İlk pedaqoji
jurnalımız 100 il əvvəl
təhsilin hansı
problemlərindən yazıb?
"Dəbistan" jurnalı öz səhifələrində valideynlərə nələri tövsiyə edib?
Azərbaycan maarifinin inkişafında mətbuatın rolunu qiymətləndirərkən pedaqoji qəzet və jurnalların əhəmiyyətini xüsusi nəzərə almaq vacibdir. Yeni üsul ilə təşkil olunmuş məktəblərin inkişafına XX əsrin əvvəllərindən nəşrə başlayan pedaqoji jurnallar ("Dəbistan", "Rəhbər", "Məktəb") böyük təkan verirdi. Bu jurnallar məktəbdarlığımızda olan ehtiyacları əks etdirərək maarif və mədəniyyət xadimlərini, ziyalıları düşündürməklə onların həlli yollarına zəmin yaradırdı. Bu istiqamətdə fəaliyyətə başlayan ilk milli pedaqoji mətbuat orqanı "Dəbistan" jurnalıdır. "Dəbistan" jurnalı 1906-cı il aprelin 16-da Bakıda Əli İskəndər Cəfərzadə və Məhəmməd Həsən Əfəndizadənin naşirliyi ilə nəşrə başlamışdır. Məcmuə 1908-ci il martın 1-nə kimi fəaliyyət göstərmişdir. Məcmuənin siması naşirlər tərəfindən belə müəyyənləşdirilirdi: "Mütəllimlərə (şagirdlərə) məxsus iki həftədə nəşr olunan və əbnayi-millətimizin tərəqqi və təkamülünə xidmət edən müssəvi (rəsimli) türk jurnalıdır". "Dəbistan"da Əli İsgəndər Cəfərzadə, Məhəmməd Hadi, Şeyda, Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, R.Əfəndizadə, Musayev, Fərhad Ağazadə, Abbas Səhhət, Ə.Əfəndizadə, Fərəcullazadə və başqa qələm sahibləri iştirak edirdilər. Məcmuə maddi çətinlik səbəbindən bağlanmışdır. "Dəbistan"ın 10 mart 1908-ci il tarixində doqquzuncu nömrəsi son nömrə olaraq Həsən bəy Zərdabinin dəfn mərasimi münasibəti ilə nəşr olunmuşdur. Nömrədə H.Zərdabinin şəkli, tərcümeyi-halı, fəaliyyəti, xidməti və dəfn mərasimi öz əksini tapmışdır. "Dəbistan" jurnalının bu nömrəsi AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Elmira Qasımova tərəfindən transformasiya olunaraq 2012-ci ildə yenidən işıq üzü görmüşdür.
"Dəbistan" jurnalının ilk nömrəsindən etibarən əlavə olaraq "Valideynə məxsus vərəqə" də nəşr olunurdu. Əlavənin buraxılması valideynlərin uşaq təlim və tərbiyəsi istiqamətində maarifləndirilməsi, məktəblərin təşkilində yaxından iştiraka cəlb edilməsi məqsədini daşıyırdı.
Bu nömrəmizdən etibarən XX əsrin əvvəllərində nəşr olunmuş pedaqoji jurnalların fəaliyyətini işıqlandırmağı nəzərdə tuturuq. İlk olaraq "Dəbistan" jurnalının 16 aprel 1906-cı ildə nəşr olunmuş birinci nömrəsinin "Valideynə məxsus vərəqə" adlı əlavəsini oxuculara təqdim edirik.
İfadei-Məram
Cümləmizin
məlumudur ki, elm, mərifətə
və əxlaq-ətvara dair maddələri
qiraət etməklə uşağın ruhun
açıb, fikir və hissini
oyadıb, qüvveyi-hafizələrin və qüvveyi-xəyyalların
zəngin edib onları növbənöv ali qissələr və niyyətlər fikrinə
salır.
Öz hallarına dair gülməli və
ibrətamiz hekayələr və mənzumələr qiraəti
ilə uşaqlarımız zəif və bivüsət əql
və dərrakələrin gücləndirib gözəl hislər
və təcrübələr əxz edərlər. Böylə bir mühüm və əhəmiyyətli
mətləbə yetişməkdə ancaq
məktəblərimizə ümidvar ola bilməriz. Çünki
uşaqlarımızın məktəblərdə
keçirdikləri üç və ya dörd saat
vaxt yazıb-oxumaq və dərs
kitablarında bulunan hekayələri
öyrənməyə ancaq kifayət edər, pəs lazım gəlir ki,
uşaqlarımız məktəblərdən azad
olandan sonra asudə
vaxtların şagirdlərə, uşaqlara
məxsus jurnallarda, kitablarda
ana dilində yazılmış ibrətamiz
hekayələr və mənzumələr qiraətinə sərf
edələr, ta ki elm və tərbiyəyə dair məktəblərdə öyrənməsi
mümkün olmayan
böylə jurnallar və kitablar
vasitəsi ilə öyrənələr. Sair
taifələrin mədəni və ziyalı əhli-qələmləri
öz millətlərinin balalarına bu yolda böyük
xidmətlər edib və bu
vasitə ilə onları qabağa
aparıblar. Amma biz
müsəlman taifəsi isə qeyri taifələrdən
bu yolda nəhayət geri qalmışıq: Hal-hazırda qeyri lisanlarda olan kitablara nisbətən
öz ana dilimizdə ən
əlzəm dərs kitabları və qiraət ediləcək
kitablar tapmayırız. Bu səbəbə bizim xahişimiz budur ki, təb və nəşrinə
başladığımız uşaqlara məxsus
"Dəbistan" jurnalı vasitəsilə bu
yolda qüvvə-acizanəmizdən gələn
türk milləti-nəcibəmizin
balalarına xidmət göstərək və ümidimiz
budur ki, millətimizin
balalarının lap uşaqlıqdan
əql, zehn, əxlaq-hüsnə və
hissiyyatların oyandırıb günbəgün tərəqqi
etmələrinə səbəb olaq və
onlardan zəhmətkeş, xadimi-din və millətpərəst və vətənpərvər
cavanlar yetirək.
Ümidvarıq ki, bu yolda
əhli-qələm və təcrübə sahibləri olan himmətli müəllim və ya qeyri-müəllim qardaşlarımız bizim bu fikrimizə şərik
olub əllərindən gələn
köməkliyi müzayiqə etməzlər.
Bu uşaqlara məxsus
jurnalımızda zeyldə yazılan pürvüqar
əmmamızın, məramnaməmizin fəsillərinə müzayiq və məsləkimizə müvafiq məqalə və hekayələri
təb və nəşr edəcəyiz.
1) Milli
və əcnəbi dillərdən tərcümə olunmuş nağıl və hekayələr;
2) Milli
və əcnəbi dillərdən tərcümə olunmuş hər növ əşar
və mənzumə hekayələr;
3) Dini
və tarixi məqalə və hekayələr;
4) Milli
və əcnəbi şairin və
şayandiqqət olan əşxasın tərcümeyi-hal
və sirətləri;
5) Tarixi-təbiiyəyə
dair məqalələr;
6) Coğrafiyaya,
tərifi üluma və səyahətə
dair məqalələr;
7) Əlahiddə
şəkil versələr;
8) Əsr və
güzəranımıza dair mətləblər;
9) Azərbaycan, fars və rus ədəbiyyatı;
10) Təlim və
tərbiyəyə dair
və uşaqlara məxsus ədəbiyyata nəzər etmək;
11) Lətifə, əyləncə,
məşğuliyyət, tapmaca;
12) Hesablar, oyunlar
və qeyri...
13) İdarəyə
məktub;
14) Elan.
Bundan əlavə aylıq "Valideynə məxsus vərəqə"miz
ata, analarımıza
uşaqlarımızın ev və məktəb
tərbiyəsi, təlimi üçün
lazım olan əhəmiyyətli məsələləri
həll edib bu yolda onlardan ötrü rəhbər və dəlil
olasıdır. Ata,
analarımızın əksəri uşaqlarının ev tərbiyəsinə dair
mühüm məsələlərdən
xəbərdar olmadıqları üçün
bu yolda etdikləri səhvlər
ilə öz balaları hüsni-əxlaq
və tərbiyə sahibi olmaq
əvəzində məzərr və əmali-şəniə
sahibi olan üzvlər
çıxarıb milləti və cəmaəti onlardan büruz edən xətalı
bəlalara düçar və giriftar ediyorlar. Bu səbəbə
lazım bildik ki,
"Valideynə məxsus vərəqə"miz vasitəsi
ilə ev və məktəb tərbiyələrinə
dair ən əhəmiyyətli məlumatları
vəqtbəvəqt təb və nəşr edib
ata, analara dəxi bir xidmət acizanə göstərək.
"Dəbistan"
Tərbiyeyi-Beytiyyə-Təsiri-Ailə
İnsan üçün ən
lazımlı və əvvəlimci məktəb tərbiyeyi-beytiyyə,
yəni ev tərbiyəsidir. Çünki insan əxlaq
və ətvarına dair pis
və yainki yaxşı adət və sifətlərin
cümləsini və təlim-tərbiyəsinin
binasını əvvəlcə evdə, ev
tərbiyəsindən əxz və kəsb ediyor.
İnsan burada hərəkətinə və
əxlaq-ətvarına dair kəsb etdiyi tərbiyə, qanun və
qaydaların əksəri ona ömür yoldaşı olur.
Pəs külfət, ailə insanın tərbiyəli və
bitərbiyə olmasına səbəb olur.
Bəlkə cəmaətin də tərbiyəli
və təlimli olmasına səbəb ailədir. Çünki cəmaətin üzvləri nə
dərəcədə təlimli və tərbiyəli olur isə, cəmaət də o
dərəcədə təlimli və tərbiyəli ola biliyor. Bunları
nəzərə alanda aşkar
və məlum olur ki,
insan üçün
ən əlzəm və əvvəlimci məktəb ev tərbiyəsidir. Pəs
böylə olan surətdə gərək
artıqca diqqət edib, fikir
verək ki, uşaqlarımızı bəsləyən
şəxslər lazımınca təlimli və tərbiyəli
olub bəslədikləri uşaqlar
gələcəkdə cəmaətin layiqli
və tərbiyəli üzvlərindən olsunlar. Uşaq ətrafında
olan şəxslərə baxıb biixtiyar və şüursuz
onlarda yaxşı ya
bəd sifətləri götürür,
necə ki ərəblər arasında məsəl
məşhurdur: "Xurma ağacı
yanındakı ağaclara baxıb meyvələnir".
Böylə də uşaq ətrafında
olan şəxslərə baxıb getdikcə
özünü hər barədə onlara oxşatmağa
çalışıyor. Uşağın əvvəlimci
müəllimi onun ətrafındakılar
və ələxüsus, ata və
analarıdır. Millətimizin balaları təlim
və tərbiyə hikmətlərindən müxbir
ailə və külfət arasında pərvəriş
tapdıqda şəkk-şübhəsiz gözəl sifətlər,
əxlaq-hüsniyyə sahibləri olacaqlar,
amma cahil və xudbin, təlimsiz və tərbiyəsiz şəxslərin
əllərində və tərbiyəsi altında bədbəxt olub millət və
cəmaət arasında məzərr üzvlərdən olacaqlar. Çünki
uşağın tərbiyə və təlimini dəni və
naəhl adama etibar
etdikdə bir dəni və naəhl əvəzində
iki dəni və naəhl əmələ
gəlir. Necə ki Sədi əleyhirrəhmə
buyurur:
Hər ke ba dunan
neşinəd həmço dunan dun şəvəd,
Ba xirədməndan neşinəd əqle u əfzun şəvəd.
(Tərcüməsi: Hər kim ki alçaqlarla otursa, alçaqlar kimi alçalar,
Ağıllı
adamlarla oturanın ağlı artar).
Şeyxin bu sözləri
misdaqincə şəxslər ki,
uşaqlarımız onlarda təlim və
tərbiyə əxz edəcəklər - lazım və vacibdir ki, o
şəxslər özləri hüsn-əxlaq və tərbiyə
ilə mütəəssib olalar ki, uşaqlarımız onlara
baxdıqca gözəl hərəkətlər və əməllər kəsb edib gələcəkdə qabil
və tərbiyəli, dininə, millətinə və vətəninə
mənfəət verən şəxslərdən olsunlar. Yəni dünyaya
gəlmiş uşaq gözlərini
açıb ətrafa baxdıqda cümlə gördüyü
şeylərə, hərəkətlərə və feillərə
təəccüb gözü ilə tamaşa etmək ilə kifayətlənir. Amma sonra getdikcə yavaş-yavaş gördüyü
şeylərə, əməllərə artıcaq diqqət və
fikir verib toplayıb dərk
ediyor. İmdi tərbiyə
və təlimli ailə arasında pərvəriş tapan uşaqlar gələcəkdə
nə olduğları aşkardır.
Baxalım,
uşaqlarımızın təlim və tərbiyəli
olmasıyçün nə etmək lazımdır? Böylə suala cəvabən
uşaqlarımızın tərbiyə-mükəmmələ
sahibi olmaları qəsdində bulunduğumuzda lazım gəlir ki, onların qabağında gözəl
nümunələr və nüsxələr qoymaq
ki, uşaqlarımız onlara
baxıb yaxşı tərbiyə və əxlaq-ətvara dair gözəl sifətlər kəsb edələr.
Cümləmizə məlimdur ki, uşaq hamı vaxtını xah
edəndə, xah gəzəndə, xah yatanda anası ilə bir yerdə keçirir: o tərbiyə, təliminin əksərini
anasından kəsb ediyor. Ona
görə uşağın ətrafında olan
şəxslərin hamısından əvvəl anaların tərbiyəli
olmaları lazımdır. Firəngistan padşahı Napoleon bir məşhur və
elmli övrətdən sual
etdi: Xəlayiqin gözəl tərbiyəli
olması üçün nə sərəncam
etmək gərəkdir? Övrət cavab verdi: "Elmli və tərbiyəli
analar lazımdır. Gərək
çalışıb səy edəsiniz ki,
analar tərbiyəli olsunlar.
Ta ki öz
balalarına tərbiyə və təlim verməyə qadir olsunlar". Hükəmalar
deyiblər: "Bir tərbiyə və təlimli
ana yüz məktəb
müəllimindən əfzəldir". Çünki
uşaq hamı vaxt
anasının yanında olduğu üçün biixtiyar özünü hər işdə və əməldə
ona oxşadıyor. Uşaq
nəsihət və quru sözlə tərbiyə
olunmaz, çünki sözün təsiri əməlin təsiri kibi ola bilməz. Ona görə
ki, uşağın gözünün
qabağındakı pis və gözəl
hərəkətlər və əməllər dərhal onun başında nəqş bağlayır, bina bərain uşağa çox nəsihət verməkdən isə onun ətrafında olan əşxaslarda
vəqtbevəqt, anbaan şayan diqqət və təlim-tərbiyə
hökmlərinə müvafiq olan gözəl hərəkət və əməllərin
büruzə etməsi əfzəldir. Ana
və atalarımızın feli əməllərinə
müvafiq olmayan nəsihətlərdən
onların balalarına zərərdən başqa
heç bir şey hasil ola bilməz. Uşaq ata və anasının feil
və əməlləri, verdiyi nəsihətlərin
əksinə və ziddinə olduğunu dərhal
anlıyor. Pis əməllərə mürtəkib olan ata və ananın düzlük və sadiqlik
barəsində uşaqlarına verdikləri nəsihətdən
nə mənfəət hasil olar ki, onlar
özləri tamam vaxtların cürbəcür
insaniyyətə layiq olmayan
işlərdə və əməllərdə keçiriyorlar. Evdə
uşaqları olan ata
və anaların borcudur ki,
hər qism biədəb və nalayiq hərəkət, danışıq və
əməllərinə artıqca diqqət edib
özlərin öylə pis hərəkətlərdən
və əməllərdən saxlasınlar, bəlkə bəd
hərəkət və əməllər
ilə "cüzi şeydir
və nəzərə gəlməyəndir" ad qoymasınlar.
Çünki uşaq
böyüyündən sadir olan cüzi bir hərəkəti gözdən qoymayıb
bəlkə dərhal onları toplayır, dərk edir və axırda böyük
bir şey oluyor.
Məsələn,
yağışın hər bir qətrəsi
cüzi bir şey görünür
isə də, lakin haman
qətrələrdən böyük çaylar və ümmanlar
əmələ gəlməsi şübhəsizdir.
Qətrə-qətrə
ab barəd aqibət dərya şəvəd.
(Tərcüməsi: Qətrə-qətrə su
yağır, axırda dəniz olur).
Bu surətdə ata və
anaların nəzərində cüzi görünən yaxşı və ya pis feil
və əməllərindən mürur zaman ilə dəryalar əmələ gəlib
uşağın tərbiyəli və bitərbiyə
olmasına bais olur.
Təəssüf
olunur ki,
analarımız və atalarımız övladlarının yalnız
cismani tərbiyələrinə dair, yəni yemək, içmək, gəzmək
kibi şeylərin sərəncamlarında
bulunduqları kibi, bəlkə ruhani tərbiyələrinin sərəncamında
əsla bulunmuyorlar. Və halonki insandan, adəmiyyətdən murad
ruhdur, candır. Candır insanı insaniyyət
dərəcəsinə yetirən, ruh və
əqldir bədənin padşahı və tacidarı, onun tərbiyə və təliminə
artıq diqqət etmək lazımdır. Necə ki Şeyx Müsliəldin
Sədi Şirazi əleyhirrəhmə
"Bustan"ında buyurur:
Təni adəmi şərifəst becani adəmiyyət,
Nə həmin
lebase rə`nast neşane adəmiyyət.
(Tərcüməsi: İnsanın bədəni
insanlıq ruhuyla şərəflidir,
İnsanlıq
nişanı o gözəl
geyim deyildir).
Əlbəttə,
bədəni də bilaşəkk və şübhə layiqincə
bəsləməlidir ki,
Şeyx aliləri həm buyurduğu adəmiyyət canı üçün layiqli bir qəfəs və məkan olsun. Adəmiyyət canı ol vəqt
öz adına
layiq ola biliyor ki, o lazımınca
təlim, tərbiyə
və elm nuru ilə işıqlanmış
olmuş olar. Mədəniyyətli və tərbiyəli
analar əllərində
bəslənmiş uşaqların
gələcəkdə millət
xadimi və cəmaətə xeyir və mənfəət verən şəxs olmalarına əsla şəkk və şübhə etməməlidir.
Buna görə uşaqların
tərbiyə və təlimini öhdələrinə
götürən analar
özləri gərək
mədəniyyətli və
tərbiyəli olub təlim və tərbiyəyə dair qanun və qaidələrdən
müxbirə olsunlar vala
Xoftera xofte
key konəd bidar?
(Tərcüməsi: Yatan
yatanı necə oyadar?)
Ş.M.Ə...zadə
Təqdim
etdi
Könül NƏHMƏTOVA,
"Azərbaycan
müəllimi"
filologiya üzrə
fəlsəfə doktoru
Azərbaycan müəllimi.-
2014.- 18 aprel.- S.12.