Beynəlxalq müsabiqələrin
qalibi
Artıq neçə illərdir
ki, Azərbaycanın musiqi
sahəsində gənc istedadları xarici
ölkələrdə keçirilən bir
sıra müsabiqə və konsertlərdə iştirak
edərək ölkəmizi layiqincə təmsil edir, vətənə mükafat
və diplomlarla qayıdırlar.
Bu dəfə onlardan biri, gənc vokal ifaçısı Mərziyə Hüseynova barədə
danışacağıq. 1998-ci ildə Bakıda anadan olub. Hazırda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin
IX sinfində vokal ixtisası üzrə təhsil
alır. Mərziyə ilə təhsil aldığı məktəbdə
görüşdük.
O,
ötən il Dövlət
Filarmoniyasında ümummilli lider Heydər Əliyevin anadan
olmasının 89-cu
ildönümünə həsr
olunmuş konsertdə iştirak edib. Daha sonra Rəşid Behbudov adına Mahnı teatrının səhnəsində,
Bülbul adına Orta
İxtisas Musiqi Məktəbində keçirilən bir neçə
konsertlərdə bacarığını nümayiş etdirib. Onun 2011-ci ilin mayında Kapellhauzda ilk solo-konserti olub. 2012-ci ilin
oktyabrında "Üns"
teatrının səhnəsində Mərziyə Dövlət
Kamera Orkestri ilə
birlikdə görkəmli şərqşünas alim Aida İmanquliyevanın
xatirəsinə həsr olunmuş konsertdə
uğurla
çıxış edib.
Onun
müəllimi, təcrübəli pedaqoq,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin vokal
kafedrasının dosenti, fəlsəfə
doktoru İradə Xəlilovanın dediklərindən: Mərziyənin musiqiçi kimi formalaşmasında,
əlbəttə ki, valideynlərinin rolu böyük olub. Bu, olduqca
vacib məqamdır. Mərziyə əvvəlcə tərəddüd
edirdi, lakin atası onun məhz bu sahədə özünü
göstərməsində təkid edib. Buna görə də Mərziyə, ilk növbədə, valideynlərinə minnətdar
olmalıdır. Onun
vokal qabiliyyəti özünü
dərhal göstərib. Mərziyənin təbiətən çox
gözəl səsi, səs telləri var. Biz məşğul
olmağa başladıq və bizim aramızda
getdikcə çox gözəl birlik - pedaqoq-şagird
münasibəti yarandı.
Mərziyənin
beynəlxalq müsabiqələrdə iştirak etməsini təklif
etdim
O, öz
üzərində inadkarlıqla məşğul olurdu. Bizim
birgə fəaliyyətimiz
genişlənirdi. Mən onun vokal qabiliyyətini qiymətləndirərək
artıq beynəlxalq müsabiqələrdə iştirak etməsini
təklif etdim. Biz ciddi surətdə hazırlaşmağa
başladıq və Mərziyə 2012-ci ilin martında
Estoniyanın Koxta-Yarva şəhərində keçirilən
gənc vokalçıların VII beynəlxalq müsabiqəsində
çox uğurla iştirak edərək laureat adını qazanıb. Qeyd edim ki, Mərziyə çox
ciddi beynəlxalq müsabiqədə iştirak edərək vətənə
qalibiyyətlə dönüb. Bu müsabiqə 2 turda
keçirilirdi. Hər bir turda ifaçılar 2-3 əsər
ifa etməli idi. Yalnız seçim turundan keçənlər
ikinci tura buraxılırdı.
Müsabiqənin birinci turunda Mərziyə
tamaşaçıların sürəkli alqışları
altında "Nərgiz" ariyasını ifa edib.
İfaçılar arasında çox güclü rəqabət
var idi. Müsabiqədə müxtəlif ölkələrdən
51 ifaçı iştirak edirdi. Koxta-Yarva müsabiqələrinin
əvvəlki illərdə qalibləri olmuş
ifaçılar artıq Avropanın məşhur opera
teatrlarında oxuyurlar.
Rəqiblərindən
biri erməni idi
Mərziyə 2012-ci illin noyabrında
Rusiyada Sıktıvkar şəhərində Olqa Sosnovskaya mükafatı
uğrunda XI beynəlxalq müsabiqədə iştirak
edib. Müsabiqə 4 gün davam etmiş və tədbirə
rekord sayda - 100 ifaçı qatılmışdı. Mərziyə orada çox
güclü proqramla
çıxış edərək hər bir turda xalq
mahnılarımızı ifa edib (bu, müsabiqənin şərti
idi). Bu isə Azərbaycan mədəniyyətinin təbliğidir. Qeyd edim ki,
Mərziyənin rəqiblərindən biri erməni idi.
Mərziyə bir qrupda təmsil olunduğu erməni rəqibinə
qalib gəldi. Mərziyə mənə zəng edərək
bildirirdi ki, burada çox güclü rəqabət var. Mən
onu dəstəkləyərək bildirdim ki, Mərziyə, sən
I yeri tutaraq vətənə yalnız qələbə ilə
qayıtmalısan. Elə həmin
gecə Mərziyə mənə zəng edərək
birinci yerə layiq
görüldüyünü, müsabiqənin qalibi olduğunu xəbər verdi.
Bir faktı da qeyd etmək
lazımdır ki, Mərziyə birinci yeri heç kimlə
bölüşməyib. II yer 2 ifaçı, III yer 3
ifaçı arasında bölüşdürülüb.
Hesab edirəm ki, bu, Mərziyənin olduqca böyük
uğurudur.
Biz may
ayında ümummilli
lider Heydər Əliyevin anadan
olmasının 90-cı ildönümünə həsr olunmuş çox ciddi müsabiqəyə
hazırlaşırıq. Ölkəmizdə gənc
ifaçıların öz qabiliyyətlərini
inkişaf etdirmələri üçün hərtərəfli dəstək
göstərilir. Qeyd etməliyəm
ki, ümummilli lider Heydər Əliyev incəsənəti çox sevirdi, bu sahəni çox
gözəl bilirdi. Hər zaman incəsənət
işçilərini dəstəkləyirdi. Azərbaycan Prezidenti İlham Əliyevin
və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın hərtərəfli
diqqət və qayğısı sayəsində incəsənətimiz,
musiqimiz inkişaf edir. Azərbaycan mədəniyyəti və
incəsənətinin bütün dünyada tanıdılmasında Heydər Əliyev
Fondunun rolu böyükdür. Fond Azərbaycan
mədəniyyətinin beynəlxalq təbliğı ilə çox fəal məşğul olur.
Mərziyənin
atası Camal Hüseynov:
Azərbaycan Respublikasının xalq artisti Teymur
Göyçayevə və məktəbin bütün
pedaqoji kollektivinə dərin minnətdarlığımı
çatdırmaq istəyirəm. Məktəbin rəhbərliyi
təhsil prosesinə çox istedadlı
müəllimləri və şagirdləri cəlb edə bilib. Bütün bunlar biz valideynlərdə
belə bir əminlik yaradır ki, uşaqlarımız cəmiyyətimizə
layiq insanlar kimi böyüyəcək
və ölkəmizin şərəfini qoruyacaq
musiqiçilər kimi yetişəcəklər.
Biz də, öz növbəmizdə, Mərziyəyə
və məktəbin pedaqoji kollektivinə Azərbaycan mədəniyyəti və
incəsənətinin bütün dünyada təbliği kimi
şərəfli işlərində uğurlar
arzulayırıq.
Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2013.- 18 yanvar.- S.8.