Naxçıvan
Dövlət Universitetində qarşıda duran vəzifələr
müzakirə olunub
NDU-da dördüncü
çağırış Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin altıncı sessiyasının
yekunları və Naxçıvan Dövlət Universiteti
qarşısında duran vəzifələrə həsr
olunmuş yığıncaq keçirildi.
Yığıncaqda universitetin rektoru, akademik İsa Həbibbəyli
mövzu ilə bağlı ətraflı məruzə edərək
sessiyada müzakirə olunmuş məsələlər barədə
məlumat verdi. Qeyd olundu ki, sessiyada Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məruzə
edərək ötən il regionda digər sahələrlə
yanaşı elm və təhsilin inkişafından da bəhs
etmiş, bu sahədəki prioritet məsələlərə
toxunmuşdur. 2012-ci ilin Naxçıvan Dövlət
Universiteti üçün də uğurlu olduğunu
vurğulayan rektor bildirdi ki, ardıcıl və hərtərəfli
dövlət qayğısı sayəsində təlim-tərbiyə
və elmi tədqiqat işlərinin səviyyəsinin daha da
yüksəldilməsi, maddi-texniki bazanın əsaslı
şəkildə möhkəmləndirilməsi və yenidən
qurulması istiqamətində çoxşaxəli tədbirlər
həyata keçirilib. Hesabat dövründə universitetdə
quruculuq, abadlıq, yaşıllaşdırma tədbirləri
davam etdirilib. Təbiətşünaslıq və kənd təsərrüfatı
və pedaqoji fakültələr üçün 5 mərtəbəli
müasir tipli tədris korpusu istifadəyə verilib. 2012-ci ildə
həyata keçirilən yeniləşmə tədbirlərinin
mühüm bir istiqaməti informasiya-kommunikasiya
texnologiyalarının tətbiqinin əhatə dairəsinin
daha da genişləndirilməsi, elektron universitet layihəsinin
həyata keçirilməsi, elektron test üsulu ilə
imtahanların təşkili ilə bağlıdır.
Universitetin beynəlxalq əlaqələri
də genişlənib, yeni əməkdaşlıq müqavilələri
imzalanıb, Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq
Agentliyi ilə "Naxçıvan Dövlət Universiteti
üçün elektron təhsil şəbəkəsi və
rəqəmsal multimedia infrastrukturunun yaradılması"
adlı layihənin ilkin razılaşma protokolu imzalanıb,
universitet Avropa Birliyi ölkələrinin TEMPUS
proqramının beş layihəsində uğurla iştirak
edib. Xarici ölkələrdə keçirilən elmi tədbirlərdə
universitet əməkdaşlarının fəal
iştirakı da diqqətəlayiqdir. Bir sıra xarici ölkələrin
Azərbaycandakı səfirlərinin universitetə gəlişi,
keçirilən görüşlər də beynəlxalq əməkdaşlığın
mühüm göstəriciləri sırasındadır. Həyata
keçirilən tədbirlər, görülən işlər
elmin, təhsilin tərəqqisi, muxtar respublikanın intellekt
potensialının artırılması istiqamətində
öz bəhrələrini verməkdədir. Rektor, akademik
İsa Həbibbəyli universitetin beynəlxalq reytinq cədvəllərində
iştirakının təmin olunması, elektron imtahanların
əhatə dairəsinin genişləndirilməsi, distant və
online təhsilin həyata keçirilməsi, dəqiq elmlərin
inkişafı sahəsində qarşıda duran mühüm
vəzifələrdən bəhs etdi.
Tədris işləri üzrə
prorektor, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə
Seyid 2012-ci ildə universitetin tədris sahəsində
qazandığı uğurlarla bağlı məruzə etdi.
Məlumat verildi ki, Naxçıvan Dövlət Universitetində
bakalavr, magistratura, rezidentura və doktorantura səviyyələri
üzrə kadr hazırlığı həyata keçirilir,
bakalavr səviyyəsində 56, magistratura səviyyəsində
isə 41 ixtisas üzrə yüksək ixtisaslı mütəxəssislər
hazırlanır. Türkiyə, İran, Rusiya, Qazaxıstan,
Banqladeş, Nigeriya, Cənubi Koreya, Türkmənistan
respublikalarından 300-dən artıq xarici vətəndaş
da daxil olmaqla universitetdə 4851 nəfər təhsil alır.
2012-ci ildə universiteti 951 nəfər məzun bitirmiş,
1104 nəfər bu ali məktəbə qəbul olunmuşdur.
Ötən il universitetdə bir sıra yeni ixtisaslar
açılmış, müasir texnologiyalarla təchiz
olunmuş yeni laboratoriyalar və fənn kabinetləri
yaradılmışdır. Universitetdə bakalavr səviyyəsində
tədrisin kredit sistemi ilə təşkili məqsədilə
islahatlar aparılmış, tədrisin dünya standartları
səviyyəsində inkişafı istiqamətində əhəmiyyətli
işlər görülmüş, tədrisdə müvəffəqiyyət
və keyfiyyət göstəricilərinin
artırılmasına nail olunmuşdur. Tədris işləri
üzrə prorekror universitetdə tədrisdə informasiya-kommunikasiya
vasitələrinin daha geniş tətbiqi, elektron idarəetmənin
yaradılması, tələbə və müəllimlərin
mobilliyinin təmin olunması məqsədilə həyata
keçiriləcək perspektiv planlardan da danışdı.
Yığıncaqda kimya
kafedrasının müdiri, kimya elmləri doktoru Tofiq Əliyev,
fizika-riyaziyyat fakültəsinin dekanı, fizika-riyaziyyat
üzrə fəlsəfə doktoru, dosent Tofiq Nəcəfov,
iqtisadiyyat kafedrasının dosenti, kənd təsərrüfatı
üzrə fəlsəfə doktoru Dilsuz Qasımov, universitet
YAP gənclər təşkilatının sədri, fransız
dili ixtisası üzrə II kurs tələbəsi Aytən
İsmayılova çıxış edərək
sessiyanın qarşıya qoyduğu vəzifələrdən
danışdılar.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin
müdiri
Azərbaycan müəllimi.- 2013.- 18 yanvar.- S.2.