Jurnalistika tarixində yaşamaq hüququ qazanan insan
Böyük
Azərbaycan şairi M.Müşfiq yazırdı: "Ah, mən
gündən-günə bu gözəlləşən,
işıqlı dünyadan necə əl çəkim?". İbn Sina isə deyirdi: "Ölümə
məhkum bir insanda yaşamaq eşqinin nə qədər
güclü olduğunu təsəvvür edə bilsəydiniz,
ən qüssəli günləriniz də sizə çox
gözəl görünərdi".
Həyat çox qəribədir. Heç kəs ölüm haqqında fikirləşmək
istəmir. Ölüm haqqında fikirlər
ölümün özündən də qəddar və
qorxuncdur. Ölüm varlı, kasıb tanımır,
hamının qapısını döyür. Ölüm
olmasaydı həyat bu qədər şirin olmazdı.
Özümə doğma və yaxın bildiyim, böyük
qardaş qədər xatirini əziz tutduğum Şamxəlil
Məmmədov ailəsinin xoşbəxtliyi üçün əlləşib-vuruşanda
heç ağlına da gətirməzdi ki, can
atdığı xoşbəxt gələcəyin son ucunda onu
ölüm gözləyir. Ölüm onu
gözlədiyindən də tez yaxaladı. Arzularının
sonuna çatmamış həyatının son mənzilinə
yetişdi. 62 il sadə, səmimi, təmtəraqdan
uzaq, ləyaqətli ömür yaşadı. Ləyaqətlə
yaşanmış həyat yolu illərlə deyil, əməllərlə
ölçülür.
Zəhməti, əziyyəti, əsəbi, qələmi,
gecə-gündüz çalışmağı hesabına
çox şeyə nail oldu. Xeyirxahlığı,
təvazökarlığı, işgüzarlığı,
gözəl ailəsi ilə başqalarına nümunə
oldu. Sevincini dostları ilə
bölüşdü, dərdini, kədərini, nisgilini,
acısını-ağrısını içində
yaşatdı. Həyat çox hallarda üzünə
gülməsə də, o, gülməyi, dostlarının
sevincinə sevinməyi
bacardı. İmkanları geniş
idi, müxtəlif vəzifələrdə
çalışan qohumları, dostları vardı. Amma heç vaxt, heç kəsə öz işi
üçün ağız açmadı. Ailənin ruzisi onun qələmindən
çıxırdı. Zarafat deyil, müxtəlif mətbuat
orqanlarında mindən artıq məqaləsi işıq
üzü görüb, 36 kitabı nəşr olunub, 20
kitabın redaktoru, 4 irihəcmli kitabın tərtibçisi
olub. Bunun üçün heç də
riyaziyyatçı olmaq lazım deyil ki, onun gündə
neçə saat işlədiyini müəyyənləşdirəsən.
Günlər həftələrə, həftələr aylara,
aylar illərə qovuşacaq, fəsillər bir-birini əvəz
edəcək, hər il
Şamxəlil Məmmədov müasirlərindən
bir az da uzaqlaşacaq. Uzaqlaşdıqca da
yaxınlaşacaq. Çünki zəngin ənənələrə
malik Azərbaycan pedaqoji jurnalistikasının
inkişafında onun mühüm xidmətləri var. O, öz dəst-xətti,
yaradıcılıq üslubu və texnikası ilə
seçilən yazarlardan biri olmuşdur. Yazılarımın birində onu
jurnalistlər içərisində ən yaxşı pedaqoq,
pedaqoqlar içərisində ən yaxşı jurnalist
adlandırmışdım. Mənim
pedaqoq-alim kimi formalaşmağımda Şamxəlil müəllimin
də müəyyən rolu olmuşdur. "Azərbaycan
müəllimi" qəzetində nəşr etdirdiyim
bütün məqalələri hazırlayan və çapa təqdim
edən məhz o olmuşdur. Hələ aspirant olarkən
4 noyabr 1988-ci ildə "Azərbaycan müəllimi" qəzetində
nəşr olunan "Böyük oktyabr və pedaqoji
elmimiz" məqaləsi də onun xeyirxahlığı nəticəsində
işıq üzü görmüşdü. Əsərlərim
və özüm haqqında ən çox yazanlardan biri də
məhz o olmuşdur. Onun "Azərbaycan pedaqoji
biblioqrafiyası" (1996), "Məhəbbət və əmək
qovuşanda" (1997), "Gənc akademik" (1998), "Azərbaycan
pedaqogikaşünaslığına töhfə" (1999),
"Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi
üzvü" (1999), "Gənc alimlər mükafatı
laureatı" (2001), "Pedaqoji tədqiqatlar" (2001),
"Şərqdə pedaqogika tarixi" (2003),
"Pedaqogikaşünas alimin uğuru" (2004), "N.Nərimanov
pedaqoji tədqiqatlarda" (2005), "Elmini əməllərdə
göstərən alim" (2010), "Pedaqoji oçerklər:
sələflərim və müasirlərim" (2011) adlı
məqalələri həyatımın və
yaradıcılığımın
ən müxtəlif məqamlarını, xoş
anlarını özündə ehtiva edən dəyərli əsərlərdir.
Yüksək əxlaq və fəzilət
sahibi olan Şamxəlil Məmmədov 7 fevral 1949-cu ildə
indi hüquqi-siyasi xəritəmizdən kənarda qalan qədim
Azərbaycan torpağı -Dmanisi rayonunun Azərbaycan Gəyliyəni
kəndində anadan olub. İlk təhsilini
anası Həmayıl xanımdan alıb.1966-cı ildə
orta məktəbi qurtardıqdan sonra arzularının
sorağında isti yay günlərinin birində Bakıya gəlib,
əmisi Mahmud müəllimin təşəbbüsü və
xeyir-duası ilə respublikanın ən nüfuzlu ali pedaqoji məktəbinə - APİ-nin
filologiya fakültəsinə qəbul olunub. Ali
təhsilini bitirdikdən sonra bir müddət Mərdəkanda
müəllimlik edib, ədəbiyyatımızı
balalarımıza sevdirib. Sonra da hərbi
xidmət illəri. Hərbi xidmətdən sonra əmək
kitabçasına yalnız bir iş yeri yazılıb:
"Azərbaycan müəllimi" qəzeti. Bu qəzetin
son 40 ilinin müxtəlif saylarında yüzlərlə
elmi-pedaqoji və publisistik məqalənin, oçerkin
altında məhz onun "Ş.Məmmədov",
"Ş.Hətəmoğlu", "Ş.Elnur",
"Şamxəlil Məmmədov" imzaları durur. Bu
siyahıya "Gürcüstan", "Trialeti", "Azərbaycan
pioneri", "Yeni Marneuli", "Yeni həyat" (Zəngilan),
"Bakı", "Naxçıvan", "Mingəçevir
işıqları", "Azərbaycan gəncləri",
"Ədəbiyyat və incəsənət",
"İki sahil" qəzetlərində, "Azərbaycan məktəbi",
"Azərbaycan dili və ədəbiyyat tədrisi",
"Tarix, ictimaiyyat və coğrafiya tədrisi",
"İbtidai məktəb və məktəbəqədər
tərbiyə", "Kimya və biologiya tədrisi",
"Fizika və riyaziyyat tədrisi", "Milli folklor
(Türkiyə)", "Mədəni maarif işi"
jurnallarında, ali məktəblərarası konfransların
materiallarının çap olunduğu elmi toplularda dərc
edilmiş məqalələri də əlavə etsək, bir
alim-pedaqoq, peşəkar jurnalist kimi onun çoxşaxəli
fəaliyyətinin bəzi məqamları aydınlaşar.
Şamxəlil Məmmədovun qəzet səhifəsinə
çıxartdığı hər bir yazı pedaqoji elmlərin
ən mühüm problemlərinin, nəzəri və praktik məsələlərinin
həllinə yönəlib. Onun pedaqoji yazıları elmi arqumentasiyasına, təbliği
istiqamətinə, öyrədici, tərbiyəedici və
inkişafetdirici funksiyasına görə seçilən,
müəllimlərə nəzəri, metodik və praktik cəhətdən
kömək edən dəyərli elmi nümunələrdir.
Məktəblərin maddi-tədris
bazasının dinamik surətdə möhkəmləndirilməsi,
məktəbəqədər və məktəbdənkənar
tərbiyə müəssisələrinin şəbəkəsinin
genişləndirilməsi, yüksək ixtisaslı müəllim
kadrlarının hazırlanması və onların peşə
ustalıqlarının təkmilləşdirilməsi,
qabaqcıl pedaqoji təcrübənin öyrənilib
yayılması onun pedaqoji-publisistik yazılarında
mühüm yer tutur. O, "Azərbaycan müəllimi"
qəzetində tanınmış, görkəmli pedaqoq-alim,
metodistlər, təhsil islahatını həyata keçirən
bacarıqlı işçilərlə bağlı
oçerklər, pedaqoji elmləri zənginləşdirən
kitablar haqqında resenziyalar yazmış, təhsil
islahatının tələbləri baxımından məktəbin
yenidən qurulmasının mühüm problemlərini "dəyirmi
masa"larda müzakirə etmiş, elmi diskussiyalar
açmışdır. Onun yazılarında məktəb
rəhbərlərinin işinin xüsusiyyətləri, sinifdənxaric
tədbirlərin texnologiyası, məktəb həyatının
demokratikləşdirilməsi kimi problemlər mühüm yer
tutur. Həmin yazılar müasir dərsin
təlim-tərbiyə prosesinin səmərəli təşkilində,
yeni təlim metodlarının tətbiqində müəllimlərin
ən yaxın köməkçisidir.
Bu bir həqiqətdir ki, dünya fikir
bazarında ən az tapılan ideya yeni
pedaqoji ideyadır. Pedaqoji aləmdə yaranan
yeni ideyalar, forma və metodlar bir-biri ilə üzvü əlaqədə
olan iki yolla; elmi axtarışlar və əməli təcrübə
ilə yaranır. Şamxəlil müəllim
uzun illər Azərbaycan folklorunun tədrisi ilə
bağlı ciddi yaradıcılıq axtarışları
aparıb. 1990-cı ilin 11 noyabrında namizədlik
dissertasiyası müdafiə edərək pedaqoji elmlər
namizədi alimlik
dərəcəsi alıb. "Klassik
ədəbiyyatla folklorun korrelyativ əlaqəsi"
mövzusunda doktorluq işi yazsa da, dissertasiyanı müdafiə
etmək xoşbəxtliyi ona nəsib olmadı.
O, elmi araşdırmalarını sistemli və
ardıcıl aparmaq,
nəzəri müddəalarını təcrübənin
məhək daşında sınaqdan keçirmək məqsədilə
ali təhsil müəssisələrində uzun müddət
mühazirə və seminar məşğələləri
aparmışdı. Azərbaycan Dövlət Pedaqoji
Universitetində, Qafqaz Universitetində, Bakı Qızlar
Universitetində, Sumqayıt Dövlət Universitetində
uzunmüddətli təcrübələr əsasında apardığı tədqiqatların
praktik cəhətdən də əsaslı olduğunu təsdiq
etməklə yanaşı, hər şeydən əvvəl,
onun bir peşəkar müəllim kimi çoxşaxəli fəaliyyətini
təsdiq edir. O, bir müddət Sumqayıt Dövlət
Universitetinin "Folklorşünaslıq" elmi-tədqiqat
laboratoriyasına rəhbərlik etmişdir. Əslində
laboratoriyanın təşkili onun adı ilə bağlı
idi. Burada həm də o, "Dədə
Qorqud dünyası" dərnəyi təşkil etmişdi.
Onun müəllifliyi və rəhbərliyi ilə "Folklorşünaslıq
terminləri lüğəti", "Folklor müntəxəbatı"
kimi kitablar hazırlanmışdır.
Ş.Məmmədov 10 il
"Pioner" (indiki "Günəş") jurnalında
"Dədə Qorqud" folklor guşəsinin
aparıcısı olub. 33 il Azərbaycan
Teleradio Verilişləri Şirkətinin təhsil, xalq
yaradıcılığı, ədəbiyyat, Güney Azərbaycanı
redaksiyaları ilə əməkdaşlıq etmişdir. Güney Azərbaycanı baş redaksiyasının ən
fəal yazarlarından biri olmuşdur. Onun daimi
aparıcısı olduğu "Azərbaycan
dünyası", "Folklorşünaslar", "Azərbaycan
alimi dünya meridianlarında", "Ustad
aşıqlar", "Qadın sənətçilərimiz",
"Dədə Qorqud dünyası", "Yubilyarlar",
"Ədəbi simalar" adlı
verilişlər dinləyicilər tərəfindən həmişə rəğbətlə
qarşılanmış, ona və redaksiyanın
ünvanına saysız-hesabsız məktublar gəlmişdir.
O, millətin əxlaqi-mənəvi dəyərlərini, mədəniyyətini,
ədəbiyyatını, incəsənətini, mənəviyyat
pasportuna çevrilən oğullarını təbliğ
etmiş, xalqımızın şərəfli
keçmişini efir vasitəsi ilə dünyaya
yaymışdır. İnsanın ağlına,
zəkasına qida və qüvvət verən folklor nümunələrini,
əsrlərin qəlbindən qopub gələn bitməz
-tükənməz xalq yaradıcılığını
elmi-pedaqoji üslubda incələyərək xalqa
çatdırmışdır. Ulularımızın
kamal dünyası, müdriklik çeşməsi və
milyonlarla insanların tərbiyə məktəbi olan
şifahi xalq yaradıcılığının
toplanmasına, araşdırılmasına, tədqiq və təbliğ
olunmasına ömür sərf edən Şamxəlil müəllim
kimi insanlar dünyalarını dəyişsələr də,
birdəfəlik ölmürlər, tamam yox olmurlar, millətin
yaddaşında, millətin tarixində, onu tanıyanların
fikirlərində, xəyallarında və təsəvvürlərində
yaşayırlar.
Hələ sağlığında ikən
özünə mənəvi abidə ucaldan folklor bilicilərindən
biri də şübhəsiz ki, Şamxəlil müəllimdir.
O, xalq yaradıcılığı materiallarını oba-oba,
kənd-kənd toplamaqla kifayətlənməmiş, onları
elmi-nəzəri cəhətdən saf-çürük
etmiş, zəruri məsələləri tədrisə gətirmişdir.
Onun bakalavr təhsil pilləsi üçün "Azərbaycan
şifahi xalq ədəbiyyatı", "Ədəbiyyat tədrisi
metodikası", "Qədim və orta əsrlər Azərbaycan
ədəbiyyatı", "XIX əsr Azərbaycan ədəbiyyatı",
"Folklor və Azərbaycan ədəbiyyatı", "Ədəbiyyatşünaslığa
giriş", magistr pilləsi üçün "Azərbaycan
təsəvvürü", "Azərbaycan ədəbiyyatı
Şərq ədəbiyyatı kontekstində", "Ədəbiyyat
nəzəriyyəsi", "Müasir dramaturgiya",
"Azərbaycan mühacirət ədəbiyyatı"
adlı proqramları filoloq kadrların hazırlanmasında
mühüm əhəmiyyət kəsb edir. Şamxəlil Məmmədovun
əsərləri içərisində "Azərbaycan
folkloru üzrə sinifdənxaric işlərin forma və
yolları" (1983), "N.Gəncəvinin həyat və
yaradıcılığının ümumtəhsil məktəblərində
tədrisi məsələləri" (şərikli) (1987),
"Həyat işığı" (şərikli) (1988),
"Dünya arzularda yaşayır" (1990), "Əllərin
sehri" (1995), "Müəllim ömrü" (1997),
"Qafqazda ilk pedaqoji elmlər doktoru" (1996), "Müasir
elmin korifeyləri" (şərikli) (1997), "Ümid və
inam olmasaydı" (1997), "Dərslərdə yaşanan həyat"
(2002), "Qonağım olun" (2003), "Milli təhsilin fədailəri"
( 2004), "Tədrisin estetikası" (2005), "Azərbaycan
folkloru" (2008), "Yaradan nurundan payı olanlar" (2011) və
s. kitabları xüsusilə seçilir.
Şamxəlil müəllim pedaqoji
jurnalistikaya gələndə elə ilk gündən
elmi-pedaqoji ictimaiyyət arasında səmimiyyəti, insanlara
münasibəti, zəhmətsevərliyi, yüksək
intellektual səviyyəsi və geniş erudisiyası ilə
böyük hörmət və ehtiram qazanmış, elmə
və yazı-pozuya marağı ilə seçilmişdir.
O, filoloq olsa da həmişə içində peşəkar
jurnalist idealını yaşatmışdır. Onunla söhbətlərimizin birini yaxşı
xatırlayıram. O, jurnalist olmağını belə
xatırlayırdı: "Məndə jurnalistikaya
marağı Qulu müəllim oyatmışdı. Üçüncü kursdan başlayaraq APİ-də
çıxan "Gənc müəllim"də kiçik
yazılar dərc etdirdim. O vaxtlar qəzetin redaktoru professor
Zahid Xəlil, məsul katib Sərhəd Məmmədov idi. İlk bədii yazımı - "Bulaq
olaydım" mənsur şeirimi də onlar dərc etdiriblər.
Ordu sıralarından dönəndə işsiz
idim. Mərdəkandakı 181 nömrəli
məktəbdən hərbi xidmətə getmişdim. May ayı idi. Rəhmətlik Şahin müəllim
(o vaxt "Azərbaycan müəllimi"nin redaktor əvəzi
idi) qohumum Yusif
Talıbovla qonşu idilər. Söhbət
zamanı mənim barəmdə soruşur. O vaxt
folklorşünaslığımızın korifeyi M.H.Təhmasibin
rəhbərliyi ilə dissertasiya üzərində işlədiyimi
eşidib, məni redaksiyada işə kiçik ədəbi
işçi vəzifəsinə dəvət etdi. Sonra elə burada qalıb əməkdaş oldum.
Əlimin qələm tutmasında rəhmətlik
Məhyəddin Əbdülovun, Cavad Cavadlının, Tahir Əliyevin,
Pirxanım Qasımovanın əməyi olub. Beləcə illər ötdü, müxbir,
xüsusi müxbir, elm və təhsil şöbəsinin
müdiri oldum".
Müəllimliklə jurnalistlik Şamxəlil
Məmmədov üçün qoşa qanad olub.
O, ailədəki müəllimlər sülaləsinin ikinci
nümayəndəsi olub. Ömrünü
şam tək balalarımızın təhsil-tərbiyəsi
yolunda əridən anası Həmayıl xanım Dilbazi həm
də onun sinif müəllimi olub. Üç
bacısı, üç qardaşı və həyat
yoldaşı Maya Məmmədova da müəllimdir.
Şamxəlil müəllim həyatda
çox əzab-əziyyət çəkib, amma işıqlı sabaha
ümid və inamla baxıb, ağır zəhmətdən
yoğrulmuş uğurları ilə özünü təsdiq
edib. O, "Azərbaycan maarif əlaçısı"
(1978), "SSRİ maarif əlaçısı" (1985)
döş nişanları, Təhsil Nazirliyinin Fəxri fərmanları
ilə (1994, 2003) təltif olunub, akademik Mehdi Mehdizadə və
"Araz" ali ədəbi mükafatlarına layiq
görülüb. 2005-ci ildə ölkə Prezidenti cənab
İlham Əliyevin sərəncamı ilə ona "Tərəqqi"
medalı, 2008-ci ildə isə "Azərbaycan
Respublikasının əməkdar jurnalisti" fəxri
adı verilmişdir.
Şöhrətin uca və şərəfli
məqamına yetişən Şamxəlil müəllim bu
uğurları asanlıqla qazanmayıb.
Onun böyük müəllimi həyatın acısı-şirini,
qəmi-kədəri və nisgili olub. Dərdi
dərd üstündən şələləyən
dünyada "Göy üzünə daş atanlar" onun da
yolunda müxtəlif maneələr yaradıb. Müstəqil yaşamağa başladığı
gündən həyat ona müxtəlif sürprizlər bəxş
edib. ADU-nun jurnalistika fakültəsinə daxil
olmaq istəsə də, heç sənədlərini belə
götürməyiblər. Həm maddi, həm
də mənəvi cəhətdən sıxıntı
keçirib. Birinci dəfə üzərində
işlədiyi dissertasiya mövzusu yarımçıq
qalıb, elmi rəhbərinin dünyasını dəyişməsi
onun da həyatında dəyişiklik yaradıb. Ona qarşı edilən haqsızlıq, yersiz tələbkarlıq,
psixoloji sarsıntı sağlamlığında izsiz
qalmayıb. Yaxşı ki, dünyada
yaxşılar varmış. Z.Qaralov, Y.Kərimov,
Y.Talıbov, H.Əhmədov, A.Babayev, B.Əhmədov, Ə.Ağayev,
A.Rəhimov, Ə.Əlizadə, Q.Binnətov və
M.Süleymanlı kimi elm, sənət adamları onun xeyirxahları və yol göstərənləri
olub.
Uzun müddət xəstəlikdən əziyyət
çəkməsinə baxmayaraq o, qələmini yerə
qoymadı, ömrünün sonunadək yorulmadan
yazıb-yaratdı. Qu quşu ölməzdən
əvvəl oxuyur. O da ölməzdən əvvəl
"Yaşıdlarım", "Kəndimizin
adamları", "Yaddaşımdan boylananlar",
"Ömrümdə izi qalanlar", "Çinarlı
yurda həsrət nəğmələr" adlı
publisistik, "İyirmi ildən sonra" adlı hekayə və
povestlər kitabını yazdı.
Həyatın bütün sevincini yaratmaqda
görən Şamxəlil Məmmədov yazıb-yaratmaqla
ölümü öldürmək, ona qalib gəlmək arzusu
ilə yaşadı. Yazdıqları son
kitabların əlyazmaları onun həyatının
davamıdır. Bu əsərləri və
şəxsiyyəti ilə o, jurnalistika tarixində yaşamaq
hüququ qazanan insanlardan biri kimi daim anılacaq, həmişə
xatırlanacaq.
Fərrux
RÜSTƏMOV,
ADPU-nun
pedaqoji fakültəsinin
dekanı, pedaqogika
üzrə elmlər doktoru,
professor, əməkdar elm xadimi
Azərbaycan
müəllimi.- 2013.- 18 yanvar.- S.6.