Təhsil naziri Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının baş katibi ilə
görüşüb
Yanvarın 22-də təhsil naziri Misir Mərdanov
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının baş katibi Xəlil Akıncı ilə
görüşüb.
Qonağı Təhsil Nazirliyində
görməkdən məmnunluğunu bildirən Misir Mərdanov
türkdilli ölkələrin əməkdaşlığının
genişləndirilməsinin əhəmiyyətindən söz
açıb. Nazir xalqlarımızın daha da
yaxınlaşması üçün təhsil sahəsindəki
əlaqələrin dərinləşdirilməsinin zəruriliyini
nəzərə çatdırıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının baş katibi Xəlil Akıncı bu quruma
daxil olan ölkələrin bütün istiqamətlərdə,
eləcə də təhsil sahəsində əlaqələrinin
inkişafı üçün nəzərdə tutulan məsələlərdən
bəhs edib. Qonaq hər bir millətin intellektual
potensialının inkişafında təhsilin əhəmiyyətindən
söz açıb və bu baxımdan təhsil sahəsində
qarşılıqlı əməkdaşlığın
genişləndirilməsinin zəruri olduğunu bildirib.
Türk xalqlarının ortaq əlifbasının
və dilinin qəbul olunması məsələsinə toxunan
Xəlil Akıncı, həmçinin ortaq tarix və ədəbiyyat
dərsliklərinin hazırlanması işinin mühüm əhəmiyyət
kəsb etdiyini vurğulayıb. Universitetlərarası əlaqələrin
inkişafı barədə fikirlərini bildirən baş
katib tədris proqramlarının uyğun hazırlanması,
diplomların qarşılıqlı tanınması və
ortaq təhsil telekanalının yaradılması məsələlərinin
əhəmiyyətinə diqqət çəkib. Baş katib
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasına üzv ölkələrin müvafiq mütəxəssislərinin
görüşünün keçirilməsinin nəzərdə
tutulduğunu söyləyib, müvafiq təkliflərlə
bağlı ortaq fikrə gəlməyin
mümkünlüyünü qeyd edib.
Təhsil naziri Misir Mərdanov
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası çərçivəsində əməkdaşlığımızın
inkişafı üçün konkret müddəaların
müəyyənləşdirilməsinin daha səmərəli
nəticələr verəcəyinə əmin olduğunu
bildirib. Nazir Azərbaycanla Türkiyə arasında mövcud
olan əlaqələrin bütün istiqamətlərdə, o
cümlədən təhsil sahəsində sürətlə
inkişaf etdiyini nəzərə çatdırıb.
Türkdilli ölkələrin
universitetləri arasında əlaqələrin genişləndirilməsinin
zəruriliyinə toxunan təhsil naziri birgə konfransların
təşkilinin mümkünlüyünü söyləyib. Ali
məktəblərin tədris proqramlarının
uyğunluğu və diplomların tanınması məsələsinin
əhəmiyyətini qeyd edən nazir, ilk növbədə,
müvafiq mütəxəssislər arasında bu istiqamətdə
müzakirələrin aparılmasının zəruriliyini
bildirib. Misir Mərdanov həmçinin türkdilli ölkələrin
ortaq təhsil telekanalının yaradılmasının gərəkli
olduğunu vurğulayıb.
Daha sonra görüşdə
türkdilli ölkələr arasında təhsil sahəsində
əlaqələrin möhkəmlənməsi işinin daha səmərəli
təşkili ilə bağlı bir sıra digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan
müəllimi.- 2013.- 25 yanvar.- S.2.