başına- taksimotor parkına qədər piyada gələndə,
bəlkə bir qırx yerdə
mağar sayırdım,
yanvarın 20-sindən sonrakı
günlərində...hər mağara girib
başsağlığı verib çıxmaq azı 20 dəqiqə çəkirdi. O mağarlarda
oturanların hamısı dərd içində idi, hərə
öz dərdini, öz faciəsini danışırdı. Orada şahidlərin
öz dilindən elə hadisələr, elə epizodlar
eşidirdim ki, nəinki mən, hətta yazı yazmağı
bacarmayan adam da əlinə qələm
götürmək istəyirdi. O günlərdə sanki həyat
dayanmışdı. Hamı
çaşqınlıq içindəydi. Küçələr
tanklarla dolu, güllə səslərindən qulaq tutulur,
yer-yurd, məzarlar al- qırmızı qərənfillərə
bələnib... dövlət yox, hökumət yox...
Yadımdadır, qırğının ilk üç-dörd
günü kim başını evdən
bayıra çıxarırdısa, əcəl onu
yaxalayırdı.
Təsəvvür edin, o boyda yolu, o boyda
mağarları... və Şəhidlər xiyabanını keçib
çatırdım iş yerimə.
Şəhidlər xiyabanının yanından keçməyin
özü elə o ağrının, acının, o fəryadların,
ah-nalələrin
içindən keçmək demək idi...
Keçirdim ağlaşmanın içindən, gəlirdim
iş otağıma... Əlimə qələm
götürüb başqa nə yaza bilərdim mən o halda?
Təbii ki, ilk növbədə yol boyu gələ-gələ gördüklərimi, eşitdiklərimi yazırdım və yazdıqca bir
növ ürəyim boşalırdı. Ancaq
bundan sonra televiziya üçün yazmalı olduğum
materialları hazırlaya bilirdim. Belə-belə,
bir də gördüm ki, bir xeyli faktlar yazıb
toplamışam.Təbii ki, o vəziyyətdə kitab yazmaq,
kitab çap etdirmək barədə
düşünmürdüm.
Dövlət televiziyasında Ovçinnikov
oturmuşdu, eşitmiş olardınız, efirə
gedən hər bir cümləmizi tərcümə eləyib
verməliydik ona, o da baxıb icazə verəndən sonra
materialımız efirə gedə
bilərdi.
Şəhidlər xiyabanından ucalan
ah-nalələr, vay səsləri televiziyanın bütün
otaqlarında açıq-aydın eşidilirdi.
Bir yanda o səslər, bir yandan Ovçinnikovun
"senzura"sı. Adam qalırdı
çarəsiz, bilmirdi ki, neynəsin?! Bu tində rus əsgəri, o tində
rus əsgəri, orda güllə səsi, burda güllə səsi...
Nəsə etmək
istəyirdik, amma nə edə bilərdik ki... bax mənim
gücüm o günlərdə qələmə çatdı.
Gördüklərimi, eşitdiklərimi əvvəlcə özüm üçün
yazdım. Amma bir müddət keçdi, az da olsa ara səngidi,
havadan barıt qoxusu bir balaca çəkildi... Mən "Gənclik" nəşriyyatına əlimdə
olan materiallarla bağlı müraciət etdim. Dedilər, yazdıqlarını
gətir, çap edək.
Həmin dövrdə Azərbaycan televiziyasında
yayımlanan "Dalğa" verilişi vasitəsi ilə Azərbaycan xalqına müraciət
etdim ki, kimin əlində nə fakt var, kim hansı epizodu
bilir... mənə çatdırsın. Ertəsi gündən
başlayaraq, camaatın axını başladı Az.TV-yə. Bəzən elə olurdu ki, bir adam haqqında 10-15 fakt gətirirdilər. Şəhid
olanların
bacı- qardaşı da gəlirdi, valideyni,
nişanlısı da... amma ən çox gələnlər şahidlərdi, yəni,
öldürülənlərin faciəsini son anda öz
gözləri ilə görənlər...
O günlərdə 20 Yanvar hadisələrini
araşdırmaq üçün xüsusi Dövlət komissiyası da
yaradılmışdı, o komissiyanın üzvləri adətən,
qurşaqdan aşağı vurulan güllələri
sayırdılar, qurşaqdan yuxarı vurulan gullələr barədə
danışmırdılar.
- Səbəb?
- Çünki, aşağı ətrafa vurulan
güllələr o demək idi ki, guya üsyançılar hərbiçilərə tabe
olmadıqlarına görə onları güllələyiblər. Təbii
ki, aşağı ətrafa atılan güllələr xəbərdarlıq
və ya qorxutmaq,
"Dayan!", "Dur!"
əmrinə tabe etdirmək məqsədi ilə atılır. Amma əslində faktlar ayrı şeyləri
sübut edirdi. Qətlə yetirilən dinc əhalinin əksəriyyəti 5, 6, bəzən də daha çox
güllə ilə başından, sinəsindən
vurulanlardı. Bu güllələr məhz
öldürmək məqsədi ilə atılmış
güllələr idi. Bir adama güllənin 5-i
qurşaqdan yuxarı, 2-si qurşaqdan aşağı dəymişdisə,
komissiya sənədləşmədə aşağıdan dəyən iki gülləni göstərirdi. Amma şahidlər hadisələri necə
görmüşdülərsə, mənə necə danışmışdılarsa, mən
də olduğu kimi, təhrif
etmədən
yazırdım. Mənə fakt lazım
idi. Məsələn, bir şəhidin ailə
üzvü deyirdi ki, həyat yoldaşım gəldi evə,
dedi bir çay dəmlə, içim. Çayı
dəmlədim. O çöldən gələn
hay-küyü eşidib qapıya çıxdı və
güllə öz mənzilimizin
astanasındaca ərimi
yaxaladı.
- Fəridə adlı bir qadını evinin balkonunda yaş
paltarları asarkən güllələmişdilər. Sizin kitabınızda o
qadın haqqında da yazı var.
- Mənim yazılarımdakı faktlar
sübut etdi ki, şəhid olanlar heç də o vaxt Qorbaçovun dediyi
kimi, "bir qrup ekstremist"
yox, dinc sakinlər - körpələr, qocalar,
qadınlar, məktəblilər, tələbələrdi... O
gün evindən bayıra çıxan hər bir kəs
çöldə günahsız yerə güllələrə
tuş gəlib...
O günlərdən nəinki 23 il, yüz illər ötsə belə
bu faktları heç kim, heç vaxt təkzib edə bilməz.
Gecə növbəsindən çıxan vətəndaşı
işdən evinə qayıdanda yolda vurublar. Otaqda siqaret
çəkmək istəməyən adam
eyvana çıxıb ki,
siqaretini çəksin - başını nişan alıblar. Dörd nəfər
alimimiz səhər işə gedəndə tankı
sürüblər onların maşınının
üstünə...
Bax, bunları yazmaq vacib idi.
Öldürülənlərin heç biri əlinə
silah alıb tankların üstünə yeriməmişdi.
Ölümündən qorxmayıb tankın
qabağından qaçmayanlar da əliyalın, mülki
şəxslər idi. Sadə vətəndaşları,
dinc əhalini qırmaq, qanını axıtmaq vəhşilikdi... Bunun ayrı adı yoxdu.
- 1990-cı ildə biz hələ xalqımızı qanına qəltan
edən dövlətin tərkibində idik. "Şəhidlər"
kitabı həmişə yalandan "sülh, sülh" deyən ikiüzlü imperiyanın iç
üzünü göstərir. Bu kitab həm də müəllifin
ürəyindən qələminə süzülən vətəndaş harayı idi.
- Onda yazdığım bədii nekroloqlar
ürəyimi kinlə, nifrətlə doldurmuşdu. Mən özüm gənclik illərimdə rus
ordusunda xidmət eləmişəm. Hərbi
hissəmiz meşənin içində idi. Əsgərliyin
çətinliklərini də görmüşəm,
bütün dava-dalaşlardan
da keçmişəm. Evdə o guşəni ki, mən işləmək
üçün düzəltmişdim, uşaqlar qorxusundan ora
girə bilmirdilər. Şəhidlərin qanlı şəkillərinə
baxmağa ürəkləri
dözmürdü. Mənsə elə bil bir
növ daşa dönmüş, sərtləşmişdim.
Televiziyadakı
çıxışımdan sonra rəhmətlik
Bəxtiyar Vahabzadə mənə zəng
vurdu,(tanıyırdı məni)
dedi ki, kitabın əlyazması hazır olan kimi gətirərsən mənə,
ön sözü özüm
yazacam. Bəxtiyar müəllim o çətin günlərdə
bizim ən öndə gedən, ən fəal
ziyalılarımızdandı...
Dövlət Televiziyasının həyətində bir dəfə
Ovçinnikovun üzünə
tüpürmüşdü... O hadisədən sonra hətta Bəxtiyar
müəllimi az qala güllələmək
istəyirdilər.
Yanvar
ayının soyuğu adamı kəsirdi... şəhid
evlərinə getdikcə az qala əlimdəki kağız-qələm
də donurdu. Hər dəfə Bəxtiyar müəllimlə
görüşüb, materialları ona verəndə Bəxtiyar müəllim kövrəlir, bəzən də ağlayırdı. Gətirdiyim
şəkillərə isə ümumiyyətlə, baxa bilmirdi. Şəhidlərin
başdaşılarının üstündəki şəkilləri mən toplamışam.
Arada bir dəfə məni Azərbaycanın komendantı Dubinyakın
yanına da apardılar. Orada təklif etdilər ki, 20 Yanvar
hadisələrində ölən rus hərbiçiləri haqqında da bir şey yazım. Qəbul etmədim. Bəhanə gətirdim ki, rus dilini bilmirəm.
Məndən soruşdu ki, bəs bu yazdıqların nədi? Cavab verdim ki,
dünyasını dəyişmiş adama sizdə nekroloqlar,
elegiyalar yazılmır? Bu da bizim
nekroloqumuzdu... Sadəcə, bunlar janrca bədii
nekroloqlardı...
Orada komendanta dedim ki, mənim xalqıma əl
qaldıran bir ordunun həlak olmuş zabiti və ya əsgəri
barədə heç nə yazmaram.
- 20 Yanvar
faciəsini əks etdirən materiallara dərsliklərdə
təsadüf etmisiniz?
- Bəli. Məktəbli İlqarın
hekayəsi ibtidai sinifdə tədris edilən dərsliyə daxil olunub. Gənc nəsil dünənki
tariximizi bilməlidir.
- 20 Yanvarla bağlı yazıları bitirdikdən sonra
o auradan necə
çıxa bildiniz?
- Adam hirslənəndə hirsini necə
soyuda bilər? Mən o kitabdakı yazıları yazdıqca
elə bil hirsimi,
qəhərimi içimdən atırdım. O kitabı
yazıb son nöqtəsini qoyanda özümdə bir təsəlli də
tapdım ki, bu qədər ailələr şəhid
verib, sarsıntı keçirib, heç olmasa mən bu
kitabımla zərrə qədər də olsun onların
yarasına məlhəm ola bilərəm.
Hazırladı:
Ellada UMUDLU
Azərbaycan
müəllimi.- 2013.- 18 yanvar.- S.3.