Bir əsərin təhlili
Mövzu: N.Gəncəvinin
"Kərpickəsən kişinin dastanı" əsərinin
təhlili
Standart: 1.2.2.; 1.2.4.;
1.1.2.; 3.1.3.
Məqsəd:
Şagirdlərdə: 1. Yazılı və şifahi nitqi
inkişaf edir. 2. Təhliletmə bacarıqları təkmilləşir.
3.Əməyə və əməkçi insanlara
qarşı məhəbbət hissi yüksəlir.
İnteqrasiya: Azərbaycan dili: 2.2.3.; 3.1.2; Azərbaycan
tarixi: 5.1.2.; İnformatika: 3.3.2.
İş forması:
Qruplarla iş, cütlərlə iş.
İş üsulu: Şaxələndirmə, "Venn
diaqramı", müzakirə, rollu oyun, Sinkveyn üsulu.
Resurslar: Dərslik, iş vərəqləri, əyani vəsaitlər,
kompüter, proyektor
Dərsin
gedişi
Dərsə fəallaşdırma ilə
başlayıram. Hər bir şagirddən əmək, zəhmət,
halallıq haqqında bir atalar sözünü söyləməsini
xahiş edirəm.
I.
Motivasiya
Proyektorla əvvəl dahi N.Gəncəvinin portreti, sonra
müxtəlif peşə sahiblərinin iş prosesindəki
şəkilləri göstərilir. Şagirdlər slaydlara
baxa-baxa həmin peşə haqqında məlumat verirlər.
Onlara sual verirəm ki, bu peşələri birləşdirən
ümumi cəhət nədir? Şagirdlər düşünərək
cavab verirlər ki, bu peşələri birləşdirən
ümumi cəhət əməkdir. Sonra proyektorla N.Gəncəvinin
əsərləri göstərilir. "Sirlər xəzinəsi"
əsəri və mövzu haqqında qısa məlumat verirəm.
Tədqiqat
sualı
İnsan həyatında əməyin rolu nədən
ibarətdir?
II. Tədqiqatın
aparılması
Tədqiqatı aparmaq üçün şagirdlər 3
qrupa bölünürlər. Qruplara ad və lider seçilir.
İş vərəqlərini qruplara paylayıram.
İş vərəqi 1. "Əmək"
qrupunun sualları və
cavabları
Tapşırıq 1. N.Gəncəvinin "Kərpickəsən
kişinin dastanı" şeirində tanış olmayan
sözlərin mənasını lüğətdən istifadə
etməklə aydınlaşdırın.
Cavab: Ruzi-azuqə, qida;
qalxan-poladdan hazırlanmış qədim silah növü; qəlib-taxtadan
kərpic kəsmək üçün istifadə olunan əşya;
ahıl-qoca; cahil-nadan adam.
Tapşırıq 2. Hekayəni rollar üzrə oxuyun.
Cavab: Cavan oğlanla
qocanın dialoquna kimi bir şagird, digər iki şagird isə qoca və cavan oğlan
obrazlarının sözlərini dialoq şəkilində
oxuyur.
İş vərəqi:
"Halallıq" qrupunun
sualları və cavabları.
Tapşırıq 1.
Şeirdə verilmiş bədii təsvir və ifadə
vasitələrini müəyyənləşdirin.
Cavab: Şeirdə istifadə
olunan pəri kimi, cin kimi sözləri təşbeh, acı
sözlər ifadəsində acı sözü "sözlər"
sözünə epitetdir.
Tapşırıq 2. Hekayənin mövzusuna aid plan
qurun.
Cavab: Plan:
1. Qoca öz məşğuliyyətində
2. Cavan oğlanın qocaya məsləhəti
3. Qocanın cavabı
4. Nəticə
İş vərəqi 3. "Səadət" qrupunun
sualları
Tapşırıq 1. Mətndən iki mürəkkəb
söz və iki antonim söz seçin. Əmək
mövzusunda yazılmış şeirlərdən bir bənd
yazın.
Cavab: Mürəkkəb
sözlər: kərpickəsən, birdən-birə, ac-tox,
qoca-cavan.
Tapşırıq 2. "Kərpickəsən
kişinin dastanı" əsərindən nə öyrəndim?"
mövzusunda kiçik bir esse yazın.
Cavab: N.Gəncəvinin "Kərpickəsən
kişinin dastanı" əsərindən öyrəndim ki,
xoşbəxtliyin "qızıl açarı" əməkdir.
İnsanın cövhəri və şərəfi də əməkdir.
Əmək və halallıq insanı səadətə
aparır. Əməyi sevək, həyatımızı onunla
bəzəyək.
III. Məlumatın
mübadiləsi
Verilmiş vaxt tamam olduqdan sonra qruplar öz işlərini
təqdim edir, informasiya mübadiləsi başlayır.
IV. Məlumatın
müzakirəsi və təhlili
Bu mərhələdə digər qruplar da cavablara əlavələr
edir. Qaranlıq məqamlara aydınlıq gətirirlər.
V. Nəticənin
çıxarılması və ümumiləşdirilməsi
Qrupların təqdimatlarını dinlədikdən
sonra belə ümumiləşdirirəm. Hesab edirəm ki,
qrupların cavabları qənaətbəxş idi. Sevindirici
haldır ki, qrupların adları mövzuya uyğun
seçilmiş, "Səadət" qrupu essedə qruplara verilən adlardan ibarət
simvolik bir cümlə qurmuşdur. "Əmək,
halallıq səadətin açarıdır". Bununla yanaşı qeyd etməliyəm
ki, bütün qrupların təqdimatlarında nitq rabitəli
və obrazlı idi. "Əmək"
qrupunun üzvlərinin ifa etdikləri rollu oyunda onlar öz
istedadlarını nümayiş etdirdilər. Lakin bununla
yanaşı xırda nöqsanları da qeyd etməliyəm.
"Halallıq" qrupunun üzvləri müzakirələrdə
iştirak etmədilər. Heç bir qrup mövzunu müasir
həyatla əlaqələndirmədi.
Bəli, əmək insan xoşbəxtliyinin
açarıdır. Hər kəs öz həyatını əməyə
bağlamalıdır. Dövlətimiz də əməyə,
əmək adamlarına yüksək diqqət və
qayğı göstərir.
VI.
Yaradıcı tətbiqetmə
Şagirdlər Sinkveyn üsulu ilə öyrəndikləri
mövzunu 3-4 cümlə ilə ifadə edirlər. Qruplar
proyektorla hər qrup üçün yazılmış testləri
şifahi cavablandırırlar.
VII. Qiymətləndirmə
Bilik və bacarıqları şagirdlərin
iştirakı ilə müəyyən meyarlar üzrə qiymətləndirirəm.
Ev
tapşırığı
Dərsdəki "Araşdırma müzakirə,
yaradıcı iş" başlığı altında təklif
olunmuş işin icrası.
Dərs şagirdlərin ifasında "Sabahın
ustaları" mahnısı ilə sona yetir.
Gülnaz
TALIBOVA,
Masallı
rayonu F.Şükürov adına
Lürən kənd tam orta
məktəbinin
Azərbaycan
dili və ədəbiyyat müəllimi
Azərbaycan
müəllimi.- 2014.- 4 aprel.- S.7.