Alimin "Xatirələrin ay işığında" kitabı çapdan çıxıb

 

Təhsil ictimaiyyəti arasında və çağdaş ədəbi mühitimizdə  öz dəst- xətti ilə tanınan  Neftçala 1 nömrəli tam orta məktəbin sabiq ədəbiyyat müəllimi, fərdi təqaüdçü, əməkdar müəllim, filologiya elmləri doktoru İmamverdi Əbilovun 2012-ci ildə "Elm və təhsil" nəşriyyatında çap olunan "Xatirələrin  ay işığında" kitabı oxucular tərəfindən  böyük maraqla  qarşılanıb. 

Kitab (Məsləhətçi: filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, rəyçi: xalq şairi Zəlimxan Yaqub,  redaktor: fəlsəfə doktoru Azər Turan) tanınmış ədəbiyyatşünas İmamverdi Əbilovun xalq şairi Bəxtiyar Vahabzadə ilə uzunmüddətli  dostluğuna həsr olunmuşdur. Ön səhifəsində Bəxtiyar Vahabzadənin İmamverdi Əbilov haqqında dediyi "əzizim, iki gözüm, qardaşım, məsləkdaşım" sözlərinin yer aldığı  "Xatirələrin ay işığında" kitabında 60 il davam edən dostluğun kövrək yaşantıları, yüzlərlə məktubun, saysız-hesabsız fotoşəkillərin, avtoqrafların yalnız bir qismi təqdim olunur. Bu kitabı oxuyan hər bir insan əsl dost necə olar sualına   cavab tapa bilər. Kitabda  dostların həyat fəaliyyətini tərənnüm edən maraqlı məqamlar çoxdur. O məqamlardan birini, yəni Bəxtiyar müəllimin İmamverdi Əbilov haqqında yazdığı sətirləri həyəcansız oxumaq mümkün deyil. Bəxtiyar müəllim yazmışdı: 

- İmamverdi Əbilov mənim həqiqi dostum olub. Hər adama dost demək olmaz. Mən rəhmətlik Qasım Qasımzadə, Xudu Məmmədov, Nurəddin Rza İmamverdi müəllimlə dostluq etmişəm. O,  mənim sirdaşım olub.

İmamverdi qəlbən yüksək düşüncəli insan olsa da, özünü çox sadə, təvazökar apardığına görə onu çox  istəmişəm. Sadəqəlblidir.Bu sözləri Nurəddin, Xudu, İmamverdi bir     Qasım haqqında da deyə bilərəm...

"Xatirələrin ay işığında" kitabının son  səhifəsində isə belə yazmışdır:

-Mənəvi dünyamızın zirvələr qartalı, şeir- sənət mülkünün mütəfəkkir sultanı, XX əsrdə milli istiqlal qovşağının fikir sərkərdəsi Bəxtiyar Vahabzadə vaxsız vəfat elədi, dostları, doğmaları, milyonlarla pərəstişkarını ağlar qoydu. İfadəmdəki "vaxtsız" sözünə kimsə  irad tutmaq fikrinə düşməsin, çünki bütün zamanlarda dahilərin ölümü vaxtsız olur...

Tale mənə əziz Bəxtiyarımızla 62 il dostluq etmək imtiyazı  verdi. Universitet təhsili, ailə növrağı, atalıq haqqının ilk fərəhi, kirayənişinliyin məhdudiyyətləri, ilk kitabının nəşri, təzə mənzil asudəliyi, ailə itkisi, Bakı  Sovetinə, Ali Sovetə deputat seçilməsi, dövlət mükafatı laureatı, elmlər doktoru, akademik seçildiyi günlərin sevincini onunla birgə yaşadım, eyni zamanda müjdəli, ələmli günlərimdə onu Neftçalada yanımda gördüm.

İnsan ömrü təbiətə bənzəyir - daim dəyişir, kasadlaşır- zənginləşir, axar- baxarlı yaz, yaşıllığı qovurub xəzəl edən qızmar yay, barlı-bəhrəli payız, torpağa qar yorğanı çəkən qış... Bu mənada Bəxtiyar heç vaxt təbiətə bənzəmədi, uzun ömrümdə onu heç zaman öz əzəli təbiətinin əks qütbündə görmədim, haqqa təzim edən böyük şair haqsızlıq önündə qədər mübariz, barışmaz, cəsur, məğrur, ötkəm, inadkar idi!

Müstəqil Azərbaycanımızda dövlət rəhbərinin, millətin sonsuz qayğı məhəbbəti ilə  ömrü rövnəqlənən şair heç vaxt  özünü tam xoşbəxt hesab eləmədi. Mən onu könül xoşbəxtliyinin hər iki çalarına - yəni ruhi sakitliyə taledən tam razılığa həsrət gördüm. Özünə qarşı müstəsna diqqət qayğıdan məmnun qalan şair heç vaxt "Vətəndən vətənə həsrətlə baxan",  doğma yurdundan didərgin düşən  həmvətənlərindən özünü ayrı təsəvvür edə bilmədi.  Yalnız bu mənada heç vaxt köhnəlməyən köhnə dərdləri ilə  baş-başa yaşadı... mənalı ömrünün 84 - ilində onu ürəkdən sevən milyonları gözü yaşlı qoyub əsl kişi ləyaqəti ilə axirət dünyasına köç elədi.

...Biz İmamverdi Əbilovun "Xatirələrin  ay işığında" kitabının Bəxtiyar Vahabzadə irsini tədqiq edənlər üçün gərəkli məxəz olacağına  inanırıq.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2013.- 25 yanvar.- S.5.