Dünya ölkələrində
ümumi təhsil
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda 12 illik ümumi təhsilə keçid strateji hədəflərdən biri kimi nəzərdə tutulub. Bununla da ümumi təhsilin müddətinin artırılaraq 12 ilə çatdırılması ilə bağlı son illər təhsil ictimaiyyəti arasında gedən müzakirələr, nəhayət, öz həllini tapmaq üzrədir. Bəs, bu sahədə dünya ölkələrində vəziyyət necədir?
Dövlət Strategiyasında da qeyd olunduğu kimi, bir çox qabaqcıl ölkələrdə təhsil müddətinin tədricən artırılması istiqamətində addımlar atılır. Nəticədə artıq bəzi ölkələrdə 14, bir sıra ölkələrdə isə 13 illik ümumi təhsilə keçilmişdir. Əksər ölkələrdə isə hazırda 12 illik ümumi təhsil tətbiq olunur. Ümumi təhsil müddəti az sayda ölkələrdə on bir il təşkil edir. Dünya ölkələrində ümumi təhsilin strukturu haqqında müvafiq ölkələrin səfirliklərindən, təhsil nazirliklərinin və təhsilə aid digər qurumlarının rəsmi İnternet saytlarından əldə olunan materiallar əsasında aparılan araşdırmaların nəticələrini təqdim edirik.
Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığında ümumi təhsil
Böyük Britaniyada ümumi təhsilin müddəti 13 ildir və hər bir uşaq 5-16 (Şimali İrlandiyada 4-16) yaş arasında icbari təhsilə cəlb olunur.
İbtidai təhsil. İngiltərədə,
Şotlandiyada, Uelsdə ibtidai təhsil 5 və Şimali
İrlandiyada 4 yaşdan başlanır və əsasən 6-7
il (bəzən 3-4 il) davam edir. Belə ki,
İngiltərənin bəzi yerli hakimiyyət dairələrinin
qərarı ilə 5-9 yaşlı uşaqlar ibtidai məktəblərdə
və 8-14 yaşlılar isə icbari orta məktəblərdə
təhsil alırlar. İbtidai məktəblərin əksəriyyətində
qızlar və oğlanlar birgə oxuyur. İngiltərə,
Uels və Şotlandiyada şagirdlər əsasən 11
yaşında icbari orta məktəbə gedirlər.
Ümumi orta təhsil. Birləşmiş
Krallıqda məktəblilər icbari orta təhsili 16, tam orta
təhsili isə 18 yaşda başa vururlar. Ümumtəhsil məktəbləri
- gimnaziya, lisey, kollec və peşə liseyləri ən
yüksək maddi-texniki bazaya malikdir. Tədris prosesində kompüter
texnologiyalarından geniş istifadə olunur.
Ölkədə orta
məktəb yaşlı uşaqların təxminən 90
faizi icbari təhsilə cəlb olunub. Bu məktəblərə
şagirdlər bacarıq və hazırlıq səviyyələri
yoxlanılmadan qəbul edilirlər.
16 yaşından
etibarən şagirdlər təhsillərini altıillik kollec
və ya peşə məktəblərində də davam etdirə
bilərlər. Hər iki halda spesifik peşə, yaxud tətbiqi
fənlərlə yanaşı, ümumi təhsil kursu da
keçilir. İngiltərə və Uelsdə 15 texnoloji
kollec fəaliyyət göstərir. Dövlət 200-dən
çox orta məktəbdə texnoloji ixtisaslaşmaya
yardım edir. Bu məktəblər texnoloji təhsili
inkişaf etdirmək üçün qrant alırlar.
Orta məktəblər
hər il valideynlərə övladının tədris nailiyyətləri
haqqında məlumat verməlidir. Məktəb müfəttişi
hər hansı bir tədris ocağında aşağı səviyyədə
təhsil verildiyini müəyyən etdikdə, yerli təhsil
orqanları məktəbin özünüidarəetmə
qurumunun sədrini dəyişir.
Özəl
məktəblər Təhsil Nazirliyində qeydiyyatdan
keçir və açıq rəqabət şəraitində
fəaliyyət göstərirlər. Ölkədə
mövcud olan 2500-ə yaxın özəl məktəbdə
ümumi şagirdlərin təxminən 7 faizi təhsil
alır. Özəl məktəblərdə təhsil pulludur. Bu təhsil müəssisələrində
aztəminatlı ailələrdən olan şagirdlərə
təqaüd verilir. Belə tədris ocaqları, adətən
uşaq bağçalarını, ümumtəhsil və orta
məktəbləri özündə birləşdirən
komplekslər kimi fəaliyyət göstərir.
Dövlət məktəblərində
müəllimləri yerli təhsil orqanı və ya məktəbin
özünüidarəetmə qurumu təyin edir. Müəllimlərin
ixtisasları Təhsil Nazirliyi tərəfindən təsdiq
olunur. İngiltərə və Uelsdə həyata keçirilən
islahatlara əsasən, məktəblər müəllimlərin
ilkin hazırlanmasında daha fəal rol oynayırlar. Belə
ki, məktəblər tələbələrin praktiki
hazırlığı, onların səviyyələrinin qiymətləndirilməsində
yaxından iştirak edirlər.
Təhsildə
Standartları müəyyən edən Müstəqil Qurum
(OFSTED) Təhsil Nazirliyinə məktəb təhsilinin keyfiyyəti,
standartlar və təhsilin effektivliyi haqda vaxtaşırı məlumat
verir. Hər bir məktəb müstəqil müfəttişlər
qrupu tərəfindən yoxlanılır. Yoxlama qrupuna təhsil
mütəxəssisləri ilə bərabər valideynlər
də daxil edilir. Yoxlamanın nəticələri haqda valideynlərə
məlumat verilir. Yekun nəticələrə müvafiq olaraq
məktəbə rəhbərlik edən qurumlar perspektiv
planlarını hazırlayır və valideynləri gələcək
fəaliyyətləri barədə məlumatlandırırlar.
Böyük
Britaniyanın Milli Kurikulumu 1992-ci ildə qəbul edilib və
dövlət məktəblərində təhsil alan
şagirdlər 16 yaşına kimi bu kurikulum əsasında dərs
keçirlər. 2008-ci ildən qərara alınıb ki,
2013-cü ildə 17, 2015-ci ildə isə 18 yaşlı
şagirdlərə Milli Kurikulum tətbiq olunsun. Özəl məktəblər isə
Milli Kurikulumu tətbiq etməyə məcbur deyillər.
Milli Kurikulumda ingilis
dili (Uels dilində tədris aparılan məktəblərdə
Uels dili), riyaziyyat, təbiət elmləri, dizayn və
texnologiya, informasiya və kommunikasiya texnologiyası, tarix,
coğrafiya, xarici dillər, musiqi, incəsənət və
fiziki tərbiyə fənləri əsas yer tutur. Bunlarla
yanaşı, bir sıra digər icbari fənlər də
mövcuddur ki, bu sıraya da dini fənləri aid etmək
olar.
Şimali İrlandiyada da oxşar proqram tətbiq
olunur. Lakin məktəblər
şagirdlərin fərdi tələblərini, şəraiti
nəzərə alaraq kurikuluma əlavə elementlər daxil
edə bilərlər.
İcbari orta təhsili başa vuran
şagirdlər Orta Təhsil üzrə Ümumi Şəhadətnamə
imtahanı verirlər. Bu imtahan hər fənn
(10-a yaxın) üzrə verilir və müstəqil imtahan
eksperti tərəfindən qiymətləndirilir. Orta Təhsil üzrə Ümumi Şəhadətnamə
imtahanından uğurla keçən şagirdlər tam orta təhsil
ala, yaxud da peşə və texniki kolleclərdə müəyyən
ixtisasa yiyələnə bilərlər.
Şagirdlər tam orta məktəbdə bir il təhsil aldıqdan sonra AS səviyyəsini
(Advanced Subsidiary Level) əldə etmək üçün
yenidən imtahan verirlər. Tam orta təhsilini
başa vuran şagirdlər isə universitetlərə qəbul
olunmaq üçün ən yüksək mərhələ
sayılan A-Level adlandırılan imtahanda iştirak edirlər.
Türkiyədə
ümumi təhsil
Türkiyənin 12 illik ümumi orta təhsil
sistemi 8 illik ibtidai, 4 illik orta təhsilə əsaslanır.
İbtidai təhsil. Türkiyədə ibtidai təhsil icbaridir və
dövlət məktəblərində pulsuzdur. İbtidai təhsil
pilləsi 6-14 yaş arasındakı uşaqları əhatə
edir.
İbtidai təhsilin məqsədi
uşaqların yaxşı bir vətəndaş kimi
yetişməsini təmin etmək, onların zəruri məlumat,
qabiliyyət, davranış, vərdiş qazanmasına, milli
ruhda formalaşmalarına yardımçı olmaqdır. Şagirdlərin maraq, bacarıq və qabiliyyət
istiqamətlərinə uyğun inkişafı, onların həyata
və növbəti təhsil pilləsinə
hazırlanması da ibtidai təhsilin başlıca vəzifələrindəndir.
Səkkizillik ibtidai təhsilin sonunda şagirdlərə
müvafiq diplom verilir.
Orta təhsil. Türkiyədə
orta təhsil dördillikdir.
Orta təhsil ümumi, peşə və texniki
orta təhsil müəssisələrini əhatə edir.
Orta təhsilin məqsədi şagirdlərə ortaq mədəni
dəyərlər aşılamaq, fərd və cəmiyyət
məsələlərini anlatmaq, onları ölkənin
sosial-iqtisadi və mədəni inkişafına layiqli töhfələr
verə biləcək vətəndaş kimi yetişdirmək,
şagirdləri həm ali təhsilə, həm
peşəyə, həm də müstəqil həyata
hazırlamaqdır.
Orta təhsil müxtəlif proqramlara
uyğun tədrisə əsaslanır. Şagirdlər istək və qabiliyyətləri
müqabilində bu proqramlardan birini seçərək
ümumi liseylərdə, fənn liseylərində, sosial elmlər
liseylərində, idman liseylərində, incəsənət
liseylərində və çoxproqramlı liseylərdə təhsil
ala bilərlər.
Peşə və texniki orta təhsil. Peşə və texniki orta təhsil peşə
sahələrinə müvafiq olaraq müəyyən əmək
qabiliyyəti və vərdişləri verən, şagirdləri
ali təhsilə hazırlayan təhsil
müəssisələridir. Peşə və texniki orta təhsil
müəssisələri sırasında oğlan texniki tədris
məktəbləri, qız texniki tədris məktəbləri,
ticarət və turizm tədrisi məktəbləri, din tədrisi
məktəbləri əsas yer tutur.
Amerika
Birləşmiş Ştatlarında ümumi təhsil
ABŞ-da ümumi təhsil 12 illikdir. 2010-cu ilə olan məlumata görə, ölkədə
təxminən 120 min orta məktəb fəaliyyət göstərir.
Onların 27 mini özəldir. Şagirdlərin 15 faizi özəl təhsil müəssisələrində
və ya kilsə məktəblərində təhsil alırr.
Məktəb məzunlarının təxminən
30 faizi universitetlərə daxil olur.
Amerikanın orta təhsil strukturu
aşağıdakı pillələri əhatə edir:
1. İbtidai məktəb (elementary school): 6-11
yaşlı uşaqlar üçün (I-VI siniflər).
2. Əsas məktəb (sekondary school):
12-15 yaşlı uşaqlar üçün (VII-IX siniflər).
3. Orta məktəb (high school): 16-19 yaşlı
uşaqlar üçün (X-XII siniflər).
Məktəblərdə fənlərin tədrisi
baxımından vahid tələblər qoyulmur. Onlar məktəbin yerləşdiyi ərazidən
(ştatdan) və ya həmin məktəbin öz siyasətindən
asılı olaraq dəyişə bilər.
Bütün məktəblərdə tədris
olunan icbari fənlərə ingilis dili (İngiltərə və
Amerika ədəbiyyatı), riyaziyyat (cəbr və həndəsə),
xarici dil (əsasən ispan dili), tarix (Amerika və Avropa tarixi)
və təbiət elmləri (biologiya, kimya, ekologiya) daxildir.
Amerikanın məktəb sistemində
biliyin qiymətləndirilməsi bir qədər demokratik
xarakter daşıyır. Burada fənlər
üzrə vahid dövlət imtahanları mövcud deyil.
Onları aralıq və semestr testləri əvəz
edir. İlin sonunda isə yekun imtahan
verilir. Təhsilalanların bu və ya digər
fəndən aldığı qiymət yalnız testlərin nəticəsi
əsasında müəyyənləşdirilmir. Qiymətləndirməyə şagirdin təhsilə
münasibəti, məktəb həyatında iştirakı və
digər müvafiq meyarlar da təsir göstərir. Yeganə dövlət imtahanı SAT-dır. (Scholastik Aptitude Test - Təhsil Nailiyyətləri
Testi). Buraya bacarıqlar üzrə
ümumi akademik test, riyaziyyat biliyi və dil
bacarıqlarının səviyyəsi daxildir. Bu test
kollec və universitetlərə daxil olmaq imkanı yaradır.
Tədris ili semestrlərə
bölünür və 170-186 gün davam edir. Dərslər
5-6 saat olmaqla həftənin 5 günü keçilir.
İbtidai məktəb. Əsasən 6 yaşdan etibarən başlayır. Burada təhsil ştatdan asılı
olaraq 5-6 il davam edir. Amerikada
adətən məktəbə uşaqları 6 yaşında
qəbul edirlər. Bütün dərslər
(oxu, ədəbiyyat, şifahi nitq, orfoqrafiya, musiqi, təsviri
incəsənət, hesab, tarix, təbiətşünaslıq,
gigiyena, bədən tərbiyəsi və əmək) bir
müəllim tərəfindən aparılır.
İbtidai məktəblərdə
şagirdləri adətən testlərin nəticələrinə
uyğun qruplara bölürlər. Bu testlər
xüsusi hazırlıq tələb etmir, istedadlı
uşaqları üzə çıxarır və riyazi dəqiqliklə
intellekt əmsalını - IQ (intelligence quotient) müəyyənləşdirməyə
imkan verir. IQ (ay kyu) testləri insanın
intellekt səviyyəsinin qiymətləndirilməsidir. ABŞ-da orta intellekt əmsalı 100-dür. Ölkə məktəblərinin məzunlarının
orta IQ-su 115, əlaçıların 135-140 təşkil edir.
70-dən aşağı IQ əqli gerilik hesab
olunur.
IQ müəyyən edildikdən sonra A, B
və C (istedadlı, normal və qabiliyyətsizlər)
qrupları yaradılır və təhsil
diferensiallaşdırılır. Təhsildə geri
qalan uşaqlarla ciddi iş aparılır. İstedadlılar
isə adətən kollec və universitetlərə
hazırlaşırlar.
Əsas məktəb (secondary school). Təhsilin bu pilləsi 3 illikdir (VII-IX
siniflər). Burada tədris
olunan əsas fənlər aşağıdakılardır:
ingilis dili, riyaziyyat, təbiətşünaslıq, bədən
tərbiyəsi, gigiyena, musiqi, təsviri incəsənət, əmək
və ya evdarlıq. Səkkizinci sinifdən
etibarən şagirdlər maraq göstərdikləri fənləri
seçmək hüququna malikdirlər.
Orta məktəb (high school). Təhsil müddəti 3 ildir (X-XII siniflər). Əsas fənlərə riyaziyyat (2 il), ingilis dili (4 il), təbiət elmləri (2
il) və sosial elmlər (3 il) daxildir.
Orta məktəbdə qiymətləndirmə
sistemi ingilis əlifbasının A, B, C, D, F hərfləri ilə
aparılır. Orta qiymətin müəyyən edilməsi
üçün hərflərə uyğun ballardan (A=4, B=3, C=2, D=1 və F= 0)
istifadə olunur.
C-dən yuxarı qiymətlər
yaxşı qiymətlər hesab edilir. Təhsilin davam etdirilməsi üçün tədrisin
sonunda B və ya A qiymətləri alınmalıdır.
D - biliyin orta səviyyədən
aşağı olduğunu, F isə qeyri-qənaətbəxş
nəticə və ya tədris materialının tamamilə
öyrənilməməsi deməkdir.
Orta məktəbin bitirilməsi haqqında diplom almaq
üçün son 4 il ərzində 16
akademik kurs üzrə zaçot almaq kifayətdir. Akademik kurs adətən 90-180 məşğələdən
ibarət olur. Adətən hər yarımilə
5-6 kurs düşür. Son 4 ildə şagirdlərə
5 əsas fənnin - ingilis dili (4 il), riyaziyyat (3 il), təbiət
elmləri (3 il), sosial elmlər (3 il), kompüter (5 ay) öyrənilməsi
məsləhət görülür. Universitet və
dördillik kolleclərdə təhsilini davam etdirmək istəyənlər
üçün xarici dil kursunu (2 il)
keçmək də tələb olunur.
Əsas fənlər 20-30
ixtisaslaşmış kurslara bölünür. Məsələn, ingilis dilinə Amerika ədəbiyyatı
və ədəbi yaradıcılıq daxil edilir. Məqbul qiymət almaq üçün müasir
yazıçıların yaradıcılığı və
ya jurnalistika sahəsindən də imtahan vermək
mümkündür.
Təhsil Nailiyyətlərinin Milli Qiymətləndirilməsi
(National Assessment of Educational Progress - NAEP) təşkilatının
verdiyi məlumata əsasən, 2010-2011-ci tədris ilində təxminən
49,4 milyon şagird dövlət ibtidai və
orta məktəblərində təhsil alır. Bundan əlavə,
5,8 milyon şagird özəl məktəblərdə
təhsil alır. Bütün bu məktəblərdə təxminən
3,8 milyon müəllim
çalışır.
2010-2011-ci tədris ilində isə 19,1
milyon nəfər iki və dördillik kolleclərə və
universitetlərə daxil olub. Bu rəqəm 2000-ci illə
müqayisədə 3,8 milyon nəfər
çoxdur.
2010-2011-ci tədris ilində orta təhsilə
təxminən 340 milyard dollar məbləğində vəsait
ayrılıb. Ölkə üzrə hər
şagirdə orta hesabla 10 min 792 dollar düşür. Müqayisə üçün qeyd edək ki,
2007-2008-ci tədris ilində bu məbləğ 10 min 297 dollar
təşkil edib.
Fransada
ümumi təhsil
Fransada müasir təhsil sisteminin əsası
1880-1890-cı illərdə qoyulub və 6 yaşından 16
yaşınadək uşaqlar üçün icbari xarakter
daşıyır.
Orta təhsil. Fransada qəbul edilmiş orta
təhsil sistemi özlüyündə üç qrupa
bölünür:
* ibtidai məktəb (5 illik təhsil);
* kollec (4 il);
* lisey (3 il).
Adətən bu təhsil müəssisələri
bir-birindən ayrı yerləşirlər. İbtidai məktəb
və kollec
məcburi xarakter daşıyır.
İbtidai məktəb 6 yaşdan 11 yaşadək (əgər
uşağın təhsillə bağlı problemi yoxdursa)
davam edir və aşağıdakı pillələrə
bölünür:
* hazırlıq kursu (CP);
* ibtidai kurs 1-ci il (CE1);
* ibtidai kurs 2-ci il (CE2);
* orta kurs 1-ci il (CM1);
* orta kurs 2-ci il (CM2).
İbtidai məktəbdə dərslər (saat 9-dan 12-dək
və saat 14-dən 17-dək) həftədə dörd gün
(27 saat) davam edir.
Çərşənbə günü, şənbə
günü nahardan sonra və bazar günü uşaqlar istirahət
edirlər. Bu günlər ərzində uşaqlar
maraqlarına uyğun olaraq müxtəlif idman və bədii
dərnəklərdə məşğul ola
bilərlər.
Fransada ibtidai məktəbdə oxuyan
şagirdlərə evə tapşırıq verilmir. İbtidai təhsil dövründə sinifdə
bütün fənləri bir müəllim tədris edir.
İbtidai təhsil almış
bütün şagirdlər kolleclərdə oxuya bilərlər. Kollecdə təhsil,
hər biri 2 il olmaqla iki dövrə
bölünür:
* müşahidə dövrü;
* istiqamətləndirici dövr.
Müşahidə dövrünə VI və
V siniflər daxildir. (Fransada siniflərin
sıralanması əks istiqamətdə aparılır - VI,
V, IV, III). Bu dövrdə tədris prosesi
orta təhsilin baza elementlərini təqdim etməklə
ibtidai təhsili tamamlayır. Bütün
uşaqlar kollecə daxil olur, bərabər tədris
proqramı üzrə dərs keçir və mütləq
şəkildə müəyyən olunmuş xarici dillərdən
birini öyrənirlər.
İstiqamətləndirici dövrə
ümumi təhsilin IV və III sinifləri, eləcə də
texniki təmayüllü kolleclərin IV və III sinifləri
daxildir. Bu mərhələdə uşaqlar ikinci
xarici dili öyrənməyə başlayır və əlavə
olaraq latın, yunan və ya digər dilləri
seçə bilirlər. III sinfin sonunda
şagirdlər imtahan verir və kolleci bitirmələri haqda
şəhadətnamə alırlar.
Bir sıra kolleclərdə xüsusi dərs
rejimi mövcuddur. Kollecdə təhsil
aldıqları müddət ərzində idman və ya incəsənətin
bir növü ilə intensiv şəkildə məşğul
olmaq istəyən şagirdlər üçün
uyğunlaşdırılmış dərs cədvəli
üzrə siniflər təşkil edilir (təmayüllü
kolleclər kimi). Xarici dilin dərindən
öyrənildiyi, bir neçə fənnin xarici dildə tədris
edildiyi beynəlxalq kolleclər və ya Avropa kollecləri də
fəaliyyət göstərir.
Kollecin III sinfindən sonra şagirdlər
təhsillərini ya peşə (2 illik), ya da ümumtəhsil
liseylərində (3 illik) davam etdirə bilərlər.
Ümumtəhsil liseyi 3 il ərzində
bakalavriat diplomu almaq üçün buraxılış
imtahanına hazırlayır. Liseydəki siniflər
"ikinci», "birinci" sinif və "terminal"
adlanır. Birinci sinif bakalavriat dərəcəsinin
müxtəlif növlərinə aparan çoxlu sayda istiqamətlərə
- filyerlərə malikdir. Birinci sinifdən
sonra şagirdlər fransız dilindən verdikləri sınaq
imtahanında əldə etdikləri qiymətlər bakalavriat
dərəcəsi imtahanında nəzərə alınır.
"Terminal", yaxud liseyin sonuncu sinfi bakalavriat
imtahanının verilməsi ilə başa çatır.
Fransızların qısaca "Bak"
adlandırdıqları orta təhsil haqqında bu diplom
böyük əhəmiyyətə malikdir (Azərbaycanda
verilən ali təhsilin bakalavr diplomundan fərqlənir).
Bu diplom məzunlara imtahansız universitetə qəbul
olmaq imkanı verir.
Səhifəni
hazırladı:
Yusif
ƏLİYEV
Azərbaycan müəllimi.- 2014.- 4 aprel.- S.3.