İngilis dilində ilk "Məhkəmə təbabəti" dərsliyi çapdan çıxıb
Qurucusu
ulu öndərimiz Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikası
günü-gündən çiçəklənir, inkişaf edir və
müasirləşir. Bütün bu inkişafın, stabilliyin
qorunması və gələcək nəsillərə ötürülməsi
ulu öndərimizin siyasi
kursunun layiqli
davamçısı cənab İlham Əliyevin
adı ilə birbaşa
bağlıdır. Qeyd etdiyimiz
tərəqqinin fonunda cəmiyyətimizdə
gedən demokratikləşmə prosesinin xüsusi yer alması
inkaredilməz faktdır. Prezident İlham Əliyev tərəfindən
aparılan uğurlu dövlət quruculuğu siyasətində bütün
sahələrdə olduğu kimi, hüquq və tibdə
də böyük inkişaf
olub. Məhkəmə təbabəti bu böyük elm sahələrinin arasında olduğu
üçün onun da bu inkişafda
özünəməxsus xüsusi çəkisi
vardır.
Məhkəmə-tibbi
ekspertiza hüquq-mühafizə
orqanlarının fəaliyyəti zamanı əmələ gələn
tibbi-bioloji xarakterli
sualların öyrənilməsi və
cavablandırılması ilə məşğul olan ekspertiza sahəsidir. Onun elmi bazasını isə
məhkəmə təbabəti elmi təşkil
edir. Odur ki, hüquq və tibb sərhədində yerləşən bu vacib və özünəməxsus
elm sahəsinin yaxşı mənimsənilməsi
həm tibb, həm də hüquq
fakültələrinin tələbələri üçün vacibdir. Bütün dünyada olduğu kimi, Azərbaycanda
da ali məktəblərin
tibb, stomatologiya, hüquq fakültələrində tələbələr
axırıncı kurslarda məhkəmə
təbabəti kursunu öyrənirlər.
Məhkəmə
təbabəti elmi hüquq
elminin tələblərinə uyğunlaşaraq
formalaşdığından, bəzən onu
"Hüquqda təbabət" də
adlandırırlar. Məhkəmə ekspertizaları elminin bir sahəsi olan məhkəmə təbabətinin
respublikamızda inkişafda olması çox vacibdir. Həyat və
sağlamlıq əleyhinə olan cinayətlərin
açılmasında məhkəmə-tibbi ekspertizanın xüsusi yeri vardır. Odur ki, hüquq
və tibb fakültələrinin tələbələri
bu fənni yaxşı mənimsəməlidirlər. Eyni zamanda onu da
vurğulamalıyıq ki, məhkəmə
təbabəti fənni üzrə Azərbaycan və rus dillərində ədəbiyyat olsa da, xarici
dildə ədəbiyyata ölkəmizdə böyük
tələbat vardır. Tələbat ondan irəli gəlir ki, son illər Azərbaycanın ali
hüquq və tibb təhsil
ocaqlarında onlarla xarici
ölkədən gəlmiş yüzlərlə əcnəbi
tələbənin ingilis dilində təhsil
almasına baxmayaraq universitetlərimizin
onları ingilisdilli dərsliklərlə
təmin etməkdə çətinlikləri mövcuddur. Bu nöqteyi-nəzərdən BDU və ATU-nun professoru, tibb elmləri doktoru Vüqar Məmmədovun 536 səhifədən
ibarət ingilis dilində
yazdığı "Forensic medicine" ("Məhkəmə təbabəti")
dərsliyi ölkəmizin, Azərbaycan təhsil sisteminin və Azərbaycan alimlərinin əcnəbi
tələbələr qarşısında imicinin yüksəlməsinə xidmət edir. Professor V.Məmmədovun
dərslikdə əhatə etdiyi mövzular həm hüquq,
həm də tibb fakültələrinin tələbələri
üçün əhəmiyyətlidir.
Doqquz fəsildən ibarət dərslik
məhkəmə təbabəti sahəsində ingilis dilində tərtib olunmuş
vacib tədris vəsaitidir, böyük praktiki və tətbiqi əhəmiyyətə
malikdir, tədris prosesi
zamanı böyük ehtiyac
tələb olunan kitabdır. Çox sadə
dildə, strukturlaşdırılmış şəkildə
yazıldığı
üçün dərsliyin oxucularda maraq
doğuracağına inanırıq. Hər fəsildə məhkəmə
təbabətinin bir sahəsi (məhkəmə-tibbi
tanatologiya, travmatologiya,
toksikologiya, identifikasiya
və.s) geniş şəkildə əks
olunur. Bu dərslik azərbaycanlı
alim tərəfindən məhkəmə
təbabəti üzrə ingilis dilində
yazılmış ilk kitabdır.
Kitabın nəşrində müəllifə "İrəli"
İctimai Birliyi, Azərbaycan
Hüquqşünaslar Konfederasiyası və
Azərbaycan Gənclər Fondu maliyyə
dəstəyi göstərmişdir.
Kitaba xarici
mütəxəssis və alimlər olmaqla
ümumilikdə 11 müsbət rəy verilmişdir.
Bunlara misal olaraq Dünya
Tibbi Hüquq
Assosiasiyasının fəxri prezidenti, YUNESKO-nun Bioetika
kafedrasının rəhbəri, İsrailin
Hayfa Universitetinin hüquq fakültəsinin professoru
Amnon Karmi, İ.M.Seçenov adına Birinci
Moskva Dövlət Tibb
Universitetinin Məhkəmə təbabəti
kafedrasının müdiri, akademik Yuri Piqolkin
və ABŞ Məhkəmə Elmləri
Akademiyasının fəxri prezidenti, Amerika Tibbi Hüquq
Assosiasiyasının İdarə Heyətinin rəhbəri, professor Siril Vextin rəylərini göstərmək olar. Hər üç alim dünyada məhkəmə
təbabəti və tibbi hüquq
üzrə ən çox tanınan
aparıcı mütəxəssislərdir. Belə ki, hazırda rus dilində
olan məhkəmə-tibbi dərsliklərin
əksəriyyəti akademik Piqolkinin rəhbərliyi altında nəşr
olunur. Professor Karmi YUNESKO-nun tibbi hüquq sahəsinə
aid əksər elmi ədəbiyyatının
və dərsliklərin müəllifidir. Professor Vext
isə Amerika və dünya
məhkəmə təbabətinin son 50
ildə korifeyidir və onun
yazdığı 5 cildlik "Məhkəmə
elmləri" dərsliyi son 25 ildə hər
il yenidən nəşr olunaraq
ingilisdilli dünya üçün əsas dərs vəsaiti hesab olunur. O öz rəyində yazır ki, son 50 ildə 18000 autopsiya keçirmiş və
38000 məhkəmə-tibbi ekspertizaların məsləhətçisi
olmuş, o cümlədən
prezident Con F.Kennedinin, senator Robert F.Kennedinin, Elvis Preslinin, Maykl Ceksonun və bir sıra məşhur şəxslərin ölümü ilə əlaqədar olan məhkəmə-tibbi ekspertiza komissiyalarının rəhbəri olmuşdur. Professor Siril H.Vext öz rəyində kitabın vacibliyindən, onun müasir üslubda yazıldığından, məhkəmə
təbabəti üzrə ixtisaslaşan insanlar, hüquq və tibb fakültələrinin tələbələri
üçün yüksək dərəcədə
faydalı olmasından söz
açır. O qeyd edir ki, Amerika
Məhkəmə Elmləri Akademiyasının fəal üzvü olan azərbaycanlı
alim, professor Vüqar Məmmədovun "Məhkəmə
təbabəti" kitabı tələbələr, həkimlər,
hüquqşünaslar və bu sahənin mütəxəssisləri tərəfindən
rəğbətlə qarşılanacaq. Amerikalı
mütəxəssisin qeyd etdiyi
kimi, həm Böyük
Britaniyada, həm də ABŞ-da
məhkəmə təbabəti və cinayət prosesi və ədliyyəsi sahəsində zəruri
hazırlıq və təcrübə keçmiş
professor Vüqar Məmmədov
bu mühüm ədəbi
nailiyyətinə görə tərifəlayiqdir. Professor Vextin rəyi tam şəkildə kitabda
verilmişdir.
"Forensic Medicine" dərsliyinin
Azərbaycanda rəsmi instansiyalardan keçib nəşr olunması üçün kitab ingilis dilindən Azərbaycan dilinə tərcümə
olunub, tərcümə əsasında Azərbaycan
dilində də "Məhkəmə təbabəti" dərsliyi
521 səhifədə işıq üzü
görmüşdür.
Yuxarıda
qeyd olunanlara onu da əlavə etmək
olar ki, Dünya Tibbi Hüquq və Avropa Tibbi Hüquq
assosiasiyalarının İdarə Heyətinin üzvü,
YUNESKO-nun eksperti, tibb elmləri doktoru, professor Vüqar Məmmədovun ingilis
dilində "Forensic Medicine"
("Məhkəmə təbabəti") dərsliyi gündən-günə
müasirləşən Azərbaycanın çağdaş
dövrünün tələblərinə
yüksək səviyyədə cavab verir, ondan istifadə edəcək
azərbaycanlı və xarici tələbələrin
bu fənni rahatlıqla mənimsəmələrində
onlara yardımçı olacaqdır. Sonda onu da
bildirmək istərdik ki, bu
dərsliyin toplumda hüquq,
tibb, bütövlükdə məhkəmə
təbabəti anlayışının qavranılmasına da yardımçı olacağına
inanırıq. Kitabdan təkcə tələbələr
deyil, ingilis dilində
oxuya bilən magistrant,
doktorant, hüquqşünas
və elmi işçilər də faydalanacaqlar.
Əmir ƏLİYEV,
Bakı Dövlət Universitetinin
hüquq
fakültəsinin dekanı,
hüquq elmləri doktoru, professor
Azərbaycan
müəllimi.- 2013.- 18 yanvar.- S.7.