Nüvə
fizikasının banisi
İtaliyanın XX əsrdə
yetişdirdiyi ən görkəmli elm dühalarından biri nəzəri
fizika sahəsində məşhur alim Enriko Fermidir. O, İtaliya və Amerikada elmi məktəblərin
yaradıcısı və neytron fizikasının banilərindən
biridir. Kvant nəzəriyyəsi və elementar
hissəciklər fizikası sahəsində bir sıra elmi
işlərin müəllifidir. 1925-ci ildə kvant
statistikasını (Fermi-Dirak statistikası), 1934-cü ildə
beta-parçalanma nəzəriyyəsini, həmkarları ilə
birlikdə isə neytronların iştirakı ilə süni
radioaktivliyi kəşf edib. 1942-ci il dekabrın 2-də
dünyada ilk dəfə nüvə reaktorunu qurub və zəncirvari
nüvə reaksiyasını həyata
keçirib. 1938-ci ildə Nobel mükafatına layiq
görülüb.
Fövqəladə yaddaşı ilə
seçilən şagird
Enriko Fermi 1901-ci il sentyabrın 29-da İtaliyanın
Roma şəhərində anadan olub.
Atası Alberto Fermi dəmiryolu idarəsində
qulluqçu vəzifəsində çalışıb.
Anası İda de Qattis
isə ibtidai sinif müəllimi olub. Baxmayaraq ki ailədə
valideynlərdən heç biri onu elmlə məşğul
olmağa həvəsləndirməyib, Enriko Fermi hələ uşaq
yaşlarından riyaziyyat və fizikaya böyük maraq
göstərib. Enriko yazmağı və
oxumağı çox tez öyrənib. Son dərəcə
güclü hafizəyə və riyazi təfəkkürə malik olan Enriko sinifdə asanlıqla birinci
şagird olub. 13 yaşı tamam olanda Enriko
iki ay ərzində tərsimi həndəsə kursunu tam
mənimsəyib. O, müstəqil surətdə dərslikdə olan 200-dən
artıq tapşırığı həll edərək
bütün teoremləri təklikdə sübut edə
bilmişdi. Fizika və riyaziyyatın
ayrı-ayrı bölmələrinə həsr olunmuş bir
sıra kitabları müstəqil surətdə öyrənməyə
cəhd etmişdi. Enriko nəinki qeyri-adi istedadı,
eləcə də çox iti, fövqəladə yaddaşı ilə
yaşıdlarından
seçilirdi. Əlinə aldığı hər hansı kitabı
bir dəfə oxumaq onu mükəmməl surətdə
öyrənmək
üçün kifayət idi.
Atasının dostu Adolfo Amideyi Enrikoda fizika və riyaziyyat
elmlərinə maraq oyadıb.
Amideyi tezliklə onun nəzəri fizika sahəsində qabiliyyətini
hiss edib. Enriko uşaqlıq dostu E.Persio ilə
birlikdə müxtəlif fiziki təcrübələr qoyurdu
(məsələn, içməli suyun dəqiq sıxlığını
müəyyən etməyə çalışırdı). 1918-ci ildə
üçillik lisey kursunu iki ilə başa vuran Ferminin
qarşısında gələcək təhsilini harada davam
etdirmək sualı durmuşdu.
Onu daha çox fizika cəlb edirdi, o, çoxsaylı eksperimentlərin
qoyulduğu fiziki aparatlara maraq göstərirdi. Enriko Roma Universitetinə daxil ola bilərdi, lakin 17 yaşlı gənc Pizan
Universitetini seçib. Universitetə daxil olmaq
üçün isə o, Pizan
Normal Məktəbində müsabiqədən keçməli
və daha sonra universitet
mühazirələri ilə yanaşı, Pizan
Normal Məktəbində təhsilini paralel olaraq davam
etdirməli idi. Fermi nəinki müsabiqədən
keçib, həm də müsabiqədə birinci yerə
çıxıb. Müsabiqə zamanı Fermi riyaziyyat
professoruna elə bir təsir bağışlamışdı
ki, imtahandan sonra professor xüsusi olaraq Enrikonu görüşə
dəvət edərək "uzunillik professorluq fəaliyyətim
dövründə mən belə bir halla
rastlaşmamışam, Fermi dahi insandır və böyük
alim olmağa layiqdir" deyib.
Universitet
illəri
Beləliklə də Enriko Fermi Pizan
Universiteti nəzdində ali real məktəbinə
daxil olub. O, artıq fizika və riyaziyyatı çox gözəl
bilirdi. Sonralar artıq məşhur
alim kimi tanınanda
həyatının bu dövrü barədə yazırdı: "Mən universitetə
daxil olanda klassik fizika və nisbilik nəzəriyyəsini
indiki kimi bilirdim". Bir çox elmi məsələləri
Fermi heç bir müəllimin, məktəbin köməyi
olmadan təkbaşına öyrənmişdi. Onun
kitablardan öyrəndiyi biliklərə müəllimləri
çox az şey əlavə edə bilərdilər.
O, bilikləri
müstəqil surətdə əldə etməyin olduqca
effektiv sistemini işləyib hazırlamışdı. Fenomenal yaddaş ona həm də xarici dilləri tez
bir vaxtda öyrənməyə imkan verirdi. Ferminin qeyri-adi qabiliyyətini təkcə tələbələr
deyil, tezliklə müəllimlər də hiss etmişdilər.
1920-ci ildə 19 yaşlı gənc artıq bir çox
professorların iştirakı ilə kvant nəzəriyyəsinə
dair mühazirələr oxuyurdu (bu nəzəriyyə hələ
İtaliyada
çoxlarına yad mövzu idi). Elə
həmin illərdə də onun elektrodinamika və nisbilik nəzəriyyəsinə
dair ilk elmi işləri işıq üzü görüb. Roma Universitetinin professoru, Ferminin
uşaqlıq dostu Enriko Persiko sonralar yazırdı:
"Onun kitabların öyrənilməsi metodunun mahiyyəti
onda idi ki, o, kitablardan yalnız göstərilmiş problemləri və aparılmış təcrübələrin
nəticələrini götürürdü. Onları
təhlil edir və sonra isə kitab müəllifinin məlumatları
ilə öz qənaətlərini müqayisə edirdi.
Çox vaxt belə
müqayisələr zamanı
o, yeni problemlər qaldırır və onları həll
edirdi. Bəzən isə artıq hamı tərəfindən
qəbul olunan, hamıya yaxşı bəlli olan məsələlərdə
səhvlər tapır və onları düzəldirdi". Məlum olmuşdu ki,
fizikanın bəzi bölmələrini Enriko öz müəllimlərindən
daha yaxşı bilirdi. İtaliyada o vaxtlar fizika elmi olduqca tənəzzül vəziyyətdə
idi və tədqiqat işləri demək olar ki,
aparılmırdı. Buna görə də
1922-ci ildə eyni vaxtda həm Pizan Universitetini və həm də
Pizan Ali Məktəbini bitirən Fermi Gettingenə (Almaniya) gedərək
orada məşhur alman fiziki Maks Bornun tələbəsi olur.
O, burada digər gənc tədqiqatçılar - Verner
Heyzenberq, Volfqanq Pauli
(sonralar Nobel mükafatı laureatları) ilə
tanış olur. Məhz Gettingendə onun
istedadının əsasları daha da möhkəmlənir.
O, eyni zamanda məşhur fizik Paul Erenfestin tələbəsi
olur. Qeyd edilməlidir ki, ən bədbin
anlarında Erenfest ona hərtərəfli dəstək
göstərib.
İtaliyaya qayıdandan sonra Fermi statistik fizikanın bir
sıra mühüm məsələlərinin həllinə
nail ola bilib. Bu məsələlər Pauli prinsipinə
tabe olan hissəciklərin hərəkətinin hesablanması
metodunun yaradılmasının əsasını təşkil
edirdi. 1925-ci ildə Pol
Dirakla (Nobel mükafatı laureatı) birgə Pauli
prinsipinə tabe olan və sonralar fermion adlandırılacaq
hissəciklərin statistikasını işləyib
hazırlamışdır. Sonralar bu metod Fermi -
Dirak metodu adlandırıldı. Bu metodun kəşfi
Fermiyə böyük populyarlıq qazandırdı. 1933-cü ildən başlayaraq Fermi
bütövlüklə kvant fizikası məsələləri
ilə məşğul olub.
1934-cü ildə o, beta-parçalanma nəzəriyyəsini
irəli sürüb. Bu nəzəriyyənin mahiyyəti
ondan ibarət idi ki, beta-parçalanma zamanı elektrondan əlavə neytrinolar
adlanan hissəciklər də ayrılır. 1926-cı ildə
o, artıq Roma
Universitetinin nəzəri fizika professoru idi. Florensiya
Universitetində də dərs deyirdi. O, burada artıq özünün nəzəri fizika məktəbini yaradır. Gənc alim bu uğurları ilə bütün
İtaliya elminin dirçəlməsinə yol
açmış olur. Enriko Fermini mühazirələr oxumaq
üçün artıq bir sıra nüfuzlu universitetlərə
dəvət edirlər. Onun
1932-ci ildə Miçiqan və Kolumbiya Universitetlərində
tələbələrə oxuduğu mühazirələr
tezliklə
"Şüalanmanın kvant nəzəriyyəsi"
və "Termodinamika" kimi yeni kitablarının əsasını
təşkil edib.
Qeyri-adi pedaqoji istedada malik alim
1926-cı ildə 25 yaşlı Enriko Fermi
müsabiqə əsasında Roma Universitetinin professoru
seçilib və praktiki olaraq universitet karyerasının zirvəsini
fəth edir. Fermi tərəfindən "fiziklər məktəbi"nin yaradılması bu dövrə təsadüf
edir. O, gənc fiziklər arasında sistematik olaraq seminarlar təşkil edir. Enriko Fermi ən gənc yaşlarından
dövrünün ən məşhur alimləri ilə bir
sırada dayanmaqla müəllimlik fəaliyyətinə
çox yüksək qiymət verirdi. Qeyri-adi
pedaqoji istedada malik idi. Enriko Ferminin müəllimlik fəaliyyətində ən
mühüm mərhələ onun italyan nəzəri fizika məktəbinin
əsasını qoyması ilə bağlıdır. Onun keçmiş tələbələri alimin
pedaqoji məharətindən bəhs edirdilər. Məşğələlərdən
sonra tələbələri ilə öz kabinetində hər
yeni elmi problemə dair diskussiyalar keçirən alimin çox
vaxt konkret problemlərə dair cavabları mühazirə xarakteri daşıyırdı. Tələbələri
qeyd edirdilər ki, Ferminin məktəbində "gənc fizikin
formalaşması sürəti ağlagəlməz
idi". Fermi tələbələrinə təkcə
sözün birbaşa mənasında fizikanı öyrətmirdi, öz şəxsi
nümunəsi ilə fizikanı ehtirasla sevməyi, bu elmin
ruhunu və qaydalarını anlamağı başa
salırdı. Fermi tələbələrinə
diplom işləri üçün mövzular təklif etməyi
sevməzdi,
çox haqlı olaraq hesab edərdi ki, tələbənin özünə maraqlı hesab
etdiyi mövzunu seçməsi daha faydalıdır. Alim mühazirələr
oxumağı çox sevirdi, bu mühazirələr öz
forma və məzmununa görə çox gözəl idi,
quruluşu, məntiqliyi,
dərinliyi və aydınlığı ilə seçilirdi. Lakin Ferminin əsas
qabiliyyət və istedadı elmlə bağlı idi. O,
anadangəlmə fizik idi. Onun daha çox kim
- nəzəri-fizik, yoxsa tədqiqatçı-fizik
olmasını söyləmək mümkün deyildi. Hər iki keyfiyyət
onda olduqca qeyri-adi dərəcədə harmoniya təşkil
edirdi. Dünyanın bir sıra ölkələrindən
olan məşhur alimlər tərəfindən çox
yüksək qiymətlər almış bir sıra
sanballı elmi kəşfləri ilə yanaşı, o, bir çox
fiziki cihaz və avadanlıqların çox mahir konstruktoru
idi. Çox güclü elm təşkilatçısı
olan Fermi özünün iş vaxtını olduqca dəqiq və
diqqətlə
qurub. Səhər saat 6:00-dan 8:00-dək
düşüncələr və nəzəri məqalələrin
yazılmasına ayrılıb.
Gün ərzində iki saat istirahət və
nahar üçün nəzərdə tutulub. Qalan vaxtlarını
isə alim universitet və laboratoriyadakı işlərinə
sərf edib. Həyat
yoldaşı L.Kapon "Atom bizim evimizdə" kitabında
yazırdı ki, Fermini heç bir qüvvə axşam saat 22:00-dan sonra
yatmaqdan ayıra bilməzdi. Lakin bu qrafikə hər zaman eyni dəqiqliklə əməl
etmək mümkün olmayıb. Las-Alamosda (ABŞ)
iş şəraiti olduqca ağır idi.
"Fermi effekti"
Enriko Ferminin
tədqiqatları nüvə fizikası, statistik mexanika,
yüksək enerjilər fizikası, astrofizika sahələrini
əhatə edir. Onun statistik mexanikaya dair elmi işləri
elektronların bərk cismlərdəki hərəkətinin,
eləcə də astrofizikadan tutmuş fizikanın müxtəlif
bölmələrinə qədər bir sıra hadisələrin
izahını verirdi.
Süni radioaktivliyin Frederik və İren Kürilər tərəfindən
kəşfindən sonra Enriko Ferminin bütün diqqəti nəzəri
fizikanın eksperimental
məsələlərinə yönəlib. O,
neytronlar vasitəsi ilə süni radioaktivlik effektini yaratmağa qərar
verib. Alim çox haqlı olaraq
hesab edirdi ki,
neytral hissəcik atomun dərinliyinə nüfuz edə
bilər. Mövcud olan bütün kimyəvi
elementləri neytronlarla bombardman etməklə alim 60-dan
artıq radioaktiv element əldə edib. Bu yolda onu
çox qiymətli
kəşf gözləyirdi. Ferminin əməkdaşları
eksperiment gedişində növbəti qeyri-adi hadisə ilə
üzləşmişdilər. Müəyyən
olunmuşdu ki,
gümüş elementinin
şüalandırılan nümunəsi və neytron mənbəyi
arasında parafin təbəqəsi qoyularsa, onda
gümüşün radioaktivliyi kəskin artar. Onlar üzləşdikləri
bu hadisə barədə dərhal "papa"-ya
(onlar Fermini böyük sevgi ilə belə
adlandırırdılar) üz tutublar. Səhər
yeməyi əsnasında Fermi bu sirli tapmacanın
izahını tapmışdı. Bu hadisənin
mahiyyəti onda idi ki, böyük miqdarda hidrogenin
toplandığı parafində neytronlar öz sürətlərini
kifayət qədər azaldırlar, bunun da nəticəsində
onun gümüş atomları tərəfindən
tutulması ehtimalı artmalıdır. Hər
şey olduqca sadə (eləcə də dahiyanə) idi. Əməkdaşlarının
sevinc və həyəcanlı səs-küyünə son qoyan Fermi öz rəyini
belə ümumiləşdirmişdi: "Bunu əvvəlcədən
söyləməməyimiz necə də
ağılsızlıqdır". Və dərhal da əlavə
etmişdi ki, bu cür effekt çoxlu miqdarda hidrogenin
olduğu suda da
özünü göstərməlidir. Elə həmin gün - 1934-cü
il oktyabrın 22-də Ferminin rəhbərlik etdiyi qrup universitetin fizika korpusunun həyətindəki
bağdakı fəvvarədə
eksperimenti davam etdirib. Məhz bu gün atom
əsrinin ilk günü hesab olunur. Ferminin ehtimalı
özünü tam təsdiq edib. Sonralar
"Fermi effekti" adını almış ləng neytronlar
hadisəsi belə kəşf olundu. Enriko Fermi 1938-ci ildə
bu kəşfə görə Nobel mükafatına layiq
görüldü. Nobel komitəsi ləng neytronların təsiri ilə süni radioaktivliyin kəşfi sahəsində
xidmətlərinə görə Fermini bu yüksək elmi ada
təqdim edib.
Asayiş
keşikçisinə özünü professor
Ferminin
sürücüsü kimi təqdim edib
Nobel mükatına layiq görülməsi ilə onun elm
dünyasındakı
şöhrəti daha da
möhkəmləndi. O, İtaliyanın milli qəhrəmanı
oldu, bir çox təltiflərə, fəxri adlara layiq
görüldü. Baxmayaraq ki alim bütün bunlara az əhəmiyyət verirdi. Onu
artıq hamı tanıyırdı. Onun bu keyfiyyətləri
barədə hətta belə bir əhvalat da
danışırdılar. Enriko Fermi
İtaliya Elmlər Akademiyasının üzvü idi. Akademiyanın iclası sarayda keçirilirdi və
olduqca təmtəraqlı təşkil olunmuşdu. Fermi akademiyanın binasına özünün
kiçik "Fiatle" maşınında gəlib. O,
ilk baxışda heç də professor görkəmi
daşımırdı. Əynində akademiyanın üzvlərinə
məxsus mantiya və üçkünc şlyapa yox idi,
gündəlik paltarda idi. Fermi bu görkəmdə
akademiyanın iclas zalına daxil olmağa cəhd edib. Onun yolunu kəsmiş asayiş keşikçisinə
alim özünü "aləhəzrət professor Ferminin
sürücüsü" kimi təqdim edib. Və maneəsiz olaraq iclas zalına daxil olub. "Ədalət tərəfdarı
olmasına baxmayaraq alimi mücərrəd məsələlər
narahat etmirdi. Fermi müxtəlif
elmi "döyüşlər"ə, xüsusən də sonluğu
məlum olmayan mübahisələrə nifrət edirdi. O,
tez-tez deyirdi ki, uğursuzluğa düçar olan işlərdən
qaçmaq lazımdır. O
konkret və həlli mümkün olmayan mübahisəli problemlərin
içində olmaqdan diqqətlə qaçırdı. Qüdrətli qüvvələr
ona maneçilik törədəndə isə o, geri çəkilməyə
və yaxud problemlərdən uzaq durmağa, şəxsi
işlərdə isə bu və digər insanlardan uzaq olmağa
üstünlük verərdi", - deyə onun tələbəsi
və dostu, Nobel mükafatı laureatı Emil Seqre "Enriko
Fermi - fizik" (Emilio Segre. Enrico Fermi, Physicist. The
University of Chicago press. Chicago and London, 1970)
adlı monoqrafiyasında yazırdı. Enriko Fermi həyatının son
günlərinə qədər çox gərgin və
intensiv işləyib.
"Ferminin həyatında hər şey elə baş
verirdi ki, sanki hansısa "hormonlar" elmi tədqiqatlar
üçün optimal şəraiti avtomatik olaraq təmin etmək
üçün onun hisslərini və həyat tərzini idarə
edirdilər",-deyə alimin tələbələrindən
akademik Bruno Pontekorvo yazırdı.
Vətəni tərk edir
30-cu illərin əvvəllərində
İtaliyada Mussolininin faşist diktaturası hökm
sürürdü. Bu rejim Fermi ailəsi
üçün çox təhlükəli idi. Onun 1928-ci ildə
ailə qurduğu, Roma Universitetinin ümumi fənlər
fakültəsinin tələbəsi Laure Kapon yəhudi mənşəli
idi. Öz vətənində faşist əlaltılarının
təqibindən yaxa qurtarmaq üçün ailəsi ilə
birlikdə Stokholma Nobel mükafatı dalınca yollanan Fermi
Romaya qayıtmadan Amerikaya gedib. 1938-ci il dekabrın 10-da
Nobel mükafatının təqdimat mərasimindən sonra
Fermi ailəsi ilə birlikdə 1939-cu il yanvarın 2-də Çikaqoya gəlib.
Birləşmiş Ştatlara gəldikdə Fermi o
dövrün digər emiqrantları kimi əqli qabiliyyət
üzrə test sınağından keçməli olub.
Amerikada Fermiyə 4
universitetdən professorluq təklif olunur. Fermi Nyu-Yorkdakı Kolumbiya Universitetini seçib. 1939-1942-ci illərdə Fermi
Kolumbiya Universitetinin, 1942-1945-ci illərdə Çikaqo
Universitetinin, 1946-cı ildən isə Çikaqodakı
Nüvə Tədqiqatları İnstitutunun professoru olub. 1944-1945-ci illərdə Los-Alamos
laboratoriyasının nüvə tədqiqatları şöbəsinə
rəhbərlik edib. ABŞ-da yeni şəraitdə işə
başlayan Fermi tezliklə öz elmi qrupunu yaradaraq uzun illər
ərzində nüvə energetikası problemləri ilə məşğul
olub. Onun qrupunda Avropadan faşist təqiblərindən
qaçan bir çox tanınmış fiziklər bir araya gəlmişdi. Enriko Ferminin rəhbərlik etdiyi bu qrup
Çikaqo Universitetinin futbol meydançasının
açıq tennis kortunda ilk atom reaktorunu inşa etmiş və 1942-ci ilin dekabrında
uğurla sınaqdan keçirmişdi. Dünyada
ilk atom reaktorunun işə salınması nüvə
energetikasında yeni epoxanın başlanğıcı idi və
bu tarix, ilk növbədə, italyan aliminin adı ilə
bağlıdır. Məşhur
fizik Con Kokroft yazırdı ki, Fermi bununla atom əsrinin
qapılarını açıb.
Enriko Fermi bundan əlavə, Los-Alamos
ştatında digər fiziklərlə birlikdə olduqca
xüsusi məxfilik şəraitində atom bombasının
yaradılması (Manheten layihəsi) üzərində işləyirdi.
Onun Avropadan olan əməkdaşları - tədqiqatçı
fiziklər faşizm üzərində qələbəyə
inanır, lakin həm də Hitler Almaniyasının atom
bombasını daha tez yarada bilməsi imkanından bərk
qorxurdular. Atom
bombasının faşistlərin əlinə keçməsi bütün
dünyaya daha böyük fəlakət gətirə bilərdi.
Buna görə də Fermi komandasının
alimləri öz rəhbərləri kimi fədakarlıqla
çalışırdılar.
Artıq faşist Almaniyasının atom
silahı yarada bilməyəcəyi tam yəqinləşəndən
sonra da bir çox alimlər başa düşürdülər
ki, bu silah Amerika hərbçilərinin əlində hansı
təhlükəni törədə bilər. Atom silahının sınaq partlayışı
öz dağıdıcı gücü ilə alimləri
sarsıtmışdı. Hətta təbiətən çox soyuqqanlı
və təmkinli olan Enriko Fermi də dərin sarsıntı
yaşamışdı. O, adəti üzrə heç kimə öz
maşınını idarə etməyə verməzdi. Lakin atom partlayışından
sonra öz maşınını sürüb ərazidən
çıxa bilməmişdi və bunun üçün
öz həmkarlarından birinin
köməyindən yararlanmağa məcbur olmuşdu. Dünya alimləri ABŞ-ın Yaponiyaya
qarşı hərbi əməliyyatlarda atom bombasından
istifadə etməsinin qarşısını almağa cəhdlər
etmişdilər. Albert Eynşteyn Amerika prezidenti
Franklin Ruzveltə bu barədə məktub göndərmişdi.
1944-cü ilin avqustunda danimarkalı fizik Nils Bor
da atom silahının tətbiqinin dəhşətli nəticələri
barədə ABŞ prezidentinə xəbərdarlıq məktubu
göndərmişdi. Çikaqo Universitetinin 7 Nobel
mükafatı laureatı olan professorlar da Amerika Müdafiə
Nazirliyinə atom bombasının fəlakətli nəticələrinə
dair xəbərdarlıq ünvanlamışdı. Atom bombasının sınağından və
Yaponiyaya atılmasından sonra Enriko Fermi atom silahının
yaradılması işlərindən uzaqlaşıb və
yüksək enerjili hissəciklər - mezonlarla məşğul
olmağa başlayıb. Bu işləri o,
həyatının sonlarına kimi davam etdirib. Manheten layihəsinin
iştirakçıları sonda nəhayət, nələri
etdiklərini başa düşərək öz fəaliyyətlərinin
nəticələrinə müxtəlif qiymətlər verdilər.
Enriko Ferminin vəfatından sonra onun Manheten
layihəsindəki roluna kölgə sala biləcək sözlər
deyən kimsə tapılmadı. Atom
bombasının sınağından sonra alimin əməkdaşları
sarsıntı içində idilər. Fermi
isə neytron fizikasının əsil banisi hesab olunmağa layiq
idi.
Qısa
alim ömrü
Enriko Ferminin həyatı çox qısa
olub O, cəmi 53 il ömür
sürüb. Lakin onun həyatı çox zəngin
və məhsuldar olub. O, fizika elmi sahəsində
çox işlər görüb, bir çox fiziki terminlər
onun adı ilə bağlıdır.
Qısa ömür sürməsinə baxmayaraq,
Enriko Fermi istər nəzəri fizika, istərsə də tədqiqatçılıq
sahəsində yüksək zirvələr fəth edib.
Onun əsas elmi
irsi kimi aşağıdakı sahələri qeyd
edirlər: Fermi statistikası, atom və molekulların
strukturuna dair işlərin məcmusu, neytronların xassələrinin
nəzəri və eksperimental tədqiqi, ləng
neytronların kəşfi, beta-parçalanma nəzəriyyəsinin
kəşfi, dünyada ilk atom reaktorunun yaradılması,
neytron optika üzrə eksperimental və nəzəri tədqiqatlar
və başqaları. 1946-cı ildə Fermi
Çikaqoda yaradılmış Nüvə Tədqiqatları
İnstitutunun əməkdaşı olub. Həyatının
son illəri yüksək enerjilər fizikasına həsr
olunub. O, yüksək enerjili kosmik şüaların
mövcudluğu fərziyyəsini irəli sürüb. 1950-ci ildə mezonların yaranmasının statistik
nəzəriyyəsini əsaslandırıb. Onun tələbələrindən
akademik Bruno Pontekorvo haqlı olaraq qeyd edirdi ki, Ferminin universal
dahiliyi nəzəri, həm də eksperimental fizikanın bütün sahələrində
ona parlaq işlər aparmağa imkan verib. 1950-ci ildə Enriko
Fermi London Kral Cəmiyyətinin üzvü, 1953-cü ildə
isə Amerika
Fizika Cəmiyyətinin prezidenti seçilib. O, bir sıra xarici ölkə
elmlər akademiyalarının üzvü idi. Böyük
fizik 1954-cü il noyabrın 28-də 53 yaşında elmi
yaradıcılığının çiçəklənmə
dövründə Çikaqodakı evində mədə xərçəngindən
vəfat edib. Bir il sonra isə D.Mendeleyevin dövri sistemində
100-cü yubiley elementi Enriko Ferminin şərəfinə fermium
adlandırılıb.
Oruc
MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2013.- 25 yanvar.- S.6.