55 illik şərəfli yaradıcılıq yolu
Müsahibimiz
"Göyərçin" jurnalının baş
redaktoru, Azərbaycan Respublikasının əməkdar
mədəniyyət işçisi,
tanınmış şair, ədəbiyyatşünas,
pedaqoq, filologiya elmləri
doktoru, professor Rafiq Yusifoğludur.
- Bizim
hamımız uşaq vaxtı "Göyərçin"i
sevə-sevə oxumuşuq. Qəribədir
ki, indi də bu jurnalı övladlarımız, nəvələrimiz
sevə-sevə oxuyurlar. "Göyərçin"in
nəşri tarixi haqqında
oxucularımıza məlumat verməyinizi xahiş
edirəm.
-
"Göyərçin"in ilk sayı
1958-ci ildə işıq üzü görəndə
mən Azərbaycanımızın ucqar dağ kəndlərindən birində,
Qubadlı rayonunun Çardaxlı kəndində
yaşayır və təhsil alırdım. Atam
məktəb direktoru idi.
Bir dəfə o, evə
gələndə gətirdiyi qəzet və jurnallardan
biri daha çox diqqətimi çəkdi. Birinci dəfə idi ki, belə bir rəngli jurnal görürdüm. Onun üz qabığında eynən mən yaşda olan qaraqaş, qaragöz,
gülərüz bir oğlanın şəklini
görəndə ürəyimdən keçmişdi
ki, kaş mənim də
şəklim bu jurnalda
çap olunaydı. Onda
heç ağlıma da
gəlməzdi ki, nə vaxtsa
bu jurnalda mənim də
şeirlərim, hekayələrim, nağıllarım çap olunacaq, nə vaxtsa bu jurnalın əməkdaşı,
hətta baş redaktoru
olacağam.
"Göyərçin"in
ilk sayında çap
olunan "Göyərçin"
şeirindən bəzi misralar indi də yadımdadı.
Göyərçinim, ağ quşum,
Gəl qoşa uçaq, quşum!
Bakının göylərindən,
Xəzərin üzərindən
Gəl uçaq uzaqlara,
Qoşulaq uşaqlara.
Hər zəmidən bir sünbül,
Hər bağçadan çiçək,
gül
Toplayıb qucaq-qucaq,
Gəl uçaq, uçaq, uçaq!
Sonradan öyrəndim ki, bu şeirin
müəllifi Əhməd Cəmil Azərbaycanın ən
tanınmış şairlərindən biri imiş.
Jurnalın ilk sayında yazıları çap olunan Abdulla
Şaiqin, Mikayıl Rzaquluzadənin, Ələviyyə
Babayevanın, Əli Vəliyevin, Xanımana Əlibəylinin,
Mirvarid Dilbazinin, Həbibə Zeynalovanın, Hüseyn Abbaszadənin,
Həsən Seyidbəylinin, Mirmehdi Seyidzadənin, rəsmləri
verilən Yusif Hüseynovun, Davud Kazımovun, Rasim Babayevin
adlarını dərin minnətdarlıq duyğusu ilə
xatırlatmaq istəyirəm. Uşaq vaxtı bu adlar mənə
heç nə deməsə də, indi bilirəm ki,
"Göyərçin" oxucuların ilk
görüşünə çox güclü yaradıcı
kollektivlə gəlibmiş...
-
Balalarımızın sevimli jurnalı "Göyərçin"i
araya-ərsəyə gətirənlər kimlər olub?
- Jurnalın ilk redaktoru
tanınmış yazıçı Yusif Əzimzadə olub.
Sonra xalq yazıçısı Hüseyn Abbaszadə, Xalidə
Hasilova, Tofiq Mahmud "Göyərçin"ə rəhbərlik
eləyiblər. 1997-ci ildən isə adlarını dərin
hörmət və ehtiramla çəkdiyim həmin
yazıçıların yolunu mən davam etdirirəm.
Ayrı-ayrı vaxtlarda Hikmət Ziya, Xəlil Rza Ulutürk,
Bayram Həsənov, Əbülfəz Hüseyni, Həbibə
Zeynalova, Cahangir Məmmədov, Vaqif İbrahim, Tahirə İsgəndərova,
Yusif Hüseynov, Rafiq Mehdiyev, Rəşid Əmirov kimi
tanınmış şairlər, yazıçılar, rəssamlar
"Göyərçin"in redaksiyasında işləyiblər.
Allah onların hamısına rəhmət eləsin,
ruhları şad olsun!
- Rafiq
müəllim, hər bir mətbuat orqanının siması
onun müəllifləri ilə müəyyən olunur. Sizin
jurnalda əsərləri daim çap olunan şair və
yazıçılardan kimlərin adlarını çəkə
bilərsiniz?
- Bu siyahı çox
böyükdür. Elə bilirəm ki, təkcə əsərləri
"Göyərçin"də çap olunan xalq şairlərinin,
xalq yazıçılarının adlarını çəksəm,
sizə hər şey aydın olar: Süleyman Rəhimov, Mirzə
İbrahimov, Mehdi Hüseyn, Əli Vəliyev, İlyas Əfəndiyev,
Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim,
Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Mədinə Gülgün,
Balaş Azəroğlu, İsmayıl Şıxlı, Əzizə
Cəfərzadə, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə,
Hüseyn Arif, Məmməd Araz, Xəlil Rza, Nəriman Həsənzadə,
Anar, Elçin, Fikrət Qoca... Hələ siyahı bununla da
tamamlanmır, Azərbaycan uşaq ədəbiyyatının ən
görkəmli nümayəndələri kimi tanınan
Mikayıl Rzaquluzadə, Mirmehdi Seyidzadə, Xanımana Əlibəyli,
Teymur Elçin, Fikrət Sadıq, İlyas Tapdıq, Tofiq
Mütəllibov, Ələviyyə Babayeva, Əzizə Əhmədova,
Zahid Xəlil və başqaları "Göyərçin"lə
daim əməkdaşlıq edən müəlliflər
olublar. Əsasən böyüklər üçün
yazıb-yaradan Əhməd Cəmil, Qasım Qasımzadə, Adil
Babayev, Salam Qədirzadə, Əlibala Hacızadə, Əli Kərim,
Məmməd Aslan kimi tanınmış qələm sahibləri
də arabir öz yazıları ilə "Göyərçin"də
çıxış eləyiblər.
- "Göyərçin"in bir
qanadı da rəsm əsərləridir.
Jurnalla əməkdaşlıq edən
tanınmış rəssamlar
olubmu?
- Əlbəttə, olub. Yusif
Hüseynov, Davud Kazımov, Rasim Babayev, Toğrul Nərimanbəyov, Tofiq Cavadov, Rafiq Mehdiyev, Altay Hacıyev, Cəmil Müfidzadə, Elmaz Hüseynov, Arif Hüseynov, Arif Əzizov, Ənvər Qarayev, Oqtay Quliyev və
başqa bu kimi tanınmış rəssamların
əsərləri həmişə
"Göyərçin"ə xüsusi gözəllik verib. İndi də həmin görkəmli rəssamların
yolunu İlqar Mehdiyev, Mətanət Aslanova, Vəfa İbrahimqızı, Orxan
Hüseynov, Leyla Salamova, Kübra Salamova, Aytən Şirzadova, Afər Mehdiyeva, Fidan Axundova kimi rəssamlar
ləyaqətlə davam
etdirirlər.
- Sizcə, "Göyərçin"in
başlıca uğuru
nədən ibarətdir?
- Xalqımızın gözəl təmsil ustası, uzun müddət bizim jurnalda şöbə müdiri, məsul katib vəzifələrində
çalışmış mərhum Hikmət Ziyanın bir sözü yadıma düşür: "Göyərçin"
qartallar yetişdirir"...
"Göyərçin"
jurnalı yarandığı
ilk gündən bu günə qədər Azərbaycan uşaq ədəbiyyatının "təsərrüfat
sahəsi" olub.
Bu jurnalda çap
olunan yazılardan orta məktəb dərslikləri, əlavə
oxu kitabları hazırlanarkən gen-bol istifadə olunub. "Göyərçin"
"Əlifba"dan sonra
uşaqların oxu vərdişlərini inkişaf
etdirmək üçün
ən lazımlı, gərəkli bir jurnaldır". Bu sözlər Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanova məxsusdur.
Görkəmli alim, sovetlər birliyi dövründə Azərbaycanın
maarif naziri vəzifəsində çalışan
Mehdi Mehdizadənin, mətbuat komitəsinin sədri İsrafil Nəzərovun, professor Zahid
Qaralovun, görkəmli
şair və yazıçılardan Mirzə
İbrahimovun, Süleyman
Rəhimovun, Mirvarid Dilbazinin, Mikayıl Rzaquluzadənin, Nigar Rəfibəylinin, Mirmehdi Seyidzadənin, Mədinə
Gülgünün, Salam Qədirzadənin,
Teymur Elçinin, Hüseyn Abbaszadənin, Tofiq Mahmudun, İlyas Tapdığın
və başqalarının
"Göyərçin" haqqında söylədikləri
xoş sözlər bizi indi də
həvəslə işləməyə
ruhlandırır. Abdulla Şaiq, Məmməd Rahim, Əhməd Cəmil kimi görkəmli şairlərin
"Göyərçin" jurnalına şeir həsr eləmələri
də təsadüfi deyildir. "Göyərçin"in kitabxanası
seriyasından çap
elədiyimiz kitablar uşaq ədəbiyyatımızı
əhəmiyyətli dərəcədə
zənginləşdirib. Biz bu işi
indi də davam etdiririk. 55 ildə "Göyərçin"
zəngin uşaq ədəbiyyatı nümunələrini
nəşr eləyərək
oxucuların öhdəsinə
verib. Biz təkcə Azərbaycan yazıçılarının deyil, dünya uşaq ədəbiyyatının
da ən gözəl nümunələrini
öz jurnalımızda
çap eləmişik.
İndiyə qədər "Göyərçin"də
çap olunan əsərləri bir yerə yığıb nəşr eləmək mümkün olsaydı, neçə-neçə sanballı
cildlər meydana gələrdi. Ümid eləyirik ki, nə vaxtsa bu arzumuz da
reallaşacaq...
- Bir vaxtlar digər
mətbuat orqanları
kimi "Göyərçin"
də bağlanmaq təhlükəsi ilə
üzləşmişdi. Necə oldu
ki, "Göyərçin"
öz "uçuşlarını"
davam etdirə bildi?
- Digər mətbuat orqanları kimi bizim də
jurnalın xilaskarı
ulu öndərimiz Heydər Əliyev olmuşdur. Bu uzaqgörən
şəxsiyyətin, eləcə
də onun ləyaqətli davamçısı,
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin atalıq qayğısı nəticəsində
"Göyərçin" öz "uçuşlarını"
indi də davam etdirir. Jurnalımızın yaradıcı kollektivi
həmişə bizə
göstərilən böyük
etimadı doğrultmağa
çalışır. Biz dərk eləyirik
ki, gələcəyin
vətəndaşlarını tərbiyə etmək yolunda üstümüzə
çox böyük məsuliyyət düşür.
Dərk eləyirik ki, "Göyərçin" birbaşa
uşaqların təlim-tərbiyəsi
ilə bağlı olduğu üçün
strateji əhəmiyyətə
malik bir mətbuat orqanıdır.
Balalarımızı vətənimizin
adına layiq oğullar, qızlar kimi tərbiyə eləmək
işində biz də
öz töhfələrimizi
verməyə çalışırıq.
Arzumuz budur ki, jurnalımızın
oxucularının sayı
gündən-günə çoxalsın.
- Rafiq müəllim, sizi və rəhbərlik
etdiyiniz "Göyərçin"
jurnalının yaradıcı
kollektivini 55 illik yubileyiniz münasibətilə
"Azərbaycan müəllimi"
qəzetinin əməkdaşları
və çoxsaylı
oxucuları adından
təbrik edir, yeni-yeni uğurlar diləyirik.
- Çox sağ olun!
Təşəkkür edirəm. Söhbətin
bu məqamında elə bil ki,
qulaqlarımda tanınmış
bəstəkar, əməkdar
incəsənət xadimi
Nailə Mirməmmədlinin
mənim sözlərimə
bəstələdiyi "Göyərçinim"
mahnısı səslənir:
Ömrün boyu ucalmısan,
Ləyaqətlə yaşamısan.
Qanadında sən ellərə
Sevinc, fərəh daşımısan.
Hey qanad çal, üstümüzə
Şeir, hikmət, nağıl yağsın.
Gəlişinlə
ömrümüzə,
Günümüzə
günəş doğsun!
Körpələrin
ürəyinə
Cığır salan "Göyərçinim".
Azərbaycan göylərində
Qanad çalan
"Göyərçinim"!
Müsahibəni apardı: Ədalət
DAŞDƏMİRLİ
Azərbaycan
müəllimi.- 2013.- 18 yanvar.- S.7.