Təhsil prosesində
İKT-nin rolu
Hazırda respublikamızda
bütün sahələrdə mütəxəssislərin
informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə
işləmək və onlardan düzgün istifadə etmək
bacarığına çox böyük önəm verilir.
İKT biliyinə mükəmməl yiyələnməyin yolu
isə məktəbdən başlayır.
Qeyd etmək
lazımdır ki, ümumilikdə təhsil sisteminin İKT əsasında
təkmilləşdirilməsi informasiya cəmiyyətinin əsas
xüsusiyyətlərindən biridir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 21
avqust 2004-cü il tarixində təsdiq etdiyi "Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə təminatı
Proqramı (2005-2007-ci illər)" ölkəmizdə bu
prosesə start verdi. Həmin proqram başa çatdıqdan
sonra 10 iyun 2008-ci il tarixində ölkə
başçısı tərəfindən yeni -
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" qəbul olundu. İKT-dən istifadə etməklə
ölkəmizdə beynəlxalq standartlara uyğun keyfiyyətcə
yeni təhsil modelinin qurulması, vahid elektron təhsil məkanının
yaradılması və təhsil sisteminin dünya təhsil məkanına
inteqrasiya olunması əsas məqsəd kimi qarşıya
qoyulan həmin proqramda nəzərdə tutulan tədbirlər
də artıq həyata keçirilmişdir. Təqdirəlayiq
haldır ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi
tərəfindən müəllimlərin kompüter
savadlılığının artırılması məqsədi
ilə son illər çoxsaylı tədbirlər - konfranslar,
seminarlar, müxtəlif stimullaşdırıcı və həvəsləndirici
aksiyalar, müsabiqələr həyata keçirilir. Bu işlərdə
müxtəlif fondlar, şirkətlər, firmalar da yaxından
iştirak edirlər. Məktəblərin İKT
avadanlığı, o cümlədən kompüter, noutbuk,
interaktiv lövhələr ilə təchizatı da hazırda
uğurla davam etdirilir.
Dünya təcrübəsi
göstərir ki, İKT-dən istifadə etməklə
qurulan müasir təhsil modeli məktəbin pedaqoji heyəti
qarşısında da yeni tələblər və vəzifələr
qoyur. Müəllimlərin təkcə fundamental biliklər,
pedaqogika və psixologiya sahəsində deyil, həm də
informasiya sahəsində yenidən təlim alması olduqca
aktuallaşır. Artıq yeni nəsil müəllimlərindən
öyrətdikləri konkret fənnin struktur məzmununa və
məqsədinə uyğun, uşaqların individual
xüsusiyyətlərini nəzərə alan, şagirdlərin
harmonik inkişafını mümkün edən
texnologiyaları seçib tədrisdə tətbiq etmək tələb
olunur.
Tədrisdə yeni
texnologiyalardan müvəffəqiyyətlə istifadə edən
müəllimlərin sözlərinə görə, İKT
vasitələri öz geniş imkanları ilə təhsil
prosesini xeyli sadələşdirir, onu dinamik və çevik
edir. "Müəllim - şagird - dərslik" tədris
modelinə kompüterin də əlavə edilməsi tədris
prosesini individual proqram üzrə
təşkil etməyə, uşağın dərsə
marağını və istəyini stimullaşdırmağa
imkan verir. Kompüterlə aparılan dərslər uşaqlar
üçün çox cəlbedici və yaddaqalan olur.
Multimedia vasitələri, avtomatlaşdırılmış
öyrədici sistemlər, kompüter tədris proqramları,
animasiya qrafikası, rəngarəng illüstrasiyalar
uşaqların idrak fəallığına müsbət təsir
göstərir və nəticə etibarilə şagirdin
olimpiadalarda, müxtəlif intellektual
yarışmalarda göstərdikləri nəticələrin
keyfiyyəti xeyli artır.
Tədris prosesində
interaktiv lövhədən istifadə edilməsi dərsin əsas
prinsiplərindən birini, onun əyaniliyini təmin edir.
Elektron lövhənin sensorlu, yəni hissiyatlı səthinə
xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla
onun üzərində kompüterdə mümkün olan
bütün əməliyyatları interaktiv rejimdə aparmaq
olur. "Ağıllı lövhə", həmçinin
kompüterə qoşulan mikroskop, skaner, rəqəmli
fotoaparat, videokamera və s. qurğulardan alınan təsvirləri
də proyektor vasitəsilə qəbul edə bilir ki, bu da məktəblərdə
virtual laboratoriyaların təşkilində mühüm əhəmiyyətə
malikdir. Şagirdlər istənilən kimyəvi
reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin
izahını və videogörüntülərini, müxtəlif
cihazların, qurğuların, texniki vasitələrin işləmə
prinsiplərini "möcüzəli" ekranda izləyə
bilirlər. Bu isə şagirdlərin nəzəri-metodoloji
biliklərini, praktiki bacarıq və təcrübələrini
inteqrasiya etməklə tədrisi xeyli canlandırır,
uşaqlarda yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq,
tədris materialını dərindən dərk etmə
qabiliyyətini daha da artırır.
"Ağıllı
lövhə"nin bir üstün cəhətini də
xüsusi qeyd etmək lazımdır ki, onun üzərində
aparılan bütün əməliyyatları, dərsin
gedişini, hazırlanmış şablonları, modelləri
kompüterin daimi yaddaşında saxlamaq və dəfələrlə
istifadə etmək olur. Belə imkanlar müxtəlif səbəbdən
dərsləri buraxan şagirdlər və ya təlimdən
geri qalan uşaqlar üçün xüsusi əhəmiyyətə
malikdir. Belə ki, şagird iştirak edə bilmədiyi dərsin
elektron variantı ilə sonradan tanış ola və ya təlimdən
geri qalanlar həmin materialı tam qavrayana kimi təkrar-təkrar
kompüterdə izləyə bilərlər.
İnteraktiv rejimdə
keçilən dərslərdə şagirdin mərkəzi
fiqur olması təmin edilir. Müəllim, əsasən,
şagirdin konsultantı, onun fərasətini və orijinal bacarığını
qiymətləndirən, şagirdi aktivliyə, müstəqilliyə,
təşəbbüskarlığa həvəsləndirən
rolunda çıxış edir. Elektron tədrisdə
uşaqların hamısı lövhəyə
çıxıb müəllimin bütün
tapşırıqlarını yerinə yetirməkdə həvəsli
olurlar. İnteraktiv rejimdə keçilən dərslər
bütün uşaqların, o cümlədən passiv, utancaq,
müəyyən fiziki və ya psixoloji qüsuru olan
şagirdlərin də dərs prosesinə aktiv
qoşulmasına şərait yaradır.
1-4-cü sinif
şagirdlərinin güclü əyani, bədii, canlı təfəkkürə
malik olduğunu nəzərə alsaq, onlar üçün
keçilən dərslərdə uşaqların görmə,
eşitmə duyğularını, emosiya və təsəvvürlərini
cəlb edən metodlardan istifadə edilməsi mühüm əhəmiyyətə
malikdir. Dərslərin məhz interaktiv rejimdə
aparılması bu işdə çox faydalı olur.
İnformatikanın əsaslarının ibtidai siniflərdə
təlimi artıq 3 və 4-cü siniflərdə şagirdlərə
mətn redaktorlarında elementar işləri görmək,
İnternet şəbəkəsində axtarışlar
aparmaq, Power Point proqramında sadə prezentasiyalar yaratmaq
imkanı verir.
Bunlardan əlavə,
müəllimlər İKT-nin köməyi ilə bir dərs
prosesində müxtəlif hazırlıqlı şagirdlərə
fərqli yanaşma və adaptasiyalı öyrətmə
sistemini tətbiq etməklə qavrama qabiliyyətlərinə
uyğun tapşırıqlar verə bilir. Uşaqların
sinifdə statusuna uyğun onları qruplara ayırmaqla
kompüterdə optimal iş rejimi də qurmaq olur. Müəyyən
fənlər üzrə məsələlərin, tədqiqat
xarakterli çalışmaların həllində belə
qruplaşdırma xüsusi effekt verir. Kompüter
qarşısında əyləşən şagird
materialın verilmə və mənimsəmə sürətini
özünə rahat formada müəyyənləşdirə
bilir. Öz sürət rejimində uşağın işləməsi
yaxşı nəticə verir. Müəllimin verdiyi suala
sinifdəki şagirdlərin hamısı kompüter vasitəsilə
eyni zamanda cavab verməklə dərs prosesində aktiv
iştirak edir, müəllimlər isə dərs boyu
uşaqların aktivliyini istədikləri kimi qoruyub saxlaya
bilirlər.
Hazırda informasiya cəmiyyətinə
istiqamətlənmiş yolu bəşəriyyətin gələcəyinə
gedən yol kimi dəyərləndirirlər. Digər sahələrdə
olduğu kimi, İKT sahəsində də regionda liderlik edən
Azərbaycan bu yolla uğurla irəliləyir. Artıq alimlərin proqnozuna görə, informasiya cəmiyyətinin
tam formalaşdığı mərhələdə
insanların əsas əmək predmeti informasiya, əmək
alətləri isə İKT olacaq. Ona görə də bu
gün respublikamızda təhsilin bütün pillələrində
İKT-nin tətbiq və istifadə edilməsi, eyni zamanda
İKT-nin özünün tədris olunması, uşaqlarda
müstəqil şəkildə informasiya toplamaq, analiz etmək,
ötürmək qabiliyyətinin
formalaşdırılması balalarımızın gələcəkdə
informasiya cəmiyyətinin qiymətli üzvlərinə
çevrilməsində mühüm rol oynaya bilər.
Lətifə ƏLƏKBƏROVA,
Azərbaycan Dövlət Pedaqoji Kollecinin riyaziyyat müəllimi
Azərbaycan
müəllimi.- 2014.- 4 aprel.- S.7.