Üç əsrin şahidi
2 nömrəli
Texniki-Humanitar Lisey - Həbib
bəy
Mahmudbəyovun yaratdığı məktəb
"Mənim
ictimai fəaliyyətim maddi vəziyyətimi
yaxşılaşdırmaq məqsədi daşımır.
Yeganə məqsədim yeni məktəblərin,
institutların, texniki, orta məktəblərin və sairənin
açılmasını təbliğ etməkdir...".
Həbib bəy Mahmudbəyov
İnsanın, canlı varlığın cismani diriliyi Günəşin nuruna bağlı olduğu kimi, mənəvi diriliyi, inkişafı ziyalıların fəaliyyətindən asılı olaraq başa gəlir. Böyük adamların əməlləri yaşayır, adları isə əsrlər keçsə də nəsilləri böyük arzulara, əməllərə səsləyir. Azərbaycan məktəbinin təşəkkül tapmasında misilsiz xidmətləri olan yorulmaz maarifçi, ictimai xadim Həbibulla bəy Hacı İbrahimxəlil bəy oğlu Mahmudbəyov belə simalardandır. XIX əsrin sonu, XX əsrin əvvəllərində ziyalılarımız tərəfindən adı birmənalı şəkildə dərin hörmətlə çəkilən, xeyriyyəçiliyin başında duran, ictimai işlərin önündə gedən H.Mahmudbəyov bu gün Bakı şəhərində fəaliyyət göstərən 2 nömrəli Texniki-Humanitar Lisey adı ilə tanınan orta məktəbin yerləşdiyi binada vaxtilə rus-Azərbaycan məktəbinin ilk direktoru olmuşdur.
Həbib bəy Mahmudbəyovun həyat və fəaliyyəti
Həbibulla bəy
Mahmudbəyov Şamaxı mötəbərlərindən
Hacı İbrahimxəlil bəyin oğludur. 1864-cü il
iyulun 29-da Şamaxı şəhərində anadan
olmuşdur. Həbibulla bəyin ulu babalarından Hacı Sadiq
Nadir şahın xəzinədarı imiş və özləri
nəslən Şirvan əsilzadələrindəndir. Səkkiz
yaşındaykən Həbib bəy Şamaxının məhəllə
məktəblərindən katib Mirzə Hüseyn adlı bir
mollanın məktəbində oxuyub, sonra Şamaxının
şəhər məktəbinə girir. 1872-ci il zəlzələsindən
şəhər məktəbinin binası dağılır və
Həbib bəy də oradan gəlib Bakıdakı realnı məktəbə
daxil olur. Bu məktəbin altıncı sinfinədək
oxuyandan sonra 1881-ci ildə o, Sultan Məcid Qənizadə ilə
birlikdə Tiflisə gedib Aleksandrovski Müəllimlər
İnstitutuna qəbul olunur. Hər ikisi 1887-ci ildə gimnaziya
müəllimi adını alırlar.
H.Mahmudbəyovun
teatrın inkişafında da misilsiz xidmətləri
olmuşdur. 1880-ci ildə Bakıda teatr işi sürətlənməyə
başlayarkən H.Mahmudbəyovun rəhbərliyi ilə sabit
teatr qrupu yaradıldı. Qrupun yaradılmasında S.M.Qənizadə,
Nəcəfqulu Vəliyevin də xidmətləri olmuşdur. Cahangir Zeynalov, Hüseyn Ərəblinski,
Əbülfət Vəli, Mirzağa Əliyev, Məhəmməd
Ələvəndi kimi teatr xadimləri bu truppada
çıxış edirdilər.
"Nərimanov
kitabxanası"nın maarifçilik fəaliyyətində
H.Mahmudbəyov maddi və mənəvi yardım göstərirdi.
1897-ci ilin yanvarında S.M.Qənizadə, H.Mahmudbəyov və
Ə.Axundovun rəhbərliyi altında Bakıda nəşriyyat
şirkəti yaradıldı. Burada əsasən rus və Azərbaycan
dillərində bədii ədəbiyyat,
dərslik, uşaq mütaliəsindən ötrü müxtəlif
xarakterli kitabların nəşri nəzərdə
tutulmuşdu.
Azərbaycanda sovet
hakimiyyəti qurulduqdan sonra Həbib bəy Mahmudbəyov
hökumətin tapşırığı ilə qabaqcıl
maarif xadimləri olan F.Rzabəyli və Ə.Cəfərovla
birlikdə Bakıda Azərbaycan Ali Pedaqoji İnstitutunun
yaradılmasında yaxından iştirak etmişdir. Həmin
institutda uzun illər direktor müavini, eyni zamanda rus dili və
ədəbiyyatı müəllimi vəzifəsində
çalışmışdır.
Azərbaycanın
böyük maarif xadimi professor Həbibulla bəy Hacı
İbrahimxəlil oğlu Mahmudbəyov 1927-ci ildə Bakıda
vəfat etmişdir. Bu gün ziyalılarımızı təəssüfləndirəcək
bir hal Azərbaycanın böyük maarif fədaisinin qəbrinin
qalmamasıdır.
Azərbaycan
məktəbinin inkişaf yolu Həbibulla bəy Mahmudbəyovun
və Sultan Məcid Qənizadənin birlikdə kirayə tutub
birmərtəbəli evin üç otağında təşkil
etdikləri siniflərin fəaliyyəti ilə müəyyənləşmişdir.
1887-ci il oktyabrın 20-də H.Mahmudbəyov S.M.Qənizadə
ilə birlikdə
Bakıda "rus-müsəlman" məktəbinin əsasını
qoydular. Bu barədə sənədlərdə
xəbər verilir ki, "Aleksandrovski Müəllimlər
İnstitutunun keçmiş məzunları olan Mahmudbəyov
və Qəniyev tərəfindən Bakıda birsinifli
üçüncü dərəcəli xüsusi rus-tatar məktəbi
açıldı. Məktəb oktyabrın 20-dən
düzgün fəaliyyətə başladı;
noyabrın 12-də xalq məktəbləri direktoru bu məktəbə
baxarkən 60-a qədər şagird var idi. Hazırda
onların sayı 70-ə çatmış və qəbul
dayandırılmışdır".
Azərbaycanda
və bütün Zaqafqaziyada şöhrət qazanan
"rus-Azərbaycan" məktəbi keçmiş Spasski
küçəsi ilə Kolyubakin küçələrinin
tinində Hacı ağa Dadaşovun ayı 35 manata kirayə
edilmiş xüsusi evində yerləşirdi. İlk illərdə
məktəb təhsil haqqından toplanan vəsaitlə (ildə
hər şagirddən 3 man.) idarə olunurdu.
Məktəbin tədris
planına ana dili, rus və fars dilləri, hesab, coğrafiya,
tarix, şəriət fənləri daxil idi. Məktəbin
dil siyasətini Haşım bəy Vəzirov belə izah
edirdi: "Əvvəlinci rus-müsəlman məktəbi
açıldığı halda və ondan qabaqda əhalinin
tamam kitabəti, dəfdərdarlığı, irsal-mərsulu
fars dilində olduğundan zəki və huşyar rus-müsəlman
məktəbi baniləri həm işin burasına diqqət
yetirib, həm də fars dilinin müsəlmanlar
üçün bir ədəbiyyat dili olduğunu və bu
dilin həlavətin nəzərə alıb öz məktəblərinə
bu dili də daxil etdilər. Müşarileyh müəllimlər
tərəfindən o vaxtın təqazasınca fars dilinə,
həm də şəriət dərslərinə bir o qədər
əhəmiyyət verilməsi ən böyük tədbirlərdən
idi".
Məktəbin
uğurunun səbəbi həm dil siyasətinin doğru müəyyənləşməsi,
həm də şəriət dərslərinin məktəbdə
tədris olunmasına bağlı idi. Bu barədə
Haşım bəy Vəzirov fikrini davam etdirərək
yazırdı: "Hərgah Qənizadə və
Mahmudbəyov cənabları o vaxt bu iki dərsə etina etməyib
məhz türk və rus dillərinin tədrisinə məşğul
olsaydılar, nə öz məktəblərində müvəffəqiyyət
görməzdilər, nə də bəlkə Bakı şəhəri
bugünkü mütəəddid rus-müsəlman məktəblərinə
malik olmazdı...".
"Rus-müsəlman" məktəbinin
dövlət məktəbinə çevrilməsi
"Rus-Azərbaycan"
məktəbinin rəsmən birsinifli (tədris müddəti
2 il) tədris ocağı kimi fəaliyyətə
başlamasına baxmayaraq, sonralar 2 sinifli (tədris müddəti
4 il) oldu və təlimin məzmunu nisbətən genişləndirildi.
Bütün bunların nəticəsi idi ki, şagirdlərin
sayı da get-gedə artır, məktəb əhalinin və
maarif rəhbərlərinin hüsn-rəğbətini
qazanırdı. Məşhur maarifçi Firudin bəy
Köçərli 1912-ci ildə yazmışdı: "Bu vaxtlarda (1891-ci ildə) Qafqazda maarif müdiri
olan Yanovski Qənizadə ilə Mahmudbəyovun təzə
qayda ilə açılmış məktəblərini ziyarət
edib, həm şagirdlərin oxumasından və həm də
cavan müəllimlərin səy və hümmətindən
artıq dərəcədə razı qalmışdır və
bu məktəbi hər yerdə vəsf etmişdir". Bunun səbəbi
o idi ki, çəkilən zəhmət yavaş-yavaş
öz bəhrəsini verirdi. Buranı bitirənlər asanlıqla
realnı və digər məktəblərə daxil olurdular.
Halbuki, o vaxt azərbaycanlı uşaqlardan realnı məktəblərə
daxil olanlar tək-tək idi. Məktəbdə
təlimin yüksək keyfiyyəti, nümunəvi
nizam-intizam, səliqəlilik tezliklə əhalinin diqqətini
cəlb etdi. 1891-ci ildə Bakı camaatından 150 nəfəri
şəhər dumasına ərizə verərək bu məktəblərin
sayının artırılması və dövlət xərcinə
keçirilməsi tələbini irəli
sürdü. Şəhər camaatının tələbi əsasında
1891-ci ildə dövlət xərcinə "rus-Azərbaycan"
məktəbinin bazası əsasında iki yeni məktəb
açmaq qərara alındı. Hər iki məktəb
1891-ci il sentyabrın 23-də açıldı. Birinciyə
35, ikinciyə isə 45 şagird qəbul edildi. Mahmudbəyov
birinci, Qənizadə ikinci məktəbin müdiri təyin
olundu. Bu iki rus-Azərbaycan məktəbinin təşkili ilə
əlaqədar olaraq onların saxladıqları xüsusi
rus-Azərbaycan məktəbi bağlandı (həmin il iyunun
15-də). Yeni təşkil edilmiş hər iki
rus-Azərbaycan məktəbində Qafqaz canişini tərəfindən
1881-ci il yanvarın 13-də təsdiq olunmuş "Rus olmayan
xalqların məktəbinin tədris planı" tətbiq
edilirdi (ana dili, rus dili, fars dili, hesab, rəsmxət, müqəddəs
tarix və şəriət). Rus-Azərbaycan məktəblərində
təhsil haqqı ləğv olundu.
Məktəbin ilk müəllimləri
Rus-Azərbaycan məktəbində
S.S.Axundov, A.Şaiq, Ə.Cəfərov, A.Atakişiyev, Həmidə
xanım Behbudova kimi gözəl müəllimlər dərs
deyirdilər. Folklorşünas Əbülqasım Hüseynzadənin
xatirələrindən: "Həbib bəy Mahmudbəyovu 15
yaşımdan tanıyıram. Mən o vaxt rus-tatar məktəbində
oxuyurdum. Məktəbin direktoru Həbib bəy Mahmudbəyov
idi. O, üzügülər, ciddi baxışlı, nurlu bir
şəxs idi. Seyid Hüseynlə oxuyurdum. Bir gün Həbib
bəyin təşəbbüsü ilə məktəbdə
yaradılmış teatr truppasına üzv yazıldıq. Mən
ədəbiyyata və teatra çox həvəs göstərirdim.
Bunu Həbib bəy Mahmudbəyov hiss etmişdi. Ona görə
də mənə müxtəlif rollar verirdi". Ə. Hüseynzadə Mahmudbəyovun yüksək
insani keyfiyyətlərindən də bəhs edirdi: "Həbib
bəy məktəbdə oxuyan kasıb uşaqlara əl
tuturdu. Həmin şagirdlər uzun müddət bu
yardımın kim tərəfindən edildiyini bilmirdilər. Mənim
əziz müəllimim Həbib bəy humanist, tikəsini
bölməyi bacaran insan idi. Həbib
bəy mənim uşaqlıq illərimə işıq
saçan, nur çiləyən bir müəllim kimi xatirimdə
qalıb".
Abdulla Şaiq bu məktəbə müəllim təyin
olunması haqqında xatirələrində yazırdı:
"1902-ci ildə görkəmli maarifpərvər Həbib bəy
Mahmudbəyov müdir olduğu 6 sinifli məktəbin
aşağı siniflərinə ana dili müəllimi təyin
edildim". Bu dövrdə yazıçı
Seyid Hüseyn və onun qardaşı Mirpaşa Sadıqov
burada təhsil alırdılar.
Bu gün Həbib bəy Mahmudbəyov adına
liseylə Abdulla Şaiqin ev-muzeyinin əməkdaşlığı
davam etdirilir. Şaiqin ocağını qoruyan nəvəsi
Ülkər xanım Talıbzadə Mahmudbəyovun
işıqlı xatirəsini tez-tez yad edərək məktəbdə
təşkil olunan tədbirlərdə könüllü
iştirak edir.
"Rus-müsəlman"
məktəbinin
Azərbaycanda
məktəblərin artmasına təsiri
Yeni açılmış "rus-Azərbaycan" məktəbləri
bir sıra qabaqcıl müəllimlərin diqqətini cəlb
etdi. Onlar təzə açılan məktəblərdə
işləməyə, özləri yeni məktəblər
açmağa cəhd göstərdilər. Yeni təşkil edilmiş "rus-Azərbaycan"
məktəblərində işləmək arzusunda olanlardan
biri də Nəriman Nərimanov idi. Bu vaxt Tiflis
quberniyası Borçalı mahalının
Qızıl-Hacılı kəndində müəllimlik edən
Nərimanov Bakıya gəlir və 1891-ci il
iyulun 21-də məktəb komissiyasına müraciət edərək
Bakı şəhər Duması tərəfindən yeni
açılan "rus-tatar məktəblərindən birinin
müdir müavini" təyin edilməsini xahiş edir.
"Rus-Azərbaycan" məktəbinin
müvəffəqiyyətindən ruhlanan ziyalılardan Mirzə
Həsənbəy Axundov və Məhəmmədhəsən
bəy Nəsirbəyin hər biri bu tipli iki yeni məktəb
açdı. Qısa müddət ərzində
təkcə Bakıda "rus-Azərbaycan" məktəblərinin
sayı 10-a çatdırıldı.
1914-cü ildə Həbib bəy Mahmudbəyovun
məktəbinin fəaliyyətinin 25 illik yubileyi qeyd
olunmuş, bu münasibətlə o, çar hökuməti tərəfindən
təşəkkürnamə ilə də təltif
edilmişdir. Haşım bəy Vəzirov bu münasibətlə
"Bakıdakı rusi-müsəlmani məktəblərin
iyirmi beş illik yubileyi münasibətilə"
adlı kitabçasını nəşr etdirmişdir.
Azərbaycan xalqının maariflənməsi
yolunda çətinliklər də çox idi. Bütün "rus-Azərbaycan" məktəblərinin,
o cümlədən, ikisinifli "rus-Azərbaycan" məktəbinin
müvəffəqiyyəti onun banilərinin - H.Mahmudbəyovla
S.Qənizadənin və bu məktəblərə cəlb
edilmiş digər zəhmətkeş müəllimlərin əməyinin
nəticəsi idi. Bununla birlikdə
çarizmin türk-müsəlman xalqların maarifi sahəsindəki
mürtəce siyasəti həmin məktəblərin tərəqqi
etməsinə mane olurdu. Təkcə onu
qeyd etmək kifayətdir ki, bu məktəblərdə işləyən
müəllimlərin heç biri dövlət qulluqçusu
hesab edilmirdi. S.Qənizadənin ikisinifli şəhər
"rus-Azərbaycan" məktəbinin əsasını
qoymasına, uzun müddət ona rəhbərlik etməsinə
baxmayaraq, onun mövcud qanun üzrə dövlət
qulluqçusu hesab edilməməsi bir yana qalsın, həm də
o, uzun müddət məktəbin
rəsmi müdiri hesab edilməmiş, əvəzedicisi
kimi işləmişdir. Çünki şəhər məktəblərinin
1872-ci il nizamnaməsinə görə,
ancaq xristian dininə mənsub olanların şəhər məktəblərində
işləmək hüququ var idi.
Həbib
bəy Mahmudbəyovun
maddi-mənəvi irsi qorunur
Həbib bəy Mahmudbəyovun müqəddəs
ruhu, sanki təşkil etdiyi məktəbin himayəçisinə
çevrildi. Onun vaxtilə əsasını
qoyduğu bu təhsil ocağı sovet dövründə 8
illik məktəb kimi fəaliyyət göstərdi.
Yüz il əvvəl məktəbin əsası
qoyulduğu kimi, 1987-ci ildə də məktəbin yeni
inkişaf dönəmi başladı. 1987-ci ildə
görkəmli akademik Azad Mirzəcanzadə H.Mahmudbəyovun
adını daşıyan məktəbə gəldi və
yeni fikirlərini həyata keçirməyə başladı.
Akademik Azad Mirzəcanzadə Həbib bəyin məktəbini
istedadlı şagirdlər üçün məktəbə
çevirdi və 1990-1991-ci tədris ilindən lisey statusunu
aldı. Həbib bəy Mahmudbəyov öz məktəbinə
ən səriştəli müəllimləri
topldığı kimi, A.Mirzəcanzadə də orta məktəb
şagirdlərinə müəllim kimi dərs keçməklə
yanaşı, buraya tanınmış alimləri - Bəkir Nəbiyevi,
Yaşar Qarayevi, Rafael Hüseynovu dəvət edirdi,
diskussiyalar keçirirdi.
Vaxtı ilə bu məktəbdə metodist müəllim
vəzifəsində çalışan Kamilə Əhməd
qızı Məmmədova yazır: "Həbib bəy
Mahmudbəyovun adını daşıyan məktəbdə bu
gözəl müəllimin tədris ənənələrindən
bəzilərini yaşatmağa çalışırıq. Bildiyimiz kimi, Həbib bəy də öz məktəbində
uzunömürlü bir teatr dərnəyi
yaratmışdı. Bu ənənə bu
gün də davam edir". Məktəbdə
Həbib bəyin xatirəsi ilə bağlı
"Sözün qüdrəti" adlı ədəbi dərnək
də təşkil olunmuşdur.
Həbib
bəy Mahmudbəyovun müasir davamçısı
Həbib bəy Mahmudbəyov adına
2 nömrəli Texniki-Humanitar Elmlər Liseyinin bugünkü fəaliyyəti
ilə maraqlanarkən direktordan müsahibə almağa ehtiyac
qalmadı. Məktəbin qapısından girən
andan etibarən binanın daşı, divarı, interyeri,
müəllimlərin, şagirdlərin davranışları,
ünsiyyətləri onun idarəçilik sistemi haqqında məlumat
verir. Gülərüz, səmimi, təvazökar,
qayğıkeş müəllim kollektivi burada həqiqətən
şəxsiyyət yetişdirilməsinin əsas göstəricisidir.
Bu gün liseyin müəllim kollektivi
H.Mahmudbəyovun xatirəsini gələcək nəslin
yaddaşında əbədiləşdirmək
üçün ciddi tədbirlər görür. 2001-ci ildə
məktəbin metodist
müəllimi K. Məmmədova "Həbib bəy
Mahmudbəyovun məktəbi" adlı tarixi oçerkini
kitabça şəklində nəşr etdirmişdir.
2004-cü ildə Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar Elmlər Liseyinin 115-ci
ildönümü qeyd olunmuşdur. Bu münasibətlə
məktəbin direktoru Bəkir Mustafayevin naşirliyi ilə
Haşım bəy Vəzirovun kitabçası ərəb əlifbasından
transfoneliterasiya etdirilərək yenidən nəşr
olunmuşdur. Yubiley münasibətilə Həbib
bəyin büstü hazırlanmış, fəaliyyəti
haqqında məlumatlar onuncu sinif dərsliyinə
salınmışdır. Bu gün isə
Bəkir müəllim və məktəbin müəllim
kollektivi məktəbin yerləşdiyi küçəyə
Həbib bəy Mahmudbəyovun adının verilməsi arzusu
ilə yaşayırlar.
Könül
NƏHMƏTOVA,
filologiya
üzrə fəlsəfə doktoru
Azərbaycan
müəllimi.- 2014.- 4 aprel.- S.5.