İki dəfə dünya, bir dəfə Avropa çempionu

 

Bu dünyada hamımız yol gedirik. Enişli, yoxuşlu bir həyat yolu. Bu yolda hərə öz səadətini tapmaq, arzu istəyinə çatmaq üçün mübarizə aparır. Danılmaz bir həqiqətdir ki, yalnız bütün çətinliklərə sinə gərənlər, məqsədinə çatanadək hər əzaba qatlaşanlar öz amalına, istəyinə, arzusuna nail olublar. Elə oxucularımızı tanış etmək istədiyimiz əzmkarlığı, dəyanəti, inadlı mübarizəsi sayəsində iki dəfə dünya, bir dəfə Avropa çempionu olan Zaur Cəfərli kimi. Əvvəlcə onu qeyd edək ki, Zaur 1997-ci ildə Bakıda anadan olub. 2003-cü ildə Bakıdakı 39 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. Hazırda həmin məktəbin X sinfində oxuyur.

 

 Zaurun sorağı ilə...

 

Zaur haqqında əvvəldə söylədiyimiz məlumatları xoş bir təsadüf nəticəsində öyrənmişdik. Elə bu günlər 39 nömrəli tam orta məktəbin direktoru Tahirə Şükürova ilə əlaqə yaratdıq. Bir-iki gün sonra Zaurun sorağı ilə məktəbə getdik. Onunla direktorun otağında görüşdük. Tahirə müəllim Zaurun nizam-intizamlı, dərslərini yaxşı oxuyan, idman sahəsində qazandığı uğurları ilə məktəbin adını ucaldan bir şagird olduğunu söylədi onun idman sahəsində qazandığı uğurlardan bəhs edən fotostend hazırladıqlarını da bildirdi.

Söhbət zamanı məktəbin fiziki tərbiyə müəllimi Eldar Sadıqov da Zaurun idmana olan  böyük marağından, bu sahədə əldə etdiyi uğurlardan öz şagirdi ilə fəxr etdiyindən danışdı.

Biz sonra söhbətimizi Zaurla davam etdirdik.

 

"Atam məni idmanın qaydasız döyüş növünə yazılmağa qoymadı"

 

- Öncə onu deyim ki, 5-6 yaşım olanda atama bildirdim ki, istəyirəm idmanın qaydasız döyüş növünə yazılım. Atam isə əziləcəyimdən, qol-qılçamın qırılacağından ehtiyatlanaraq mənim istəyimə qəti etiraz etdi. O, elə həmin vaxtdan məni "Təhsil" Respublika İdman Mərkəzində üzgüçülük bölməsinə yazdırdı. Bir neçə il burada məşğul olduqdan sonra 2009-cu ildə mən öz  istəyimə nail olmaq üçün "Turan" İdman Klubunda kinq-boks idman növünə üzv yazıldım. Burada müəllimim, beynəlxalq dərəcəli  məşqçi Ruhi Hüseynovun rəhbərliyi ilə kinq-boksun sirlərinə yiyələnməyə başladım. Beləliklə, 3-4 illik müntəzəm gərgin məşqlərim mənim beynəlxalq yarışlarda iştirak etməyimə əsaslı zəmin yaratdı. Onu da deyim ki, mən idmanın kinq-boks, qaydasız döyüş budo növlərində yarışa bilirəm.

 

"2012-ci il mənim üçün daha uğurlu il olub"

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2012-ci ilin ölkəmizdə "İdman ili" elan olunması bir idmançı kimi mənim həyatımda xüsusi olaraq əhəmiyyət kəsb edib. Ona görə ki, ötən ilin fevralında Gürcüstanın Tbilisi şəhərində kinq-boks üzrə yeniyetmələr arasında keçirilən beynəlxalq açıq turnirdə uğurlu çıxış edərək  I yerə çıxdım. İlk dəfə olaraq qızıl medalın sahibi oldum.

İkinci qələbəm isə Türkiyənin Niğde şəhərində ötən ilin aprelində "Atatürk kuboku" uğrunda kinq-boks üzrə yeniyetmələr arasında keçirilən yarışda I yeri tutaraq qızıl medal qazanmağım olub.

2012-ci il aprelin 19-20-də Sankt-Peterburq şəhərində budo (əlbəyaxa döyüş növü) üzrə yeniyetmələr arasında keçirilən Avropa çempionatında I yeri tutaraq Avropa çempionu adını qazanmışam. Bu il  kinq-boks üzrə maraqlı yarışlarımdan biri Gürcüstanın Ureki şəhərində olub. Həmin beynəlxalq turnirdə rəqibim erməni döyüşçüsü Tiqran Hovhanisyan idi. Onu cəmisi bir dəqiqə ərzində məğlub etdim.

 

İkiqat dünya çempionu adının sevinci

 

Həmin gün Zaur bizimlə görüşə müxtəlif yarışlarda böyük zəhməti sayəsində qazanaraq bir torbaya yığdığı  medallarını da gətirmişdi. Onların arasından əvvəlcə bir medal götürərək dedi:

- Bax, bunu ötən il 12-13 sentyabr tarixlərində Rusiyanın Anapa şəhərində kinq-boks üzrə dünya kuboku uğrunda keçirilən yarışda I yeri tutaraq dünya kubokunun sahibi olduğuma görə qazanmışam.

Bu ikinci qızıl medalı isə 2012-ci ilin 21-25 oktyabr tarixlərində İranın Kiş adasında budo üzrə keçirilən dünya çempionatında I yeri tutduğuma görə mənə təqdim ediblər. İkinci dəfə dünya çempionu olmağımın sevinci bu gün şirin bir xatirə kimi qəlbimdə yaşayır. Onu da deyim ki, budo Şərq idman növü olaraq, bu-döyüş, do-isə yol deməkdir.

Bəli, Zaurun qazandığı ikiqat dünya çempionu adının sevinci, əlbəttə, onun gecəli-gündüzlü çəkdiyi zəhmətinin bəhrəsidir.

 

Ötən ilin sonuncu yarışı

 

Zaurun sonuncu yarışı ötən il noyabrın 17-18-i tarixlərində Gürcüstanın Tbilisi şəhərində olub. O, bu yarışda Azərbaycanın yığma komandasının üzvləri ilə birlikdə iştirak edib. Qaydasız döyüş üzrə beynəlxalq açıq birincilik yarışında da o, birinci yerə çıxaraq qızıl medalın sahibi olub.

Onun əvvəlki qələbələri kimi bu qələbəsi təhsil aldığı orta məktəbdə təntənə ilə qeyd edilib. Zaur Cəfərliyə tər-çiçək dəstələri təqdim edilərək ona yeni-yeni qələbə uğurları arzulayıblar. 

 

 

Ə.DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2013.- 18 yanvar.- S.7.