"Heydər Əliyev kimi bir şəxsin müəllimi

olduğum üçün özümü xoşbəxt sanıram"

 

10 may ümummilli lider

Heydər Əliyevin doğum günüdür

 

Bu gün anadan olmasının 91-ci ildönümünü xalqımızın böyük hörmət və ehtiramla qeyd etdiyi görkəmli siyasətçi və dövlət xadimi, çağdaş Azərbaycanımızın qurucusu, fenomenal şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyev bütün həyatı və fəaliyyəti dövründə müəllimliyə çox yüksək qiymət vermiş, müəllimlərini həmişə böyük sayğı və məhəbbətlə xatırlamışdır. Misal gətirdiyimiz qanadlı fikirlər bu sayğı və məhəbbətin ifadə olunduğu müdrik deyimlərin çox cüzi bir hissəsidir. Pedaqoqları insan qəlbinin memarı adlandıran  böyük öndər cəmiyyətin inkişafında, dövlətin möhkəmlənməsində, ölkənin tərəqqisində, şəxsiyyətin formalaşmasında müəllimin önəmli rol oynadığını yaxşı bilir və yüksək qiymətləndirirdi. Onun ölkəmizdə hakimiyyətdə olduğu, təxminən, 35 illik dövr ərzində təhsilə, müəllimlərə göstərdiyi qayğı və diqqətin də kökündə məhz müəllimlik sənətinin cəmiyyətdəki yüksək mövqeyi durur. Böyük öndərin adını hər dəfə hörmət və izzətlə çəkdiyi müəllimlərindən biri də Lətif Hüseynzadə olmuşdur.

Əməkdaşımız 7 il öncə - 2007-ci ildə zəmanəmizin ən müdrik insanlarından birinin müəllimi olmasından daim qürur duyan Lətif müəllimdən müsahibə almışdır. Müsahibənin bu gün də oxucularımız üçün maraqlı olacağını nəzərə alıb dərc edirik.

 

"... Mən hər dəfə Naxçıvana gedəndə müəllimlərimi mütləq tapıram, görüşürəm, söhbət edirəm. Təəssüflər olsun ki, mənə dərs deyən insanların, demək olar ki, hamısı dünyasını dəyişibdir. Ancaq bir müəllimim yaşayır... Adı da Lətif Hüseynzadədir. O, mənə Azərbaycan dili, ana dili dərsi deyirdi...".

 

***

 

"... Mən öz müəllimlərimi həmişə xatırlayıram. Bilirsiniz ki, mən böyük həyat yolu keçmişəm, yaşım da az deyildir. Çox şeylər, çox insanlar görmüşəm. Yadda qalanları da, qalmayanları da var... Amma sizə demək istəyirəm ki, ən yadda qalanlar, mənim üçün əziz adamlar Naxçıvandakı müəllimlərimdir. Onların adlarını indiyə qədər xatirimdə saxlayıram. Dil-ədəbiyyat müəllimim - Lətif Hüseynzadə... çox gözəl ədəbiyyat dərsi deyirdi...".

- Lətif müəllim, xoşbəxt adamsınız ki, Heydər Əliyev kimi böyük bir şəxsiyyətin müəllimi olmusunuz. Heydər Əliyevlə ilk tanışlığınız nə vaxt olub? Ona hansı illərdə dərs demişsiniz?

- Heydər Əliyevlə ilk tanışlığım onun atası Əlirza kişi ilə işlədiyim pedaqoji texnikuma gəldiyi gündən başladı. O vaxta qədər Heydər Əliyevi görməmişdim.

Yaxşı yadımdadır, 1937-38-ci tədris ilinin əvvəli idi. Dərslər artıq başlanmışdı. Bir gün Əlirza kişi oğlu Heydərlə bizim texnikuma gəldi. Onda mən texnikumda dil-ədəbiyyat müəllimi və dərs hissə müdiri işləyirdim.

Heydər Əliyev bizim pedaqoji texnikuma gələndə 15-16 yaşı olardı.  O, texnikumdan əvvəl Naxçıvandakı beynəlmiləl məktəbdə oxumuşdu. O zamanlar bu məktəbə hər kəs gedə bilməzdi. Orada yalnız qabiliyyətli, istedadlı, mütərəqqi düşüncəli uşaqlar təhsil alırdılar. Bizim texnikumumuza qəbul müəllimlərin müsahibəsi, sual-cavabları ilə həyata keçirilirdi. Atası Əlirza kişi bildirdi ki, oğlum Heydər müəllim olmaq istəyir. Bu elə mənim də ürəyimdəndir. Qamətli, boy-buxunlu, ilk baxışdan diqqəti cəlb edən  gənclə söhbət etdim. Elə ilk dəqiqələrdən onun bilikli, qabiliyyətli olduğunu duydum, ədəbiyyatdan, dildən, tarixdən verdiyim suallara çox gözəl, əhatəli və təmkinlə cavablar verirdi. Rusca təhsil almasına baxmayaraq, bir kəlmə də rus sözü işlətməyərək  çox təmiz, ədəbi Azərbaycan dilində danışırdı. Xarici görkəmi də müəllimliyə yaraşan idi. Əsl müəllimliyə layiq keyfiyyətləri var idi. Ürəyimdə fikirləşirdim ki, ondan yaxşı müəllim olar. O zaman hər yerdə müəllimlərə ciddi ehtiyac duyulurdu. Onunla qısa müsahibədən sonra direktorun yanına getdik. Direktor Kazım Talıblı idi. Ona bildirdim ki,  bu gənci texnikumumuza qəbul etmək lazımdır.  Mən onunla müsahibə aparmışam və razı qalmışam. Direktor dedi: "Yaxşı, onda riyaziyyatdan da sual-cavab edib, sonra baxarıq". O, texnikumun riyaziyyat müəllimi Tofiq Bəktaşini çağırtdırdı. Tofiq müəllim Heydər Əliyevə bir neçə məsələ və misal verdi. Heydər Əliyev çox çəkmədən verilən tapşırıqları səhvsiz yerinə yetirdi. Bəktaşi   məmnunluqla gülümsəyərək öz  razılığını bildirdi. Beləliklə, Heydər Əliyevi texnikuma qəbul etdik. Mən elə həmin gün yeni tələbəmizi sinfə aparıb uşaqlarla  tanış etdim. Qəbuldan sonra bütün müəllimlər mənimlə söhbətlərində ondan razılıq edir, çox istedadlı, fitri qabiliyyətə malik bir uşaq olduğunu vurğulayırdılar. Mən özüm də bunu dərslərimdə görürdüm. Yaşının az olmasına baxmayaraq, özünü bir şəxsiyyət kimi aparırdı. Qətiyyətli, məqsədyönlü, fəal və təşəbbüskar idi. Elmlərə yiyələnmək həvəsi aşıb-daşırdı. Öz düşüncə tərzi, həyata baxışı ilə hamıdan fərqlənirdi. Çox vaxt qoltuğunda kitablar görərdim.

- Bir çox dahilərin tərcümeyi-halı göstərir ki, onlar ya orta məktəbdə, ya da texnikum və kolleclərdə, universitetlərdə o qədər də yaxşı oxumamışlar. Bəs  Heydər Əliyev necə oxuyurdu? 

- Heydər Əliyev bütün fənləri əla oxuyurdu. Hər bir dərsə səylə hazırlaşır, əlavə materiallarla maraqlanırdı. Tələbələr də onu çox sevir, ona hörmətlə yanaşırdılar. O, dərs danışanda  sinfə tam sükut çökürdü. Uşaqlar ona diqqətlə qulaq asırdılar. Gözəl nitqi, ifadəli danışıq tərzi var idi.

Heydər Əliyev heç vaxt tək özünü düşünmürdü. O həmişə yoldaşlarının qayğısına qalır, onların problemləri ilə maraqlanır, ehtiyacı olanlara kömək etməyə çalışırdı. Baxmayaraq ki, özünün də ehtiyacları az deyildi.

Müəllimlər hamısı ona hörmət qoyur, çox sevirdilər. Tələbələrindən söz açanda Heydərdən daha çox  danışırdılar. Tofiq Bəktaşi deyirdi ki, ondan yaxşı riyaziyyatçı olacaq, onda riyazi təfəkkür çox yüksəkdir. Tarix müəllimi bildirirdi ki, Heydər tariximizi dərindən öyrənir,  ciddi maraqlanır,  o, yaxşı tarixçi olacaq. Mən isə fikirləşirdim ki, Heydər Əliyev ən yaxşı ədəbiyyatçı, dilçi olacaq. İfadəli, aydın, səlis  nitqi, gözəl xətti, savadlı yazısı var idi. Bədii təfəkkürü   çox yüksək idi. Həmişə mütaliə edirdi. Ən çətin ərəb və fars sözlərini belə düzgün tələffüz edir   yerində  düzgün işlədirdi.

- Texnikumda Heydər Əliyev daha hansı keyfiyyətləri ilə seçilirdi?

- Heydər Əliyev gözəl rəssam idi. Müəllimlərimiz  öz yetirmələrinə bilik verməklə yanaşı, onlara təbiəti, doğma Vətən torpağının gözəlliklərini sevdirir, müxtəlif yollarla estetik zövqlərini inkişaf etdirirdilər. Doğma diyarımıza  ekskursiyalara gedib qayıtdıqdan sonra tələbələrə ekskursiyadan aldıqları təəssüratdan inşa yazmağı tapşırırdıq. Hamı yazırdı. Amma Heydər fərqli yazırdı. Tarixi yerlərə, abidələrə getdiyimiz zaman oranın tarixi haqqında ətraflı məlumat toplayır, yazır və tarixi abidənin şəklini  çəkirdi. Möminə Xatun, Yusif ibn Küseyr məqbərələrinin  şəkillərini o, öz dəftərinə çəkmişdi.

Heydər Əliyevin həssas qəlbi,  zərif, incə zövqü, ifadəli nitqi, insanları duymaq, hiss etmək və onlara  təsir etmək qabiliyyəti var idi. Ədəbiyyat dərnəyində ifadəli oxu müsabiqələri  keçirilərkən gözəl diksiya ilə şeirlər söyləyirdi. Qardaşı Hüseyn Naxçıvan teatrında rəssam işlədiyindən tez-tez oraya gedər, səhnələrin tərtibatında, rəsmlərin çəkilməsində, afişaların yazılmasında   ona  kömək edər    özü də teatr üçün şəkillər  çəkərdi.

Naxçıvanda Telman klubu var idi. Bu pionerlər evi idi. Orada məktəblilər üçün tamaşalar da göstərirdilər. Həmin tamaşaları məşhur rejissor, sonralar xalq artisti adını almış İbrahim Həmzəyev səhnələşdirib təşkil edirdi. Heydər Əliyev  texnikumumuzun dram dərnəyinin üzvlərini toplayıb tez-tez teatra aparırdı. Özü də tamaşadakı rollarda çıxış edirdi. O həmişə kral, padşah, hökmdar rollarında oynayırdı. Hətta İbrahim Həmzəyev, Zəroş Həmzəyeva kimi peşəkar aktyorlarla tərəf-müqabil olurdu. İbrahim Həmzəyev  deyirdi ki, o, rolları əsl peşəkar aktyor kimi oynayır. Teatr müxtəlif insan psixologiyaları ilə zəngin  bir həyat məktəbi idi. Heydər Əliyev bu məktəbi də uğurla keçmişdi. Heydər  Əliyev təsadüfən demirdi ki, mən teatrı çox sevirəm. Məni bu incəsənətə bağlayanları  həmişə  xatırlayıram.

Heydər Əliyev texnikumda  bədən tərbiyəsi    idman işlərinin də əsas təşkilatçısı idi. Texnikumda idmanın bütün növləri ilə məşğul olmuşdu. Yarışlarda  fəal iştirak edirdi. Amma deyəsən o, üzməyi daha çox sevirdi.

Heydər Əliyev böyük ictimaiyyətçi və təşkilatçı idi. Hər zaman tələbələrin, gənclərin arasında idi. Xatırlayıram ki, o zamanlar şəhərdə məhəllələr arasında savaşlar meydana gəlmişdi. Bir məhəllənin gəncləri o biri məhəllənin uşaqlarını, gənclərini daşlayır, vururdular. Bu da, heç şübhəsiz, düşmən qüvvələrin fitnə-fəsadları idi. Böyümək və genişlənmək təhlükəsi olan bu halın  qarşısını məhz Heydər Əliyev aldı. Məhəllənin böyükləri ilə, savaşanların başçıları ilə görüşdü, valideynlərlə söhbət apardı və bu fitnə-fəsadı aradan qaldırdı.

Heydər Əliyev pedaqoji texnikumu  müvəffəqiyyətlə bitirdi. Onun texnikumu bitirmək haqqında attestatında yalnız "əla" qiymətlər yazılıb. Fəxr edirəm ki, həmin attestatda mənim də imzam vardır. Heydər Əliyev texnikumu bitirdikdən sonra təyinatını  Şahbuz rayonuna orta məktəbə vermişdilər.

- Lətif müəllim, deyə bilərsinizmi Heydər Əliyev niyə məhz sizin texnikumu seçmişdi? Texnikumda oxuduğu, oranı bitirdikdən sonra müəllim kimi çalışdığı illər, sizcə, Heydər Əliyevin həyatında, dünyagörüşündə, fəaliyyətində nə kimi iz qoymuşdu?

- Söhbətimizin əvvəlində qeyd etdim ki, Heydər Əliyev müəllim olmaq istəyirdi. Ailəsi də bunu arzu edirdi. Bizim texnikum o vaxt çox nüfuzlu orta ixtisas məktəbi idi. Nəinki Naxçıvanda, Azərbaycanda, hətta bütün Zaqafqaziyada tanınan bir təhsil ocağıydı. Çox adamlar onu Qori Seminariyası ilə müqayisə edir, onun bərabəri sayırdılar. Bəlkə də ondan da yüksək dərəcəli bir orta pedaqoji təhsil ocağı hesab edirdilər. Bura respublikanın hər tərəfindən təhsil almağa gəlirdilər. Yataqxanası, yeməkxanası, idman salonu, təbiət-kimya laboratoriyası var idi. Hər il texnikumun 700-dən artıq tələbəsi olurdu. Buranın məzunları yüksəkixtisaslı kadrlar kimi ölkənin hər yerində çalışırdılar. Burada yüksək səviyyəli, dərin bilikli, tələbkar, eyni zamanda, qayğıkeş müəllimlər vardı.

Heydər Əliyev texnikumdan sonra bir müddət Şahbuz rayonunda müəllim işlədi. Texnikumumuzun müəllim və tələbə kollektivi çox yaxşı  bilirdi ki, Heydər Əliyev harada olursa olsun, orada uğurla çalışacaqdır. Çünki onda yüksək təşkilatçılıq, fəallıq və təşəbbüskarlıq keyfiyyətləri, hərtərəfli bilik və bacarıq var idi. 

Sonralar Heydər Əliyev Bakıya gəldi. Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olundu və buranı "əla" qiymətlərlə başa vurdu. Moskvada, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi təhsil aldı. Bu məktəbləri də yalnız "əla" qiymətlərlə bitirdi.

Əlbəttə, Heydər Əliyevin texnikumda, ondan sonrakı təhsil ocaqlarında, o cümlədən BDU-da təhsil alması, bir müddət müəllim işləməsi ümummilli liderimizin müəllim peşəsini sevməsi, müəllimlərə, təhsil işçilərinə göstərdiyi qayğı və diqqətin haradan qaynaqlandığını çox gözəl göstərir. Mənim fikrimcə, Heydər Əliyevin müəllim peşəsinə verdiyi qiymət, müəllim haqqındakı qiymətli fikirləri onun hələ Naxçıvan Pedaqoji Texnikumunda oxuduğu dövrdə formalaşmışdı. Çünki burada müəllimlər ona hər zaman qayğı göstərmişdilər, hörmət etmişdilər, sevmişdilər. Müəllimlik sənətinin nə qədər yüksək olduğunu o, texnikumda duymuşdur.

- Sonralar Heydər Əliyevlə əlaqə saxlamısınızmı? Ümumiyyətlə, onunla  neçə dəfə görüşmüsünüz?

- Texnikumdan sonra Heydər Əliyevlə uzun müddət görüşə bilmədim. Bildiyimiz kimi, Moskvada, Sankt-Peterburqdakı təhsilindən sonra o, Azərbaycana gəldi, müxtəlif yüksək vəzifələrdə çalışdı. Sovetlər dövründə Azərbaycanın rəhbəri oldu. İrəli çəkilərək Sovet dövlətinin ən yüksək rəhbər vəzifələrindən birinə təyin edildi. Tarixdə ilk dəfə olaraq türk-müsəlman SSRİ kimi super dövlətin başında duranlardan biri oldu. O illərdə  Türkiyə mətbuatı yazırdı: "Bir türk oğlu  Kremlin  divarları arasında inamla irəliləyir". Heydər Əliyevin ətrafındakı siyasətçilər siyasət dərsini ondan öyrəndilər, onun siyasətini mənimsədilər. Dünyanın ən tanınmış universitetlərinin "Fəxri doktoru" adına layiq görüldü. Onun ağıllı, müdrik siyasətindən çox insanlar faydalandılar. Amma ona qibtə edənlər, paxıllıq edənlər, düşmən mövqeyində duranlar da tapıldı. Heydər Əliyev yenidən Naxçıvana - doğma elinə, yurduna, torpağına qayıtmalı oldu. Evi yox idi. Bacısının evində qalırdı. Bir qədər də xəstə idi. Heydər Əliyevi istəyənlər, sevənlər onun ziyarətinə gəlir, onunla məsləhətləşir   söhbət edirdilər.

Bir gün Heydər Əliyevin görüşünə getdim.  O, məni görüncə çox sevindi. Mənim sağ-salamat olmağımdan məmnun qaldı. Oturub xeyli söhbət etdik. Keçmiş günləri xatırladıq. Mən ona 1918-ci ildə ermənilərin Naxçıvana hücum edib, insanları qırdığından danışdım. Türk ordusunun Naxçıvana gəlişindən, Naxçıvanı ermənilərdən azad etməsindən söhbət açdım. Əlbəttə, bir tarixçi kimi o, bunları çox yaxşı bilirdi. O zaman Heydər Əliyev çox duyğulandı və bildirdi ki, mən də elə sizinlə birlikdə onların qarşısını almağa gəlmişəm. Ala bilməsək, son damla qanımızadək vuruşacaq, sizinlə birlikdə şəhid olacağıq. O, bunları elə ürəkdən dedi ki, sanki  qalxıb döyüşə hazırlaşır. O zaman Heydər Əliyev Türkiyə və Naxçıvan arasında körpünün salınmasından, Naxçıvana böyük təyyarələrin enməsi üçün təyyarə zolağının genişləndirilməsindən, üçrəngli milli bayrağımızın bərpa edilməsindən və s. bu kimi məsələlərdən danışdı.

Daha bir görüşüm Heydər Əliyevin  otağında oldu. O zaman artıq Heydər Əliyev xalqın tələbi ilə Naxçıvan MR Ali Məclisinin sədri idi.

1993-cü ilin baharı idi. Heydər Əliyevin 70 yaşı tamam olurdu. Yanına gedib onu təbrik etdim. O da bildi ki, mənim də 90 yaşım tamam olur. O vaxt müavinini çağırıb tapşırıq verdi ki, Lətif müəllimin 90 illiyini Naxçıvanda təntənəli qeyd etmək lazımdır. Özüm də məruzəçi olacağam. Amma iş elə gətirdi ki, Azərbaycanda məlum hadisələr nəticəsində Heydər Əliyev respublika rəhbərliyinə dəvət olundu.

Böyük öndərlə bir görüşüm də Naxçıvan MR-in 75 illik yubileyində olub. Heydər Əliyev bu barədə fərman vermişdi. Yubiley tədbirinə özü  gəldi. Təntənəli mərasimdə çıxış edərək müəllimlərini xatırladı. Mənim adımı birinci çəkdi, böyük təvazökarlıq və sadəlik nümunəsi göstərərək mənim əməyimə yüksək qiymət verdi və məni özünün ən sevimli müəllimi adlandırdı. Əlbəttə, çox böyük iftixar hissləri keçirdim. Ertəsi gün Kazım Qarabəkir Paşa məscidinin açılışında iştirak etdi.

Açılış mərasimində söhbətləşdik. Xatirələr söylədik. Mən Kazım Qarabəkir Paşa haqqında yazdığım kitabımı ona təqdim etdim. Heydər Əliyev bu məscidin açılışında tarixi bir nitq söylədi. O, Kazım Qarabəkir Paşanın Naxçıvanda göstərdiyi qəhrəmanlıqdan, ümumiyyətlə, türk əsgərinin Naxçıvanı erməni işğalından qurtarmasındakı şücaətindən bəhs etdi. Bu nitqində də mənim haqqımda xeyli danışdı, müəllim əməyinə yüksək qiymət verdi.

Heydər Əliyevlə Naxçıvanda Olimpiya kompleksinin, daha sonra Bəhruz Kəngərli ev-muzeyinin açılışında da görüşlərim olub. Yenə də çox səmimi, mehriban söhbət etmişik və əlbəttə ki, keçmiş xatirələr dilə gəlib.

Heydər Əliyevlə son görüşüm 2002-ci il avqustun 12-də oldu. Prezident Heydər Əliyevin fərmanı ilə Naxçıvanda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi təşkil edilirdi. Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda bölmənin yaradılmasına həsr olunmuş müşavirədə görüşdük. Bu müşavirəyə məni də dəvət etmişdilər. Çünki mən hələ 50-ci illərdə Naxçıvanda Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Elmi Bazasında ilk direktor işləmişdim. Burada deməyə sözüm var idi.

Cənab Heydər Əliyev bu müşavirədə də mənim fəaliyyətim haqqında xeyli danışdı. Əməyimə yüksək qiymət verdi. Mənim anadan olmağımın 100, elmi-pedaqoji fəaliyyətimin 80 illiyinin keçirilməsi haqqında Naxçıvan MR Ali Məclisinə göstəriş verdi. Onun mənə göstərdiyi bu qayğı və diqqəti heç vaxt unuda bilmərəm. Sonra mənə söz verdi. Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin yaradılmasına həsr olunmuş müşavirədə mən də çıxış etdim.

- Heydər Əliyev 100 illiyinizdə sizin əməyinizə çox yüksək qiymət verərək sizi Vətənin ali mükafatı - "İstiqlal" ordeni ilə təltif edib. Siz yeganə təhsil işçisi - müəllimsiniz ki, bu ordenlə təltif olunmusunuz. O, sizə göndərdiyi təbrik məktubunda sizin - öz müəlliminin xidmətlərini  sadaladı və yüksək qiymətləndirirdi.

- Heydər Əliyevin sərəncamı ilə 100 illik yubileyim təntənəli şəkildə keçirildi. Özü Bakıdan mənim 100 illiyimi təbrik etdi. Mənə "İstiqlal" ordeni verdi. Bu, təkcə mənə deyil, bütün müəllimlərə, pedaqoji əməyə verilən yüksək qiymət idi. Onun mənə göndərdiyi təbrik məktubu təkcə şagirdin müəlliminə minnətdarlıq duyğularının ifadəsi deyildi. Dövlət başçısı olan şagirddən, zəmanənin ən böyük tarixi simaları ilə bir sırada duran siyasət nəhəngi yetirməmdən bu sözləri eşitmək, əlbəttə, mənim üçün böyük iftixar idi.

Heydər Əliyev böyük siyasətçi və müdrik dövlət başçısı idi. O, öz ağlı, kamalı ilə bütün dünyanı fəth etdi. Azərbaycan xalqını bütün dünyaya tanıtdı. Onun Vətənimiz, xalqımız qarşısındakı xidmətləri tarixdə analoqu olmayan, misli görünməyən xidmətlərdir. Ona görə də mən bir müəllim kimi  çox istəyərdim ki, həmkarlarım - yaşlı və cavan müəllimlər öz şagirdlərini Heydər Əliyev nümunəsində tərbiyə etsinlər. Heydər Əliyevin irsini dərindən öyrənib gənc nəslə də öyrətsinlər. Gənclərimiz Heydər Əliyev kimi oxusunlar, çalışsınlar.

Çox şükürlər olsun ki, cənab Allah mərhəmət edib Heydər Əliyevin daxili və xarici siyasətini, onun maarif və mədəniyyət sahəsindəki fəaliyyətini, xidmətlərini davam etdirən bizim bugünkü Prezidentimiz İlham Əliyevi bizə bəxş edib. O, atasının yolunu, gözəl işlərini uğurla davam etdirir.

 

Müsahibəni apardı:

Yusif ƏLİYEV,

"Azərbaycan müəllimi",

9 may 2007-ci il, ¹17

  

Azərbaycan müəllimi.- 2014.- 18 aprel.- S.6.