Dünya ölkələrində ümumi təhsil

 

Almaniyada ümumi təhsil

 

Almaniyada 50 mindən çox orta məktəb, 3 mindən artıq gimnaziya mövcuddur. Bu tədris ocaqlarında 12 milyondan çox şagird təhsil alır.

Orta təhsil. Almaniyada bütün uşaqlar 6 yaşdan etibarən 9 il ərzindlə icbari qaydada məktəbə getməlidirlər. Dövlət məktəblərində təhsil pulsuzdur. Adətən uşaqlar 4 il ibtidai məktəbdə oxuyurlar. Sonra onlar müxtəlif növ məktəblər - əsas məktəb, real məktəb və gimnaziyaya daxil olur. Məktəblər şagirdlərin bacarıqlarına olan tələblərə, həmçinin nəzəri və praktik təlim nisbətinə görə bir-birindən fərqlənirlər. Bundan əlavə, ölkədə birləşmiş məktəblər mövcuddur. Burada bütün növ məktəblərin şagirdləri paralel şəkildə təhsil alır, bir məktəbdən digərinə keçə bilirlər.

Əsas məktəbdə V sinifdən X sinfə qədər təhsil icbari, X sinifdə isə könüllüdür. Real məktəbdə şagirdlər V sinifdən X sinfə qədər oxuyursonda kamillik attestatı alırlar.

Gimnaziyada federal torpaqdan asılı olaraq tədris XII-XIII siniflərə qədər aparılır və kamillik attestatının alınması ilə başa çatır. Bu attestat ali təhsil müəssisələrinə daxil olmaq hüququ verir.

Məktəblərin əksəriyyətində dərslər günün birinci yarısında aparılır. Məktəb təhsili kantonların (inzibati ərazilərin) səlahiyyətinə daxildir. Məktəb siyasəti isə təhsil və mədəniyyət nazirliklərinin Daimi Şurası tərəfindən əlaqələndirilir.

 

İsveçrə Konfederasiyasında ümumi təhsil

 

İsveçrə Konfederasiyası 26 dairədən (kantondan) ibarətdir. Ölkə dövlət tərəfindən maliyyələşən yüksək keyfiyyətli təhsil sistemi ilə bütün dünyada tanınır. İsveçrədə ümumi təhsil ibtidaiorta (orta təhsilin 1-ci və 2-ci səviyyəsi) təhsil pillələrindən ibarətdir.

İbtidai təhsil. İsveçrədə 6 yaşı tamam olmuş bütün uşaqlar icbari təhsilə cəlb olunur. İcbari təhsil 9 illik olub, ibtidai təhsili və orta təhsilin 1-ci səviyyəsini əhatə edir. Ölkədə özəl icbari məktəblər olsa da, uşaqların əksəriyyəti dövlət məktəblərində oxuyur.

İbtidai  təhsil  müddəti  dairələrə  görə 4, 5    ya  6  il  davam  edir.  Müxtəlif  dairələr  üzrə  təhsilin  təşkili  məsələlərində  xeyli  fərqlər  mövcuddur.

Orta təhsilin 1-ci səviyyəsində əsasən ümumi fənlər tədris olunur. Orta təhsilin 1-ci səviyyəsi üzrə fəaliyyət göstərən müxtəlif növ məktəblərin bəzilərində şagirdlərə daha praktiki biliklər öyrədilir, onlar peşə ixtisasları istiqamətində hazırlanır. Digər məktəblərdə isə orta təhsilin 2-ci səviyyəsində oxumaq üçün şagirdlərə daha dərin biliklər verilir.

Qeyd etdiyimiz kimi, ölkədə dövlət əsaslı məktəblər daha böyük nüfuza malikdir. Şagirdlərin 95 faizi dövlət tərəfindən maliyyələşən məktəblərdə təhsil alır.

Dörd dövlət dilinə malik olan ölkə kimi İsveçrədə çoxdilliliyin qorunmasına xüsusi diqqət yetirilir. İcbari təhsil pilləsində şagirdlər ana dilləri ilə yanaşı, ingilis dilini və rəsmi dövlət dillərindən birini də öyrənirlər.

Orta təhsil. Şagirdlər 16 yaşından təhsillərini orta təhsilin 2-ci səviyyəsində davam etdirə bilərlər. Bəzi dairələrdə 3, bəzilərində isə 4 il davam edən bu səviyyədə şagirdlər ya peşə ixtisaslarına yiyələnərək əmək bazarının iştirakçısına çevrilir, ya da ali məktəblərdə oxumaq, təhsillərini davam etdirmək üçün biliklərə yiyələnirlər.

Orta təhsilin 2-ci səviyyəsi üzrə dörd növ məktəb fəaliyyət göstərir. İstehsalat müəssisəsi təcrübəsi və nəzəri kurslardan ibarət peşə məktəblərində təhsil dairələrə görə 3 və ya 4 ildir. Bu məktəblərdə 300-dən artıq müxtəlif peşəyə yiyələnmək mümkündür. Peşə yönümlü orta təhsil müəssisələrinin məzunlarına ölkə üzrə tanınan federal diplom verilir.

Peşə təhsilini bitirənlər öz ixtisasları üzrə bakalavr dərəcəsinə yiyələnmək üçün əlavə təhsil kurslarında oxuya bilərlər. Bundan sonra onlar qəbul imtahanı vermədən tətbiqi elmlər üzrə ixtisaslaşmış universitetlərə, tamamlayıcı imtahan verməklə isə universitetlərə daxil olmaq imkanı qazanırlar.

Matura məktəblərində (dairə məktəbləri, orta məktəblər, liseylər) şagirdlərə yeddi fənn üzrə geniş ümumi təhsil verilir. Fənlər əsas və ikinci dərəcəli olmaqla iki qrupa bölünür. Bu tədris ocaqlarında, əsasən, universitetlərə daxil olmaq istəyən şagirdlər oxuyurlar. İxtisaslaşmış orta məktəblərdə həm ümumi, həm də müəyyən peşə, o cümlədən tibb, ictimai , təhsil, musiqi, incəsənət sahələrinə aid spesifik fənlər tədris olunur. Belə məktəblərdə oxuyan şagirdlər əlavə praktiki təlim və ya kurslar keçdikdən sonra peşə təhsili sertifikatı da əldə edə bilərlər.

 

Avstraliyada ümumi təhsil

 

6 ştatdan ibarət federativ dövlət olan Avstraliya İttifaqında ümumi təhsil 12 ildir.

İbtidai təhsil. Avstraliyada ibtidai təhsil icbaridir. Ştatların və ərazinin qanunvericiliyinə uyğun olaraq ibtidai təhsil 5-6 yaşdan 15-17 yaşa qədər olan dövrü əhatə edir. Şagirdlərin təxminən 65 faizi dövlət məktəblərində, 34 faizi isə katolik  ya müstəqil məktəblərdə  təhsil alır.

Ölkədə icbari təhsilin təşəkkülü XIX əsrin ikinci yarısına təsadüf edir. Avstraliya vətəndaşları üçün dövlət məktəbləri pulsuzdur. Katolik və müstəqil məktəblərdə isə təhsil pulludur. Bu təhsil müəssisələrində dərs ləvazimatları, məktəbli formaları, məktəb düşərgələri üçün və digər xərclər valideynlərin üzərinə düşür. Katolik və müstəqil məktəblərdə birillik təhsil xərci təxminən 300-350 Avstraliya dolları arasında dəyişir.

Tipindən asılı olmayaraq bütün məktəblərdə eyni kurikuluma əməl olunması tələb oluna bilər. Tədris proqramlarında dünyəvi fənlər əsas yer tutsa da, bununla belə, dini fənlərin də tədrisi mümkündür. Məktəblərin əksəriyyətində vahid məktəbli formasından istifadə olunur.

Orta təhsil. Avstraliyada müxtəlif orta məktəblərdə müəyyən seçmə fənlər tədris edilir. İbtidaiorta təhsil dövrü birlikdə 12 il davam edir. Orta təhsil pilləsini başa vuran məzunlara dövlət tərəfindən attestat verilir. Bu sənəd Avstraliyanın bütün universitetləri, peşə və təlim məktəbləri tərəfindən tanınmaqla bərabər, xarici ölkələrin bir sıra universitetləri tərəfindən də qəbul olunur.

Orta təhsil müəssisələrinin 90 faizində standart orta məktəb kurikulumundan əlavə peşə təhsili də verilir. Orta təhsil səviyyəsində tədris olunan əsas fənlərə ingilis dili, riyaziyyat, cəmiyyət və ətraf mühit, təbiət elmləri, texnologiya, tibbfiziki tərbiyə fənləri daxildir. Orta məktəblər beşgünlük dərs həftəsi ilə işləyir və birnövbəlidir.

Bir sıra orta məktəblər kollec adlandırılır. Belə kolleclərdə tədris olunan proqramlar vasitəsilə məzunlar universitetlərə daxil ola və dərəcəli ixtisas ala bilərlər.

 

İsrail Respublikasında ümumi təhsil

 

Varislik prinsipinə ciddi əməl olunan İsrailin təhsil sistemində ümumi təhsilin müddəti 12 ildir.

İbtidaiorta təhsil. Ölkədə 6 yaşından 18 yaşına qədər uşaqlar üçün təhsil pulsuzicbaridir. Formal təhsil ibtidai məktəblərdən (I-VI siniflər) başlanır, keçid (VII-IX siniflər) və orta məktəblərdə (X-XII siniflər) davam etdirilir. İbtidai məktəbləri bitirən şagirdlərin təxminən 9 faizi internat-məktəblərdə oxuyur.

İsrail cəmiyyətinin milli mənəvi dəyərlərə üstünlük verməsi ölkənin təhsil sistemində də əksini tapır. Ölkədə məktəblər 4 qrupa bölünür. Birincisi, şagirdlərin əksəriyyətinin oxuduğu dövlət məktəbləri. İkincisi, iudaizm dininə, adət və ənənələrinə əsaslanan dövlət dini məktəbləri. Üçüncüsü, ərəb və Druza (SuriyaLivanda İslam dininə əsaslanan dini sekta) tarixinin, dininin və mədəniyyətinin tədris olunduğu ərəbdilli məktəblər. Dördüncüsü, müxtəlif dini və beynəlxalq təşkilatların dəstəyi ilə fəaliyyət göstərən özəl məktəblər. Son illərdə valideynlərin uşaqların təhsilinə artan marağını nəzərə alaraq bir sıra yeni məktəblər də yaradılıb.

Məktəbdə tədris olunan fənlərin əksəriyyəti icbari akademik fənlərdən ibarətdir. Fənn mövzusu bütün sistem daxilində vahid olduğu halda, hər bir məktəbə Təhsil Nazirliyi tərəfindən təklif edilmiş çoxsaylı dərs və tədris materiallarını müstəqil seçmək imkanı verilir. Şagirdlərin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Belə ki, məktəblilərə hər il milli ideyalardan bəhs edən bir mövzu əhatəli şəkildə tədris olunur. Bu sıraya demokratik dəyərlər, ivrit dili, immiqrasiya, Yerusəlim, sülh, sənaye və digər müvafiq mövzular daxildir.

Orta məktəblərin böyük əksəriyyətində təbiət və humanitar elmləri üzrə akademik kurikulum əsasında tədris aparılır. Bu pilləni bitirən şagirdlərə ali məktəbə qəbul imtahanı (matrikul) sertifikatı verilir. Bu sənədlə ali məktəblərə daxil olmaq mümkündür. Bəzi orta məktəblərdə ixtisaslaşdırılmış fənn kurikulumları tədris olunur. Bu proqram üzrə orta təhsil alanlara da ali məktəbə qəbul imtahanı (matrikul) sertifikatı və ya peşə diplomu verilir.

Orta texnologiya məktəblərində texniklər və mühəndislərin 3 səviyyə üzrə təlimi təşkil edilir. Bu tədris ocaqlarında oxuyan şagirdlər ya ali təhsilə hazırlanır, ya peşə diplomları alır, ya da əməli bacarıqlara yiyələnirlər.

Hərbi hazırlıq məktəblərində isə İsrail Müdafiə Qüvvələri tərəfindən tələb olunan spesifik sahələr üzrə kadrlar və texniklər hazırlanır. Qız və oğlanların ayrıca oxuması üçün nəzərdə tutulmuş Yeşiva (yəhudi) orta məktəblərində dini biliklər daha dərindən öyrədilir. Ümumtəhsil  məktəblərində isə müxtəlif peşə, o cümlədən mühasibatlıq, mexanika, elektronika, mehmanxana xidməti, qrafika sənəti və digər sahələr üzrə fənlər də tədris olunur.

Orta məktəb yaşındakı şagirdlər həmçinin peşə məktəblərində müxtəlif ixtisaslara yiyələnə bilərlər. Sənaye, Peşə və Əmək Nazirliyi tərəfindən təklif edilən peşə proqramları 3 və ya 4 illikdir. Bu proqramlarda təhsilin ilk 2 ili nəzəri tədrisdən ibarətdir. Sonrakı 1-2 ildə isə həm nəzəri tədrisə, həm də seçilmiş peşə üzrə istehsalat təcrübəsinə yer verilir. Peşə məktəblərində bərbərlik, aşpazlıq, mexanika və digər ixtisaslar üzrə kadrlar hazırlanır.

Bundan başqa, İsraildə istedadlı, fiziki, əqli və təlim qüsuru olan uşaqlar üçün xüsusi, eləcə də fərdi proqramlar təklif olunur. Fiziki, əqli və təlim qüsuru olan uşaqlar 3 yaşından 21 yaşına qədər pulsuz təhsillə təmin edilir.

 

Estoniya Respublikasında ümumi təhsil

 

Estoniyada ümumi təhsil əsas təhsil (təhsilin ilk pilləsi) və orta təhsil (təhsilin ikinci pilləsi) səviyyələrindən  ibarətdir.

Əsas təhsil. Estoniyada uşaqlar 7 yaşından icbariya əsas təhsilə cəlb olunur. İcbari təhsil I-IX sinifləri əhatə edir. I-VI siniflər üçün nəzərdə tutulan ibtidai məktəblər əsas təhsilin mühüm bir hissəsidir. VII-IX siniflərində şagirdlər maraq sahələrinə uyğun olaraq təmayüllər üzrə təhsil ala bilərlər.

Əsas təhsil 3 mərhələdə təşkil edilir:

* Birinci mərhələ - I-III siniflər;

* İkinci mərhələ -IV-VI siniflər;

* Üçüncü mərhələ -VII-IX siniflər.

Bələdiyyələr əraziyə uyğun olaraq əsas məktəbləri müəyyən edirlər. Həmin məktəblərdə müvafiq əhatə dairəsində yaşayan hər bir uşaq təhsil ala bilər. Valideynlər məktəbin himayədarlar şurasında təmsil olunmaqla təhsil müəssisələrinin inkişafına mühüm töhfə verirlər.

Əsas təhsil üç milli kurikulum əsasında təşkil olunur. Şagirdlərin həftəlik dərs yükü sinfin səviyyəsindən asılı olaraq dəyişir: I sinifdə 20 dərs, II sinifdə 23 dərs, III-IV siniflərdə 25 dərs, V sinifdə 28 dərs, VI-VII siniflərdə 30 dərs, VIII sinifdə 32 dərs, IX sinifdə 34 dərs.

Əsas təhsil pilləsində eston dili ədəbiyyatı, iki xarici dil, riyaziyyat, təbiət elmləri, coğrafiya, biologiya, kimya, fizika, tarix, humanitar elmlər, ictimai elmlər, musiqi, təsviri sənət, fiziki təhsil, əmək təlimi kimi icbari fənlər tədris edilir. Tədris rus digər əcnəbi dillərdə təşkil olunan məktəblərdə eston dilinin ayrıca fənn kimi keçilməsi icbaridir. Həmçinin ana dili eston dili olmayan şagirdlərin oxuduğu məktəblərdə eston dili ikinci xarici dil kimi tədris olunur.

Əsas təhsil pilləsini başa vurmaq üçün şagirdlərdən müvafiq kurikulumu tamamlamaq təyin olunmuş 3 imtahanı (eston dili ədəbiyyatı, riyaziyyat şagirdin seçdiyi hər hansı digər bir fənn) uğurla vermək tələb olunur. Əsas təhsil pilləsini tamamlaya bilməyən ən azı 17 yaşı tamam olmuş şagirdlər ya əsas təhsil pilləsini başa vurmaq haqqında sənəd tələb edilməyən peşə təhsili üzrə peşələrə yiyələnə ya yaşlılar üçün nəzərdə tutulan orta ümumi təhsil müəssisələrində əsas təhsil ala bilərlər.

Əsas təhsil pilləsini uğurla başa vuran şagirdlər 3 illik ümumi orta ya 3 illik peşə yönümlü orta təhsil müəssisələrində təhsillərini davam etdirmək imkanı qazanırlar. Həmçinin onların 3 illik ümumi orta təhsil verən peşə məktəblərində ya ümumi orta təhsil verməyən, ancaq peşə bacarıqları aşılayan peşə təhsili müəssisələrində oxuması mümkündür.

Orta təhsil. Qeyd etdiyimiz kimi, orta təhsil müddəti 3 il olmaqla X-XII sinifləri əhatə edir. Orta təhsil milli kurikuluma uyğun olaraq həyata keçirilir. Hər bir məktəb milli kurikuluma əsasən öz kurikulumunu hazırlayır. Orta təhsil pilləsində bir tədris ili 35 həftə, bir tədris həftəsi isə ən azı 32 dərs saatından ibarətdir.

Bu pillədə şagirdlər seçmə fənlərlə yanaşı, müvafiq sahə, o cümlədən təbiət elmləri, humanitar elmlər digər sahələr üzrə dərin biliklərə ya peşə məktəblərində oxumaqla hər hansı peşəyə yiyələnə bilərlər. Orta təhsil pilləsinin sonunda şagirdlər 5 fəndən imtahan verir. Bu imtahanlardan ən azı 3-ü dövlət imtahanıdır.

Qeyd edək ki, 2008-2009-cu tədris ilində Estoniyanın orta məktəblərində təhsil alan şagirdlərin sayı 31265 nəfər olub. 2011-2012-ci tədris ilindən başlayaraq Estoniyada rus dilində tədris aparılan bütün orta təhsil müəssisələrində tədris eston dilində təşkil olunur.

Orta təhsil pilləsini tamamladıqdan sonra şagirdlər aşağıdakı istiqamətlər üzrə təhsillərini davam etdirə bilərlər:

* Peşə təhsili müəssisələrində peşə təhsili (0,5-3 il);

* Kolleclər ya universitetlərdə ali peşə təhsili (3-4,5 il);

* Universitet ya digər ali təhsil müəssisələrində bakalavriat təhsili (3 il), magistratura təhsili (2 il) ya doktorantura təhsili (3-4 il).

 

Hazırladı: Yusif ƏLİYEV,

"Azərbaycan müəllimi"

 

Ölkələrin səfirliklərindən, təhsil nazirliklərinin təhsilə aid digər qurumlarının rəsmi İnternet saytlarından əldə olunan materiallar əsasında.

 

Azərbaycan müəllimi.- 2014.- 18 aprel.- S.10.