Sumqayıt Dövlət Universitetində

Dünya Bankının eksperti ilə görüş

 

Aprelin 14-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələri  Dünya Bankının eksperti xanım Sachiko Kataoka Sumqayıt Dövlət Universitetində qonaq olublar.

SDU-nun rektoru Elxan Hüseynov qonaqları salamlayaraq  bugünkü faydalı görüşün keçirilməsindən məmnunluğunu ifadə etdi. Rektor universitet haqqında dolğun və məzmunlu məlumatı qonaqların diqqətinə çatdırdı. Görüşdə qeyd edildi ki, yeni tədris korpuslarını, yataqxana binalarını, idman  və istirahət komplekslərini inşa etmək üçün SDU kifayət qədər əraziyə malikdir. Universitetdə 6 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir, lakin elmi tələbatlara tam cavab vermir. Tədris laboratoriyalarının modernləşdirilməsi üçün "LAB View" proqramı ilə işləyən virtual laboratoriyaların təşkil olunması da qarşıda duran məsələlərdəndir. 

Hazırda universitetdə elektron kitabxana sistemi yaradılmaqdadır. Onun digər ali məktəblərin kitabxanası ilə birləşdirilməsi nəzərdə tutulub.

SDU-nun regional tədris müəssisəsi olduğunu nəzərə alaraq burada ixtisasların əmək bazarına uyğunlaşdırılması vacib məsələdir. Bütün bunların yaradılması üçün maliyyə məsələləri təmin olunmalıdır. Nəzərə çatdırıldı ki, universitetin Azərikimya, Polimer Materialları İnstitutu digər sənaye müəssissələri ilə müqavilələri var, orada baza kafedralarının açılması nəzərdə tutulmuşdur. Rektor təhsil sahəsində aparılan islahatlar çərçivəsində yüksək texnologiya telekommunikasiya sistemlərinin təhsilə tətbiq olunması ilə tədrisin keyfiyyətinin yüksəldilməsi dünya təhsil sisteminə inteqrasiyasının sürətləndirilməsi üçün Sumqayıt Dövlət Universitetində Elektron İdarəetmə İnformasiya Sisteminin yaradılmasının vacibliyini vurğuladı.

Vurğulandı ki, SDU güclü elmi-pedaqoji potensiala malikdir. Bu da ona əsas verir ki, universitet ölkədaxili xarici reytinq cədvəlində özünəməxsus yer tutsun.  SDU-nun nəinki ölkəmizin, həmçinin xarici ölkələrin qabaqcıl elm təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlıq barədə müqavilələri var.

Görüşdə çıxış edən xanım Sachiko Kataoka  bugünkü görüşün məqsədini açıqlayaraq bildirdi ki, "bizim məqsədimiz təhsil müəssisələrinin, xüsusilə regionlarda  fəaliyyət göstərən universitetlərin ehtiyaclarını müəyyənləşdirərək onlara maliyyə dəstəyi göstərməkdir".

Əməkdaşlıq çərçivəsində keçirilmiş görüşün təhsil sahəsində qarşılıqlı münasibətlərə səmərəli töhfə verəcəyi qeyd edildi, bu fəaliyyətin gələcəkdə uğurla davam edərək daha yeni sahələri əhatə edəcəyinə əminlik ifadə olundu.

Sonra universitet rəhbərliyi qonaqlar Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının bariz nümunəsi olan Sumqayıt Texnologiyalar Parkında oldular.  Qonaqlar texnologiya parkında mövcud olan bir sıra müəssisələrdə, mis emalı zavodunda, Sumqayıt yağ fabrikində, daha sonra yüksək kilovoltluq gərginlik kabelləri istehsal edən zavodda, "Azərsun Sənaye Parkının" nəzdində yaradılan kağız karton istehsalatı kombinatındakı prosesi ilə tanış oldular. Qonaqlara bildirildi ki, burada emal prosesi dünya standartlarına uyğun həyata keçirilir.

Söhbət "dəyirmi masa" ətrafında davam etdirildi. STP-nin icraçı direktoru Sahib Musayev son illər respublikamızın ali təhsil müəssisələri arasında texnoparkların yaradılmasının diqqət mərkəzində olduğunu, bu cür texnoparkların bir və ya bir neçə universitet, həmçinin elmi-tədqiqat mərkəzləri ilə birbaşa və ya ortaq fəaliyyətləri ilə əlaqədar olduğunu, tərkibində elmi nəticələrə və yüksək texnologiyalara əsaslanan şirkətlərin yaradılmasına və onların inkişafına təşəbbüs göstərmək məqsədi ilə qurulduğu barədə məlumat verdi.

Söhbət əsnasında SDU-nun rektoru Elxan Hüseynov bildirdi ki, ölkə Prezidentinin 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiqlənmiş, "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"da elmi-texniki infrastrukturun modernləşdirilməsi, elmin, təhsilin istehsalatın inteqrasiyasının təmin edilməsi, innovasiya fəaliyyəti infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən texnoparkların, texnoloji mərkəzlərin genişləndirilməsi əsas vəzifə olaraq qarşıya qoyulub.

Görüş qarşılıqlı maraq doğuran  digər məsələlər barədə ətraflı fikir mübadiləsi ilə yekunlaşdı. 

 

SDU-nun Mətbuat xidməti

 

Azərbaycan müəllimi.- 2014.- 18 aprel.- S.5.