"Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında təhsillə
bağlı nəzərdə tutulan məsələlər
Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasından çıxarış
7.2. Müasir
təhsil sisteminin
formalaşdırılması
2013-2020-ci
illərdə təhsil sahəsinə ayrılan vəsaitlərin
ümumi həcminin ÜDM-dəki payı
ilbəil artırılaraq, inkişaf etmiş ölkələrin müvafiq
göstəricisi səviyyəsinə
çatdırılacaqdır. Təhsildə
keyfiyyətin yüksəldilməsi üçün
stimullaşdırıcı mexanizmlər yaradılacaq,
xüsusən, adambaşına maliyyələşdirmə prinsipinin, həmçinin təhsil sahəsində
tətbiqi tədqiqatları, eləcə də innovativ fəaliyyəti təşviqləndirən
qrant maliyyələşdirməsinin tətbiqi
genişləndiriləcəkdir.
Təhsildə
idarəetmənin təkmilləşdirilməsi davam etdiriləcək, bütün
maraqlı tərəflərin cəlb olunmasını təmin
edən idarəetmə modelinə üstünlük
veriləcəkdir. Bu, bütün növ
təhsil müəssisələrinin müstəqilliyinin
artırılması, ictimaiyyətin (valideyn,
şagird, tələbə, yerli icma və s.) geniş cəlb
olunması vasitəsilə təhsil ocaqlarının dövlət-ictimai
xarakterdə idarə edilməsi, digər müasir
idarəetmə texnologiyalarının tətbiqi və s. kimi istiqamətlərdə
islahatyönlü tədbirlərlə
gerçəkləşdiriləcəkdir. Təhsil
sistemində tənzimləmə və idarəetməni həyata
keçirən dövlət orqanlarının funksiya
və səlahiyyətləri qabaqcıl beynəlxalq təcrübəyə
uyğun müəyyənləşdiriləcək,
onların fəaliyyətinin səmərəli əlaqələndirilməsi
üçün müvafiq
mexanizmlər yaradılacaqdır.
Ölkə
üzrə azyaşlı uşaqların məktəbəqədər
təhsilə cəlbolunma səviyyəsi orta
Avropa göstəricisi səviyyəsinə
çatdırılacaqdır. Bu məqsədlə dövlət uşaq
bağçaları şəbəkəsinin genişləndirilməsi,
şərait və təchizatının
yaxşılaşdırılması ilə yanaşı
müxtəlif mülkiyyət formasına (bələdiyyə,
icma, özəl, ailə
bağçaları) aid olan
məktəbəqədər təhsil müəssisələrinin
yaradılması və fəaliyyətinin dəstəklənməsi
üçün tədbirlər həyata
keçiriləcək və təşviq mexanizmləri
yaradılacaqdır.
Məktəblərin
tikintisi və əsaslı təmiri sahəsində
həyata keçirilən işlər davam
etdiriləcək, ümumi təhsil müəssisələri
şəbəkəsinin rasionallaşdırılması
istiqamətində xüsusi proqram hazırlanıb həyata keçiriləcəkdir.
12
illik ümumi təhsil
sisteminə keçid təmin ediləcək,
bununla əlaqədar təhsil
proqramları və dərsliklər müasir
tələblər baxımından yeniləşdiriləcəkdir.
Şagirdlərin idrak fəallığını,
ümumi inkişafını ləngidən
mövcud "yaddaş
məktəbi"ndən "təfəkkür və
düşüncə məktəbi"nə keçidin
təmin olunması məqsədi ilə sistemli
tədbirlər görüləcəkdir. Tam
orta təhsil səviyyəsində təhsil
təmayüllər üzrə təşkil olunacaq,
istedadlı uşaqlar üçün
inkişafetdirici fərdi proqramlar
yaradılacaqdır. Eyni zamanda,
xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlar üçün
də müxtəlif inkişafetdirici, korreksiyaedici və inklüziv
təhsil proqramları tətbiq ediləcəkdir.
Təhsilalanların
fəaliyyətinin və nailiyyətlərinin obyektiv
qiymətləndirilməsinə imkan verən
sistemin formalaşdırılması üçün məktəbdaxili qiymətləndirmə
sahəsində aparılan islahat tədbirləri
davam etdiriləcəkdir.
Məktəbdənkənar
təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsi
məqsədi ilə müasir təhsil
proqramları hazırlanacaqdır.
Peşə
təhsili infrastrukturu da
əsaslı şəkildə müasirləşdiriləcək,
peşə təhsilinə cəlb olunan vətəndaşların
sayı artırılaraq, ölkə iqtisadiyyatının tələbatı
ilə uzlaşdırılacaqdır.
Bölgələrin
inkişafı və mütəxəssislərə tələbatı
nəzərə alınaraq, regional çoxprofilli kolleclərin yaradılması
istiqamətində tədbirlər görüləcək, təhsilin
keyfiyyətinin artırılması üçün
ilk peşə, orta ixtisas və ali təhsil
pillələri üzrə mütəxəssislər hazırlayan təhsil
komplekslərinin yaradılmasına başlanılacaqdır.
Ali təhsil müəssisələri
üçün universitet
şəhərcikləri (kampuslar) və müvafiq texnoparklar
yaradılacaqdır. Ali təhsil müəssisələrinin ölkənin sosial-iqtisadi inkişaf tələblərinə
uyğun bilik və
bacarığa malik mütəxəssis
yetişdirməsinə və onların təhsil-tədqiqat-innovasiya
mərkəzlərinə çevrilməsinə dəstək
verən standartlar hazırlanıb tətbiq
olunacaqdır. Ali təhsil müəssisələrində aparılan
elmi tədqiqatlar müasir
standartlar səviyyəsinə
çatdırılacaq, elmi tədqiqat
işlərinin nəticələrinin tədris prosesində və
istehsalatda tətbiqi təşkil olunacaq, elmin informasiya təminatının gücləndirilməsi,
beynəlxalq elmi əlaqələrin dərinləşdirilməsi
sahəsində tədbirlər görüləcəkdir.
Təhsil
sisteminin
informasiyalaşdırılması, bütövlükdə təhsilin
müasir səviyyədə
qurulmasının əsas istiqamətlərindən biri kimi, daim
diqqət mərkəzində olacaqdır. Bu
məqsədlə 2013-2020-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına
dair Dövlət Proqramı qəbul ediləcəkdir.
Dövlət Proqramı çərçivəsində
Azərbaycanın bütün təhsil
müəssisələri (o cümlədən
ucqar bölgələrdə yerləşən
məktəblər) İnternet əlaqəsi
ilə təmin olunacaq, hər bir təhsil müəssisəsi lazımi texniki avadanlıqla təchiz ediləcək
və bütün təhsil
müəssisələrinin vahid təhsil
şəbəkəsinə qoşulması
reallaşdırılacaqdır. Ümumtəhsil məktəblərində
hər bir sinif
otağı noutbuk, proyektor
və elektron lövhə ilə, təhsil
alan bütün
şagirdlər "1 şagird - 1 kompüter" layihəsi çərçivəsində
netbuk və ya
planşetlərlə təmin ediləcəklər.
Elektron təhsil
texnologiyalarının tətbiqi daha da genişləndiriləcək, müəllim
və şagirdlər üçün virtual öyrənmə mühiti
formalaşdırılacaqdır. Bu məqsədlə
bütün fənlər üzrə elektron tədris və metodik
resursların yaradılması davam etdiriləcək,
elektron resursların etibarlı
saxlanılması və onlara asan çıxışın təmin
olunması üçün "bulud" texnologiyaları tətbiq
olunacaqdır. Ödənişsiz əsaslarla fəaliyyət
göstərən təlim resursları yaradılacaq, bu resurslar, müəllif-hüquq
lisenziyaları ilə təmin olunmaqla, təhsil
prosesinə inteqrasiya ediləcək və
açıq istifadəyə veriləcəkdir. "Elektron məktəb"lərin
sayı 1000-ə çatdırılacaq, rəqəmsal təhsil
resurslarından istifadə imkanları genişləndiriləcəkdir.
Özünütəhsilə və ömür
boyu təhsilə artan
tələbatın ödənilməsi üçün
kitabxana fəaliyyəti modernləşdiriləcək,
elektron kitabxanaların sayı
artırılacaq, distant təhsilin
inkişafı dəstəklənəcək və ali təhsil müəssisələrində distant təhsil geniş tətbiq
olunacaqdır.
İKT-nin təhsilin idarə edilməsinə
səmərəli inteqrasiyası davam
etdiriləcək, təhsilin vahid informasiya sisteminin
yaradılması yolu ilə informasiya əsaslı idarəetmə mexanizmlərinin
tətbiqi mümkün olacaqdır. Elektron sənəd dövriyyəsi sisteminin tətbiqi genişləndiriləcək
və nəticədə təhsil sisteminin
idarə edilməsində şəffaflıq artacaqdır. Eyni zamanda, Təhsil TV onlayn televiziya kanalı
yaradılacaq və geniş ictimaiyyətə
təqdim ediləcəkdir.
Təhsil
sisteminin səmərəliliyində, onun nailiyyətlərinin formalaşmasında
müəllim amilinin həlledici əhəmiyyətini
nəzərə almaqla müəllim
hazırlığının gücləndirilməsinə xüsusi önəm veriləcəkdir. Bütün ümumi təhsil müəllimləri üçün fəal (interaktiv)
təlim texnologiyaları və inklüziv
təhsil üzrə məqsədli ixtisasartırma təmin ediləcək,
hər bir müəllimin İKT
bacarıqlarına yiyələnməsi üçün
çevik sistem
yaradılacaqdır.
Azərbaycanda
müəllimlərin təkmilləşdirilməsi beynəlxalq
standartlarla uzlaşdırılacaq, müəllimlər
üçün yeni modul-kredit sisteminə əsaslanan
stimullaşdırıcı ixtisasartırma sistemi
inkişaf etdiriləcək, müəllimlərin
karyera inkişafı və fəaliyyətinin
stimullaşdırılması, qabaqcıl müəllimlərin
iş təcrübəsinin yayılması sahəsində
müasir tələblərə uyğun mexanizmlər yaradılacaqdır. Bununla yanaşı, nəticələrə əsaslanan
diferensial əməkhaqqı və
mükafatlandırma sistemi
hazırlanacaqdır. Pedaqoji kadrların işə qəbulu sahəsində tətbiq
edilmiş yeni mexanizm beynəlxalq təcrübəyə uyğun daha da təkmilləşdiriləcək, ucqar kənd məktəblərinin pedaqoji kadrlarla təminatı
üçün nəzərdə tutulmuş maddi
stimullaşdırma tədbirləri gücləndiriləcəkdir.
Azərbaycan
təhsilinin dünya və Avropa təhsil məkanına inteqrasiyası
gücləndiriləcəkdir. Təhsil
standartlarının unifikasiyası və Boloniya
prosesinin dərinləşməsi ilə
yanaşı Azərbaycanın təhsil ocaqlarının,
xüsusilə də ali təhsil müəssisələrinin
beynəlxalq əlaqələrinin genişləndirilməsinə,
təhsil sahəsində həyata keçirilən beynəlxalq
proqramlara onların fəal cəlb
olunması üçün müvafiq şəraitin yaradılmasına xüsusi fikir veriləcəkdir.
Eyni zamanda,
xarici ölkələrin aparıcı
universitetlərində dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin
sayı 2015-ci ilədək əhəmiyyətli dərəcədə
artacaq, xaricdə təhsil alaraq
məzun olmuş mütəxəssislərin
potensialından ölkənin inkişafında səmərəli istifadə
olunması təmin ediləcəkdir. 2015-2020-ci illər üçün gənclərin xarici ölkələrdə təhsil
almasına dair yeni
Dövlət Proqramı qəbul ediləcəkdir.
Azərbaycan
müəllimi.- 2013.- 25 yanvar.- S.3.