Gənc alimin uğuru
Elnur
hələ kiçik yaşlarından
ağıllı və hər sahəyə maraq
göstərən bir uşaq
olub. Xoşladığı məşğuliyyətlər
- kitab oxumaq və idmanla məşğul olmaq
idi. O, çox diqqətli
və məsuliyyətli idi, hər şeyin səliqəli, yerli-yerində
olmasını xoşlayırdı. Təbiət qoynunda gəzməyi, rast
gəldiyi təbii hadisələrə dərin marağı
ilə seçilirdi. Hiss
olunurdu ki, Elnur böyüyəndə mütləq alim olacaq. Elə də oldu.
Gənc alim,
çətin elm yollarında ilk və kövrək addımlarını atan insan haqqında yazmaq çox məsuliyyətlidir.
Axı, alim ömrü,
müdriklərin dediyinə görə, onun
mənəviyyat dünyası ilə intellektual
aləminin harmoniyasıdır. Bu məsuliyyət
həmin alimin elmə verdiyi
töhfələrlə, insanlara, vətənə,
dövlətə münasibəti ilə bağlıdır.
Həyatda
elə insanlar var ki, onlarla ünsiyyətdə
olmaq həmişə insana
zövq verir, hər dəfə
onlardan nəsə öyrənirsən, səni
narahat edən suallara cavab tapırsan. Belə insanlara həyatın bütün
sahələrində rast gəlinir - istər
siyasətdə, istər mədəniyyətdə, istərsə
də elmdə. Belə insanlardan biri də gənc alim, fizika üzrə fəlsəfə doktoru, Astara Pedaqoji Kollecinin müəllimi
Elnur Əhmədağa oğlu
Dadaşovdur.
Xalid Məmmədov, Astara Pedaqoji Kollecinin müəllimi: "Onu
parta arxasından tanıyıram. Vaxtilə
ona dərs demişəm. Hələ o vaxt
yaşıdlarından elmlərə həvəslə yiyələnməsi,
hər bir mövzunu
mükəmməl öyrənməsi ilə fərqlənirdi.
Fənlər arasında seçim etməz,
bütün fənlərə eyni maraqla yanaşardı.
Müəllimlər də ondan həmişə
razılıq edirdilər. O sanki elm üçün, kitab oxumaq üçün
yaranmışdı. Öyrəndiklərinə yaradıcı
yanaşmaq, öz
fikirlərini aydın izah etmək, çevik və məntiqli düşünmək
onun başlıca keyfiyyəti idi".
Üstündən
illər keçdi. Elnurun
sorağı Bakı Dövlət Universitetinin
fizika fakültəsindən gəldi. Fizika elminə olan maraq onu Tələbə Elmi Cəmiyyətinə yönəltdi.
Yazdığı məqalələrlə, etdiyi
çıxışlarla görkəmli alim
və professorların diqqətini cəlb etdi.
Nümunəvi bir tələbə kimi universiteti bitirdi.
Müəllim
kimi Astara Pedaqoji Kollecində fəaliyyətə
başladı. Amma içindəki istək,
arzu onu təhsilini davam etdirməyə sövq
edirdi. Elmi
axtarışlardakı əzmkarlıq, ümumiləşdirmələrdə
gəldiyi qənaət onu fizika
elmindəki yeniliklərə doğru
aparırdı.
E.Dadaşov 2012-ci ildə "Proton-proton və foton-foton
toqquşmalarında eksklüziv və inklüziv parçalanma
kanalları" mövzusunda fəlsəfə
doktorluğu dissertasiya
işini müdafiə etmişdir.
Azərbaycan Respublikası Prezidenti
yanında Ali Attestasiya
Komissiyasının 26 sentyabr 2012-ci il tarixli qərarı ilə
ona fizika üzrə fəlsəfə
doktoru elmi dərəcəsi
verilmişdir.
Hazırda
gənc alim E.Dadaşov
Astara Pedaqoji Kollecində
fizika elminin incəliklərini
tələbələrə öyrətməkdədir. O, elmi fəaliyyətini davam
etdirmək, tədqiq etdiyi elm
sahəsinin əhatə dairəsini genişləndirmək, yeni-yeni kəşflərlə insanları
sevindirmək niyyətindədir.
İnanmaq istərdik ki, onun sorağı xarici ölkələrin universitetlərindən
gələcək.
Azad
ABDULLAYEV
Azərbaycan
müəllimi.- 2013.- 18 yanvar.- S.4.