İngilis dili müəllimlərinin

beynəlxalq konfransı

 

2-5 aprel 2014-cü il tarixlərində Böyük Britaniyanın Harrogeyt şəhərində ingilis dili müəllimlərinin Beynəlxalq Assosiasiyası (İATEFL) tərəfindən 48-ci Beynəlxalq konfrans keçirilmişdir. Konfransda dünyanın bütün ölkələrindən seçilmiş 2500-dən çox  müəllim və mütəxəssis iştirak etmişdir.

Konfransda ölkəmizi Təhsil Nazirliyinin əməkdaşı Sevil Məmmədova, Azərbaycan Dillər Universitetinin əməkdaşı, təlimçi müəllim Sevil Qulamova və "British Council"in nümayəndəsi  təmsil etmişlər.

Konfransın gedişində ingilis dilinin dünyada rolu, müasir dövrdə ingilis dilinə olan tələbat, ingilis dilinin tədrisi prosesində əldə edilən yüksək nəticələr, müəllimlərin peşəkar inkişafı istiqamətində 500-dən çox təqdimat ətrafında müzakirələr keçirilmişdir. Müxtəlif ölkələrdən 80 mindən çox müəllim konfransın gedişinə online qoşulmuş, təqdimat və müzakirələrdə iştirak etmişdir.

Eyni zamanda, konfransın gedişində Böyük Britaniyada dərslik və dərs vəsaitlərinin çapı ilə məşğul olan bir sıra nəşriyyat evləri və iri kompaniyalar tərəfindən təşkil olunmuş sərgi iştirakçıların böyük marağına səbəb olmuşdur. Konfrans zamanı Azərbaycan nümayəndə heyəti ilə keçirilən işgüzar görüşlərdən birində dərslik və müxtəlif vəsaitlərin satışı ilə məşğul olan "Kingdom Enterprises" kompaniyasının rəhbəri Patty Griffiths ilə gələcəkdə birgə əməkdaşlıq aparılması ətrafında müzakirə aparılmışdır.   

Konfransda əldə edilən təcrübə "British Council" və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "İngilis dilinin intensiv tədrisi" layihəsinin gedişində və Azərbaycan Dillər Universitetinin müəllim hazırlığında nəzərə alınacaqdır. 

 

Sevil MƏMMƏDOVA,

Təhsil Nazirliyi İnsan resursları

şöbəsinin baş məsləhətçisi

 

Azərbaycan müəllimi.- 2014.- 11 aprel.- S.3.