Təhsil Nazirliyində "dəyirmi masa"

 

Yanvarın 16-da Təhsil Nazirliyində "Azərbaycanda erqoterapiyanın tədrisi" mövzusunda "dəyirmi masa" keçirilib.

Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının direktoru Qvendolin Berçel erqoterapiyanın tədrisi haqqında məlumat verərək Azərbaycanda bu sahədə həyata keçirilmiş tədbirlərin əhəmiyyətindən bəhs edib. Görülmüş işlər sayəsində Azərbaycanda erqoterapiya üzrə mütəxəssislərin hazırlandığını bildirən qonaq bu istiqamətdə nəzərdə tutulmuş tədbirləri diqqətə çatdırıb.

UAFA təşkilatının meneceri Nuranə Abdullayeva "Erqoterapiya-reabilitasiyadan real həyata körpüdür" mövzusunda təqdimat-məruzə ilə çıxış edib. Erqoterapiyanın xüsusi qayğıya ehtiyacı olan uşaqların (həmçinin böyüklərin) sosial həyatının inkişafına təkan verdiyini vurğulayan N.Abdullayeva bu sahə üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasına diqqət yetirilməsinin zəruriliyini bildirib. N.Abdullayeva 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərən UAFA təşkilatının bir sıra ölkələrin müvafiq təcrübəsindən istifadə etməsi və xüsusi qayğıya ehtiyacı olan uşaqların digər həmyaşıdları ilə birgə təhsilinin təşkili işinin təfərrüatları barədə ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Təhsil naziri Misir Mərdanov Azərbaycanda fəaliyyət göstərən internat məktəblərində və uşaq evlərində xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafı ilə bağlı əldə olunmuş təcrübədən söhbət açıb. "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın icrası və inklüziv təhsil layihəsi çərçivəsində görülmüş işlərin əhəmiyyətinə toxunan nazir UAFA təşkilatının fəaliyyətinə hərtərəfli dəstək veriləcəyini, birgə əməkdaşlığın genişləndiriləcəyini söyləyib.

Təhsil Nazirliyinin şöbə müdirləri Aydın Əhmədov, İlham Mustafayev və Fərzəli Qədirov, Təhsil Nazirliyi nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva, UAFA təşkilatının əməkdaşı Ülviyyə Mirzəyeva, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova, Bakı Dövlət Universitetinin kafedra müdiri Rəna İbrahimbəyova, 4 nömrəli Respublika xüsusi internat məktəbinin nəzdindəki "Reabilitasiya-inkişaf mərkəzi"nin meneceri Yeganə Məmmədəliyeva və başqaları Azərbaycanda erqoterapiyanın tədrisi barədə fikirlərini bildirib, müvafiq təkliflərlə çıxış ediblər.

Təhsil naziri Misir Mərdanov Azərbaycanda erqoterapiyanın tədrisi işinin genişləndirilməsi üçün müvafiq işçi qrupunun yaradılması və Fəaliyyət Planının hazırlanmasının zəruriliyini nəzərə çatdırıb. Nazir bu sahə üzrə ixtisaslı mütəxəssis hazırlığına başlanması üçün konkret tədbirlərin müəyyənləşdirilməsi barədə fikirlərini söyləyib və UAFA təşkilatı ilə əməkdaşlığın səmərəli nəticələr verəcəyinə inandığını bildirib.

 

 

Azərbaycan müəllimi.- 2013.- 18 yanvar.- S.2.