Sumqayıt Dövlət
Universitetində Azərbaycanlıların
Soyqırımı Gününə həsr olunmuş
konfrans keçirilib
Sumqayıt Dövlət
Universitetində 31 mart Azərbaycanlıların
Soyqırımı Günü ilə əlaqədar konfrans
keçirildi. Soyqırımı qurbanlarının xatirəsinin
anıldığı konfransı universitetin rektoru Elxan
Hüseynov giriş sözü ilə açaraq XX yüzillik
boyu erməni cəlladları tərəfindən
xalqımıza qarşı dəfələrlə törədilən
qanlı qırğınların bütün dəhşətləri
ilə insan zəkasına sığmayan və dilə gətirilməsi
mümkün olmayan bir faciə və xalqımıza
qarşı əsl genosid siyasət olduğunu bildirdi. Bu siyasətin
məqsədi azərbaycanlıları
qədim torpaqlarından sıxışdırıb
çıxartmaq, həmin ərazilərdə erməni
tarixçilərinin və ideoloqlarının uydurduğu
"Böyük Ermənistan" dövləti yaratmaq idi.
Qeyd olundu ki,
xalqımız çoxəsrlik tarixində müdhiş bəlalarla
üzləşmişdir. XX əsrin müxtəlif dönəmlərində
bədnam qonşularımız və onların havadarları tərəfindən
xalqımıza qarşı kütləvi soyqırımı
aktları həyata keçirilmiş, əzəli
torpaqlarımızın xeyli hissəsini itirmişik. Tarixə
nəzər salanda həqiqətlər bir daha göz
önünə gəlir. Bu hadisələrin
başlanğıcı təxminən iki yüz il bundan əvvələ
- 1813-cü və 1928-ci illərdə çar Rusiyası ilə
İran arasında bağlanmış Gülüstan və Türkmənçay
müqavilələrinin imzalandığı dövrə təsadüf
edir. "Qədim Azərbaycanın həmin dövrdə 340
min kvadrat kilometrə qədər ərazisi İran və
Rusiyanın nəzarətinə keçərək bu iki
dövlətin arasında bölüşdürüldü.
1828-ci il martın 21-də Rusiya çarı tərəfindən
bu ölkə ilə İran arasında sülh
bağlanmasına dair manifestə əsasən, işğal
olunmuş İrəvan və Naxçıvan
xanlıqlarının torpaqları Ermənistan ərazilərinin
bir hissəsi hesab olunmuşdu. Qondarma Ermənistan dövləti
Azərbaycanın tarixi torpaqlarında yaradıldı, ermənilər
məhz Türkmənçay sülh müqaviləsi əldə
olunduqdan sonra bir xalq kimi formalaşmağa başladı.
Konfransda
vurğulandı ki, XIX əsrin əvvəllərindən
başlayaraq Qarabağa erməni əhalisinin yerləşdirilməsi,
demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, azərbaycanlı
əhalini qorxutmaq və qovmaq məqsədi güdən
kütləvi qırğınlar, 1920-ci illərdə Zəngəzurun
Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz
minlərlə azərbaycanlının indi Ermənistan adlanan əzəli
torpaqlarından köçürülməsi xalqımıza
qarşı erməni təcavüzünün qanlı səhifələridir.
Ötən əsrin əvvəllərində
yürüdülən bu mənfur siyasət nəticəsində
azərbaycanlılar öz qədim torpaqları olan İrəvan,
Göyçə və Zəngəzuru itirmişlər. XX əsrin
sonlarında isə erməni işğalçıları
Dağlıq Qarabağı və ətraf yeddi rayonu zəbt
etmişlər.
Bütün beynəlxalq
hüquq normalarını pozan Ermənistan Dağlıq
Qarabağı özünə birləşdirmək
üçün bütün cinayət və vəhşiliyə
hazır olduğunu bir daha nümayiş etdirdi.
Azərbaycan Prezidenti
cənab İlham Əliyevin bəyan etdiyi kimi, "bu mənfur
siyasətin məqsədi azərbaycanlıları tarixi
torpaqlarından qovmaq, bu ərazilərdə -böyük Ermənistan
dövləti yaratmaq idi. Müəyyən tarixi dövrlərdə
bəzi aparıcı dünya dövlətlərinin
planlarına uyğun gələn bu siyasəti
reallaşdırmaq üçün müntəzəm surətdə
ideoloji, hərbi və təşkilati xarakterli iş
aparılmış, ən müxtəlif üsul və vasitələrdən
istifadə edilmişdir".
Diqqətə
çatdırıldı ki, erməni millətçilərinin
və onların havadarlarının son iki əsrdə azərbaycanlılara
qarşı məqsədyönlü şəkildə həyata
keçirdiyi soyqırımı XX əsrdə xüsusən
genişlənmişdir. Bu əsrdə ermənilər Azərbaycan
xalqına qarşı üç dəfə
soyqırımı aktı həyata keçirmişlər.
Onlardan ən dəhşətlisi 1918-ci il 31 mart
soyqrımı idi. Həmin illərdə ermənilər tərəfindən
milli qırğınlar Şamaxıda, Qubada, Muğanda,
Göyçayda, Zəngəzur qəzasında, Qarabağda,
İrəvan quberniyasında və ölkənin digər ərazilərində törədilmişdir.
Ermənistanın son
iyirmi beş ildə ölkəmizə qarşı
yürütdüyü növbəti
işğalçılıq siyasəti nəticəsində
Azərbaycan torpaqlarının 20 faizi zəbt edilmiş, 20
mindən çox soydaşımız həlak olmuş, 50 mindən
artıq adam yaralanmış, əlil və şikəst
olmuş, bir milyondan artıq azərbaycanlı qaçqına
və məcburi köçkünə çevrilmiş,
ölkə iqtisadiyyatına on milyardlarla manatlıq maddi ziyan
vurulmuşdur. Tarixi abidələrlə zəngin, Azərbaycan
tarixinin öyrənilməsində mühüm əhəmiyyət
kəsb edən qədim mədəniyyətə, strateji əhəmiyyətə
malik olan Xocalı erməni vəhşiliyinin növbəti
qurbanı oldu.
Bu gün Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən - "Xocalıya ədalət"
kampaniyası çərçivəsində dünyanın
100-dən çox ölkəsində tədbirlər təşkil
olunur. Azərbaycan rəhbərliyi, hökuməti və
ictimai qurumlar tərəfindən bu istiqamətdə
görülən işlər öz səmərəsini verməkdədir.
Rektor bildirdi ki, 1918-ci
ilin martında ermənilər tərəfindən Zəngəzurda
109 kənd, Qarabağda 117 kənd, Şamaxı qəzasında
53 kənd, Quba qəzasında 162 kənd
dağıdılmışdır. 1918-ci ilin martında bir
sıra Bakı kəndlərinin-Məhəmmədi, Əhmədli,
Balaxanı, Binəqədi,
Bibiheybət, Hökməli, Zabrat, Sabunçu, Xırdalan və
s. sakinləri erməni silahlı dəstələrinin vəhşiliklərinin
qurbanı olmuşlar.
Ümumi hesablamalara
görə təkcə
Bakıda 12 mindən artıq insan vəhşicəsinə
öldürülmüşdür.
Qeyd edildi ki, ulu
öndər Heydər Əliyevin "Azərbaycanlıların
soyqırımı günü" 1998-ci il 26 mart tarixli fərmanında
bu hadisələrə siyasi qiymət verilmişdir. Artıq 15
ildir ki, martın 31-i Azərbaycanlıların
Soyqırımı Günü kimi qeyd edilir.
Konfransda "Ümumi
tarix" kafedrasının müdiri, professor Şirxan Səlimov
"Ermənilərin tarixən azərbaycanlılara
qarşı törətdiyi soyqırımının qısa
xronologiyası" Tədris
hissəsinin əməkdaşı, şair-dramaturq Əvəz
Mahmud Lələdağ "Mart soyqırımını əks
etdirən tarixi faktlar", Azərbaycan dili və ədəbiyyat
kafedrasının müdiri, dosent Yusif Aslanov "Erməni-azərbaycanlı
münasibətlərinin bədii
ədəbiyyatımızda əksi"
mövzuları ilə çıxış etdilər.
SDU-nun Mətbuat xidməti
Azərbaycan müəllimi.- 2014.- 4 aprel.- S.2.