Mən niyə
coğrafiya müəllimi olmaq
istəyirəm
İnsanın həyatında
verdiyi ən mühüm
qərarlardan biri də peşə seçimidir. Hər bir sənətin
özünəməxsus gözəlliyi var,
əsas odur ki, seçdiyin sənəti
sevəsən. Çünki belə olmazsa, sənətində uğur
qazana bilməzsən. Fərqi yoxdur, həkim, müəllim, hüquqşünas, idmançı və s. olacaqsan, əsas odur ki, seçdiyin
sənətlə vətəninə xidmət edəsən. Mən
belə etdim, sevdiyim,
marağım olan müəllimlik sənətini
seçdim.
Coğrafiya elminə olan
marağım məndə kiçik
yaşlarımda məktəbdə oxuduğum
vaxtlarda yaranıb. Hələ orta məktəbdə VI sinifdə oxuyanda coğrafiyanın ilk
anlayışları ilə tanış olarkən gələcəkdə
coğrafiya müəllimi olmaq
arzusundaydım. Bizi əhatə edən ətraf aləmi, təbiətdə
baş verən hadisələri,
onların səbəblərini, əvvəllər mənim üçün ilk
baxışdan çox sadə olan coğrafi proseslərin əslində necə mürəkkəb
və maraqlı olduğunu öyrəndikcə
coğrafiya elminə olan
bağlılığım daha da artır, coğrafiya
müəllimi olmaq istəyim qətiləşirdi. Əlbəttə ki,
orta məktəbdə coğrafiya
fənninə qarşı marağımın yaranmasında coğrafiya müəllimimin özünəməxsus
rolu olmuşdur. Orta təhsilimi
Abşeron rayonu
Xırdalan şəhər 4 nömrəli tam
orta məktəbdə almışam.
2009-cu ildə orta məktəbi bitirdikdən
sonra ali məktəblərə
qəbul imtahanında iştirak etdim. İmtahanda müvəffəq
nəticə göstərərək Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə qəbul oldum. Hazırda IV kursda oxuyuram, əlaçıyam. Təhsil
aldığım müddətdə müəllimlərimin
sayəsində coğrafi biliklərim dərinləşmiş
və yeni məlumatlarla zənginləşmişdir.
Universitetdə yaradılan şərait əsl mütəxəssis
kimi formalaşmağımda əvəzsiz
rol oynayır. Universitetdə müəllimlərimdən
təkcə coğrafiya elminin
sirlərini deyil, həmçinin əsl
müəllim olmağın qaydalarını da
öyrənirəm. Təhsilimi bitirdikdən sonra magistraturaya, aspiranturaya daxil olub bir alim
kimi fəaliyyət göstərmək, dərs
keçəcəyim şagird və ya tələbələrdə coğrafiya
elminə qarşı maraq yaratmaq,
bu elmi onlara
sevdirmək, coğrafiya elminin
sirlərini onlara öyrətmək istəyirəm.
Təhsil
aldığım müddət ərzində məndə xüsusilə bütün dünya üçün qlobal bir problem olan
təbii fəlakətlərə maraq daha çox olmuşdur. Buna səbəb
Azərbaycanın ərazisində, dünyada
baş verən təbii fəlakətlərdən,
sunamilər və tayfunlar istisna
olmaqla, hamısının müşahidə
olunması, vurduqları zərərlərin sürətlə
artmasıdır. Təbii proseslərin respublika
iqtisadiyyatına vurduğu zərərləri
təhlil etmək, onlara qarşı nə
kimi tədbirlər görülməsi haqda təklif və tövsiyələr vermək
mənim üçün
maraqlıdır. Universitetdə
oxuduğum müddətdən bu sahə
üzrə elmi fəaliyyətlə məşğul
oluram. Məndə bu
sahəyə marağın yaranmasında əsas rolu professor N.A.Babaxanovun bizə təbii fəlakətlər
fənnini tədris etməsi ilə bağlıdır. Onun yüksək elmi bilikləri
sayəsində təbii fəlakətlərə dair biliklərim zənginləşmiş, hələ
də zənginləşməkdə davam
edir. Belə
ki, professor N.Babaxanovun rəhbərliyi ilə beş beynəlxalq konfransda
təbii fəlakətlərə dair
müxtəlif istiqamətli elmi məqalələrlə
iştirak etmişəm.
Bakı
Universitet Xəbərlərində (Təbiət
elmləri seriyası N 1, 2011) "Azərbaycanın ümumtəhsil
məktəblərində təbii fəlakətlərin tədrisinə
dair" mövzusunda
məqaləm çap olunmuşdur.
Universitetdə təhsil almaqla bərabər
öz elmi
axtarışlarımı da davam etdirirəm.
29
noyabr 2011-ci il tarixində
Bakı Slavyan Universitetində keçirilmiş tələbələrin XXII
Respublika elmi
konfransında "Azərbaycanın VIII sinif
coğrafiya dərsliklərində təbii
fəlakətlərin tədrisinə dair"
mövzusunda məqalə ilə iştirak etmişəm, konfrans
zamanı çıxışım böyük
maraqla qarşılanmışdır.
2011-ci
ilin dekabr ayında London Elm və Təhsil Akademiyasının
təşkil etdiyi XVI Beynəlxalq elmi-praktik konfransda "Azərbaycanda
coğrafi ekspertiza
aparılmasına dair rəqəmsal xəritəli geoinformasiya sisteminin yaradılması" mövzusunda elmi məqalə
ilə iştirak etmiş
və sertifikatla təltif olunmuşam.
2012-ci
ilin 13-18 iyul tarixlərində
London Elm və Təhsil
Akademiyasının təşkil etdiyi elm və təhsil olimpiadasında "Bakı
şəhərində baş verən təbii
fəlakətlər və onlara
qarşı mübarizə tədbirləri" adlı elmi məqalə ilə iştirak
etmişəm.
Olimpiadanın II mərhələsinin reytinqinə görə
Azərbaycan üzrə 1-ci, Avropa ölkələri
üzrə 2-ci yerə layiq
görülmüşəm.
Həmçinin
universitetdaxili 50+50 qrantlar
proqramı (2012/2013-cü tədris ili üçün) layihəsində "Azərbaycanın
təbii şəraitinin coğrafi
ekspertizasına dair geoinformasiya
xəritə modellərinin yaradılması" adlı layihə
işi ilə iştirak
etmişəm. Bu layihənin qalibi olacağıma inanıram.
Mənim
fikrimcə tələbələr yalnız təhsil almaqla kifayətlənməməli, elmə
meyillərini artırmalı, elmi fəaliyyətlə
məşğul olmalıdırlar. Məqsədim
professor N.A.Babaxanovun rəhbərliyi
ilə "Bakı şəhərində
baş verən təbii fəlakətlər
və onlara qarşı mübarizə tədbirləri"
mövzusunda yazdığım diplom işini
yekunlaşdırmaq, onu gələcəkdə
daha da genişləndirmək
və magistraturaya daxil
olaraq təhsilimi davam
etdirmək və fərqlənmə diplomu
ilə bitirməkdir.
Hörmətli
rektorumuz akademik Abel Məhərrəmov universitetin
kadr potensialını cavanlaşdırmaq üçün istedadlı tələbələrin,
magistraturanı fərqlənmə diplomu
ilə bitirənlərin universitetdə işləmələri
üçün hər cür
şərait yaradılacağını hər dəfə tələbələrlə
görüşlərində
nəzərə çatdırır. Hörmətli rektorumuzun əsas tələblərindən biri hər hansı bir xarici dili kamil
bilməkdir. Mən indi rektorumuzun
bu tələbini yerinə yetirmək üçün ingilis dilini intensiv öyrənməklə
məşğulam.
Bakı
Dövlət Universitetində istedadlı tələbələrə
göstərdiyi qayğıya görə akademik
A. Məhərrəmova öz dərin minnətdarlığımı
bildirirəm. Mənim ən böyük arzum götürdüyüm
buraxılış işini kitab şəklində çap
etdirmək və gələcəkdə öz
taleyimi ancaq universitetlə
bağlamaqdır.
Çinarə SƏMƏDLİ,
BDU-nun
IV kurs tələbəsi
Azərbaycan
müəllimi.- 2013.- 25 yanvar.- S.5.