Dünyada hər il təxminən 5
milyona
yaxın insan siqaretin qurbanı
olur
Ümumdünya
Səhiyyə Təşkilatının statistikası ciddi xəbərdarlıq
edir
Müasir
dövrümüzdə bəşəriyyətin
qarşısında duran qlobal problemlərdən biri də siqaretdir. Siqaret bu
gün az qala bir çox insanın həyatının
bir parçasına çevrilib. Həmin
insanlar bu pis vərdişdən yaxa qutara bilmirlər.
Siqaretin törətdiyi fəsadlar yəqin ki, hamımıza
yaxşı məlumdur. Bu haqda KİV-də
çoxlu sayda yazılar dərc olunmuş, beynəlxalq səviyyədə
maarifləndirmə işləri aparılmışdır.
Təəssüflər olsun ki, siqaretdən istifadə edənlərin
sayı getdikcə artmaqdadır.
Hələ 1970-ci ildə
Ümumdünya Səhiyyə Assambleyası ağ ciyər
və ürək-damar xəstəliklərinin
inkişafına, həmçinin bronxial xərçəng,
xroniki bronxit, emfizema və bir çox xəstəliklərə
səbəb olan siqaret çəkmənin ciddiliyini dərk edərək
dünyanın bütün səhiyyə orqanlarına
müraciət etmiş, problemə qarşı lazımi tədbirlərin
görülməsinin vacibliyini bildirmişdir. Həmin
dövrdən başlayaraq dünyanın bir çox ölkəsində
siqaretə qarşı
təbliğat
kampaniyaları daha da
genişlənmişdir. Məlumat üçün bildirək
ki, Ümumdünya Səhiyyə Təşkilatının
hesablamalarına görə, dünyada hər il
təxminən 5 milyona yaxın insan siqaretin zəhərli təsiri
nəticəsində dünyasını dəyişir. Bundan başqa, mütəxəssislər
bu rəqəmin get-gedə daha da artacağını
proqnozlaşdırır. Dünyanın
dörd bir yanında siqaretə qarşı ciddi mübarizə
aparıldığı halda bəs görəsən hansı
səbəb bu pis vərdişin günü-gündən daha
da çoxalmasına zəmin yaradır? Hər yerdə,
hər cür şəraitdə insanlar (fərqi yoxdur,
qadın, kişi, uşaq və s.) siqaret
çəkir, siqaretin aludəçisinə çevrilir. Heç bir qadağa siqaret çəkənləri
bu işdən çəkindirə bilmir.
Siqaretin
tarixi, istehsalı
Siqaret sözü fransız dilindən
götürülüb. Fransızca "cigarette"
sözü bizim dilə kiçik siqar kimi tərcümə
edilir. Qeyd edək ki, siqaret tütündən
hazırlanır və siqaretin yaranmasına qədərki
dövrdə insanlar tütün, siqar və papirosdan istifadə
ediblər. Tarixdə ilk dəfə siqaretə
bənzər bir şey haqqında Amerika hinduları fikirləşib.
Belə ki, onlar tütünü samana,
qamışa və yaxud da qarğıdalı yarpağına
sararaq siqareti kəşf ediblər. Deyilənə
görə, 1492-ci ildə Kolumb Qəraib dənizindəki bir
adada siqaret çəkən qoca bir hindu ilə
görüşüb. Bir çox tarixçilər belə
hesab edir ki, Kolumbun qoca kişi ilə
görüşdüyü adanın adı Tabaqadır, yəni,
bu söz "tabak" ("tütün")
sözünün ilkin formasıdır. Avropada
isə belə hesab edilir ki, siqaret kütləvi şəkildə
Krım müharibəsi dövründə (1853-1856-cı illər)
yayılıb. Tarixçilərin qənaətinə
görə, o vaxt müharibə zamanı rus və türk əsgərləri
arada yaranmış fasilələrdə yaxa ciblərində
saxladıqları tütünü barıt örtüyünə
və yaxud qəzet parçasına sarıb siqaret kimi
tüstülədirmiş. Bu adəti
sonradan Krım müharibəsində türk əsgərlərdən
ingilis və amerikan orduları da mənimsəmiş, daha sonra
İngiltərədə siqaretin kütləvi istehsalına
başlanmışdır. Onu da deyək
ki, ilk siqaret fabriki də məhz Londonda
açılmışdır. Siqaretin
sürətli yayılması Amerikada 1880-ci illərdə
siqaret istehsal edən maşınlar yaradılmasına səbəb
olur və artıq bu sahə böyük bir biznes sahəsinə
çevrilir.
Siqaretin tərkibi
haqqında
Siqaret tüstüdən və nikotindən
ibarətdir. Siqaret fabrik istehsalı olub, əsasən 84 mm
uzunluğunda və 7-8 mm diametrdə olur, bundan başqa, siqaretin
xüsusi filtri olur ki, o da zəhərli maddənin qismən
azaldılması və siqaret çəkənlərin
tüstünü içlərinə çəkməsi və
çölə buraxması üçün nəzərdə
tutulub. Kətan və yaxud kətan lifindən
hazırlanmış kağızdan böyük bir hissə
götürülür və siqaretin istehsalı
üçün istifadə olunur. Siqaretin
20-30%-ni karbonat kalsiumu təşkil edir. Bu
maddə boğucu effektə malikdir. Tütünün
tez alışması üçün siqaretin tərkibinə
xüsusi maddələr daxil edilir. Siqaret
qutularının üzərinə həmişə siqaret
çəkməyin zərərli olduğu haqqında xəbərdarlıq
yazılır.
Siqaretə
qoyulan qadağalar
Yuxarıda qeyd etdiyimiz kimi, dünyanın
bütün ölkələrində siqaretə və
tütünə qarşı ciddi mübarizə gedir. Bu mübarizənin tarixinə nəzər
saldıqda görürük ki, tütünlə mübarizə
yeni başlanmayıb. Onu əvvəllər
də "şeytanın aldatma üsulu"
adlandırırdılar. XVI əsrin sonlarında
Böyük Britaniyada və Osmanlı imperiyasında
tütün çəkənləri cadugər
adlandırıb edam edirdilər. Qədim Rusiyada isə XVII əsrdə tütün
çəkənləri ağacla döyərək
"düz yola" gətirmək istəyirdilər. 1634-cü ildə Moskva şəhərindəki
böyük yanğından sonra isə tütün çəkənlərə
ölüm hökmü tətbiq edilməyə
başladı. Lakin qoyulan qadağalara
baxmayaraq tütündən istifadə daha da sürətlənirdi.
XVII əsrin sonlarında
tütünün ziyanlı olduğu müəyyənləşdi. Tütün gətirilməsi qadağan edildi və əkini
azaldıldı. Bundan sonra tütün
qaçaqmalçılıq yolu ilə gətirilməyə
başlandı. ABŞ tütün
istehsalı və satışından zənginləşdi.
Amma artıq bu ölkədə də
qadağalar başlayırdı. 1890-cı
ildə Amerikanın 26 ştatı kiçikyaşlı
uşaqlara siqaret satmağı qadağan etdi. 1908-ci ildə isə Nyu-York rəhbərliyi
qadınlara ictimai yerlərdə siqaret çəkməyi
qadağan etdi. 1915-ci ildə isə ilk dəfə
anti-tütün ifadəsinin şüarı meydana gəldi.
Bu ifadənin müəllifi amerikalı bioloq
Devis Starr Cordana (Davis Starr Jordan) məxsus olması güman
edilir. İfadə isə belə idi: "Siqaret çəkən
oğlan öz gələcəyi barədə narahat olmaya bilər
- çünki onun gələcəyi yoxdur".
İkinci Dünya müharibəsində
isə bir çox dövlətlər, xüsusilə də
SSRİ siqareti əsgərlərin rasionuna daxil etdi. Məqsəd döyüşçülərin əsəblərini
sakitləşdirmək idi. Hitler
Almaniyası isə əksinə, tütün əleyhinə
mübarizəni sürətləndirərək onu hakimiyyətin
imicinə zərbə kimi qiymətləndirir, düşmən
tərəfin lideri qəlyan çəkən Stalini pis
nümunə kimi göstərirdi. Müharibədən
sonra siqaretə qarşı mübarizə daha da gücləndi.
Almaniyada qatarlarda, avtobuslarda və digər
ictimai yerlərdə siqaret qadağan edildi. 1970-ci ildən Amerikada siqaret reklamı televiziya
ekranlarından yığışdırıldı. Lakin buna baxmayaraq, bu gün dünyada tütün
reklamı avtomobil reklamından sonra 2-ci yeri tutur. 1980-ci il tütün üzərinə qlobal
hücumların başlanması kimi xatırlanır. Amerika və Qərbi Avropada tütün vergisi 85 faizə
qədər artırıldı. 2003-cü
ildə tütün istehsalı ilə mübarizəyə
dair Ümumdünya Səhiyyə Təşkilatı Çərçivə
Konvensiyası qəbul etdi. 4 il ərzində
bu Konvensiyaya 146 ölkə daxil oldu. Bu BMT-nin qəbul
etdiyi konvensiyalardan ən çox dəstəklənən sənəd
oldu.
Hazırda Rusiyada siqaret qutularının
üzərində "öldürür"
("ubivaet") sözü yazılır. Türkiyədə isə siqaretə qarşı
daha ciddi tədbirlər görülür. Belə ki, dövlət siqaretin qiymətini bazar səviyyəsindən
çox yüksəyə qaldırıb. Siqaret
qutularının üzərinə isə siqaret aludəçiliyinin
sonu olaraq ölmüş adamların, yaxud da
çürümüş qara ciyər şəkilləri
yapışdırılır. Bundan
başqa, türk filmlərində siqaret çəkilən səhnələrdə
siqaretlər görünməz halda nümayiş olunur. Türkiyədə qapalı yerlərdə siqaret
çəkmək qadağandır, belə hal müşahidə
olunarsa böyük məbləğdə cərimə ödənilməlidir.
Bəs görəsən respublikamızda
siqaret əleyhinə hansı qadağalar mövcuddur və bu,
qanunla necə tənzimlənir?
Tütün məmulatlarının
istehlakına dair məhdudiyyətlər "Tütün və
tütün məmulatı haqqında" Qanunda müəyyən
edilib. Həmin qanunun 21-ci maddəsinə əsasən,
Azərbaycanda aşağıda göstərilən yerlərdə
siqaret çəkmək qadağandır:
- tədris, tərbiyə, səhiyyə,
sağlamlıq və mədəniyyət obyektlərində,
habelə idman yarışları və başqa kütləvi
tədbirlərin keçirildiyi zallarda;
- inzibati binalarda fərdi iş
otaqları və siqaret çəkmək üçün
müəyyən edilmiş xüsusi yerlər istisna olmaqla,
iş yerlərində;
- yüksək kateqoriyalı
restoranlar, kafelər, barlar istisna olmaqla, ticarət,
ictimai-iaşə, məişət obyektlərində,
ümumi istifadədə olan yaşayış binalarında və
digər qapalı yerlərdə;
- uzaq mənzilli sərnişin nəqliyyatında
xüsusi ayrılmış yerlər istisna olmaqla,
bütün ictimai nəqliyyat növlərində.
Həmin qanuna görə, mehmanxanalarda
siqaret çəkənlər üçün xüsusi yerlər
ayrılmalıdır.
Həmçinin, müəssisə, idarə, təşkilat
rəhbərləri və digər işəgötürənlər
iş yerlərində siqaret çəkmək
üçün xüsusi yerlər ayrılmasını və
görünən yerlərdə "siqaret çəkmək
qadağandır" xəbərdarlıq yazısının
və ya işarəsinin olmasını təmin etməlidirlər.
Əlavə olaraq qeyd olunmalıdır ki, İnzibati Xətalar
Məcəlləsində:
hava nəqliyyatında müəyyən edilməmiş
yerlərdə siqaret çəkilməsinə görə
yüz manat miqdarında cərimə, dəmiryol nəqliyyatında
müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə
görə xəbərdarlıq və ya beş manatdan on
beş manatadək miqdarda cərimə, metropoliten stansiyalarının
vestibüllərində, keçidlərində və
platformalarında, vaqonlarda siqaret çəkməyə
görə əlli manat miqdarında cərimə, dəniz və çay nəqliyyatında
müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə
görə xəbərdarlıq və ya yeddi manatdan on
üç manatadək miqdarda cərimə, müntəzəm
şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət
edən avtobusda siqaret çəkilməsinə görə
qırx manatdan əlli manatadək miqdarda cərimə müəyyən
edilib.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2014.- 4 aprel.- S.8.