NDU-nun 2012-ci ildə elmi tədqiqat sahəsindəki fəaliyyəti
müzakirə edildi
Naxçıvan
Dövlət Universitetinin Elmi Şurasının bu ali təhsil
ocağının 2012-ci ildə elmi tədqiqat sahəsindəki
fəaliyyətinə həsr olunmuş iclası
keçirildi. Elmi Şura üzvləri öncə universitetin 2012-ci ildəki elmi nailiyyətlərini
əks etdirən sərgi ilə tanış oldular.
Elmi Şuranın rəhbəri,
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli
ötən il ardıcıl və hərtərəfli dövlət
qayğısı sayəsində tədrisin, eləcə də elmi tədqiqat
işlərinin səviyyəsinin daha da yüksəldilməsi,
maddi-texniki bazanın gücləndirilməsi istiqamətində
həyata keçirilən çoxşaxəli tədbirlərdən
danışdı. Qeyd olundu ki, Naxçıvan Dövlət
Universitetinin yaradılmasının 45 illiyi ilə əlamətdar
olan 2012-ci il elm, təhsil sahəsində qazanılan
mühüm uğurlarla yaddaqalan olmuşdur. Boloniya prosesinin
prinsiplərinə uyğun olaraq tədris prosesində elektron
vasitələrdən, informasiya texnologiyalarından istifadə
edilməsi məqsədilə "Elektron universitet" layihəsi
uğurla həyata keçirilir. Beynəlxalq əlaqələrin
inkişafı, xarici vətəndaşların universitetdə
ali təhsilə cəlb olunması, elektron təhsilin
proqramlaşdırılması, distant və online təhsilin təşkili,
semestr imtahanlarının elektron test üsulu ilə
keçirilməsi istiqamətində mühüm işlər
görülmüşdür.
Akademik İsa Həbibbəyli Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü ilin
Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları
ili" elan olunması barədə 17 yanvar 2013-cü il
tarixli sərəncam
imzaladığını, Naxçıvan Muxtar
Respublikasında isə bu ilin "Heydər Əliyev ili"
elan olunduğunu vurğuladı, bununla bağlı
qarşıda duran mühüm vəzifələrdən
danışdı.
Universitetin elmi işlər üzrə
prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
Anar Kazımov universitetin elmi-tədqiqat bölməsinin 2012-ci
il üçün hesabatını slaydlar şəklində
təqdim etdi. Bildirildi ki, hazırda universitetdə 407
professor-müəllim heyəti, AMEA-nın 7 nəfər həqiqi
və müxbir üzvü, 22 professor, 32 elmlər doktoru, 173 fəlsəfə
doktoru, 98 dosent fəaliyyət göstərir. 2012-ci ildə
universitet əməkdaşlarından 7 nəfər professor, 7
nəfər dosent elmi adı almış, 3 nəfər elmlər
doktoru, 11 nəfər fəlsəfə doktoru alimlik dərəcəsinə
layiq görülmüşdür. Ötən il 267 əməkdaş
tərəfindən 21 elmi istiqamət üzrə 257 elmi tədqiqat
işi həyata keçirilmişdir.
Tələbələrin elmi tədqiqat işlərinin təşkili,
Boloniya prosesinin tələblərinə uyğun olaraq tələbə
mobilliyinin artırılması istiqamətində də əhəmiyyətli
işlər görülmüşdür. Belə ki, tələbələrimiz
ali məktəb tələbələrinin XVII fənn və
informatika fənni üzrə VI Respublika olimpiadalarında
uğurla iştirak etmişlər. 2012-2013-cü tədris
ilinin I semestri ərzində 2 bakalavr Kiyev universitetlərində,
4 bakalavr isə Acarıstan Muxtar Respublikasının Şota
Rustaveli adına Batumi Dövlət Universitetində təhsil
almışdır. Universitet tarixində ilk dəfə olaraq
doktorantura pilləsində də Avropada təhsil almağa
başlanılmışdır. ERASMUS MUNDUS layihəsi çərçivəsində
2 nəfər İspaniyanin Santyaqo de Kompostela Universitetində,
1 nəfər isə İtaliyanın Tuskua Universitetində doktorantura təhsili alacaq.
Hesabatda universitetin beynəlxalq əlaqələri,
beynəlxalq əhəmiyyətli konfrans və simpoziumlarda
iştirakı, Avropa Birliyi ölkələrinin TEMPUS
proqramının beş layihəsində uğurla iştirak
etməsi və daha 2 layihəsində təmsil
olunacağı, Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq
Agentliyi ilə birgə layihə həyata keçirəcəyi
barədə məlumat verildi. Naxçıvan Dövlət
Universiteti əməkdaşlarının elmi nəşrləri,
monoqrafiya, dərslik və dərs vəsaitləri, respublika miqyasında,
habelə impakt-faktoru yüksək
olan xarici jurnallarda nəşr edilmiş elmi məqalələri
barədə statistik rəqəmlər ötən illərlə
müqayisəli şəkildə diqqətə
çatdırıldı. Universitetdə 2013-cü ildə
elmi-pedaqoji kadr hazırlığı, beynəlxalq və
respublika səviyyəli elmi konfrans və simpoziumların
keçirilməsi, universitetin beynəlxalq reytinq cədvəllərində
iştirakı istiqamətində görüləcək
işlərdən danışıldı.
Elmi Şurada aspirantura şöbəsinin,
Tələbə Elmi Cəmiyyətinin hesabatları, magistr
dissertasiyalarının hazırlanması vəziyyəti və
qarşıda duran vəzifələrlə bağlı məruzə
dinlənildi. Sonda 2012-ci ildə universitetin professor və dosent
adı almış müəllimlərinə diplomlar,
"İlin alimi" və "İlin səmərələşdiricisi"
nominasiyalarının qaliblərinə mükafatlar təqdim olundu.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin
müdiri
Azərbaycan müəllimi.- 2013.- 25 yanvar.- S.2.