Dərslikləri Qiymətləndirmə
Şurasının
üzvləri ilə görüş
Aprelin 4-də Təhsil Nazirliyində Dərslikləri
Qiymətləndirmə Şurasının (DQŞ) yeni seçilmiş
üzvləri ilə görüş keçirilib.
Qeyd edək ki, Azərbaycan
Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda ümumi təhsilin məzmununun qabaqcıl beynəlxalq
təcrübəyə və ölkənin inkişaf
konsepsiyasına uyğun yenidən
qurulması, səriştəyə
əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun
yaradılması nəzərdə tutulur.
Bu işin tərkib hissəsi kimi
ümumtəhsil məktəbləri üçün
kurikulum əsasında yaradılan yeni dərsliklərin qiymətləndirilməsi
prosesinin daha səmərəli
təşkilinin təmin edilməsi məqsədilə Təhsil
Nazirliyinin 27 fevral
2014-cü il tarixli,
252 nömrəli əmri ilə "Dərslikləri
Qiymətləndirmə Şurası haqqında Əsasnamə"
təsdiq olunub. Əsasnaməyə uyğun olaraq, DQŞ-nin tərkibinin seçilməsi ilə
bağlı elan edilmiş
müsabiqə martın 18-də başa
çatıb. DQŞ üzvlərinin
seçilməsi məqsədilə təhsil nazirinin
müavini Ceyhun Bayramovun sədrliyi ilə yaradılmış
işçi qrup tərəfindən
müsabiqədə iştirak üçün müraciət etmiş iddiaçıların sənədləri
araşdırılıb, yeni tərkib
müəyyənləşdirilib və təhsil nazirinin 3 mart 2014-cü il tarixli, 385 nömrəli
əmri ilə təsdiq edilib.
Görüş iştirakçılarını salamlayan təhsil naziri
Mikayıl Cabbarov əsas diqqəti təhsil
strategiyasında təhsilin məzmunu sahəsində
aparılacaq islahatlara yönəldərək
bu istiqamətdə hazırlanan yeni ümumtəhsil məktəb dərsliklərinin
ekspertizası və qiymətləndirilməsi prosesində
şəffaflığın və obyektivliyin
təmin edilməsinin təhsil
sistemi üçün
həyati əhəmiyyət daşıdığını
söyləyib. Nazir bu işdə DQŞ-nin
üzərinə daha böyük
məsuliyyət düşdüyünü,
yeni tərkibdə təmsil olunan tanınmış mütəxəssislərin
bu taleyüklü məsələnin
öhdəsindən layiqincə gələcəklərinə
inandığını bildirib. Sonra təhsil
naziri dərslik islahatı sahəsində
son vaxtlar atılan və
gələcəkdə atılacaq addımlar barədə görüş
iştirakçılarını məlumatlandırıb,
tövsiyələrini nəzərə çatdırıb, bu məsul işdə DQŞ üzvlərinə
uğurlar arzulayıb.
Təhsil nazirinin müavini Ceyhun Bayramov
çıxışında DQŞ-nin
qarşısında duran vəzifələrə
diqqət çəkərək, dərslik
yaradıcılığının son dərəcə
ciddi bir iş olduğunu söyləyib.
Bu istiqamətdə
gələcəkdə gerçəkləşdirilməsi nəzərdə
tutulan layihələrdən danışan
nazir müavini DQŞ
üzvləri üçün səmərəli
fəaliyyət şəraitinin yaradılacağını,
onların əməyinin
stimullaşdırılacağını, bütün
bunların sayəsində dərsliklərin keyfiyyətinin
yüksələcəyinə əmin olduğunu
bildirib.
Görüşdə
DQŞ üzvlərinin sualları cavablandırılıb və
müvafiq təklifləri dinlənilib.
Azərbaycan müəllimi.- 2014.- 11 aprel.- S.2.