Bakı Modern Məktəbi –
ibtidai siniflərdə müasir
təlim
Son
illər təhsilimizdə tətbiq olunmuş
yeniliklərdən biri də Avropa standartlarına uyğun
müasir tipli məktəblərin
fəaliyyətə başlamasıdır. Belə məktəblərdən
biri də ötən ilin
sentyabrında açılmış Bakı Modern
Məktəbidir.
Müasir dizaynlı, yeni texnologiya ilə təmin
olunmuş sinif
otaqları, "İCT News" elektron xəbər
xidməti, hər fənn üzrə müxtəlif resurslarla təmin olunmuş
bölmələr, musiqi, incəsənət,
idman, tibb və digər
yaradıcılıq mərkəzləri məktəbdə
şagirdlərin istifadəsinə verilmişdir. Məktəbimiz
təlim prosesini ABŞ-ın Kaliforniya Universitetinin (Los-Anceles) məktəblər üçün
yeni tətbiqi metodologiyası əsasında
aparır. Tədris ocağımız həmçinin
Kaliforniyanın Santa Monika
kolleci ilə də əməkdaşlıq
edir. "Webinar" sistemi ilə müəllimlərimiz digər
ölkələrin məktəbləri ilə onlayn
əlaqəsi yaradır, fikir mübadiləsi
edir, Azərbaycan təhsil sisteminə
müsbət aura və dəyişikliklər
gətirirlər. Beynəlxalq təcrübə əsasında
yeni fikir və
ideyaları Məktəb İnkişaf Proqramına
daxil edirlər.
Azərbaycan
və rus bölmələri ilə
yanaşı, məktəbimizdə 1-ci siniflər üçün ingilis
bölməsi də açılıb. Bundan
başqa, müəssisədə dərsdən
sonra şagirdlərin rəsm, musiqi, rəqs, şahmat, üzgüçülük dərnəklərində
məşğul olması üçün
hərtərəfli şərait yaradılıb. Məktəbimizdə
Kaliforniya Universitetinin
professoru, doktor Tamar Endryus və Morqan Hakiminin treninqləri
davam edir və bütün müəllimlər bu treninqlərə cəlb olunurlar.
Treninqin mövzularından biri
də "Medical
First Aid" təliminin
keçirilməsidir. Bu dərslərin tətbiqində uşaqlar təcili ilk tibbi yardım göstərilməsi
bacarıqları əldə edirlər. Apardığım bir ingilis qrupunda
ingilis dilini tədris
edirəm və dərslərimi müasir ingilis dili metodologiyası
üzrə Böyük Britaniya,
Kembricdə qazandığım bilik və
bacarıqlar əsasında qururam. Məktəbimizdə
dərsin məşhur rus pedaqoqu
Lev Vqotskinin və isveç filosofu Jan Piajenin müasir
ingilis dilinin tətbiqi
nəzəriyyələri əsasında praktiki
şəkildə keçilir. L.Vqotskiyə
görə, şagirdlərə sərbəst fəaliyyətləri
üçün ilkin
istiqamətlər verilməli, Jan Piajeyə
görə isə şagirdlər qazandıqları biliklər
əsasında özləri sərbəst
yaradıcılıq işlərinə
qoşulmalıdırlar. Bundan başqa, məktəbdə şagird
nailiyyətlərinin qiymətləndirilməsi 50 ballıq cədvələ
əsasən aparılır. Buna görə də
şagirdlərin əldə etdiyi nəticələr
"İnkişaf kartı" vasitəsilə
izlənilir. İngilis
dili qruplarında bütün
dərslər ingilis dilində
aparılır və demək olar ki, müasir ingilis dilinin
kurikulumlarına istinad edərək
şagirdlər ilkin dinləyib-anlama və
danışma bacarıqları qazanırlar. Rollu oyunlar, dairələrdə musiqi
səsləndirmək, rəqs, riyaziyyat, təbiət
və əl işləri üzrə yaradıcılıq dərslərimiz
vardır. Şagirdlər çox böyük həvəs göstərərək
bir-birlərinə bu dildə müraciətlər edir, ev
tapşırıqlarını məktəbdə birgə
əməkdaşlıq şəraitində yerinə yetirir və asudə vaxtlarını səmərəli
keçirirlər. İngilis dili bölməsinin öz
resurs mərkəzi, "Oyun
otağı" (Play room)
vardır. Resurs Mərkəzində ingilis dili müəllimləri
müzakirələr, "dəyirmi masa"lar keçirir, treninqlərə
cəlb olunur, xarici ədəbiyyatlardan
istifadə edirlər.
Mən
dərslərimi kiçikyaşlılarla yeni
təlim üsulları əsasında aparıram, "Circle time" üsulunu motivasiya yaratmaq üsulu kimi tətbiq edərək şagirdləri salamlaşma, dairədə bir-birləri ilə
qısa vaxt ərzində hal-əhval tutmağa cəlb edirəm. Bu
zaman uşaqlar daha çox hava, təqvim və həftənin günləri
haqqında söhbətlər aparır, demək olar ki, əyləncəli
şəkildə ünsiyyət qururlar.
Demək olar ki, hər
gün dərslərimdə "Smart-notebook 2011" texnologiyasına əsasən
lövhədə elektron dərslərin
yığılması, tapşırıqların yerinə
yetirilməsi və sərbəst işlər həyata keçirilir. Mən təbiət,
riyaziyyat, texnologiya dərslərini
də ingilis dilində aparıram.
Şagirdlər dərslərdə qrup və
individual işlərdə planşet
və noutbuklardan istifadə edirlər,
müxtəlif məntiqi çalışmaları, riyazi tapşırıqları yerinə yetirir, oyunlar oynayır, musiqi parçalarını dinləyir və ifa etməyi öyrənirlər. Buna baxmayaraq, mən çox
dərslərimi məktəb avtobusundan
istifadə etməklə təbiətin qoynunda,
muzey, zoopark və parklarda və digər əyləncəli yerlərdə
aparıram. Uşaqlar real
həyat hadisələrini öz gözləri
ilə görür, təmiz havada sağlam böyüyür,
çoxlu məlumat əldə edirlər.
Məsələn, həyat bilgisində "Canlılar və
cansızlar aləmi" mövzusunda dərsimi
zooparkda keçərkən uşaqlar canlıların həyat tərzini
öyrənir, onların vərdişləri ilə
yaxından tanış olurlar. "Play room"da uşaqlar müxtəlif dərs nümunələrini
oyun formasında keçirlər. Məsələn,
"Pul vahidi" mövzusunun tədrisində "shopping" oyununu
keçirirlər. "Kukla Teatrı"nda (Puppet
Theatre) isə
nağıllara qulaq asır, özləri
nağıllar qurur və kiçik
kuklalardan istifadə edərək
nağılları personallaşdırırlar.
İngilis dili dərslərimdə
səhnəciklər hazırlayır, uşaqları rollu oyunlara cəlb edirəm.
Bu dərsin əsas xüsusiyyəti odur ki, uşaqlar
daha çox sərbəst
olur, özlərini şəxsiyyət kimi hiss edir,
utancaqlıqdan uzaqlaşır, sanki həyatda
reallıqla üzləşir, problemin həllinə
qoşulur və səmimi ünsiyyət
yaradırlar.
Mən
bir azərbaycanlı müəllim kimi fəxr edirəm ki, bu məktəbdə arzularımı həyata
keçirir və Azərbaycanın gələcəyi
olan kiçikyaşlılara ingilis dilini həvəslə
öyrədirəm.
Samirə
TEYMUROVA,
Bakı
Modern Məktəbinin ingilis
dili
bölməsinin baş müəllimi
Azərbaycan
müəllimi.- 2013.- 25 yanvar.- S.5.