Təhsil Nazirliyində
növbəti mətbuat konfransı
Aprelin 8-də Təhsil Nazirliyində növbəti
mətbuat konfransı keçirilib.
30-a yaxın media nümayəndəsinin
qatıldığı mətbuat konfransında Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov,
Tədris resursları şöbəsinin müdir
müavini Əsgər Quliyev
iştirak ediblər.
Təhsil
Nazirliyinin nümayəndələri
ölkə Prezidentinin sərəncamı
ilə təsdiq olunmuş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"na uyğun olaraq, ali təhsil sahəsi
üzrə elan olunmuş
prioritet islahatlarda
abituriyentlərin peşəyönümlü ixtisas
seçimi mexanizminin
formalaşdırılmasının, təhsilin müxtəlif səviyyələri
arasında varislik və fasiləsizlik
prinsiplərinin təmin edilməsinin mühüm
amil kimi diqqət mərkəzində
saxlanıldığını bildiriblər. Təhsil Nazirliyi bu prinsipi
əsas tutaraq, abituriyentlərin ixtisas seçiminə dəstək məqsədilə
ali təhsil müəssisələri tərəfindən
"İxtisas seçimi"
adlı maarifləndirici kampaniyasına
başlanılmasını məqsədəuyğun hesab edir. Abituriyentlərin
ixtisas seçimi həlledici
əhəmiyyət daşımaqla bərabər, onların gələcək
əmək fəaliyyətini və karyera
uğurunu müəyyənləşdirir.
Qeyd olunub ki, ölkə üzrə yaşı 100-dən
artıq olan məktəblərin
tanıdılması layihəsinin həyata keçirilməsi
nəzərdə tutulur. Layihə çərçivəsində
KİV nümayəndələrinin qocaman
məktəblərlə tanışlığı, həmin
məktəblərin fotoşəkli və tarixi
olan təqvimlərin hazırlanması
planlaşdırılır.
Tədris ilinin müddətinin uzadılması məsələsindən
söhbət açılıb, bu
baxımdan dünyanın bir sıra inkişaf etmiş ölkələrinin
təcrübəsi nəzərə
çatdırılıb. Bildirilib ki, Azərbaycanda istirahət və
bayram, eləcə də tətil günlərini
çıxdıqda, 5 günlük tədris
həftəsi ilə işləyən ümumtəhsil məktəblərində
il ərzində 164 (birinci
siniflərdə 159 gün), 6 günlük tədris həftəsi ilə
işləyən ümumtəhsil məktəblərində
isə 197 gün dərs keçilir.
Deməli, uyğun olaraq,
şagirdlər ildə 201 (birinci siniflərdə
206 gün) və ya
168 gün istirahət edirlər. Bu isə, tədris
proqramlarının həcmi müqabilində şagirdlərin
gündəlik dərs yükünün
artmasına səbəb olur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə
illik tədris həftəsinin orta göstəricisi, təxminən 38, Azərbaycanda
isə 32 həftədir.
Sonra orta məktəb dərsliklərinin
hazırlanması istiqamətində həyata keçirilən
islahatlardan söhbət
açılıb. Bildirilib ki, dərsliklərin tərtibatı həmin dərslikləri
hazırlayan nəşriyyat-poliqrafiya müəssisələri
və onların bu işə cəlb
etdikləri müəllif heyəti tərəfindən həyata
keçirilir. Növbəti tədris ilinə
VII və VIII sinif dərsliklərinin hazırlanması
üçün tender
elan olunub. VIII siniflər
üçün hazırlanacaq dərsliklər
sınaq üçün pilot
məktəblərə veriləcək, istifadəsinə isə
2015-2016-cı tədris ilindən başlanılacaqdır. II və
III sinif dərslikləri TQDK-nın monitorinqi və digər rəylər nəzərə
alınmaqla, yenidən işlənilərək çap olunacaqdır. I, V, IX, X və XI sinif dərsliklərinin də yeni
redaktədə və müəyyən faizlə çap olunaraq məktəblərə
çatdırılacağı gözlənilir.
Həmçinin,
"Məktəbli kitabçası"ndakı
yanlışlığa, müxtəlif şəhər və
rayon təhsil şöbələrindəki
neqativ hallar və qanun pozuntuları ilə bağlı KİV-in məlumatlarına münasibət bildirilib.
Mətbuat
konfransında Təhsil Nazirliyinin əməkdaşları
jurnalistlərin çoxsaylı suallarını
cavablandırıblar.
Azərbaycan müəllimi.- 2014.- 11 aprel.- S.2.