Uşaqlar necə qidalanmalıdırlar?
Həkim məsləhəti
Uşaqların necə qidalandırılması bu gün cəmiyyətin böyük bir qismini düşündürən və narahat edən vacib məsələdir. Bakı şəhərindəki 4 nömrəli uşaq poliklinikasının terapevti Sevinc İmanovanın mövzuyla bağlı fikirləri və məsləhəti bu baxımdan maraqlıdır:
- Məktəblilərin
faydalı və keyfiyyətli ərzaq məhsulları ilə düzgün qidalanması onların
sağlamlığı üçün çox vacibdir. Əlbəttə,
ilk növbədə valideynlər öz uşağının təhsili ilə
yanaşı, düzgün qidalanmasına
da ciddi fikir verməlidirlər. Şagirdlərin məktəb
çantasında evdən
özləri ilə yemək götürmələri, əslində
onların mədə-bağırsaq infeksiyalarından
qorunmasını təmin edir.
Uşaqların düzgün
qidalanmaması onların nəinki bugünkü
sağlamlığını, həm də gələcək
həyatını təhlükə altına qoymuş
olur. Düzgün və
keyfiyyətli qidalanmayan uşaqlar
bir sıra sahələrlə
yanaşı, təhsildə də irəli gedə, yüksək
fəallıq göstərə bilmirlər.
Mən bir həkim kimi onu valideynlərə tövsiyə edirəm ki, süni surətdə enerji artıran qazlı içkilərin,
qızardılmış yeməklərin və çipslərin
əvəzinə uşaqları süd, ayran, yoğurt, meyvə suyu, təzə və yerli
meyvələrlə qidalandırsınlar. Təsadüfi, tez başa gələn yeməklərlə mütəmadi qidalanan
uşaqların əksəriyyətinin mədə-bağırsaq
sistemində problemlər, qurd xəstəliklərinin törətdiyi fəsadlar
müşahidə olunur.
Evdən kənarda, səyyar
ticarət obyektlərində
hazırlanan "Fast food"
- yəni tez başa gələn
yemək tərzi ilə böyüyən uşaqlar
əslində normal qidalanmır,
onların sadəcə mədəsi dolur.
Belə uşaqlarda tədricən
sümükdə kalsiumun miqdarı
azalır və artıq 12-13 yaşlarında sümük
əriməsi kimi dəhşətli bir xəstəliyin təməli qoyulur. Bu xəstəliyin-osteoporozun təməli uşaq
yaşlarında yaranmağa başlasa da, yaşlılıq dövründə
daha sürətlə üzə
çıxır. Sümük möhkəmliyində
ən mühüm şərt
uşaqlıq dövründə kifayət qədər kalsium tərkibli qidalardan
istifadə etməkdir. Bıçaqla kəsərkən dilimləri
tez qaralan bütün meyvələr - qızıləhmədi
alma, heyva, nar, xurma tərkibi kalsiumla zəngin olan nemətlərdir.
Uşaqların normal inkişafı üçün
onlara mütəmadi süd
də verilməlidir. Məktəbli uşaqlarda indiki
mövsümdə yuxarı nəfəs yollarının kəskin
respirator xəstəliklərinin geniş yayılmasının səbəblərindən
ən birincisi odur ki, onların çoxu ev yeməkləri əvəzinə məktəbdə, mağazalarda,
marketlərdə satılan çips, çubuqlu şirələr,
qarğıdalı çöpləri, yumurta
formasında olan şokoladlar
və s. hazır məmulatlarla
qidalanırlar. Bu qidalar
isə uşaqlarda angina,
yuxarı tənəffüs yollarının virus
infeksiyaları, həmçinin
parazitlərə yoluxma, işləmə-qusma
halları yaradır. Uşaqların, hətta böyüklərin
də əksəriyyətində mədə-bağırsaq
infeksiyalarının baş vermə səbəbi
əsasən, keyfiyyətsiz qidalarla
bağlıdır.
Soyuq aylarda hava şəraiti, qapalı məkanlar və
havasızlıq ilə əlaqədar qrip
virusu özünü
daha çox büruzə
verir. Qripdən qorunmağın əsas yolu gigiyena ilə
yanaşı, həm də qidalanmadır. Xəstəlikdən
qorunmaq üçün
ilk növbədə çoxlu
təmiz su içməyi, tərkibi A, C,
E vitaminləri ilə zəngin olan qidalardan, yeni
sıxılmış təbii meyvə şirələrindən
istifadə etməyi, səhər yeməyinə xüsusi diqqət yetirməyi tövsiyə
edirəm. Qida rasionunda
daim ət və ət məhsulları, yumurta, təzə
meyvə-tərəvəz, süd və
süd məhsulları olmalıdır. Gün boyu bol
maye qəbul etmək, idmanla
məşğul olmaq, müxtəlif şorbalar qəbul etmək lazımdır.
İmmuniteti möhkəmləndirmək üçün hər gün
eyni vaxtda
yatıb-durmaq, yatmazdan əvvəl
otağın havasını mütləq dəyişdirmək orqanizmin həm
oksigen ehtiyacını ödəyir, həm
də otağın içindəki virusları məhv edir.
Mağazalarda, ayaqüstü qəlyanaltı
obyektlərində satılan qidalar nəinki
keyfiyyətsizdir, üstəlik də onların çoxunun tərkibi köhnə və
şübhəli olur. Adətən uşaqlar kolbasa və sosiskaya, üstü kremli, südlü şirniyyata, dönərə, hamburgerə daha çox meyil edirlər. Halbuki, bu qəbildən olan və günlərlə mağazalarda,
ticarət guşələrində
qalan belə məhsullar əsl mikrob daşıyıcılarıdır. Mən
hətta onu da vurğulamaq istərdim ki,
bu gün gənc nəsildə
meydana çıxan bir
çox problemlərin də səbəbi uşaq
yaşlarından düzgün qidalanmamaqla bağlıdır. Köhnə,
keyfiyyətsiz, mikroblaşmış qidalar
xəstəlik mənbəyidir.
Ümumiyyətlə,
uşaqları tez və hazır yemək
sistemindən- yəni, "Fast-food" yeməklərindən
çəkindirmək lazımdır. Fast-food
yemək tərzi dedikdə nə başa düşülür? Bu, az zaman ərzində çox sayda müştəriyə
xidmət edən və ya hazır birdəfəlik
qablarda satılan ayaqüstü
yemək sistemidir. "Fast-food"
tez və hazır yemek
sistemi həm də küçədə yeyilən yemək
anlamındadır.
Uşaqların
sağlamlığı naminə onları daha
çox nələrdən qorumaq lazımdır? "Fast-food"
kateqoriyasından olan bütün
qida növlərindən uşaqları uzaq tutmaq onları ən
gözlənilməz və təhlükəli xəstəliklərdən
sığortalamaq deməkdir. Uşaqlara məsləhət görülməyən qida siyahısına qızardılmış bütün ət növlərini,
qızardılmış kartofu, üzərinə
bol tomat sousu və ya mayonez çəkilmiş xəmirli məmulatları,
normadan çox şirin olan sərinləşdirici
bütün qazlı suları, tərkibində yüksək kalorili yağ, yumurta olan şirniyyatları da
əlavə etmək lazımdır.
Çünki "Fast-food"
qidalarının tərkibinin şübhəli olması, ən
təhlükəlisi isə qidanın təzə
görünməsi üçün xüsusi rəngləndirici maddələrin
qatqı kimi istifadə edilməsi,
qidanın tərkibindəki duz və ya şəkərin miqdarının normadan dəfələrlə artıq
olması, bu qidaların küçələrdə gigiyenik tələbata uyğun
olmayan şəraitdə
hazırlanması onlardan bol-bol
istifadə edən uşaq orqanizmini
hətta onkoloji problemlərlə də
üz-üzə qoya bilir.
Məktəbli uşaqların qidalanmasına xüsusi diqqət yetirilməlidir. Tam bişməmiş və qeyri-steril
şəraitdə hazırlanan yeməklər uşaqlarda
bağırsaq qurdlarının əmələ gəlməsinə
səbəb ola bilir. Uşaq orqanizminin parazitlərə yoluxmasının ilkin əlamətləri
iştahasızlıq, qarın nahiyəsindəki
ağrılar, öskürək, yüksək hərarət,
gərilmiş qarın, ishal, bəzən
isə qəbizlik, zəiflik, ümumi
halsızlıq, yatarkən ağızdan suyun axması və s.
Uşaqların evdən qoyulmuş yeməklərlə qidalanması problemin təhlükəsiz həlli deməkdir.
Uşaqların yoluxucu xəstəliklərə qarşı dözümlü, immunitetli
olmaları üçün çoxlu meyvə
yemələri məsləhətdir. Uşaqlar
hər fəslə uyğun meyvələrdən
bol-bol yeməlidir. Çünki
mövsümi meyvələr insan orqanizminin növbəti
fəslə hazırlaşması üçün
ən əvəzsiz bir nemətdir.
Bir qayda olaraq,
şagirdlər səhər yeməyi yemədən evdən
çıxmamalıdırlar. Məhz məktəb
dövrü uşağın fiziki cəhətdən inkişaf
etdiyi, böyüdüyü,
sümüklərinin möhkəmləndiyi, ömürboyu
davam edəcək
davranışlarının qazanıldığı və necə
qidalanması nəticəsində ortaya
çıxa biləcək xroniki xəstəliklərin
təməlinin atıldığı bir
dövrdür.
Günə gümrah və nikbin başlaya bilmək,
məktəbdə keçirilən dərsləri başa düşmək, yadda
saxlamaq, yaxşı oxumaq
baxımından səhər yeməyinin
əhəmiyyəti çox böyükdür.
Səhər yeməyində
gərəkli vitaminlərlə və proteinlə zəngin süd, pendir, təzə yumurta qəbul
etmək uşaqların inkişafı üçün
zəruridir. Uşaqların
gündəlik enerjiləri üçün
bəhməz, bal, mürəbbə kimi məhsullar da faydalıdır.
Onlar həm qanazlığının
qarşısını alır, həm də yaddaşı
qüvvətləndirir. Səhər yeməyi zamanı hər
uşaq heç olmasa iki və ya üç dilim çörək yeməlidir. Təzə sıxılmış
meyvə suyu, qoz,
fındıq ləpəsi hər zaman
uşağın yeməyinin yanında olmalıdır. Səhər
yeməyi ilə nahar arasındakı ara müddətdə yemək üçün
uşağın yemək paketinə badam
və ya qoz ləpəsinin
qoyulması sağlamlıq baxımından çox
vacibdir. Ara yeməyi
yeməyən uşaq təbii ki, naharda və ya şam yeməyində daha çox qida qəbul edəcək. Bu
da tədricən uşağın orqanizminin yüklənməsinə gətirib
çıxaran amildir.
Uşağın normal inkişafı üçün
onun menyusunda tərkibi
dəmir və C vitamini ilə zəngin olan ət, balıq, toyuq, yumurta, paxlalı bitkilər, yaşıl tərəvəzlər
və bəhməzin olması önəmlidir. Məktəblilərin
qidalanması ilə bağlı ən vacib
amillərdən birincisi su və maye qəbuludur. Ən xeyirli
maye yeni
sıxılmış meyvə şirəsi, süd,
ayran, həmçinin təbii ərzaqlardan
çəkilmiş təmiz, qatqısız şirələrdir.
Hörmətli
valideynlər! Övladlarınızın düzgün
qidalanmasına ciddi fikir
verin, onları təsadüfi qidalardan uzaq tutun. Düzgün və sağlam qidalanma
uşağınızın gələcəyinə proqramlaşdırılmış sağlam həyat tərzinin
qarantıdır.
Söhbəti yazdı:
Ellada UMUDLU
Azərbaycan müəllimi.- 2014.- 4 aprel.- S.9.