Müşfiq yaradıcılığına həsr

olunmuş ədəbi-bədii gecə

 

 Ömrünün ən qaynar çağında, 29 yaşında sovet repressiyasının qurbanı olmuş istedadlı şair Mikayıl Müşfıqin anadan olmasının 105 illiyi ilə bağlı Bakının Nizami rayonundakı 10 nömrəli orta məktəbdə ədəbi-bədii gecə keçirildi.  Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, icra başçısının müavini Gülnaz İsrafilova, rayonun müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələri, eləcə də ümumtəhsil məktəblərinin fəal  şagirdlərinin iştirak etdikləri tədbir tamaşaçıları sevgi dolu Müşfiq lirikasına köklədi.

Məktəbin şagirdləri  Əsmər Salamova  Sadiq Musazadənin aparıcılığı ilə baş tutan tədbirdə Müşfiqin şeirləri ilə yanaşı, əsərlərinə bəstələnmiş  mahnılar da səsləndi. "Sənə qurban...",  "Söylə?!" və digər  mahnılar Fatimə,  Günel və Valentinanın ifasında xoş ovqat bəxş etdi.  Şairin dillər əzbəri olan və nəcib duyğular oyadan  "Yenə o bağ olaydı..." şeirini Çilənay Babaşlı və  Əyyub Vəliyev  xüsusi zövqlə  səsləndirdilər.  Xalid Musazadə və Aysun İsmayılovanın canlandırdıqları Müşfiq və Dilbər obrazları  şairin həyat eşqinin sönməzliyini nümayiş etdirdi.

Müşfiq o sənətkarlardan idi ki, sovet dövrünün  milli ənənə və musiqi alətlərini tənqid atəşinə tutduğu illərdə "Oxu tar, səni kim unudar?!"-deyə milli kökə sadiqliyini cəsarətlə bildirmişdi.   Bu baxımdan  ədəbi-bədii kompozisiyada  Müşfiqlə (Xalid Musazadə) tarzən Qurban Pirimovun (Cəlal Mehdiyev) dialoqu xüsusi seçilirdi.  Balaca Leylanın ifasında vaxtilə Müşfiqin dərs dediyi tibb elmləri doktoru Zəhra Salayevanın uşaqlıq obrazının canlandırılması da  gözəl  tapıntı idi. Əməkdar artist, müğənni Eyyub Yaqubovun  ifasında  çəkilmiş  "Yenə  o  bağ olaydı..." klipinin nümayişi isə Müşfiq poetikası ilə musiqinin vəhdətinin lirik örnəyi oldu.

Məktəbin fəal şagirdləri Rübabə Məmmədzadə, Röya Şirinova,  Mehrubə Abdullayeva və digərləri  Müşfiq yaradıcılığında xüsusi yer tutan şeirləri səsləndirdikcə, o lirik misralar könülləri təkrar-təkrar fəth edirdi. Samirin ifasında anasını erkən itirmiş Müşfiqin "Ana" şeiri ədəbiyyatımızda  ananı vəsf edən ən kövrək və təsirli  sətirlərdəndir.

Məktəblilərin böyük sevgi və məsuliyyətlə hazırlaşdıqları tədbir maraqla qarşılandı. Uşaqların uğuruna ən çox sevinənlər arasında  tədbirin hazırlanmasına rəhbərlik etmiş ədəbiyyat müəllimləri Familə Aslanlı və Rəfiqə İbrahimova, Nüşabə Sadıqova və Sevda Hacıyeva  da vardı. Şagirdlərinin uğuruna nə qədər sevinmələrini, onların gözlərindəki kövrəklik qarışıq sevincdən duymamaq mümkün deyildi. Səhnə arxasında tədbirin bütün texniki təchizatına, musiqinin keyfiyyətli səslənməsinə nəzarət edən on birinci sinif şagirdi Nəsib isə uğurlarına görə müəllimlərinə minnətdarlıq dolu baxışlarla baxırdı.

Məktəbin direktoru Leyla Məmmədova tədbirin təşkilində əməyi olan şagirdlərə, pedaqoji kollektivə və tədbirdə iştirak edən  qonaqlara təşəkkür etdi. Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov ədəbiyyatın insanların dünyagörüşünün formalaşması, mənəvi dünyasının zənginləşməsində mühüm rol oynadığını vurğuladı. Qeyd etdi ki, Müşfiq, eləcə də digər ədəbi şəxsiyyətlərimizin yaradıcılığına həsr edilən və gənclərimizin milli mənəvi dəyərlərimizi mənimsəməsi, vətənpərvərlik ruhunda böyüməsi üçün bu cür tədbirlər davam etdirilməlidir. Natiq həmçinin ədəbiyyat xadimlərinin yubileylərinin təntənəli şəkildə keçirilməsini dövlətimizin mədəniyyət və ədəbiyyatımıza olan diqqətin bir nümunəsi olduğunu vurğuladı.

Müşfiqin nəslindən olan və vaxtilə 10 nömrəli məktəbdə dərs demiş qocaman müəllim İzzət Əhmədova-İsmayılzadə hamıya təşəkkür etdişairin Novruz bayramına həsr etdiyi şeiri səsləndirdi. Milli Məclisin deputatı Sədaqət Vəliyeva bu ədəbi-musiqili tədbirin uğurlu alınmasında  şagirdlərlə yanaşı, məktəbin pedaqoji kollektivininböyük əməyi olduğunu vurğuladı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin gənclərlə bağlı həyata keçirdiyi  siyasət bu gün də uğurla davam etdiriliröz bəhrələrini verir.  AMEA-nın elmi işçisi Sevil Zülfüqarova, Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev və digər natiqlər Mikayıl  Müşfiq yaradıcılığının ən ülvi duyğuların, saf sevginin, vətənsevərlik hisslərinin tərənnümü baxımından örnək olduğunu bildirdilər.

 

Əfsanə BAYRAMQIZI

 

Azərbaycan müəllimi.- 2014.- 18 aprel.- S.14.