Narkomaniya

 

Əsrin bəlasından dünyada

250 milyon insan əziyyət çəkir

 

Bu gün bəşəriyyəti düşündürən qlobal problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Narkomaniya yunan sözü olub "narko" donub qalmaq, "maniya" isə psixi pozğunluq deməkdir.  Narkomanlığın tarixini araşdırdıqda məlum olur ki,  hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr mövcud olmuşbu haqda məlumatlara yunan, Roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir. 

 

Qeyd edək ki, mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrə narkotik maddələr deyilir.

Tarixə nəzər salsaq görərik ki, AvropaAsiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş bitkisi insanların ağrı və əzablarının qənimi kimi qavranılmış, xaşxaş qozasından alınan şirə (tiryək) isə həmişə tibbi məqsədlər üçün istifadə edilmişdir. Ümumiyyətlə, tiryəkli preparatlar orta əsrlərdə təbabətdə geniş yayılmış, tiryəkdən hazırlanan dərmanlardan ruhi xəstələri sakitləşdirmək, əzabları azaltmaq, ağrı və sarsıntıları götürmək, pozulmuş əsəb-sinir sistemini bərpa etmək kimi müalicə işlərində istifadə olunmuşdur. Düzdür, bu həmin dövrün tələbi idi, amma insanlar təxmin edə bilməzdilər ki, əsrlər keçəcək və narkotik tərkibli dərmanlar insanlar üçün, sözün həqiqi mənasında, əsl bəlaya, başağrısına çevriləcək.

Narkotik tərkibli bitkilərdən müalicə məqsədi ilə istifadə olunması uzaq keçmişdə olduğu kimi müasir dövrümüzdə də aktualdır. Eyni zamanda, insan orqanizminə, sağlamlığa, mənəviyyata sağalmaz zərbələr vuran, ən çirkin, ikrahedici vərdiş kimi qəbul edilən narkomanlıq və narkotiklərə aludəçilik bu gün olduğu kimi qədim zamanlarda da xoşagəlməz vərdiş kimi qəbul edilmişdir. Şərq ölkələrinə səyahətə çıxanlar tiryək istehlakçılarının acınacaqlı vəziyyətinin şahidi olduqda bunu yanlış olaraq həmin xalqın ənənələri ilə bağlamışlar. Hindistanı gəzən bir alim tiryəkdən fiziki asılılığı belə şərh etmişdir: "Kim tiryəkə vərdiş edibsə, onu hər gün qəbul etməlidir". Fransada ziyalılar arasında dəbdə olan "Həşişçilər məclisi"nin üzvü məşhur şair Şarl Bodler  "Süni cənnət" əsərində özünün mübtəla olduğu " sərxoşluq" mərhələsini şəxsi təcrübəsinə əsaslanaraq belə təsvir etmişdir: "Bilmirəm, həşişdən ölümcül zəhərlənmənin nəticələri ilə on illik təcrübədən keçmiş tiryəkçilərin süqutu arasında bərabərlik işarəsi qoymaq olar ya yox: lakin mən təsdiq edirəm ki, onların biri sakitcə tovlayan (həşiş), digəri isə əndazə bilməyən iblisdir".              

Narkotik asılılığın elmi anlayışı isə ilk dəfə XVIII əsrin əvvəllərində verilmişdir. XX əsrin sonunda isə narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna sarsıdıcı zərbələr vuran, qarşısının alınması böyük çətinliklər, külli miqdarda xərclər bahasına başa gələn son dərəcə neqativ bir amil olmaqla yanaşı, digər tərəfdən də narkobaronların narkotiklərin qanunsuz dövriyyəsindən külli miqdarda gəlir əldə etməsi üçün bir vasitəyə çevrilmişdir.

 

 Fəsadları

 

Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir: narkodilerlər (yəni narkotikləri satan insanlar) həmişə yeni alıcı axtarışında olur. Onlar maddi vəziyyəti aşağı olan gəncləri tapdıqları kimi asanlıqla maddi imkanı yaxşı olan gəncləri də tora sala bilirlər. Abstinensiya halı çox əziyyətli olduğuna görə narkotikdən istifadə edən gənc yeni doza əldə etmək üçün əlindən gələni edir. Narkotikdən istifadə edənlərin əksəriyyəti gənc ikən ölür - onlar cinsi yolla yoluxan infeksiyalara, o cümlədən HİV-ə və ya hepatit C-yə yoluxur, bəziləri isə uzun müddət müalicə alaraq ailəsi və cəmiyyət üçün bir yükə çevrilir. Narkomaniya mütəmadi, artan dozada narkotik vasitələrin istifadəsi zamanı, narkotik vasitələrdən psixifiziki asılılıq formalaşması ilə xarakterizə olunan xəstəlikdir. Narkomaniyanın əsas əlamətlərindən biri narkotik vasitələrdən sui-istifadə zamanı reaktivliyin dəyişilməsidir. Bu özünü narkotik vasitələrə patoloji meyillilik, dəyişilmiş tolerantlıq, narkotik vasitədən imtina zamanı abstinent sindromun inkişafı ilə ifadə edir. Müqayisəli olaraq narkomaniyanın formalarının və onların inkişafının öyrənilməsi narkomaniya üçün ortaq olan simptomların diaqnostikasında mühüm rol oynayır.

Narkomanlıq eynən narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir; o, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, sosial-iqtisadi inkişafı ləngidir, ailə və icmaları dağıdır, sosial partlayışlara sürükləyir.

Təəssüf hissi ilə qeyd olunmalıdır ki, narkomanlığın sarsıdıcı nəticələri Azərbaycandan da yan ötməyib. Ən acınacaqlısı budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları artır. Əlbəttə, bir sıra başqa dövlətlərlə müqayisədə respublikamızda narkomaniya o qədər də dəhşətli şəkil almayıb. Lakin yaddan çıxarmamalıyıq ki, narkomanlıq yoluxucu xəstəlikdir, üstəlik də QİÇS-ə aparan bir yol kimi, gizli şəkildə sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir. Mütəxəssislərin fikrincə, narkotik ticarəti neftsilah alverindən sonra dünyada ən çox gəlir gətirən sahədir. Bu gün narkomaniyanarkobiznes təkcə ayrı-ayrı insanların sağlamlığına, mənəviyyatına deyil, dünya iqtisadiyyatına da ağır zərbə vurmaqdadır. Hesablamalara görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il on milyardlarla dollar gəlir götürülürbu pul xalqların  həyat səviyyəsinin yaxşılaşmasına, bəzi imkansız ölkələrin iqtisadi böhrandan xilasına, böyük tikinti-quruculuq işlərinə deyil, yenu müharibə və münaqişə ocaqlarının, nüvə bazalarının, ayrı-ayrı terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılmasına, silah alverinin güclənməsinə və digər cinayətlərə sərf olunur.

 

Narkomaniya ilə mübarizə

 

Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkomaniyanın vəziyyəti və narkotik vəsitələrin ümumi çəkisi rəsmi qaydada aşkar edilirbu qəbildən olan cinayətlərdən və müsadirə edilmiş narkotiklərdən savayı, təqribi hesablamalara əsaslanır. Bu rəqəmlərin dolğun olması üçün ölkədə əvvəlcə narkomanların düzgün qeydiyyatına nail olunmalı, daha sonra isə real əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilməlidir. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünya əhalisinin 250 milyonu  planetimizin ən qlobal problemlərindən birinə çevrilən, insanları ölümün ağuşuna atan bu ağır bəlanın əzabını yaşamaqdadır ki, onun da 47 milyonu Latın Amerikası ölkələrinin payına düşür. Bu gün təkcə Meksikada narkomanların sayı 1 milyon 200 mini ötüb. Avropa Birliyi ölkələrinə gəldikdə isə orada təxminən 750 minə yaxın insan narkotik maddələrdən istifadə nəticəsində  öz əlləri ilə özlərinə ölüm hökmü yazmaqdadır. Bu baxımdan MDB və Asiya ölkələri də Qərbdən geri qalmır. Bu gün orada 26 milyondan çox insan həmin " ölüm"ün iti caynaqlarında çırpınmaqdadır. Qeyd edək ki, narkomaniya ilə mübarizə bütün dünyada geniş vüsət alaraq ümumdünya qlobal problemləri sırasında öndə durur. Bütün beynəlxalq təşkilatlar narkomaniya ilə mübarizəni ümdə vəzifə hesab edirlər.

Son illər respublikamızda da narkotik vasitələrə və bihuşedici maddələrə qarşı mübarizə daha da güclənmiş, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, ictimai təşkilatlar da fəallığı artırmışlar. Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi barədə imzaladığı sərəncam insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış mühüm addımdır. Sərəncamda bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə mübarizə aparması, onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısının qətiyyətlə alınması təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulub. Ölkə rəhbərinin narkomaniyaya qarşı mübarizəyə dair yeni sərəncamından sonra insanları, xüsusilə, gəncləri sağalmaz xəstəliklərə düçar edən narkotik vasitələrdən istifadənin qarşısını almaq məqsədilə respublikamızın müxtəlif bölgələrində maarifləndirici layihələr həyata keçirmək, ortaali tədris müəssisələrində vaxtaşırı bu dəhşətli bəlanın törətdiyi fəsadlar haqqında elmi söhbətlər aparmaq, xüsusi bukletlər hazırlayıb əhali arasında yaymaq, "Narkomaniyaya yox deyək!" başlığı altında inşa yazı müsabiqələri keçirmək, narkomaniyadan əzab çəkən insanların faciəli həyatından bəhs edən kinosüjetlər nümayiş etdirmək artıq bir ənənəyə çevrilib.

Lakin bütün bunlara baxmayaraq narkomaniyaya qarşı mübarizəyə hamı mütəşəkkil qaydada qoşulmalı və bu sahədə qətiyyət nümayiş etdirməlidir. Narkomanlığa yenicə düçar olan şəxsləri gördükdə və ya hiss etdikdə dərhal hüquq-mühafizə orqanlarına müraciət edilməli və həmin şəxsin müalicəsi üçün lazımi tədbirlər görülməlidir. 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2014.- 18 aprel.- S.13.