Akademik Mehdi Mehdizadənin 110 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans

 

Yanvarın 17-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Azərbaycan Respublikası Təhsil Şurası ilə birgə görkəmli təhsil qurucusu və təşkilatçısı akademik Mehdi Mehdizadənin 110 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Konfransdan öncə qonaqlar institutda 2012-ci ildə yaradılmış Heydər Əliyev muzey-lektoriyası ilə tanış oldular. Konfransı giriş sözü ilə institutun rektoru, professor Asəf Zamanov açaraq  görkəmli alimin həyatı, fəaliyyəti və elmi yaradıcılığı barədə geniş məlumat verdi. Bildirildi ki, akademik Mehdi Mehdizadə görkəmli alim olmaqla yanaşı, əsl ziyalı kimi vətəninə, millətinə sadiq, haqq yolunda əyilməz və mətin bir vətəndaş, əqidəsinə, amalına xidmət edən kamil bir insan idi.

Onun həyatı iyirminci yüzilliyin tam 80 ilini əhatə edir. Bu illər ərzində o, bir neçə siyasi quruluş, iqtisadi münasibətlər, müxtəlif baxışlar, ideologiya, fərqli tələb və vəzifələrlə qarşılaşmışdı.

Asəf müəllim qeyd etdi ki, Azərbaycan Respublikası Maarif Nazirliyinə rəhbərlik etdiyi 25 ilə yaxın bir müddətdə Mehdi Mehdizadə xalq maarifinin fəal təşkilatçısı olmaqla yanaşı, geniş diapazonlu pedaqoq alim kimi də tükənməz yaradıcılıq axtarışlarını davam etdirmişdir. Həmin dövrdə yeni məktəblərin açılması, onların müasir avadanlıqla təchizi, təlim-tərbiyə prosesinin elmi əsaslarla təşkili, respublikamızda intellektual potensialın formalaşdırılması sahəsində çox böyük işlər görmüşdür. Yüksək mədəniyyət sahibi, nitqi, davranışı, ətrafındakılara münasibəti ilə seçilən Mehdi müəllim təkcə alim kimi deyil, bir insan kimi də akademik idi. Bir sıra dəyərli monoqrafiyaların müəllifi olan akademik M.Mehdizadə nəinki respublikamızda və keçmiş SSRİ-də, eyni zamanda YUNESKO-nun konfrans, müşavirə və iclaslarındakı məruzə və çıxışları, habelə alman, ingilis, fransız, ispan, ərəb və s. dillərdə çap olunmuş məqalələri ilə beynəlxalq aləmdə də böyük nüfuz qazanmışdır. Adi kənd müəllimliyindən başlayan pedaqoji fəaliyyət onu nazir vəzifəsinə, akademik zirvəsinə qədər yüksəltmişdir. Əminəm ki, keçmiş SSRİ maarif naziri akademik M.A.Prokofyevin "Akademik M.M.Mehdizadə pedaqogika elminin korifeylərindən biri, maarif quruculuğunun görkəmli təşkilatçısı kimi tanınmışdır" fikri əbəs yerə yaranmamışdır.

Natiq çıxışında onu da vurğuladı ki, akademik M.Mehdizadənin mənalı ömür yolu, həyatı və elmi-pedaqoji, ictimai fəaliyyəti həmişə diqqət mərkəzində olub. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının təhsil naziri, professor Misir Mərdanovun layihəsi əsasında hazırlanmış və 2010-cu ildə nəfis şəkildə çap olunmuş "Azərbaycanın təhsil nazirləri" kitabının "Azərbaycan xalq maarifi nazirləri" bölməsində Mehdi Mehdizadənin ömür yolu, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında konkret faktlar dərc olunub.

Ümummilli lider Heydər Əliyevin elmə, təhsilə olan diqqət və qayğısı akademik Mehdi Mehdizadədən də yan keçməyib. Ulu öndər hər zaman görkəmli alimin elmi fəaliyyətini və təşkilatçılıq bacarığını yüksək qiymətləndirmişdir. Akademik Mehdi Mehdizadənin pedaqogika elminin, pedaqoq alimlərin inkişafında, formalaşmasında böyük zəhməti və mühüm rolu olmuşdur. Bu gün akademik Mehdi Mehdizadənin yetirmələri təkcə respublikamızda deyil, həmçinin xarici ölkələrdə vətənimizi layiqincə təmsil edib, elmimizi inkişaf etdirirlər.

Sonra Mehdi Mehdizadənin ömür yoluna həsr edilmiş sənədli film nümayiş etdirildi.

Konfransda Azərbaycan Respublikası Təhsil Şurasının sədri, professor Əjdər Ağayev "Akademik Mehdi Mehdizadə-görkəmli təhsil təşkilatçısı", Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun şöbə müdiri, professor Vidadi Xəlilov "Akademik Mehdi Mehdizadənin pedaqoji irsində müasirlik tendensiyaları" mövzularında məruzə etdilər. Təhsil Problemləri İnstitutunun direktoru, professor Abdulla Mehrabov, həmin institutun direktor müavini, professor Yəhya Kərimov, "Azərbaycan məktəbi" jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Nəcəf Nəcəfov, Təhsil Muzeyinin direktor müavini Arif Muradov və digərləri Mehdi müəllimlə bağlı maraqlı xatirələr söylədilər.

Tədbirdə İnstitutun professor-müəllim heyəti, tələbələri, Təhsil Şurası İdarə Heyətinin üzvləri, digər ali məktəblərin mütəxəssisləri ilə yanaşı, alimin ailə üzvləri də iştirak edirdilər. Mehdi müəllimin övladları - pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Mehdizadə və Nailə Mehdizadə onun təkcə dəyərli alim, görkəmli maarif qurucusu kimi deyil, həm də bir ata kimi mənəvi zənginliyə malik olduğundan danışdılar və elmi-praktik konfransın təşkilinə görə minnətdarlıqlarını bildirdilər. 

 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2013.- 18 yanvar.- S.6.