Bir daha ümumtəhsil məktəbinin
strukturu haqqında
İki il bundan öncə "Azərbaycan müəllimi" qəzetinin 13.04.2012-ci il tarixli 14-cü nömrəsində "Ümumtəhsil məktəbi strukturunun təşəkkülünə dair" adlı yazıda ölkəmizdə ümumtəhsil məktəbi strukturunun təşəkkülü, onun inkişaf tendensiyası və formalaşması prosesini məntiqi ardıcıllıqla izləməyə çalışmışdıq. Yaradıldığı ilk dövrlərdə heç bir konkret struktura və dəqiq təlim - tədris müddətinə malik olmayan Azərbaycan məktəbi XX əsrdə dəqiq strukturu və təhsilalma (vermə) müddətinə malik 10 illik (3+5+2) və 11 illik (4+5+2) məktəblər kimi formalaşdı. 3 səviyyədən - ibtidai məktəb (4 il), əsas məktəb (5 il), orta məktəb (2 il) - ibarət 11 illik orta ümumtəhsil məktəbi strukturunun tətbiqi 1984-cü ildə keçirilən təhsil islahatı zamanı qərara alındı. 1985/1986-cı dərs ilində 6 yaşlıların məktəb təliminə cəlb edilməsi ilə 11 illik orta ümumtəhsil məktəbinin bünövrəsi qoyuldu.
O vaxtdan 30 illik bir dövr keçir.
Bu müddət ərzində dünyada elmin, texnikanın, iqtisadiyyatın, mədəniyyətin
inkişafında böyük
yüksəliş əldə
olunub, çoxlu kəşflər, ixtiralar
edilib, yeni elm sahələri yaradılıb,
elmlərarası inteqrasiya
nəticəsində sinergetik
elmi istiqamətlər,
elmi paradiqmalar formalaşıb. Elmi-texniki tərəqqinin
sürətli yüksəlişi
elmi biliklərin həcmini daha da artırmışdır.
Onlar haqqında zəruri biliklərin məktəbin tədris planı, fənn proqramları və dərsliklərinə gətirilməsi,
11 illik məktəbin
"çərçivəsinə" sıxışdırılması şagirdlərin həddindən
artıq yüklənməsinə
səbəb olar, onların sağlamlığına
mənfi təsir göstərər. Deməli, ölkəmizin
orta ümumtəhsil məktəbində təhsilalma
(təhsilvermə) müddətinin
uzadılmasına - 12 illik
məktəbə çevrilməsinə
ciddi ehtiyac vardır. Bu, zamanın tələbidir.
Avropanın və dünyanın
inkişaf etmiş ölkələrində fəaliyyət
göstərən 12 illik
- 13 illik orta ümumtəhsil məktəblərinin
uzunmüddətli təcrübəsi
bu təhsilalma müddətinin daha optimal
olduğunu çoxdan
sübut etmişdir.
Təsadüfi deyildir ki, dünyanın əksər
ölkələrində ümumi
orta təhsil 12 illikdir. Ölkəmizin
yerləşdiyi regionda
olan ölkələrdə
də xeyli vaxtdır ki, 12 illik ümumi orta məktəb strukturuna keçilmişdir.
Dövlət başçısı
tərəfindən 24.10.2013-cü ildə təsdiq edilmiş "Azərbaycan
Respublikasında təhsilin
inkişafı üzrə
Dövlət Strategiyası"nda
12 illik ümumi təhsil sisteminin yaradılması nəzərdə
tutulmuşdur. Bəs 12 illik
tam orta ümumtəhsil
məktəbinin strukturu
hansı sxem üzrə yaradılacaqdır?
Bəzi
"təhsil xadimləri",
"müstəqil ekspertlər"
əsaslandırmadan müxtəlif
telekanallara müsahibə
verərək 12 illik məktəbin strukturunun
"10+2" sxemi üzrə
qurulmasını təklif
edirlər. Onlar hansı
tədqiqatların nəticələrinə,
hansı təcrübəyə
əsaslanırlar? Şərh yoxdur.
Orta ümumtəhsil məktəbi 12 illik olan ölkələrin məktəblərinin üçüncü
- sonuncu səviyyəsi
- yuxarı siniflər
üç və ya dörd ili əhatə edir. Məsələn, ABŞ-da 12 illik
məktəb strukturu bir neçə sxem üzrə qurulur. Lakin bunlardan ən geniş yayılanı
"6+3+3" (1-6 kiçik (aşağı) siniflər, 7-9 orta siniflər, 10-12 yuxarı siniflər) və qismən də
"6+2+4" sxemləri üzrə
qurulan məktəb strukturlarıdır (Система
образования в Соединенных Штатах Америки). Fransada orta ümumtəhsil
məktəbinin (ibtidai
məktəb - 5 il, kollec - 4 il, lisey - 3 il) strukturu
"5+4+3" sxemi üzrə qurulur (Начальное и среднее образование во Франции, информационные и "Учебные материалы" №34). Birləşmiş Krallıqda
orta ümumtəhsil məktəblərində təhsilalma
müddəti 12-13 il təşkil edir ki, bu
məktəblərin strukturu
- "6+5+1" və ya
"6+5+2" sxemləri üzrə
qurulur. ("British Council"in
Bakı ofisinin məlumatı). Almaniya Federal Torpaqlarında da orta ümumtəhsil
məktəblərin növündən
(real məktəblər, gimnaziyalar)
asılı olaraq təhsilalma müddəti
12-13 illikdir. Bu məktəblərin strukturu
- "4+5+3" və "4+6+3" sxemi üzrə yaradılır (İnternetdən
götürülmüşdür).
Qonşularımız
olan Türkiyədə
məktəblərin strukturu
"4+4+4", Gürcüstanda
"6+3+3" sxemi üzrə
qurulmuşdur. Gətirilən
faktlardan göründüyü
kimi, orta ümumtəhsil məktəbinin üçüncü
səviyyəsində təhsilalma
müddəti ən azı "3" ildir. Bu təbiidir, ona
görə ki, üçüncü səviyyədə
"Təhsil haqqında"
qanunun tələbinə
əsasən təlim
təmayüllər üzrə
aparılmalıdır. Təmayüllər üzrə hazırlanacaq
fənn proqramlarının
mürəkkəbliyi, dərin
və yüksək elmi səviyyəsinə müvafiq tələblərini
ikiillik müddətdə
həyata keçirmək
qeyri-mümkündür.
Bu məsələ ilə bağlı məktəbimizin təcrübəsində
olan bir faktı da xatırlamaq
yerinə düşərdi. Keçən əsrin
60-cı illərinin birinci
yarısında keçmiş
SSRİ-nin bir sıra ərazilərində,
o cümlədən Azərbaycanda
da orta ümumtəhsil
məktəbinin üçüncü
səviyyəsi bazasında
iki sinifdən - IX və X siniflərdən ibarət ikiillik ayrıca - müstəqil
"Riyaziyyat məktəbi",
"Fizika məktəbi",
"Kimya məktəbi"
və s. məktəblər
yaradılmışdı. Lakin bu məktəblər qarşıya
qoyulan məsələləri
- şagirdlərə elmlərin
əsasları üzrə
hərtərəfli və
dərin biliklər verilməsini onlara ayrılan təlim müddətində həyata
keçirə bilmədikləri
üçün tez bir zamanda ləğv
edildilər.
"Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununda
"19.19. Tam orta təhsil səviyyəsində
təhsilin təmayülləşməsi
(hümanitar, texniki, təbiət və digər) təmin olunur" müddəası
təsbit olunmuşdur.
Deməli, məktəblərimizin üçüncü səviyyəsinə
müvafiq elm sahələri
üzrə yüksək
intellektə malik olan şagirdlər qəbul edilməlidir.
Belə şagirdləri
aşkar etmək və düzgün istiqamətləndirmək üçün
pedaqoji kollektivlər valideynlər, psixoloqlar, sosioloqlar və digər mütəxəssislərlə
birlikdə çox gərgin iş aparmalıdırlar. Şagirdlərin maraq, meyil, qabiliyyətlərini
üzə çıxarmaq
və onları müvafiq peşələrə
yönəltmək elmi
əsaslar üzərində
qurulmalıdır. Elə
edilməlidir ki, şagirdlər IX sinfi bitirəndə tam aydın
olsun ki, kimlər ilk peşə-ixtisas,
kimlər orta ixtisas müəssisələrində
təhsillərini davam
etdirəcək, kimlər
isə sahibkarlıq, xüsusən kənd rayonlarında fermerlik fəaliyyəti ilə məşğul olan valideynlərinə kömək
edəcəklər. Dövlətimizin əmək qanunvericiliyinə
müvafiq olaraq ümumi orta icbari təhsili başa vuran 15 yaşlı yeniyetmələrin
əmək fəaliyyəti
ilə məşğul
olmalarına icazə verilir. Əmək fəaliyyətinə başlayan IX sinif məzunları təhsildən
kənarda qalmamalı,
onlar tam orta təhsil verən axşam, qiyabi məktəblərə cəlb
edilməlidirlər. Bu
məsələnin müsbət
həlli BMT-nin "Təhsil hamı üçün" Bəyannaməsinin
(1990) icrası ilə
bağlı - məktəbyaşlı
bütün uşaqların,
bu və ya digər səbəbdən
ümumi orta təhsil ala bilməyən
gənclərin, hətta
yaşlıların təhsilə
cəlb edilməsi barədə Azərbaycan hökumətinin Dakar forumunda
(2000) götürdüyü öhdəliyin yerinə yetirilməsi baxımından
çox önəmlidir.
Tam orta məktəbin
üçüncü səviyyəsində
təhsilini davam etdirəcək şagirdlərin
seçimi aşkarlıq
və şəffaflıq
şəraitində, obyektiv,
ədalətli və təmənnasız həyata
keçirilməlidir.
Deyilənləri nəzərə
alaraq, belə qənaətə gəlmək
olar ki, ölkəmizdə 12 illik
məktəbin strukturunun
"4+5+3" sxemi üzrə
qurulması məqsədəuygün
olardı. Ona görə ki, dördillik ibtidai məktəb, beşillik ümumi orta (natamam orta) məktəb
1984-cü il islahatından sonra 30 il müddətində özlərini təsdiq etmiş, onlarda təhsilin məzmunu müəyyən mənada
formalaşmışdır. Ümumi təhsilin üçüncü
- tam orta təhsil səviyyəsində təhsilalma
müddətinin "3" ilə qaldırılması
onun yeni məzmununun yaradılmasını
zəruri edəcəkdir.
Məsələnin bu şəkildə həlli: şagirdlərin
səhhətini pisləşdirən
təlim yükünün
həcmini azaltmağa;
təhsilin keyfiyyətini
yüksəltməyə; yaranmış
demoqrafik şəraiti
nəzərə alaraq,
perspektivdə maddi-maliyyə
resurslarına qənaət
etməyə; gənclərin
əlavə məşğulluğunu
təmin etməyə
imkan verəcək; attestatlarımızın xarici
ölkələrdə tanınmasını
təmin edəcək;
struktur baxımından
Avropa və dünya təhsil sisteminə inteqrasiya olunmasına təkan verəcəkdir.
İnanırıq ki, müstəqillik illərində
ümumi təhsilin məzmununun yaradılması sahəsində
müəyyən təcrübə toplamış və səriştəyə
yiyələnmiş elmi-metodik sahədə fəaliyyət
göstərən mütəxəssislərimiz bu işin
öhdəsindən uğurla gələcəklər.
Arif MURADOV,
Azərbaycan Respublikasının əməkdar
müəllimi
Azərbaycan müəllimi.-
2014.- 4 aprel.- S.7.