Çarəsiz yalan
Hekayə
Bu gün Azərbaycan gəncləri təhsil, elm, idman, incəsənət və digər sahələrdə öz nailiyyətləri ilə bütün cəmiyyətimizin etimadını qazanmaqdadır. "Azərbaycan müəllmi" qəzeti olaraq biz də gənclərimizin uğurlarını mütəmadi olaraq oxucularımıza çatdırmağı özümüzə borc bilirik. Bu gün isə belə yaradıcı gənclərimizdən biri, gənc yazıçı, 2014-cü il Gənclər üçün Prezident mükafatçısı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Pərvin Nurullayeva ilə oxucularmızı daha yaxından tanış edəcəyik. Ədəbi mühitə gəldiyi ilk vaxtlarda mətbuatda esselər, kiçik hekayələr, publisistik məqalələrlə çıxış edib. Yazıları "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" dərgilərində, "525-ci qəzet", "Zerkalo" qəzetlərində işıq üzü görüb. "Qar yağacaq" kitabına görə Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə", Rəsul Rza adına Ədəbiyyat Fondu tərəfindən "Rəsul Rza Beynəlxalq mükafatı"na layiq görülüb.
Onun "Balerina" povesti isə ölkəmizdə
keçirilən Milli Kitab Mükafatının ikincisi olub və
əsər ayrıca kitab şəklində işıq
üzü görüb. O, dəfələrlə xaricdə Azərbaycan
gəncliyini təmsil edib. 2011-ci ildə Moskvada Gənc
Yazarların I Beynəlxalq seminarında uğurla iştirak
edib. Rus dilinə tərcümə
edilmiş hekayələri müxtəlif ölkələrdən
olan seminar iştirakçılarının böyük
marağına səbəb olub.
"Samir üçün" və "Qar
yağacaq" hekayələri müxtəlif almanaxlarda və
Rusiyanın ədəbi qəzetlərində işıq
üzü görüb. Ruscaya tərcümə olunmuş
hekayələri dünyanın 40 ölkəsində
yayımlanan "Proza" almanaxlarına daxil edilib. Türkiyənin
Avrasiya Yazarlar Birliyinin üzvüdür. Türkcəyə tərcümə olunmuş hekayələri müxtəlif
türk dərgilərində işıq üzü
görüb. Gənc
yazıçının bir sıra
Avropa dillərinə tərcümə olunmuş ən
uğurlu əsərlərindən olan "Çarəsiz
yalan" hekayəsini oxuculara təqdim edirik.
...Baharın
axırlarında səhər tezdən yuxudan tər içində,
hövlnak ayılıb üstümdəki yorğanı kənara
atmaq istəyəndə nənəmin bu gecə də
Şuşada olduğunu başa düşürdüm. Bunu
anlayınca çöldə 15-20 dərəcə istilik
olmasına baxmayaraq, iliyə işləyən soyuq dağ
havası qəribə şəkildə bədənimi
alır, yorğanıma bir az da möhkəm
bürünüb yuxuya gedirdim.
***
...Düzdü, mən
Bakıda doğulmuşam və Natəvan nənəmin tez-tez
xəyalən gəzib-dolandığı Şuşanı
(daha doğrusu, onun dağılmış görkəmini)
yalnız televizorda görmüşəm. O hadisələr başlayanda
anam mənə hamilə imiş. Nənəm (babam cavan
yaşında mədə xorasından ölmüşdü)
doğulduğu şəhərdən heç çıxmaq
istəməyib. Ailəm Şuşadakı son günlərini
nənəmin tibb bacısı işlədiyi Uşaq
Sanatoriyasında keçirib. Nənəm Xan
qızı Natəvanın mülkündə yerləşən
o sanatoriyanı ocaq bilirmiş. Anam danışır ki, hələ
gənclik illərindən nənə ayaq açmayan
uşaqları həmin sanatoriyada masaj edir və tez bir zamanda xəstələr
normal gəzməyə başlayarlarmış. Tezliklə tibb
bacısı Natəvanın şəfalı əllərinin
sözü-sovu bütün Qarabağa yayılıb. Təkcə
Şuşada yox, ətraf rayonlarda da əzələ sistemində çatışmazlıq olan
uşaqları onun yanına gətirirlərmiş. Nənəm
isə hamıya möcüzə görünən bu
bacarığını öz xidməti hesab etməyib. Elə
həmişə "Mən nə karəyəm?! Allahın
işidir, mənim əlimlə edir. Bir də bu divarlarda Xan
qızının duaları var. Odu bu uşaqlara kömək
edən..."-deyərmiş. Hə, nənəm o duaların
da, Allahın da möcüzəsini kötüyə bənzər
əzaların əlinin altında necə dirilməsini görəndə
duymuşdu. Ona görə nə hamilə qızına, nə
Xocalıda əlil olmuş kürəkəninə (atam
Xocalıda başından zədə almışdı) fikir
vermədən bu ilahi qüvvənin Şuşanı da qoruyub
saxlaya biləcəyinə əmindi. Lakin onun
arxayınlığı təlaş içində sanatoriyaya
girib "Ay anam, nə oturmusunuz, erməni beş
addımlıqdadı!" - deyən əsgərin sözlərindən
sonra anındaca yox olub getmişdi.
... Mən
Şuşanın işğalından 20 gün sonra, mayın
28-i Bakının Hövsan qəsəbəsindəki köhnə
pioner düşərgələrindən birində dünyaya
gəldim. Amma orada yaşamağımızı
heç xatırlamıram. Çünki 3-4 aylıq olanda
qaçqınların səhhəti ilə məşğul
olan xeyriyyə cəmiyyətinin sədri Məlahət həkim
təsadüfən nənəmi görüb
tanımışdı. Demə, bu xanım hələ sovet
dövründə həyat yoldaşı və
fiziki qüsurlu yeganə
övladı ilə Şuşaya dincəlməyə gələndə
"sehrbaz" tibb bacısı haqqında eşidib, ona
müraciət edib və nənəmin bir neçə kurs
terapiyasından sonra 11 yaşında oğlu normal gəzməyə,
başqa uşaqlar kimi atılıb-düşüb oynamağa
başlayıb. Nənəm neçə illər
sonra da Məlahət həkimin onu görüb tanıyanda əllərindən
tutub necə ağlamasını, "siz olmasaydınız
oğlum Allah bilir heç gəzməyəcəkdi" deməsini,
hələlik Hövsandakı bağ evlərində
yaşamağı təklif etməsini danışanda kövrəlirdi:
- Allaha
şükür! Dünyada yaxşı adamlar varmış,
bala! Yoxsa sən, cıqqılı
oğlan uşağı, anan, xəstə atan, mən -
yaşlı adam pioner-lagerdə nağayrardıx? Əl
çəkmədi ey, a Rüfət bala! O Məlahət həkim
əl çəkmədi bizdən. Dedi dünyanı
dağıdaram, sizi burda qoymaram. Nə tər yani, mənim
bağ evim bomboş qalıb, illərlə heç
köçmürük də, siz bu bapbalaca otaqda qalassız?!
- dedi. Hə, bala! Dedi Şuşa işğaldan qurtarana kimi mənim
bağım sizindi... O vaxt hamımız elə bilirdik
Şuşadan çıxmağımız pis bir yuxudu,
ayılıb görəjiyik Cıdır düzündə
uşaqlar Kosaldıqaç oynuyur, biz də gülə-gülə
tamaşa edirik... Nə bilim ey... Allaha qurban olum!
Sonralar Məlahət
həkimin köməkliyilə Natəvan nənə
Bakıdakı uşaq poliklinikalarından birinə işə
düzəlmiş, əli çörəyə
çatmışdı. Bakıətrafı kəndlərdə
Qarabağ qaçqını tibb bacısının şikəst
uşaqları necə sağaltması dillərə
düşmüşdü. Elə atam da həmin həkimin sayəsində başından
müalicə almış, hətta yaxındakı
dükanlardan birinə satıcı düzəlmişdi. Anam
isə evdar xanım idi. Bu mənada mən
gözümü açıb, həyatı anlayandan ailəmizin
kəm-kəsirini heç hiss etməmişdim. Ümumiyyətlə
"qaçqınam" ifadəsinin dərd, ağrı, xəstəlik
kimi səsləndirilməsini qəbul edə bilmirdim.
Çünki hələ uşaqdım və
"qaçqın" sözünün mənasını
çox sonralar nənəmin söhbətlərindən və
bitib-tükənməz sitəmindən anlayacaqdım.
Xatırlayıram,
ibtidai sinifdə oxuyanda məktəbimizə qaçqın
uşaqları üçün yardım verilirdi. Müəllim
partamın üstünə kağız bağlamanı qoyanda
hirsimdən ağlamsınıb:
- Müəllimə,
biz qaçqın deyilik, evimiz var... - demişdim.
Müəllim
sözümdən çaşıb eynəyinin altından
diqqətlə mənə, sonra da qarşısındakı
siyahıya baxdı:
- Rüfət,
oğlum, sənin valideynlərin Şuşa işğal
olunanda Bakıya köçməyiblərmi?
- Köçüblər.
Amma biz qaçqın deyilik axı... Bizim evimiz var.
Müəllimin
gözü doldu və sanki qəhər
boğazını tıxadı, səsi çıxmadı. Dərsin
sonuna kimi bağlama partamın üstündə qaldı,
çantamı yığıb evə getməyə
hazırlaşanda isə ona heç gözümün ucu ilə
də baxmadım.
O zaman uşaq
ağlımla televizorda gördüyüm
qaçqınları doğmalarımla müqayisə edəndə
özümüzü onlarla heç cür bir tuta bilmirdim. Mənə
elə gəlirdi, qaçqınlar ancaq çadırlarda,
vaqonlarda yaşayanlardı və onlara məhz evsiz
olduqlarına görə belə deyilir. Çox da yubatmadan, həmin
axşam valideynlərimin qonşuda toyda olmasından istifadə
edib nənəyə yaxınlaşdım:
- Natəvan nənə,
biz qaçqınıq?
Nənəmin əlində
bükdüyü tənək dolmasını necə kənara
qoyub məyus halda
gözümün içinə baxmasını indi də
unutmuram. Sanki, "başına dönüm, ay bala, sən də
anladın bu acını" deyirdi gözləriylə.
- Hə, Rüfət
balam. Qaçqınıq. Allah erməniyə lənət eləsin.
- Bəs bizim evimiz
yoxdu?!
- Bu ev bizimki deyil,
qadan alım sənin!
...Nənəm
Xan qızının evində yerləşən Uşaq
Sanatoriyası, Şuşada sonuncu gün, Bakıya
qaçmaları, pioner düşərgəsində Məlahət
həkimlə görüş, bunun nəticəsi, indi
yaşadığımız ev və ən nəhayət, bizlərə
qaçqın deyilməsinin səbəbləri barədə xeyli danışdı. Beləliklə,
o gündən başlayaraq illər keçdikcə nənə
mənim "müsahibim"ə
çevrildi. Natəvan nənənin oraları
xatırlayıb kövrəlməsindən anamgilin qanları
qaralırdı, ona görə nə isə
soruşmağı qadağan edirdilər. Amma elə ki onlar
tez yatırdı, suallarımı "götürüb"
gəlirdim nənəmin yanına:
- Nənə
Şuşa üçün darıxırsan?
- Elə
darıxıram, bala!
Bircə sual bəs
idi. Nənəm həzin və çox kövrək
bir nostalji ilə Şuşaya aid yüz kərə söylədiyi
xatirələrini bu dəfə daha dərin hüznlə
danışırdı. Mənə elə gəlirdi,
Şuşadan ayrı düşdüyü günlərin, illərin
sayı artdıqca nənəmin sözlərinin də kədər
yükü ağırlaşır.
- Allah mərdimazara ləhnət eləsin... Nə bilim ey. Fikirləşəndə
belə bi təhər oluram. Erməni tək
bacarmazdı bizimkilərlə. Rus ona qahmar
çıxdı. Ona görə
aldılar Şuşanı. Mən
inanmırdım. Babanın goru haqqı
inanmırdım. Deyirdim uzağı 5-10
günə çıxaracaqlar kafir alçaqları
torpağımızdan. Olmadı... Gör neçə il keçib?! Vallah gül kimi
yaşayırdıq da. Kiminən nə
işimiz vardı? Elə mehriban idik ki... Heç
daş hasar bilməzdik nədi, eləcə daraba dediyimiz dəmir
çəpərləri uc-uca calayırdıq qonşu həyətləriylə
öz aramızda. Ata mülküm Xoca
Mircanlı məhəlləsindəydi. Babamgil
o məşhur tarzən Sadıqcanla qonşu olmuşdular.
Sonralar həmin mülkü onun ev muzeyi elədilər. Yayda "gəlmə"lər gəzib
baxardılar oralara. Bütün
Şuşanın oğlanları, qızları ən gözəl
paltarlarını geyinib məhlələri gəzməyə
çıxardılar.
- Niyə? Bəs... (Nənə sualın ardını gətirməyə
imkan verməzdi)
- Özümüzü "gəlmə"lərə
göstərirdik, dayna! Bakıdan Tibb texnikumunu
bitirib yenicə gəlmişdim. Mən o
biri qızlara baxanda, nədi o? Hə,
müasir idim. Uzun allı-güllü ətəyimi
qollu qırmızı köynəklə geyinib bulağa su gətirməyə
gedəndə hamı tamaşama çıxardı.
Axşamlar şəhər Cıdır düzünə axışanda Güllübəyimlə
enərdik lap düzün qırağına,
Daşaltının göründüyü yerə... Bir
küncdə səmirsiz oturub bal təki şirin, adamın ürəyini
sığallıyan havanı su kimi içərdik!
Hə dəə... Vallah heyləydi Şuşanın
havası! Bulaqlarımızın da suyu diş
çartladırdı. Bumbuzdu... İçmək
olmurdu ha. ...mən mehrimi babana
salmışdım, bala. O da yazıq cavan yaşından
bədbəxt olub getdi. Xəstəlik yedi onu.
Yaxşı ki elə tez öldü. Şuşanın o gününü görmədi.
Dağıtdılar da, zalım uşağı...
Nənəm öz Şuşası
haqqında bu rabitəsiz fikrilərini bölüşdükcə
üzünün ifadəsi gözgörəti dəyişirdi. Təbəssümlə, kədər,
gülüşlə göz yaşı an içində əvəz
edirdi bir-birini. Elə bil Natəvan nənə
əvvəlcə bütün danışdıqlarını
yaşadığına xoşbəxt olub gülür, sonra o günləri
heç vəchlə geri qaytara bilmədiyinə görə kədərlənib
ağlayırdı. Onun fikirlərini Şuşanın
dağılmış görüntülərindən
ayırmaq üçün növbəti sualı verirdim:
- Şuşada bayramları...
- Ehhh, ay sənə qurban, burda bayram qeyd olunmur ki... Həm
də Şuşa gedəndən sonra nə
bayram, a bala! Qarabağın heç bir bölgəsi
Novruzu biz kimi şənlik eləməzdi. Camaat
xeyir işini, toyunu, nişanını da bu günlərə
salardı. Elçi daşının üstündə
oturan kim, parçakəsdi edən kim, toya
hazırlaşan kim.... Ay Allah eyy... Evlərdə
bişən zəfəranlı, qırxbuğumlu, boyanalı,
nehrə yağıyla yağlanmış plovun qoxusu
bütün Şuşanı bürüyərdi. Süfrələrə düzdüyümüz quru
meyvələrin, çətənə qarışıq
qovurğanın, tut qurusunun dadından doymaq olmazdı. Evlərə torba atardıq uşaq
vaxtı. Qızları qoymazdılar. Amma biz dədəmizdən
gizlin gedərdik torba atdıya. "Gəlmə"lər
deyirdilər biz xəsisik. Vallah heylə deyildi.
İsrafçılıq eləmirdik başqaları kimi.
Şuşalıların çoxu xan, bəy nəslindəniydi
də. Xan süfrəsində harınlıq olmaz ki. Bəy
mizi toyuq yemxanası deyil ha. Biz
simic deyildik, qadan alım, tövrünü bilirdik hər
şeyin. ...Allah bəlasını versin erməninin,
bütün yeməklərimizi, adətlərimizi
oğurlayıb öz adlarına çıxarırdılar. Nə
bilim ey, ay Rüfət. Belə bir təhər oluram yadıma
salanda... Soruşsan, ən çox nəyiyçün darıxıram Şuşanın,
cavab verəmmərəm. Oralar məndən ötrü
bütöv bir varlıqdı, canlıdı, lap adam kimi.
Şuşada olanda babanın yoxluğun heç hiss eləmirdim.
Kimsə mənə dul deyəndə hirslənirdim.
Çünki ondan sonra
Şuşaydı mənim ömür-gün yoldaşım.
Vallah ora başqa aləmdi. Elə bil özgə planetdə
oturub baxırdıq dünyaya. Ətraf rayonları filanı
çox gəzib dolanmışdıq. Amma Azərbaycanın
yüksək kürsüsü Şuşaydı. İndi o
kürsü yoxdu deyən, səsimizi də eşidən
yoxdu...
Nənəm
bütün bunları danışıb giley-güzar etdikcə
əlini sövq-təbii aparıb ovuşdururdu dizini. Sonra da əlavə
edirdi:
- Bu duz zəhrimar da
öldürüb məni. Əl çəkmir ki... Dişimin
dibindən barmağımın ucunacan hamısı
lüggüldəyir.
Natəvan nənə
oynaqlara yığılıb onu incidən duzdan
danışırdı. Amma, məncə, səbəb bu
deyildi. Şuşasızlıq idi. Düzdü,
Şuşasızlıq. Çünki ancaq oraları xatırlayanda tuturdu
ağrıları. Yalnız bu söhbətləri edəndə
sığallayırdı dizlərini. Mənə elə gəlirdi
ki, onun oynaqlarını, əzalarını gəzib
özü dediyi kimi dişinin dibindən barmağının
ucunacan hər hüceyrəsini sızıldadan dərdin, xəstəliyin
adı həsrətdi. Şuşa həsrəti. Yoxsa mənim
insanlara bəxş etdiyi şəfa ilə əfsanəyə
çevrilmiş nənəm duzun əlində aciz
qalmazdı...
Üzünün hər
qırışından duyulan bu dərdin içində onun
özünü necə nikbin aparmasına heyrət edirdim. Hər
il doğum günüm yaxınlaşanda "bu dəfə səni
aparıb Şuşadakı ata-baba məhəlləmizi
göstərəcəyəm..." - deyirdi.
İnanırdı... Ümidsiz danışanlara qəzəblənirdi.
Ancaq əsasən yaz aylarında axşamlar, valideynlərim
yatandan sonra nənənin evin artırmasında oturub sakitcə
ağladığını da duymuşdum. Nə
başına-gözünə döyər, nə
saçını yolar, nə də vay-şivən edərdi.
Elə yaz yağışı kimi səssiz, narın-narın
ağlardı Şuşası üçün. Birdən
dodağının altında bayatılar dediyini də zorla
eşidirdim. Otağımın artırmaya baxan pəncərəsinin
önündəki çarpayımda uzanıb nənəmə
baxa-baxa nə vaxt yuxuya getdiyimi xatırlamazdım səhər
açılanda. Amma bu bayatıların onu düz
Şuşaya aparıb çatdırdığını dəqiq
bilirdim. Həmin gecələrdə Hövsan
bağlarının havası dəyişər,
bürküsü də yox olardı. Bumbuz dağ küləyi
üşüdərdi nənəmi. Atamgilin otağına girməyə
utanar, amma anamın qışdan bəri
yığışdırıb kənara qoyduğu
yorğanlardan birini mənim üstümə örtərdi.
Səhər
yeməyində Natəvan nənəyə baxıb mənalı
gülümsəyər və bizi birləşdirən bir
sirrimizin olmasından xoşbəxtlik duyardım.
Çünki nənəmin həmin gecələrdəki
halından yalnız mən xəbərdar idim.
Hər dəfə
Qarabağlı sənətçilərin, şairlərin,
yazıçıların, televizorda danışmaq imkanı
olan daha kimlərin müsahibələrini dinləyəndə
içimdə sual yaranırdı:
- Uzun ayrılıqdan
sonra ilk dəfə Şuşaya gedəndə nə edəcəksən?
Hansısa
iş adamı qələbədən sonra 40 gün qurbanlar kəsəcəyini,
xalq artisti Cıdır düzündə tərəkəmə
oynayacağını, şair "Şuşa poeması"
yazacağını, müğənni yerli əhaliyə 1 həftə
pulsuz konsert verəcəyini deyirdi. Bu kimi vədlər, arzular, əhdlər
həddən artıq idi. Amma nədənsə nənə bu
sualın qarşısında acizdi. Dərsini bilməyən
şagird kimi hıqqana-hıqqana qalırdı. Cavabı
axtaranda gözlərində parıldayan sevinc də aydın
sezilirdi. Elə bil bir anlıq o sevincin həcmini, keyfiyyətini
dərk edir və onu ifadə etməyin yolunu heç cür
tapa bilmirdi.
***
Universitetə gərgin
hazırlaşdığım ərəfələriydi, bir
axşam hazırlıqdan qayıdırdım, həyətə
girəndə qorxdum. Elə bil həyət-bacadan qəribə
bir ölüm qoxusu gəlirdi. Atam eyvanda oturub siqareti siqaretə
calayır, anam bir tərəfə çəkilib
ağlayırdı. Səbəb nənəmin xəstəliyi
imiş.
- Rüfət, nənə
xəstədi. Neçə vaxtdı rəngi-ruhundan narahat
idik. Axır bu gün həkimə apardıq. Aparata
saldılar, udlağı-qida borusu cızılıb. Şəkəri də varmış. Demiyib bizə.
Şəkər xəstələrində belə yaralar gec
sağalır. Həkim deyir ki, yara iltihablanır, təhlükəlidi.
Ancaq İranda əməliyyat olunsa, bəlkə sağalar. O
da razılaşmır. Deyir əməliyyat, filan boş
şeydi.
Atam heç mənim
nə deyəcəyimi gözləmədən papirosundan bir
qüllab vurub (sanki bayaqdan kimsəylə danışa bilmədiyindən
ürəyi hövül eləmişdi) sözünə davam
elədi:
- Deyir, nə vaxtsa əti
yaxşı çeynəməyib, içində xırda
sümük qaldığını bilməyib, elə də
udub, o cızıb. Bizə də heç zad deməyib. Bu
gün aparata salanda həkimə danışdı. Həkim
bir-iki ilac yazıb, amma çətin xeyri olsun. Vay, dədə...
Nağayraq? Bu arvadı nə tər razı salaq?! Əməliyyata
getməlidi ey, başa düşürsən?!
Atam
danışdıqca anam daha da bərkdən hönkürürdü.
Söhbəti yarımçıq qoyaraq evə girib divanda
uzanmış nənəmə yaxınlaşdım.
Üzündən xəstəlik zərrə qədər
duyulmurdu. Bir az ağarmışdı sifəti...
- Necəsən?
- Şükürlər
olsun Rəbbimə, bala! Lap yaxşıyam. Onnara da de ta
ağlayıb, hay-küy salıb kəndi başıma
yığmasınnar. Şuşa qayıtmayınca mənə
heç nə olası döyül. Həə... Vallah ora gedən
kimi sağalajam... Görəssən!
Nənəmin səsində
duyduğum gizli sevincin səbəbini anlaya bilmirdim. Bir-iki dəqiqə
söhbətdən sonra başa düşdüm.
Tapmışdı. Öləcəkdi. Şuşaya qayıdandan
sonra nənəm öləcəkdi sevindiyindən. O boyda
sevinci ifadə etməyin yeganə yolu bu idi. Həə! Bircə
dəfə İsa bulağından su içmək,
Cıdır düzündə əlin-ayağını
uzadıb ölmək...
Sonrakı günlərdə
də nənəmin üzünə diqqətlə baxanda o
anları necə xəyal etdiyini dəfələrlə hiss
etmişdim. Amma xəstəlik imkan vermirdi. Halı getdikcə
pisləşir, hər an geriləyirdi.
Bütün günü yanından çəkilmirdik. Anam
ürəyi istəyəni bişirir, amma təəssüf ki
nənə heç nə yeyə bilmirdi, yemək
keçmirdi boğazından. Zəhrimar yara iltihablanır,
qızdırma verirdi. Atam tanış-bilişdəki
bütün həkimləri gətirirdi
üstünə amma hamı eyni sözü deyirdi: şəkər
xəstəsi olduğundan müalicəsi çox çətindi.
Yazılan bir-iki antibiotik, vitamin də heç xeyir etmirdi. Nənəyə
söz deyə, fikrini dəyişə biləcək qohumumuz
da yox idi. Bir qardaşı varmış, o da müharibədə
həlak olmuşdu. Valideynlərimin də bütün ciddi-cəhdləri
boşunaydı. Elə bil Şuşadan savayı heç bir əlac
tanımırdı nənə...
...Əriyib gedirdi
gözümüzün önündə. Bir müddət sonra
boğazından maye də keçmirdi, bir qaşıq su
içirdi, o da qayıdırdı geri. Hərdən nənəni
bu halında da danışdırmaq, suallar vermək istəyirdim.
Amma onun xəstə, zəif görünüşü
bütün suallarımın cavabı, dərdinin dəqiq
ifadəsiydi.
Artıq iki gün idi
ki Natəvan nənə həyatla ölüm arasında
vurnuxur, çabalayırdı. Huşu gedirdi,
danışığını da tamam itirmişdi. Eləcə
inildəyirdi. Bəlkə halını yüngülləşdirə
biləcək nə isə edərlər deyə Təcili
Tibbi Yardım çağırırdıq. Həkim
hamımızı otaqdan qovub "çıxın, mane
olmayın, canını rahat tapşırsın" - deyirdi.
Amma olmurdu, nənəm əl çəkə bilmirdi bu
dünyadan. Axırıncı dəfə tibbi yardım gələndə
yaşlı həkim anama yavaşça
pıçıldadı:
- Bunun uzaqda olan qohumu,
yolunu gözlədiyi doğması yoxdu ki? Belə xəstələr
kimisə gözlədiklərindən, ya nigaran qaldıqlarından
bu hala düşürlər.
Həmin an qəfildən
beynim işıqlandı, həkimə üzümü tutub gəlin
dalımca - deyərək nənəmi yorğanı
qarışıq qucağıma alıb otaqdan
çıxardım və gətirib uzandırdım Tibbi
yardım maşınındakı xərəyə. Heyrət
içində donub qalmış atamla anam söz
tapmırdılar deməyə. Yalnız evə qayıdıb
qədimi mis parçı götürəndə anam
qabağıma qaçıb:
- Arvadı hara
aparırsan, başına dönüm? - deyə soruşdu.
- Şuşaya!
Sürücüyə
yaxınlaşıb - bacardığın qədər
çala-çuxura sal maşını - dedim. Həkimə də
işarə etdim ki səsini çıxarmasın.
Maşının kabinasında oturub nənəmin əlindən
tutdum. Gün batmışdı, havanın qaralmağına az
qalırdı. Maşın bizi Hövsanın
daşlı-qayalı kənd yollarında dörd-beş dəqiqə
atıb-tutandan sonra artıq "Şuşaya
çatırdıq":
- Ay nənə, sənə
qurban olum, nə gözəlmiş buralar!!! Sən mənə
danışırdın ey, yadındadı?! Qala
divarlarından demişdin... Həə. Mamayı məhəlləsindən,
Xoca Mircanlıdan, Dəmirçidən, Hamam qabağından
söyləmişdin. Sabah özün gəzdirib göstərərsən...
Üzeyir bəyin ev muzeyini, Uşaq Sanatoriyasını,
Daşaltı dərəsini, Cıdır düzünü,
Ərimgəldini, hamısını görmək istəyirəm.
Axşam yatıb dincələrsən. Səhər gəzərik
amma həə?
Nənəmin
simasına uşaq təbəssümü qondu. Amma
heç nə deyə bilmirdi. Qollarını
tez-tez yuxarı qaldırıb yatağa
çırpırdı. Elə bil namaz
qılırdı, ya şükür edirdi... Əlindən
öpüb başını sığalladım. Bir az sakitləşdi. Mənimçün
indi o doğma torpağına qayıtmış ziyalı bir
xanım idi.
- Şofer dayı, çatdıq İsa bulağına,
saxla nənəm üçün su gətirim...
Mis parçı götürüb İsa
dayının nuh əyyamından qalma taxta mağazasına
girdim. Qazsız, soyuq
su alıb parçı doldurdum və yenidən maşına
mindim.
- Natəvan nənə,
sən düz deyirmişsən ey. Mən içə
bilmədim bu sudan. Dişlərim
dondu. Öyrəşərəm də.
Sən öyrəncəlisən, iç
görüm!
Günlərdi ki boğazından bir qurtum
su keçməyən nənəmin başını ehmalca
qaldırıb parçı dodaqlarına
yaxınlaşdırdım. Gözlərini
geniş açıb baxdı. Anasından
süd əmən körpənin minnətdarlığı
vardı üzündə. "İsa
bulağının suyu"ndan çətinliklə bir qurtum alıb ahh çəkdi,
sifəti rahatlandı. Başını
yastığa qoyub, sığalladım. Əlini heç
buraxmaq istəmirdim. Hey danışırdım...
- Nənəcan, bax demisən ha... Sağalmalısan
Şuşada. Bura da Hövsan deyil ki, neft qoxusundan, çırkli havadan
şikayət edəsən... Eşidirsən?!
Elə bu an ovcumdakı əlin
soyuduğunu duydum. Saçını,
alnını, yanaqlarını oxşadım. İndicə içirtdiyim suyun, ya bəlkə
ölüm tərinin soyuqluğunu əlimin içində
hiss edəndə diksindim. Ölmüşdü
artıq. Sevindiyindən!
PƏRVİN
Azərbaycan müəllimi.- 2014.- 11 aprel.- S.10.